Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan nümayəndə heyətini qəbul etmişdir - 18 may 1998-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 18-də Prezident sarayında Gürcüstan parlametinin sədri Zurab Jvaniya başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyəti Azərbaycana ilk Gürcustan Demokratik Respublikası yaradılmasının 80 illik bayramında iştirak eymək üçün dəvət edilmişdir.

Prezident Heydər Əliyev cənab Jvaniyanı və Gürcüstan nümayəndə heyətini səmimi salamlayaraq, Azərbaycan və gürcü xalqlarının çoxəsirlik dostluğunu və dostluğun istər ağır, istərsə də xoş günlərdə xalqımıza ancaq fayda gətirdiyini qeyd etdi. Dövlətimizin başçısı dedi: Bütün bunlar buna səbəb oldu ki, 1918-ci ildə Tbilisidə Zaqafqaziya ölkələrinin müstəqilliyi məsələsi müzakirə olundu, bunun sayəsində həmin il mayın 26-da gürcü xalqı öz dövlət müstəqilliyini elan etdi, iki gün sonra, mayın 28-də isə bunu Azərbaycan xalqı da təkrar etdi. Respublikamızın rəhbəri həmin hadisələri tarixi və taleyüklü hadisələr adlandıraraq bildirdi ki, XX əsrin son onilliyi də xalqlarımız üçün əlamətdardır, hərçənd bu onillik yeni münaqişələrlə, sarsıntılarla, çətinliklərlə doludur, çünki itirilmiş müstəqillik bu tarixi dövrdə bərpa edilmiş, onun dönməzliyi üçün elə bu dövrdə də çox möhkəm bünövrə qoyulmuşdur.

Azərbaycan prezidenti ilk Gürcüstan Demokratik Respublikası yaradılmasının 80 illiyinin ölkəmizdə də qeyd olunmasını qanunauyğun hal adlandırdı. Elə qanunauyğunluq  hal xalqlarımızın bir-birini dəstəkləməsi və fəal qardaşlıq etməsi sayəsində ən böyük nailiyyətlər qazana bilməsini bir daha təsdiqləyir onların dostluğunun sarsılmazlığını bir daha göstərir. Dövlətimizin başçısı Gürcüstan nümayəndələrini əlamətdar yubiley münasibəti ilə təbrik etdi və onlara firavanlıq və cansağlığı arzulayaraq olduğunu söylədi ki, onların Bakıda görüşləri qardaşlıq və dostluq şəraitində keçəcək, bu görüşlər xalqlarımızın salnaməsində parlaq səhifəyə çevriləcəkdir. 

Zurab Jvaniya səmimi sözlərə görə prezident Heydər Əliyevə təşəkkürünü bildirərək, onu 75 illik yubileyi münasibətilə təbrik etdi, ona cansağlığı, uzun ömür, böyük gələbələr arzuladı və dedi ki, bu qələbələr həmişə bütün Gürcüstanın da qələbələridir.

Nümayəndə heyətinin başçısı bildirdi ki, ilk Gürcüstan Demokratik Respublikasının 80 illiyi ilə əlaqədar Azərbaycan dövləti başcısının sərəncamına əsasən Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak etmək Gürcüstan nümayəndə heyəti üçün böyük şərəfdir, bu tədbirlərin keçirilməsi ölkələrimiz və xalqımız arasında dostluğun böyük əlamətidir. Zurab Jvaniya bu hadisəyə Azərbaycanda böyük vüsət verdiyinə görə ölkəmizin rəhbərlərinə Gürcüstan prezidenti Eduard Şevardnadzenin, Gürcustan parlamenti adından təşəkkür etdi. O dedi ki, bu, ölkələrimiz arasında təşəkkül tapmış qarşılıqlı münasibətlər- dünyada heç bir digər iki qonşu ölkənin öyünə bilməyəcəyi qarşılıqlı münasibətlər sayəsində mümkün olmuşdur. Gürcüstan lideri Eduard Şevardnadzenin 70 illik yubileyi ilə əlagədar prezident Heydər Əliyevin yanvarın 25-də Tbilisiyə planlaşdırılmamış, qeyri- protokol səfəri bu deyilənlərin təzahürüdür və həmin səfər nəinki səbəbkar üçün,həm də bütün Gürcüstan üçün əsl bayram oldu, Gürcüstan ölkələrimizin rəhbərləri arasındakı insani münasibətləri alqışladı. Zurab Jvaniya əmin olduğunu bildirdi ki, bu münasibətlər elə bir bünövrədir ki, sonrakı əsrlər ərzində xalqlarımız arasında münasibətlər ona əsaslanacaqdır.

