Çinin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 1 oktyabr 2001 -ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi bayram - Cin Xalq Respublikasının yaranması günü münasibətilə ürəkdən təbrik edirəm və bütün Azərbaycan xalqı adından böyük Çin xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Bu gün cənab səfir məni qarşılayarkən dedi ki, o, çıxışının birinci abzasını Azərbaycan dilində oxuyacaq, qalanını isə xahiş etdi ki, - onu başa düşmək lazımdır, - rus dilində oxusun. Mən ona dedim ki, etirazım yoxdur. Lakin bu halda mən bütün nitqimi Çin dilində söyləyəcəyəm. O dedi ki, Allah xatirinə, lazım deyil, çünki Siz məni pis vəziyyətə salmış olarsınız. Gəlin, növbəti bayramadək gözləyək, o vaxtadək mən Azərbaycan dilini tamamilə öyrənəcəyəm. Onda o, Azərbaycan dilində danışacaq, mən isə Çin dilində danışacağam. Ona dedim ki, mən artıq Çin dilini öyrənmişəm, bu dildə danışa bilirəm. Bir halda ki, o, məndən xahiş etmişdir, mən onun xahişini yerinə yetirməliyəm və hamıya aydın olsun deyə, rus dilində danışıram.

1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının yaranması bəşəriyyət tarixində çox mühüm hadisə olmuşdur. O vaxtlar çox mürəkkəb, çətin dövr idi. İkinci Dünya müharibəsi yenicə qurtarmışdı. Bizim hamımız böyük itkilər vermişdik. Çin xalqı öz azadlığı və müstəqilliyi uğrunda mərdliklə mübarizə aparmış və 1949-cu il oktyabrın 1-də buna nail olmuşdur. Həqiqətən, indi, artıq aradan çox vaxt keçəndən sonra - 2001-ci ildə biz Çin Xalq Respublikasının yaranmasının necə mühüm tarixi hadisə olduğunu, bütün bunların dünya xəritəsində və beynəlxalq həyatda necə böyük dəyişikliklərə gətirib çıxardığını aydın görürük.

Biz dost olaraq şadıq ki, bütün bu illər ərzində Çin Xalq Respublikası xalqın seçdiyi siyasəti ardıcıl surətdə həyata keçirir və özünün milli mənafelərini əsas tutaraq öz dövlətini, iqtisadiyyatını, öz həyatını qurur. Bir şey demək olar ki, dünyada çox xalqlar, çox ölkələr, çox dövlətlər var. Onların hamısının bir yolla, bir xətlə getməli olduğunu, onların hamısının vahid standarta tərəfdar olmalı olduğunu təsəvvür etmək mümkün deyildir. Hər xalqın öz tarixi, öz mənəvi və əxlaqi dəyərləri, adətləri var. Təbii ki, müasir dövrdə hər bir ölkə bunu əsas tutaraq, öz xalqının mənafelərini əsas tutaraq, özünün uğurlu inkişafını təmin edən yolu seçir.

Çin Xalq Respublikasının seçdiyi yol, həqiqətən, böyük uğurlar gətirir. Çin əhalisinin sayına görə dünyada ən böyük ölkədir, eyni zamanda, öz iqtisadi potensialına və intellektual potensialına görə dünyanın ən iri dövlətlərindən birinə çevrilmişdir. O, beynəlxalq həyatda fəal rol oynayır.

Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Deməli, BMT Təhlükəsizlik Şurası mühüm məsələləri Çinin iştirakı və iradəsi olmadan həll edə bilməz. Burada cənab səfir Çin Xalq Respublikasının son vaxtlar əldə etdiyi iqtisadi nəticələr barədə çox inandırıcı məlumat verdi.

Bəli, bu belədir. Çin yüksək sürətlə inkişaf edir. Çin öz xalqının, öz ölkəsinin mənafelərinə uyğun olan, özünəməxsus daxili və xarici siyasətini həyata keçirir. Çin milli xüsusiyyətləri, ənənələri əsas tutaraq, öz xalqının, öz ölkəsinin tarixi xüsusiyyətlərini əsas tutaraq iqtisadi islahatlar aparır. Mənə elə gəlir ki, Çin Xalq Respublikasının uğurlarının əsasını məhz bunlar təşkil edir. ÇXR-in Azərbaycandakı səfiri bu uğurlar barədə konkret rəqəmlər gətirərək danışdı.

