Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Şahdəniz" neft yatağı üzrə müqavilə layihəsinin idarəetmə komitəsi üzvləri ilə görüşdə giriş sözü və yekun nitqi - Prezident Sarayı, 5 mart 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün "Şahdəniz" neft müqaviləsi layihəsinin idarəetmə komitəsinin iclası keçirilmişdir. Bu iclasda "Şahdəniz" neft müqaviləsi layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Bu barədə mənə vaxtilə məruzə edilmişdir. Mən idarəetmə komitəsinin üzvlərini bu gün buraya dəvət etmişəm ki, gördükləri işlər və nəzərdə tutduqları proqram haqqında məlumat versinlər.

Fevralın 28-də biz 1994-cü il sentyabrın 20-də imzalanmış ilk neft müqaviləsinin - "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihənin rəhbər komitəsinin üzvləri və ABƏŞ-in rəhbərləri ilə görüşdük. Həmin görüşdə son iki ildə görülən işlər, 1997-ci və 1998-ci illərdə görüləcək işlər haqqında məruzələr dinlənildi.

Bu gün "Şahdəniz" neft yatağının birgə işlənməsi üzrə müqavilə layihəsinin həyata keçirilməsi məsələləri bizi maraqlandırır. Güman edirəm ki, biz imzalanmış digər müqavilələrin layihələrinin həyata keçirilməsini nəzarət altında saxlayaraq, onlarla da belə görüşlər keçirəcəyik. Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, "Şahdəniz" müqaviləsi layihəsinin idarəetmə komitəsi bu məsələlərlə vaxtında məşğul olubdur. Onlar bu məsələləri bu gün müzakirə ediblər. Mən məmnuniyyətlə onları dinləmək istəyirəm.

Yekun nitqi

Birincisi, mən çox məmnunam ki, "Şahdəniz" neft-qaz yatağının (onun neft və ya qaz yatağı olması sonra məlum olacaqdır) müştərək işlənməsi haqqında keçən ilin iyun ayında imzalanmış müqavilə qısa bir müddətdə əməli surətdə həyata keçirilir. Müqavilə keçən ilin oktyabr ayında təsdiq edildi. Beləliklə, o vaxtdan 5 ay keçir. Hesab edirəm ki, bu müddətdə görülən işləri müsbət qiymətləndirmək lazımdır.

Cənab Şerman öz məruzəsində bu qısa müddətdə görülən işlər barədə məlumatı bizə çatdırdı, həm də gələcək planları, proqramları haqqında danışdı. Bu məlumatlardan aydın görünür ki, "Şahdəniz" neft-qaz yatağı Xəzərin Azərbaycan sektorunda çox zəngin və perspektivli bir yataqdır və onun müştərək işlənməsi haqqında imzalanmış müqavilə çox böyük əhəmiyyət kəsb edir. Mən bu gün bu məlumatları dinləyəndən sonra daha da çox ümidlə deyə bilərəm ki, bu müqavilə çox gözəl nəticələr verəcəkdir.

Bu müqaviləni həyata keçirən şirkətlər böyük və zəngin təcrübəyə malikdirlər. "Britiş petroleum", "Statoyl", "Elf Akiten", "LUKoyl", İranın “OİEK”, Türkiyənin "Türk petrolları" şirkətləri çox təcrübəli, yenə də deyirəm, böyük, zəngin təcrübəyə malik olan şirkətlərdir. Onların bir yerdə, müştərək iş görməsi və işin bu qısa müddətdə lazımi səviyyədə təşkil olunması şübhəsiz ki, yaxşı qiymətə layiqdir.

Təbiidir ki, bu konsorsium, yəni bu layihəyə daxil olan şirkətlər - buraya Azərbaycan Dövlət Neft Şirkəti də daxildir - bütün işləri bilavasitə Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə görürlər. Mən məmnunam ki, görülən işlərin əksəriyyəti Azərbaycan Dövlət Neft Şirkəti, respublikamızın sənaye müəssisələri, şirkətləri ilə müştərək şəkildə həyata keçirilməklə planlaşdırılır.