Zurab Jvaniya dedi: İndi elə məsələlər yoxdur ki, burada Gürcüstanla Azərbaycanın mövqeləri uyğun gəlməsin. Bu, özünü beynəlxalq təşkilatların iclaslarında da göstərir. O, Transqafqaz magistralının yaradılması barədə Azərbaycan və Gürcüstan prezidentlərinin irəli sürdükləri təşəbbüsün həyata keçirilməsini xalqlarımızın çox böyük gələbəsi adlandırdı və qeyd etdi ki, bu magistralın çox böyük əhəmiyyətini indi bütün dünyada dərk edirlər, başa düşürlər ki, Azərbaycan və Gürcüstan regional əməkdaşlığın tamamilə yeni sisteminin mərkəzi məntəqələrinə çevrilmişlər və bu yeni sistem ümumi əhalisi 100 milyon nəfərdən artıq olan 12-dək dövləti əhatə edir. Zurab Jvaniya bu cür anlama dair misal gətirərək,ABŞ-ın aparıcı siyasətçiləri və şirkətlərinin il ərzində əhval-ruhiyyəsinin dəyişdiyini vurğuladı və dedi ki, indi onlar Avrasiya nəqliyyat dəhlizinin inkişafında iştirak etməyə tələsirlər. Gürcüstan parlamentinin sədri qeyd etdi ki, bu dəhliz enetji daşıyıcılarının, yüklərin nəqli üçün sadəcə bir konsepsiya deyildir. Bu dəhliz Mərkəzi Asiyanın, Qara dəniz hövzəsinin bir çox xalqlarına gələcəkdə öz dövlətlərinin təhlükəsizliyinin, tərəqqisinin necə təmin olunmasını təsəvvür etməyə imkan verir. Zürab Jvaniya bu təşəbbüsə görə prezident Heydər Əliyevə təşəkkür edərək dedi ki, bir çox dövlətlərin xalqları bu təşəbbüsün bəhrəsini görəcəklər.

Gürcüstan parlamentinin sədri bildirdi ki, qardaş Azərbaycan dövlətinin başçısının bütün addımlarını Gürcüstanda diqqətlə izləyirlər, bu yaxınlarda üç dövlət liderlərinin Trabzonda imzaladıqları Bəyannaməni sevinclə qarşıladılar. Gürcüstan prezidenti Eduard Şevardnadze iki gün bundan əvvəl Supsada oldu və orada terminalın tikintisi ona böyük təsir bağışladı. Qeyd edildi ki, terminalın tikintisi vaxtında başa çatdırılacaq, Gürcüstan ərazisində boru kəmərinin bərpası işləri də normal gedir.

Zurab Jvaniya Bakıda baş verən dəyişikliklər barədə öz təəssüratını danışaraq dedi ki, bütün bunlar prezident Heydər Əliyevin həyata keçirdiyi siyasət səyəsində Azərbaycana böyük miqdarda sərmayələr qoyulduğunu və çox böyük maraq göstərildiyini, ölkəmizin yüksək sürətlə inkişaf etdiyini sübut edir. O, bütün gürcü xalqı üçün çox mühüm yubileyin Azərbaycanda yüksək səviyyədə bayram edildiyinə görə dövlətimizin başçısına bir daha təşəkkürünü  bildirdi.

Prezident Heydər Əliyev bu yubileyin Azərbaycanda keçirilməsinin, habelə ilk Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin Gürcüstanda bayram edilməsinin çox böyük əhəmiyyəti olduğunu söyləyərək dedi ki, bununla da ölkələrimiz öz müstəqilliyini, dostluğa, əməkdaşlığa sədaqətini təsdiqləyirlər. O, Zurab Jvaniya ilə razılaşdi ki, Azərbaycanla Gürcüstan arasındakı nadir münasibətlərin dünyada timsalı yoxdur. Dövlətimizin başçısı dedi ki, bu, dillərinin, mədəniyyətlərinin, dinlərinin, adətlərinin müxtəlifliyinə baxmayaraq, mehriban qonşuluğu, əməkdaşlığı ürəkdən istəyən xalqların nəyə nail olmasına misaldır. Prezident Heydər Əliyev dedi: “Biz-mən və Gürcüstan prezidenti Eduard Şevardnadze nə ediriksə, bunları ona görə edirik ki, xalqlarımızın həqiqi, daxili və mənəvi vəziyyətini, bir-birlərinə duyğularını bəlkə də həmişəkindən daha tez əks etdiririk. Axı, böyük hüqüqlara və imkanlara malik iki insan nə qədər dahi olsa da, xalqları gürcü və Azərbaycan xalqlarının bir-birinə bəslədikləri münasibət kimi bir-birinə münasibət bəsləməyə məcbur edə bilməz. Prezident Eduard Şevardnadzenin və mənim xidmətimiz bundadır ki, biz gürcü və Azərbaycan xalqlarının əsrlər boyu yaranmış və səmimi dostluğu, qarşılıqlı münasibətləri göstərən potensialdan düzgün istifadə edirik. Bu, böyük işdir. Bununla da biz gələcək nəsillər üçün möhkəm bünövrə qoyuruq”. Dövlətimizin başçısı əmin etdi ki, Azərbaycan heç vaxt bu yoldan dönməyəcək, gürcü və Azərbaycan xalqlarının dostluq münasibətlərinə azca belə ziyan vurulmasına yol verməyəcəkdir.