Biz bu uğurlara sevinirik. Çin bizim üçün dost ölkədir. Biz Çinlə dostluq münasibətləri, iqtisadi, mədəni, elmi əlaqələr, təhsil sahəsində və bir çox digər sahələrdə əlaqələr saxlayırıq. Mən 1994-cü ildə Çinə rəsmi səfərimi xatırlayıram. Orada, xüsusən Pekində, Şanxayda gördüklərimin hamısı məni çox heyran etdi. Onunla heyran etdi ki, Çin iqtisadi islahatı, bazar iqtisadiyyatını öz prinsipləri əsasında apararaq böyük uğurlara nail olmuşdur. Ona görə də bu gün cənab səfir Çinin açıqlığından danışır, deyir ki, Çinə Dünya Ticarət Təşkilatı gərəkdir və eyni zamanda, Dünya Ticarət Təşkilatının da ehtiyacı var ki, Çin bu təşkilatın üzvü olsun. Artıq bu, mühüm nəticədir. Cinin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində nail olduğu iqtisadi qüdrətin tanınması deməkdir.

Çin çox zəngin tarixə malikdir. Mən nümayəndə heyətimizin üzvləri ilə Böyük Çin səddinə getdim və biz getdikcə daha yüksəyə qalxmağa başladıq. Doğrudur, nümayəndə heyətimizin yarısından çoxu tab gətirmədi, dayandı, çünki getdikcə daha hündürə qalxmaq çətin idi. Ancaq mən qarşıma ən uca zirvəyədək qalxmaq məqsədi qoymuşdum. Qalxdım və mənimlə bir neçə adam da vardı. Bilirsinizmi, biz böyük Çin səddi haqqında çox oxumuşuq, bunu filmlərdə də görmüşdük. Amma onu insanın özünün görməsi heç nə ilə müqayisə edilə bilməz. Bütün bunlar məni ona görə heyran etdi ki, hələ çox qədim zamanlarda Çin xalqı igidlik, mətanət göstərərək, öz ölkəsinin müdafiəsi üçün indiyədək möhkəm və sarsılmaz qalan belə böyük sədd çəkmişdir. Çin xalqının qədim dövrlərdən indiyədək istedadından xəbər verir və Çin keçmişin qalıqlarından xilas olduqdan, xalq öz demokratik respublikalarını yaratdıqdan sonra bu istedad daha dolğun şəkildə parlamışdır və həmin vaxtdan bəri Çin Xalq Respublikasının coşqun inkişafının yeni mərhələsi başlanmışdır.

Mən şadam ki, Çin ilə Azərbaycan arasında ən səmimi dostluq münasibətləri yaranmışdır. Biz Azərbaycanın ədalətli mənafelərinin müdafiəsində, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsində bütün beynəlxalq təşkilatlarda Çinin dəstəyinə ümid bəsləmişik və bəsləyirik. Mən minnətdaram ki, Çin 1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatında məlum qətnamələrə - Ermənistan silahlı qüvvələrinin işğal olunmuş əraziləri heç bir şərt irəli sürmədən azad etməsini tələb edən qətnamələrə səs vermişdir. Ona görə də dostluğumuzun konkret nəticələri də var. Ancaq bununla yanaşı, mən hesab edə bilmərəm ki, Çin Xalq Respublikası ilə hərtərəfli əlaqələrin daha da genişləndirilməsi üçün bizim tərəfimizdən bütün işlər görülmüşdür. Bu, artıq gələcək üçün vəzifədir və düşünürəm ki, biz bu vəzifəni yerinə yetirmək və Çin Xalq Respublikası ilə xüsusən iqtisadiyyat, elm və mədəniyyət sahələrində daha sıx münasibətlər yaratmaq üçün dönmədən irəliləyəcəyik. İndi Çin bizim üçün təsəvvür edə bildiyimiz xəyal deyil və Azərbaycan da Çinə artıq yaxşı məlumdur. Hesab edirəm ki, 20-30-40 il bundan əvvəl Çində Azərbaycanı çox az tanıyırdılar. İndi isə tanıyırlar, özü də müstəqil, suveren Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı bərabər hüquqlu, səmimi münasibətlər sayəsində tanıyırlar. Artıq bu, bizim üçün böyük işdir. Zənnimcə, elə Çin Xalq Respublikası üçün də.

Ona görə də bu gün biz bayramı qeyd edərək, Çin xalqı ilə birlikdəyik, onun uğurlarına sevinirik. Mən sizi, bütün Çin xalqını bu bayram münasibətilə bir daha təbrik etmək və Çin xalqına, Çin Xalq Respublikasına daha böyük tərəqqi arzulamaq istəyirəm. Sağ olun.


"Azərbaycan" qəzeti, 2 oktyabr 2001-ci il.