"Şahdəniz" neft-qaz yatağı çox mürəkkəb yataqdır. Bu yatağın yerləşdiyi sahədə suyun dərinliyi 400-500 metrə çatır. Burada deyildi ki, orada qazılacaq quyunun dərinliyi 6 min metr olacaqdır. Bunlar onu göstərir ki, biz Xəzər dənizində hələ indiyə qədər belə bir sahədə işləməmişik.

Mən əminəm ki, bu layihəni həyata keçirən şirkətlərin imkanları, təcrübəsi və eyni zamanda, Azərbaycan mütəxəssislərinin, neftçilərinin biliyi, bacarığı, təcrübəsi, dünyanın qabaqcıl texnologiyasından, təcrübəsindən istifadə edərək bu yataqda müvəffəqiyyətlə iş görüb, yaxşı nəticə almaqda bizə kömək edəcəkdir. Amma Xəzər dənizində hələ bundan da dərin yerlərdə bizim yataqlarımız var. Ona görə də "Şahdəniz" yatağında gördüyümüz işlər və əldə edəcəyimiz nəticələr bizə bundan da dərin yerlərdə iş görməyə imkan yaradacaqdır.

Mən bizim dostlarımıza demək istəyirəm ki, onların artıq rəqibləri də vardır. Məsələn, ABŞ-ın "Eksson" şirkətinin prezidenti bu yaxın vaxtlarda Azərbaycana gəlmişdi, mənim onunla görüşüm olmuşdur. O mənə bildirdi ki, onlar suyun dərinliyi 700 metrə çatan sahədə işləyirlər və bu sahədə çox böyük təcrübələri vardır. Ona görə də onlar bizim belə sahələrimizdə olan yataqlarımıza çox böyük maraq göstərirlər və bu münasibətlə mənə müraciət ediblər. Güman edirəm ki, onlar da burada işləmək imkanı qazanacaqlar və "Şahdəniz" yatağında əldə etdiyimiz təcrübə bizə də bu sahədə işlər görməyə imkan verəcəkdir.

Cənab Şerman layihənin həyata keçirilməsi proqramı barədə burada məlumat verərkən onun müddətlərini də bildirdi. Bu müqavilə imzalananda da bəzi müddətlər göstərilmişdi. Qeyd edilmişdi ki, 3 il yalnız kəşfiyyat işləri üçün ayrılır və həmin kəşfiyyat işləri müddətində bu yatağın bütün göstəriciləri tam müəyyən olunmalıdır.

Güman edirəm, bizim bu gözəl təşkilatımız, bu layihənin idarəetmə komitəsi işləri elə quracaqdır ki, nailiyyətlər bəlkə də üç ildən də tez əldə ediləcəkdir. Mən belə düşünürəm. Siz bildirdiniz ki, neftin alınmasına doqquz il müddətində nail olacaqsınız. Ancaq eyni zamanda, dediniz ki, siz bunu dörd il müddətində edə biləcəksiniz. Ümidvaram ki, siz həvəslə işləyib, yaxşı nəticələr əldə edərək, bu proqramı daha da sıxlaşdıracaqsınız və bu müddətləri qısaldacaqsınız. Çünki bu, sizin üçün də, bizim üçün də lazımdır. Bu işləri sürətlə aparmaq və son nəticəni əldə etmək hamımız üçün lazımdır.

Eyni zamanda sizin bu məlumatınızı dinləyərkən mən bir daha düşündüm - nə qədər düzgün iş gördük ki, "Şahdəniz" yatağının müştərək işlənməsi haqqında müqaviləni biz keçən ilin iyun ayında imzaladıq. Bunu ona görə deyirəm ki, o vaxt bu məsələni müzakirə edərkən ətrafımızda olan, bizimlə bərabər işləyən, o cümlədən kənardakı adamlardan bəziləri hesab edirdilər ki, bu müqaviləni imzalamaq lazım deyil. Onlar deyirdilər ki, biz gözləyək, "Şahdəniz" yatağının işlənməsinə gələcəkdə - bağlanmış birinci müqavilədən alacağımız vəsait vasitəsilə başlayarıq. İndi təsəvvür edin, birinci müqavilədən neft almaq, gəlir əldə etmək, müəyyən texnika, texnologiya yaratmaq və bundan sonra "Şahdəniz" yatağının işlənməsinə başlamaq üçün bizə nə qədər vaxt lazım idi? İşə bu cür başlayandan sonra onun gələcəkdə nə qədər vaxt alacağı göz qabağındadır.