Prezident Heydər Əliyev dedi ki, iqtisadi əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yaxşı vasitədir və ölkələrimizi Avrasiya nəqliyyat magistralı da bir çox əsrlər ərzində bir-birinə sıx bağlayacaqdır. O, vurğuladı ki, müstəqilliyin xalqlarımıza nələr verdiyini bu çox perspektivli layihə bir daha göstərir. Prezident bildirdi ki, bu magistralın inkişafı ilə bağlı problemlərin müzakirəsi üçün sentyabrda Bakıda keçiriləcək görüşlə əlaqədar 34 ölkənin dövlət başçılarına məktub yazmışdır. Respublikamızın rəhbəri əmin olduğunu söylədi ki, bu böyük layihənin reallaşdırılması üçün həmin vaxtadək çox iş görüləcəkdir.

Dövlət başçısı Potidə və Supsada terminalın və sahil qurğularının inşasının normal gedişindən razı qaldığını bildirərək dedi ki, onlar Avropanın bir çox limanları ilə birləşmək üçün çox böyük strateji əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev Bakıda dəyişikliklər barədə  Zurab Jvaniyanın təəssuratını eşitmək ona xoş olduğunu geyd edərək dedi ki, bu yaz Bakıda çoxlu park salınmış, ağaclar əkilmişdir ki, bunun da nəinki böyük estetik əhəmiyyəti, həm də ekoloji əhəmiyyəti var. Dövlətimizin başçısı respublikamızın iqtisadiyyatında, burada islahatlar aparılması səyəsində qazanılmış uğurlardan, sənaye və kənd təsərrüfatı istehsalının artdığından da danışdı. O bildirdi ki, bütün bunlar azadlığın, müstəqilliyin və istiqlaliyyətin nəticələridir, bunlardan ölkəmiz səmərəli istifadə etməyə çalışır. Prezident Heydər Əliyev hələ bu yaxınlarda müharibə getmiş, gözəl tarixi və memarlıq abidələrinin dağıldığı Gürcüstanda  da böyük dəyişikliklər baş verdiyini vurğuladı. O dedi: “Gördüyünüz kimi, biz yenə də paralel gedərək, bir-birimizin təcrübəsindən faydalanırıq, bir-birimizə kömək edirik və elə beləcə də gedəcəyik”.

Prezident Heydər Əliyev Gürcüstan prezidenti Eduard Şevardnadzeyə mayın 9-da Bakıya gəldiyinə, Tbilisi prospektində ucaldılmış abidənin açılışında iştirak etdiyinə görə təşəkkürünü bildirərək dedi ki, bu abidə gürcü və Azərbaycan xalqlarının əbədi dostluğunu təcəssüm etdirir və şəhərin həmin hissəsinə xüsusi gözəllik verir. Prezident Heydər Əliyev dedi: “Mən minnətdaram ki, dostluğumuz bizə tez-tez təmasda olmağa, görüşməyə imkan verir və bütün bunlar dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir. Yanvarın 24-də mənim Tbilisiyə gəlməyim də, Eduard Şevardnadzenin mayın 9-da Bakıya gəlməsi də bir-birimizə olan dostluq münasibətlərinin ifadəsi ilə bağlı adicə səfərlər deyildir. Bu səfərlər əlamətdar hadisəyə, xalqlarımız arasında dostluğun parlaq səhifələrinə çevrildi. Biz dostluq münasibətlərimizi bax bu cür yollarla möhkəmlədir və inkişaf etdiririk. Bütün bunlar daha da və müvəffəqiyyətlə irəliləməyə əsas yaradır”. O, ölkələrimizin parlamentləri arasında nümunəvi münasibətləridə yuksək qiymətləndirdi və qonaqlara Bakıya gəldiklərinə görə bir daha təşəkkür etdi.

Zurab Jvaniya dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi ki, xalqlarımızın qardaşlıq münasibətlərindən danışarkən nəinki bölgədə, həm də qlobal miqyasda yeni realliq yaratmış olan Azərbaycan və Gürcüstan prezidentlərinin xidmətini və iradəsini nəzərə çarpdırmaq gərəkdir. İndi onlara Azərbaycanı və Gürcüstanı tərəqqiyə,firavanlığa,güclü müstəqil dövlətlər yaradılmasına gətirib çıxaracaq inkişaf yolunun başlıca təminatçıları kimi baxırlar.

Bunu təkcə dostlarımız deyil, bədxahlarımız da başa düşürlər. Azərbaycanın və Gürcüstanın müstəqilliyi barədə fikirlə, təəssüf ki, heç cür razılaşa bilməyən bədxahıarımız bizim liderlərə qarşı dəfələrlə sui-qəsd törətmişlər. Liderlərimiz aradan götürülməsi onlara öz məqsədlərinə nail olmağa imkan verərdi. Bax, buna görə də Gürcüstanda bunu bütün dostlara, bütün dünyadakı dostlara və tərəfdaşlara izah etməyi lazım bilirlər ki, bugünkü gündə şəxsiyyət amili Azərbaycan və Gürcüstan üçün böyük müəyyənedici rol oynayır, onların qələbələri, rifahı və uğurları bu ölkələnin indiki prezidentlərindən tamamilə və büsbütün asılıdır.

Zurab Jvaniya Avrasiya nəqliyyat magistralı ilə bağlı bu ilin sentyabrında Bakıda keçiriləcək görüşü tarixi hadisə adlandıraraq bildirdi ki, bu, bütün iştirakçı dövlətlər üçün yeni dövrün başlanğıcı demək olacaqdır, çünki dunya miqyaslı, öz əhəmiyyətinə görə qədim “İpək yolu”ndan geri qalmayan layihədə əməkdaşlığın yeni təsisatı formalaşacadır. Onun fikrincə, bu görüşün Bakıda keçirilməsi təbiidir, belə ki, Azərbaycan paytaxtı yeni, İpək yolu”nun perspektivlərini dünyaya açan qapıdır. Gürcüstan parlamentinin sədri dedi: “Sizi Eduard Şevardnadze ilə birlikdə yaradıb həyata keçirməli olduğunuz çox böyük və mühüm tarixi qərarlar gözləyir. Biz hamımız isə bu işdə Sizə kömək etməliyik”.

Azərbaycan və Gürcüstan prezidentlərinin atdıqları addımlara mane olmağa çalışan qüvvələrlə əlaqədar dövlətimizin başçısı vurğuladı ki, bu, təxminən eyni şəraitdə öz vətəninə qayıtmış, orada əslində eyni problemlər və çətinliklərlə qarşılaşmış iki liderin taleyinin oxşarlığını bir daha göstərir. Prezident Heydər Əliyev dedi: “Müxtəlif qüvvələrin bizi fiziki cəhətdən aradan götürməyə cəhdlər göstərməyəcəyinə bu gündə zəmanətimiz yoxdur. Ancaq mən də, Eduard Şivarnadze də bir daha təsdiq etmişik: Nə cür olursa olsun, öz işimizi davam etdirəcəyik və bizi heç nə qorxuda bilməz. Allah bizə kömək edib və hesab edirəm ki, gələcəkdə də  öz köməyini bizdən əsirgəməyəcəkdir. Gürcüstan və Azərbaycan prezidentlərini fiziki cəhətdən aradan qaldırmaq yolu ilə respublikalarımızda vəziyyəti dəyişdirməyə cəhd göstərən qüvvələr isə çox böyük səhv edirlər. Onlar bunu bacarmayacaqlar”. Azərbaycan prezidenti indi xalqlarımızın iki liderindən çox şey asılı olması, onların təcrübəsinin mövcud çətinliklərə son qoymağa imkan verməsi barədə Zurab Jvaniyanın fikri ilə razılaşdı, dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, o və prezident Eduard Şevardnadze öz ölkələrində sabitliyin dönməz xarakter olmasına , bütün çətinlikləri aradan qaldırmağa  başladıqları işləri sona çatdırmağa nail ola biləcəklər.

Gürcüstan parlamentinin üzvü Levon Tadiaşvili Azərbaycan prezidentinə müraciət edərək, Azərbaycandan Gürcüstana yük aparılarkən sürücülərin rastlaşdıqları mənfi halların qarşısının alınmasında kömək göstərməyi xahiş etdi. Dövlətimizin rəhəri bidirdi ki, bu məsələni də həll etmək mümkündür.

Görüşün sonunda Zurab Jvaniya Azərbaycan prezidenti Heydər Əliyevə Gürcüstan parlamenti adından hədiyyə- gürcü sənətkarlarının hazırladıqları qədəh təqdim etdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev, Gürcüstanın Bakıdakı səfiri Zürab Qumberidze görüşdə iştirak etdilər.

“Azərbaycan” qəzeti, 28  may  1998-  ci il.