Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Kayzer injinirinq" şirkətinin direktoru Qram Murinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir - 22 fevral 1994-cü il


Fevralın 22-də Azərbaycan Prezidenti öz iqamətgahında "Kayzer injinirinq" şirkətinin direktoru Qram Muri və şirkətin digər rəhbərləri ilə görüşdü. Heydər Əliyevə məlumat verildi ki, bu şirkət Sumqayıt alüminium zavodunda geniş yenidənqurma işləri aparacaq və nəticədə müəssisənin istehsal gücü bir neçə dəfə artacaqdır. Bu məqsədlə şirkət respublikaya 200 milyon dollar kredit ayrılmasına kömək edəcəkdir. Görüləcək işlərin texniki-iqtisadi əsasları və layihəsi artıq hazırdır, zavodun yenidən qurulmasının birinci mərhələsini 4-5 ilə başa çatdırmaq nəzərdə tutulur.

Heydər Əliyev bu məsələyə xüsusi maraq göstərdi və bildirdi ki, yenidənqurma işləri zamanı ətraf mühitin qorunmasına, elektrik enerjisinə qənaətə, ən müasir texnologiyanın tətbiqinə, əmək məhsuldarlığının yüksəldilməsinə də ciddi diqqət yetirmək lazımdır.

Söhbət zamanı bu şirkətin Azərbaycan metallurgiya sənayesinin digər müəssisələri ilə də əlaqələr qurması imkanları barədə geniş fikir mübadiləsi aparıldı və bir çox məsələlərdə qarşılıqlı razılıq əldə edildi.

Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında, II hissə, Bakı, 2002, səh.120