Bu müqavilələrin əleyhinə çıxanlar, yaxud ona şübhə edən adamlar belə hərəkətləri bir tərəfdən, bu məsələləri dərk edə bilmədiklərinə görə edirlər, digər tərəfdən isə Azərbaycanın irəli getməsinə, bizim işlərimizə mane olmaq istəyirdilər. Bugünkü müzakirə onu açıq-aydın göstərir ki, həm "Şahdəniz" müqaviləsini, həm "Qarabağ" müqaviləsini, həm "Əşrəfi-Dan Ulduzu" müqaviləsini, həm də "Lənkərandəniz-Talışdəniz" müqaviləsini imzaladığımıza görə biz çox doğru yoldayıq. Onların hamısı bir vaxtda işə düşməlidir. Onların hər birinin icrası, son nəticənin əldə olunması, respublikamız üçün fayda verməsi böyük vaxt tələb edir.

"Dədə Qorqud" yarımdalma qazma qurğusunun bərpa olunması, modernləşdirilməsi üçün əvvəlcə 37 milyon dollar deyirdilər, indi isə bildirirlər ki, 40 milyon dollar vəsait xərclənibdir. Burada deyildi ki, "Şelf-5" qurğusunun hazırlanması və modernləşdirilməsi, - verilən məlumata görə, onun əsas hissəsindən az bir şey qalacaq, - həmin qurğunun tamamilə yeni texnika və texnologiya ilə quraşdırılması üçün 115 milyon dollar vəsait lazımdır. Təsəvvür edin, bu işləri görmək, müəyyən texnika, texnologiya yaratmaq üçün nə qədər böyük xərclər lazımdır.

Bu faktlar bir daha sübut edir ki, biz bu problemlərin həllində düzgün yoldayıq və bundan sonra da bu yolla gedəcəyik. Dünyanın böyük neft şirkətləri ilə bundan sonra da əməkdaşlıq edəcəyik. Azərbaycanın sərvətlərindən səmərəli istifadə etməyə nail olacağıq.

Cənab Şermanın verdiyi vədlərin hamısını mən nəzərə alıram. Bu vədlərin yerinə yetirilməsini gələcəkdə də izləyəcəyəm. Güman edirəm ki, onlar bu işləri nəinki vaxtında, hətta vaxtından qabaq yerinə yetirə biləcəklər. Azərbaycan Dövlət Neft Şirkəti bu barədə öz vəzifələrini bilir və üzərinə düşən bu vəzifələri vaxtlı-vaxtında yerinə yetirməlidir. Ancaq mən bir daha qeyd etmək istəyirəm ki, bu proqramın yerinə yetirilməsinə çalışmalısınız. Mən sizdən rica edirəm ki, Azərbaycanın sənaye müəssisələrinin, mütəxəssislərinin ümumiyyətlə, respublikamızın işçi qüvvəsinin imkanlarından maksimum istifadə edəsiniz

Mən sizin bu barədə verdiyiniz vədləri nəzərə alıram. Ümidvaram ki, siz onları yerinə yetirəcəksiniz. Eyni zamanda belə anladım və mən belə də istəyirəm ki, Azərbaycanın sənaye müəssisələri, mütəxəssisləri, respublikamızın işçi qüvvəsi, fəhlələri bu işlərə get-gedə daha da çox cəlb olunacaqlar. Mən baş nazir Artur Rasizadəyə tapşırıram ki, o, bu məsələlərə nəzarət etsin və bu layihənin həyata keçirilməsi üçün Azərbaycanın sənaye müəssisələrindən, şirkətlərindən, zavodlarından istifadə edilməsində əgər bir problem yaranarsa, bunlara vaxtında baxıb, lazımi ölçü götürsün.

