Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa - Azərbaycan dostluq qrupunun sədri, senator Jan Buayenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən (10 sentyabr 2001-ci il) sənədinə tarixi arayış


Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulub. 16 mart1992-ci ildə Fransa Azərbaycanda, Azərbaycan isə 20 oktyabr 1994-cü ildə Fransada səfirliyini açıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xaricə ilk rəsmi səfərini 19-22 dekabr 1993-cü il tarixində Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə Fransaya edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ‎və Fransa Respublikasının Prezidenti Fransua Mitteran Parisin Yelisey sarayında müzakirələr ‎aparıb. Səfər dövründə "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə və digər sənədlər imzalanıb. Heydər Əliyev burada eyni zamanda ATƏM-in (indiki ATƏT) əsas ‎sənədlərindən biri olan "Yeni Avropa üçün Paris xartiyası"na Azərbaycanın qoşulması barədə ‎sənədə də imza atıb. (Əli Həsənov "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" BAKI-2005)

Dekabrın 22-də Lüksemburq sarayında Heydər Əliyevə Fransa senatının ‎fəxri medalı təqdim edilib.

1994-1997-ci illərdə Azərbaycan Prezidenti Heydər Əliyev dörd dəfə Fransada olub - 8 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş bayram tədbirləri, 1995-ci ilin dekabrında "Azərbaycanın investisiya imkanları" mövzusunda Parisdə keçirilmiş beynəlxalq konfransla əlaqədar olaraq, 10-11yanvar 1996-cı ildə Fransa Prezidenti F.Mitteranın dəfn mərasimində iştirak etmək üçün, nəhayət, 13-15 yanvar 1997-ci ildə Fransaya ikinci rəsmi səfəri zamanı.

Fransa Respublikasının ayrı-ayrı nazirləri də bir neçə dəfə Azərbaycanda səfərdə olublar. Xaric İşlər Naziri E.de Şaretin 1996-cı il oktyabr ayının 11-də və 1997-ci il aprel ayının 1-də Bakıya səfərləri iki ölkə arasında siyasi münasibətlərin inkişaf etdirilməsinə təkan verib.

Heydər Əliyevin 1997-ci il yanvarın 13-dən 15-dək davam edən Fransa səfəri zamanı yanvarın 13-də Parisdə Yelisey sarayında "Lənkəran-Talış dəniz" neft yataqlarının birgə işlənilməsi barədə ARDNŞ ilə Fransanın "Elf Agiten" və "Total" neft kompaniyaları arasında investisiya dəyəri 1,5 milyard dollar olan və 350 milyon barel neft çıxarılması nəzərdə tutan müqavilə imzalanıb.

23-27 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya üçüncü rəsmi səfərini edib. Səfər zamanı Heydər Əliyev Fransa parlamentinin "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsini pisləyib və bunun beynəlxalq münasibətlərə mənfi təsir edəcəyini bildirib. (Abbas Piriyev "Siyasi Strategiya və milli təhlükəsizlik problemi" BAKI-2002)

2001-ci il sentyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransa-Azərbaycan dostluq qrupunun sədri, senator Jan Buayenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Fransa-Azərbaycan əlaqələri, bu qrupun gördüyü işlər və digər məsələlər müzakirə olunub. Görüşdə həmçinin Jan Buayen dostluq qrupunun yeni sədri olacaq senator Ambruaz Düponu Prezident Heydər Əliyevə təqdim edib. Prezident Heydər Əliyev də öz növbəsində Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan Buayenin bu yolda gördüyü işləri yüksək qiymətləndirərək ona öz minnətdarlığını bildirib və ondan sonra gələcək sədrin də Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdirilməsi üçün yüksək səviyyədə çalışacağına ümid etdiyini vurğulayıb.

2003-cü ildə prezident seçilən İlham Əliyev də ilk xarici rəsmi səfərinə Fransadan başlayıb. 23 yanvar 2004-cü ildə Yelisey sarayında Fransa Respublikasının prezidenti Jak Şirakın ümummilli liderimiz prezident Heydər Əliyevin vaxtilə təltif etdiyi "Fəxri legionun böyük xaç komandoru" ordeninin prezident İlham Əliyevə təqdim olunması mərasimi olub (www.azerbaijan.news.az)

7-9 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti Fransaya işgüzar səfər edib. Səfər zaman Prezident İlham Əliyev Fransa Prezidenti J.Şirakla, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri A.Jakolen, Senatın sədri K.Ponsele, YUNESKO-nun Baş direktoru Koyşiro Matsura ilə görüşüb. YUNESKO - nun mənzil qərargahında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri adı verilib.

21 iyun 2005-ci ildə Fransa XİN Dağlıq Qarabağ regionunda separatçı rejim tərəfindən 19 iyun 2005-ci ildə keçirilən "seçkiləri" qanunsuz hesab etdiyi barədə bəyanat verib. (www.mfa.gov.az)

28-30 may 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti J.Şirak, Senatın sədri K.Ponsele ilə görüşlər keçirib. Bundan başqa Azərbaycan Prezident Azərbaycanın Fransadakı səfirliyinin yeni binasının açılışında iştirak edib. (www.mfa.gov.az)

Prezident İlham Əliyevin29-31 yanvar 2007-ci il tarixlərində Fransaya dövlət səfərinə getməsi iki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu təsdiq edib. İlham Əliyev Prezident J.Şirak, Baş nazir D.de Vilpən, Milli Assambleyanın sədri J.L.Debre, Fransa Senatının sədri K.Ponsele və Paris şəhərinin meri ilə görüşüb, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq haqqında 8 sənəd imzalanıb.

29 yanvar 2007-ci il tarixində Fransa Prezidenti J.Şirak Prezident İlham Əliyevi Parisdə Fransanın Fəxri Legionun Böyük Xaç Komandoru Ordeni ilə təltif edib.

Eyni zamanda 29yanvar 2007-ci iltarixində Prezident İ.Əliyev Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Fransa Respublikasının Prezidenti J.Şirakın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb.

21 may 2007-ci il tarixində Prezident İ.Əliyev Fransa Senatının "Fransa-Qafqaz Dostluq Qrupunun" sədri A.Düponun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

19-20 noyabr 2007-ci il tarixində Prezident İlham Əliyev Fransada işgüzar səfərdə olub. Prezident İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozi və Fransa Senatının sədri Kristian Ponsele ilə görüşüb. Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevin Parisə bu səfərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu söyləyib. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Dövlətimizin başçısı bu münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü bərpa edilməklə həll olunmasının zəruriliyini vurğulayıb.

Tarixi arayış 10 iyul 2008-ci ildə tərtib olunub.