Cənab Şerman, sizdən və idarəetmə komitəsinin üzvlərindən xahiş edirəm ki, belə çətinliklərlə rastlaşan zaman siz utanmayın, çəkinməyin, mənə, xüsusən baş nazirə müraciət edin. Mən bu məsələləri ona həvalə edirəm. Siz burada dediniz, əgər sifarişinizi Azərbaycanda icra etmək mümkün deyilsə, onu Leninqrad vilayətində hazırladırsınızsa, edin, yaxud başqa bir iş Qərb ölkələrində görülməlidirsə, edin. Amma eyni zamanda, o cihazları, texnikanı, o şeyləri ki, Azərbaycanın müəssisələrində də hazırlamaq olar, xahiş edirəm, buna xüsusi fikir verin.

Cənab Şerman qeyd etdi, indi respublikamızın neft sənayesində dünyanın bir çox ölkələrinin nüfuzlu neft şirkətləri ilə imzalanmış beş müqavilə, hər bir müqavilənin layihəsini həyata keçirmək üçün orqan var - birinci müqavilə üzrə idarəetmə orqanı konsorsiumdur, Beynəlxalq Əməliyyat Şirkətidir, ondan sonra imzalanan müqavilələrin hər biri üzrə idarəetmə komitəsi vardır. Mən bu fikirdəyəm ki, məsələnin sürətlə və səmərəli həll edilməsi üçün bu təşkilatlar, kollektivlər arasında sıx əlaqə olmalıdır. Gərək bu kollektivlər bir-biri ilə çox sıx əlaqədə işləsinlər. Onu siz də, biz də nəzərə alırıq ki, bir çox işlərin görülməsi, yəni infrastrukturların yaranması, neft kəmərlərinin, terminalların tikilməsi, yaxud bütün müqavilələrin həyata keçirilməsində gələcəkdə səmərəli istifadə olunacaq müəssisələrin yaradılması bu müştərək işi daha da çox tələb edir. Ona görə də sizin bir-birinizlə sıx əlaqədə işləməyiniz lazımdır.

Mən bir-birinizlə fikir, təcrübə mübadiləsi aparmaq barədə cənab Şermanın verdiyi məlumatlardan çox məmnunam. Amma hesab edirəm ki, bu əlaqələr bundan sonra daha da sıx olmalıdır. İndi bizim imzalanmış beş müqaviləmiz vardır. Düşünürəm ki, işlər qaydaya düşəndən sonra bu müqavilələrin hər birinin layihələrini həyata keçirən təşkilatların bir yerdə toplantısını, görüşünü keçirib, qarşılıqlı əlaqələr məsələlərini müzakirə etmək olar. Mən belə bir vəzifəni öz üzərimə götürürəm.

Nəhayət, görüşümüzə yekun vuraraq demək istəyirəm ki, qısa bir müddətdə, cəmisi beş ay içərisində siz çox iş görmüsünüz. Mən gördüyünüz bu işlər münasibətilə sizi təbrik edirəm. 1997-ci ildə nəzərdə tutulmuş proqramın vaxtından əvvəl yerinə yetirilməsini arzu edirəm. İş prosesində nə vaxt ehtiyacınız olsa, siz mənə müraciət edə bilərsiniz. Mən sizi həmişə dinləməyə hazıram.

Bilməlisiniz ki, həm bu layihənin, həm də bütün başqa müqavilələrin həyata keçirilməsi Azərbaycan dövlətinin ən mühüm bir vəzifəsidir. Bu məsələlər mənim şəxsi nəzarətimdədir.

Bu gün elan etdiyiniz proqramın həyata keçirilməsində sizə uğurlar arzulayıram. Sağ olun, gələn görüşlərədək.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri