Əkbərov Qadir Ismayil oğlu. “HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR MƏSƏLƏSİ” (2016)


 İxtisas 5503.02 – Vətən tarixi

Tarix üzrə fəlsəfə doкtoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də millimənəvi irsi, məfkurəsi və düşüncə sistemi təşkil edir. Zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına qiymətli töhfələr vermiş, mədəniyyət aləmində özünəməxsus mövqe nümayiş etdirmişdir.

Azərbaycan tarixinə nəzər salarkən aydın olur ki, milli-mənəvi dəyərlərimiz hər zaman görkəmli dövlət başçılarının nəzər diqqətində olmuşdur. Lakin 1920-ci ildə Azərbaycan ərazisinin sovet işğalına məruz qalması, bununla əlaqədar həyatın digər sahələrilə birlikdə milli-mənəvi dəyərlərimizin də sovet ideologiyasının təsiri altına düşməsi ilə, tarixən əldə olunmuş nailiyyətlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində və diqqətdə saxlanılmasında müəyyən maneələr yaradılmışdır.

1969-cu ilin iyulunda hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının həm sosial-iqtisadi, həm də mədəni baxımdan inkişaf etdirilməsinə xüsusi diqqət ayırması Azərbaycanın geridə qalmış bölgədən inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsli və mədəniyyət mərkəzinə çevrilməsi onun bu sahədəki fəaliyyətinin geniş şəkildə araşdırılmasını aktuallaşdırır.

Tədqiqata cəlb olunan, məsələnin aktuallığını artıran cəhətlərdən biri də Heydər Əliyev şəxsiyyətinin, onun bir lider kimi ümumilikdə Azərbaycanda və eləcə də doğulub boya-başa çatdığı Naxçıvan torpağında milli-mənəvi dəyərlərin qorunub yaşadılmasındakı xidmətlərinin geniş tədqiqata ehtiyacın olmasıdır.

Heydər Əliyevin həyatı və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövründə muxtar respublikanın həm sosial-iqtisadi, həm də siyasi cəhətdən inkişaf etdirilməsi əsas vəzifə olmuşdur. 1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən gəlişindən sonra kompleks tədbirlər həyata keçirən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırmışdır. Bunu dahi rəhbərin mənəvi tərbiyə ilə bağlı ifadə etdiyi fikirdə daha dolğun görürük: “Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən ‒ bugünkü və gələcək təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.” (Əliyev H.Ə. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı: Azərbaycan Universiteti, 997, s. 78)

Elm aləmində bu gün Heydər Əliyevin həyatı və fəaliyyətinin müxtəlif sahələri üzrə tədqiqatlar aparılsada dahi şəxsiyyətin fəaliyyətinin bir sıra problemlərinin hələ də geniş araşdırmalara ehtiyac olduğu ortaya çıxır. Belə problemlərdən biri də onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətidir. Azərbaycan Respublikasında bu istiqamətdə mühüm işlər görülmüş, tədqiqatlar aparılmışdır. Ancaq kiçik istisnalar, yəni bəzi əsərlərdə qismən toxunulma və bir neçə məqalə nəzərə alınmazsa, Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər məsələsi demək olar ki, indiyədək sistemli tədqiqat obyektinə çevrilməmiş, monoqrafiya və ya dissertasiya səviyyəsində öyrənilməmişdir. Bu da dissertasiya üçün seçilən mövzunun aktuallığını daha da artırır. Buna görə də umummilli lider Heydər Əliyevin muxtar respublikada milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinin elmi nöqteyi nəzərdən araşdırılması qarşımıza qoyulan əsas vəzifəyə çevrilmişdir.

Mövzunun araşdırılması səviyyəsi. Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti, onun Azərbaycanın inkişafı naminə gördüyü işlər hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Buna görə də elm adamları onun hərtəfli fəaliyyətini öz əsərlərində, elmi konfranslarda geniş şəkildə işıqlandırmışlar.

Heydər Əliyevin Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması sahəsindəki xidmətləri S.Pişnamazzadə (Pişnamazzadə S. Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması: Tarix elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatı, Bakı, 2008, 24 s.) tərəfindən tədqiq olunmuşdur. Lakin tədqiqat əsərində Naxçıvan Muxtar Respublikası və bu diyarda millimənəvi dəyərlər məsələsi lazımi səviyyədə tədqiqata cəlb edilməmişdir.

Heydər Əliyevin fəaliyyətinin araşdırılması Azərbaycanın digər dövlət xadimlərinin həyat və fəaliyyətinin araşdırılması qədər vacib məsələlərdəndir. XX əsrdə Azərbaycan Respublikasında müstəqilliyin təmin edilməsində və möhkəmləndirilməsində həlledici fəaliyyət göstərmiş siyasi xadim Heydər Əliyevin gördüyü işlər diqqətdə saxlanılmışdır. Dahirəhbərin çoxcəhətli fəaliyyəti akademik R.Mehdiyevin (Mehdiyev R. Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi. “Xalq qəzeti” qəz., 2012, 5 dekabr;), akademik İ.Hacıyevin (Hacıyev İ.M. Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003, 164 s;), akademik İ.Həbibbəylinin (Həbibbəyli İ.Ə. Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq. Heydər Əliyev dövlətçilik təliminin işıqları // Naxçıvan Dövlət Universitetinin Elmi əsərlərinin xüsusi buraxılışı, 2013, № 1, s. 3-7; Y), AMEA-nın müxbir üzvləri Y.Mahmudovun (Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 328 s; Yenə onun: Azərbaycanlılar. “Elm” qəz., 2007, 30 aprel), H.Səfərlinin (Səfərli F. Heydər Əliyev irsi - əbədiyaşar təlim. Naxçıvan: Əcəmi, 2014, 200 s,), Z.Şahverdiyevin (Şahverdiyev Z. Zeynalov İ. Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə. Bakı: Qismət, 2002, 168 s.) (İ.Zeynalovla birgə), t.e.d. Ə.Qasımovun (Qasımov Ə.Q. Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı, 2009, 302 s;), t.e.d. M.Qasımlının (Qasımlı M.C. Heydər Əliyev. İstiqlala gedən yol (1969-1987-ci illər). Bakı: Bakı Universiteti, 2006, 608 s.), E.Axundovanın (Axundova E.H. Heydər Əliyev. Şəxsiyyət və Zaman. Həyat və fəaliyyətinin xronikası. IV hissə (1969-1989). Bakı: Ozan, 2008, 328 s.), professor F.Abdullazadənin (Абдуллазаде Ф. Гейдар Алиев: политический портрет /Ф. Абдуллазаде; отв. за вып.: А. Гулиев, Ф. Агазаде. Баку: Форт, 2003, 13 с), t.e.d. professor İ.Hüseynovanın (Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 2004, 472 s.), f.e.d. professor T.Əfəndiyevin (Əfəndiyev T. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. “525-ci qəzet” qəz., 2011, 12 yanvar), V.Andriyanovun və H.Mirələmovun (Андриянов В., Мираламов Г. Гейдар Алиев. Москва: Молодая гвардия, 2005, 394[6] с.), tarix üzrə fəlsəfə doktorları E.Cəfərlinin (Cəfərli E. Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü. // Dirçəliş XXI əsr 2005, № 27, s. 57-61;Y), Ə.Cabbarovun (Cabbarlı Ə. Heydər Əliyev və Naxçıvan tarixi məsələləri. Naxçıvan, “Əcəmi” NPB, 2015, 232 s.), M. Şabanovun (Şabanov M. Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi. Naxçıvan: “Əcəmi” NPB, 2015, 176 s.), Küveyt dövlətinin İslam işləri və Vəqflər Nazirinin I müavini, Asiya Müsəlmanları Komitəsinin sədri, doktor Adil əl-Fəlahın (Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı: Qismət, 2007, 108 s.) və başqa tədqiqatçıların araşdırmalarında da öz əksini tapmışdır. Eyni zamanda Heydər Əliyevlə aparılan müsahibələr, onun şəxsi həyatı ilə bağlı verdiyi məlumatlar elmi ictimaiyyətin diqqət mərkəzində saxlanılmışdır.

Tədqiqatın obyekti və predmeti. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin I dövrü, 1982- 1987-ci illərdə fəaliyyətinin Moskva dövrü, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərliyi illəri, 1993-cü ildən 2003-cü ilə qədər müstəqil Azərbaycan Respublikasına rəhbərliyi və 2003-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin milli-mənəvi dəyərlər sahəsində həyata keçirdiyi siyasətin yaradıcılıqla davam etdirlməsi tədqiqatın obyektini, 1969-2015-ci illərdə dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin ölkə miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında qorunması və inkişaf etdirilməsi sahəsinədə qəbul edilən qərarlar və bu işdə həyata keçirilən mühüm tədbirlər tədqiqatın predmetini təşkil edir.

Tədqiqatın məqsəd və vəzifələri. Azərbaycan miqyasında millimənəvi dəyərlər məsələsi ümumi şəkildə öyrənilsə də, bölgələrimizdə millimənəvi dəyərlərin öyrənilməsi sahəsində geniş tədqiqatlar aparılmamışdır. Bu baxımdan dissertasiyada qarşıya qoyulmuş məqsədə müvafiq olaraq aşağıdakı vəzifələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

‒ Milli-mənəvi dəyərlər anlayışının müxtəlif cəhətlərini öyrənmək;

‒ Milli-mənəvi dəyərlərin tarixən formalaşması prosesinə nəzər salmaq;

‒ Azərbaycan ərazisində yaranmış bəzi dövlətlərin başçılarının xalqımızın milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasındakı fəaliyyətindən bəhs etmək;

‒ Kommunist ideolgiyasının hökmranlığı dövründə Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin yaşadılması və inkişaf etdirliməsində Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin tarixi xidmətlərini sistemli şəkildə təhlil etmək;

‒ Sovet İttifaqının dağıldığı dövrdə Naxçıvanda milli ideyalar uğrunda mübarizənin başlanması, bu hərəkatın daha da geniş vüsət almasında ümummilli lider Heydər Əliyevin fəaliyyətini və milli azadlıq hərəkatındakı rolunu göstərmək;

‒ Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə yaranmış çətin və mürəkkəb vəziyyətdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirləri şərh etmək;

‒ Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəni böhranlı vəziyyətdən çıxarmaq müstəqilliyi möhkəmləndirmək istiqamətində fəaliyyətini və bu fəaliyyət çərçivəsində milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirlməsi məsələsində rolunu işıqlandırmaq;

‒ Heydər Əliyevin 1993-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin və mədəniyyətin, bütövlükdə milli-mənəvi dəyərlərin inkişaf etdirlməsi sahəsindəki fəaliyyətini təhlil etmək;

 ‒ Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərlə əlaqədar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış siyasi kursunun ölkədə və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin və inkişafının istiqamətlərini şərh etmək;

‒ Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı siyasətinin Naxçıvan Muxtar Respublikasında Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirlməsi və bu sahədə əldə olunan nailiyyətləri işıqlandırmaq.

Tədqiqatın metodoloji əsası. Tədqiqat zamanı Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində görülən işlər təhlil edilmiş, milli-mənəvi dəyərlərlə bağlı Heydər Əliyevin siyasi fəaliyyətindən, onun bu sahədəki mühüm qərarlarından yararlanmışdır. Dissertasiyanın yazılmasında dünya və Azərbaycan tarixşünaslığında uzun illərdən bəri əldə olunmuş mühüm elmi nailiyyətlər əsas götürülməklə müqayisəli təhlil, elmi-tarixi ümumiləşdirmə və sistemləşdirmə üsullarından istifadə edilmişdir.

Tədqiqatın mənbəşünaslıq bazası. Aparılan tədqiqatın əsas mənbəşünaslıq bazasını ümummilli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə çıxışları, məruzələri, nitqləri, müsahibələri, imzaladığı fərman və Sərəncamlar, onun həyatı və siyasi fəaliyyəti haqqında yazılmış monoqrafiyalar, elmi məqalələr, arxiv sənədləri, müraciətlər, milli-mənəvi dəyərlərlə bağlı keçirilmiş konfransların materialları, həmçinin dahi şəxsiyyətin fəaliiyəti ilə bağlı yazılmış əsərlər təşkil edir. Ulu öndər Heydər Əlievin siyasi fəaliyyətinin Naxçıvan dövrünü əks etdirən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırlayıb nəşr etdirdiyi “Qayıdış” (Qayıdış (1990-1993). Sənədlər toplusu. Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 2008, 840 s.) sənədlər toplusu muxtar respublikanın 1990-1993-cü illər tarixini öyrənmək üçün əsas mənbə rolunu oynamışdır. Tədqiqatın gedişində 46 cildlik “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və 7 cilddən ibarət olan “Müstəqillik yollarında” kitablarına da istinad edilmişdir. Dissertasiyanın yazılmasında əsas mənbələrdən biri də “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinın rəsmi sənədləri” (Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər 1996-2011. Naxçıvan: Əcəmi, 2012, 536 s;) adlı sənədlər toplusu olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində (Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi: F.1, siy.13, iş 66, v.2; F.1, siy.17, iş 44, v.13;) bir sıra fondlarda saxlanılan sənədlər və materiallar dissertasiyanın faktlarla işlənməsinə kömək etmişdir. Eyni zamanda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif internet portalları tədqiqat üçün mühüm mənbələrdən olmuşdur. Adları çəkilən və çəkilməyən mənbə bazası ilə yanaşı mövzunun tədqiqi zamanı respublikanın dövri mətbuatından, xüsusən Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzetı, həmçinin “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “ 525-ci qəzet” və s. qəzetlərdəki materiallardan istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yenilikləri aşagıdakılardan ibarətdir:

 ̶ Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyəti ilk dəfə Naxçıvan Muxtar Respublikası materialları əsasında tədqiq edilmişdir;

 ̶ Naxçıvan Muxtar Respublikasının 1969-2015-ci illər mədəniyyət tarixi ilə bağlı kompleks araşdırma aparılmış, bu dövrün sosialiqtisadi və mədəni inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilmişdir;

 ̶ Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə, bütün respublikada, o cümlədən Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər məsələsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilmiş, ümumiləşdirmələr aprılmışdır;

 ̶ 1990-1993-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər sahəsində atılan addımlar, həyata keçirilən mədəni kütləvi tədbirlər, naxçıvanlıların Heydər Əliyevin ətrafında sıx birləşməsində milli dəyərlərin rolu işıqlandırılmışdır;

 ̶ Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətinin 1993-cü ildən 2003-cü ilə qədər davam edən ikinci dövründə Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin inkişafı sahəsində atılan addımlar, həyata keçirilən tədbirlər konkret faktlarla əsaslandırlmışdır;

 ̶ Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin milli-mənəvi dəyərlər sahəsində həyata keçirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən yaradıcılıqla inkişaf etdirilməsi və muxtar respublikada bu səhədə həyata keçirilən tədbirlərin təhlili aparılmışdır.

Dissertasiyanın təcrübi əhəmiyyəti. Dissertasiyanın materiallarından Azərbaycan tarixinin müasir dövrü ilə əlaqədar aparılan elmi araşdırmalarda, ümumiləşdirilmiş əsərlərin yazılmasında, Azərbaycan tarixi üzrə dərsliklərin hazırlanmasında, ali məktəblərdə seçmə fənlərin tədrisində gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsində istifadə edilə bilər. Dissertasiyanın materiallarından Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə əlaqədar dissertasiyaların yazılmasında istifadə edilə bilər. Həmçinin əldə edilən müddəalardan Heydər Əliyev irsinin, onun milli maraqlarımıza xidmət edən milli-mənəvi dəyərlərimizlə bağlı siyasi baxışlarının öyrənilməsində də tədqiqat işindən yararlanmaq olar. Ölkəmizin digər bölgələri üzrə analoji tədqiqat işlərinin yazılmasında dissertasiyadan ilk təcrübə kimi bəhrələnmək olar.

Tədqiqatın aprobasiyası. Dissertasiyanın mövzusu AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 09 yanvar 2012-ci il tarixli iclasında (protokol № 2) təsdiq olunmuş və AMEA Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Tarix üzrə Problem Şurasının 04 mart 2013-cü il tarixli (protokol № 16) iclasında təsdiq edilmişdir. Dissertant mövzu ilə bağlı 20 aprel 2012-ci ildə “Milli dəyərlər – milli kimliyimizdir” mövzusunda keçirilən elmi konfransda, eləcə də müxtəlif elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir. Dissertasiyanın əsas məzmunu dissertantın ayrı-ayrı vaxtlarda xarici ölkələrdə və respublikamızın elmi müəssisələrində keçirilən beynəlxalq miqyaslı konfrans və simpoziumlardakı məruzələrində, xaricdə və ölkəmizdə nüfuzlu jurnallarda nəşr olunmuş məqalələrində öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın obyeкti, məqsəd və vəzifələri, elmi yeniliyi və təcrübi əhəmiyyəti müəyyənləşdirilmiş, metodoloji əsası, mənbəşünaslıq bazası göstərilmiş, mövzunun araşdırılması səviyyəsi təhlil olunmuşdur.

Dissertasiyanın iki yarımfəsildən ibarət olan “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı I fəslinin “Milli-mənəvi dəyərlərə tarixi baxış” adlanan birinci yarımfəslində xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması prosesinə nəzər salınır, əhalinin dini inamları, bu inamların xalqımızın məişətində tutduğu yer, minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərin qorunub saxlanması, həmçinin burada “Kitabi Dədə Qorqud” dastanında öz əksini tapan vətən sevgisi, ailə münasibətləri və s. öz əksini tapmışdır.

Hər bir xalqın mədəni yüksəlişininn əsas göstəricilərindən olan dil faktoru və dövlət xadimlərinin bu məsələdə mövqeyi də bu yarımfəsildə araşdırılmışdır. Yarımfəsildə Azərbaycan dilinin ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrilməsi, dilimizin rəsmi dil səviyyəsinə qaldırılmasında bəzi dövlət başçılarının fəaliyyəti haqqında məlumat verilmiş, Azərbaycan Səfəvilər dövlətinin başçısı I Şah İsmayılın Azərbaycan dilinə olan diqqət və qayğısı haqqında bəhs edilmişdir. (Musalı N. I Şah İsmayılın hakimiyyəti. (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: Elm və təhsil, 2011, s. 342) Azərbaycan dilinin sonrakı dövrlərdə, xüsusilə sovetlər birliyi zamanında rəsmi dövlət dili səviyyəsinə qaldırılması işinin əhəmiyyəti ilə əlaqədar ümummilli lider Heydər Əliyevin fikirləri və bu məsələ ilə bağlı atdığı addımlar diqqəti xüsusilə cəlb edir. Sovet cəmiyyətinin xalqların milli ideya və düşüncələrini inkişaf etdirməsinə imkan vermədiyi bir vaxtda Heydər Əliyevin öz qətiyyətini, milliliyini ortaya qoyması və 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması o dövrün sosialist ideyalarının reallıqları qarşısında xüsusi cəsarət tələb edirdi. 1995-ci ilin oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının yeni konstitusiya layihəsində dövlət dili haqqında maddənin geniş müzakirəsi zamanı Heydər Əliyev 1978-ci il konstitusiyasında Azərbaycan dilinin təsbit edilməsi ilə bağlı o dövrün hadisələrini aşağıdakı kimi qeyd etmişdir: “1977-1978-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur...Ancaq mən o vaxtlar sovetlər ittifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq”. (Əliyev H. Müstəqilliyimiz əbədidir. 4-cü kitab. Bakı: Azərnəşr, 1997, s. 207)

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkə ərazisində ictimai-siyasi sabitliyin yaradılması, sosial-iqtisadi inkişafın təminatı üçün mühüm işlər görülmüş, milli-mənəvi dəyərlərin bərpasına, onların itibbatmasının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumxalq səsverməsi əsasında iki dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev fəaliyyətinin bu 10 ilini də əsas milli dəyərlərimizdən olan Azərbaycan dövlətçiliyinin mökəm əsaslarla qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsinə həsr etmişdir.

Fəslin “Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründə Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi” adlanan II yarımfəslində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə milli-mənəvi dəyərlərə dövlət qayğısından bəhs edilir. Heydər Əliyein bu məsələdəki ciddi mövqeyi Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərədəki fəaliyyətində özünü açıq-aydın göstərmişdir. Respublikanın rəhbəri kimi Heydər Əliyev bu illərdə milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərmiş, ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar keçmiş ittifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilmiş, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Bunun ən bariz göstəricisi odur ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər də olsun, dissident ziyalı qeydə alınmamışdır. (Mustafayev S. Milli intibaha uzanan yol. http://anl.az./down/meqale/azerbaycan)

Məhz həmin dövrdən Azərbaycan, azərbaycanlılar məfhumu ittifaq miqyasında geniş şəkildə diqqəti cəlb etmişdir. Heydər Əliyevin millimənəvi dəyərlər sahəsindəki siyasəti nəticəsində Azərbaycan tarixi, mədəniyyəti kompleks şəkildə araşdırılmış, tarixən formalaşmış milli mədəniyyətimizə dövlət səviyyəsində münasibət göstərilmişdi. Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə həyata keçirdiyi geniş miqyaslı siyasi-ideoloji, iqtisadi-mədəni, ədəbi-tarixi tədbirlər gələcəkdə qurulacaq milli dövlətimizin möhkəm təməlini, etibarlı bünövrəsini təşkil etmişdir.(Həbibbəyli İ.Ə. Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq. Heydər Əliyev dövlətçilik təliminin işıqları // Naxçıvan Dövlət Universitetinin Elmi əsərlərinin xüsusi buraxılışı, 2013, № 1, s. 3-7)

Azərbaycan Respublikasında XX əsrin 70-ci illərindən başlayaraq mədəniyyətimizin, elmimizin, tariximizin öyrənilməsi və inkişaf etdirilməsində yeni mərhələ başlamışdır. Bu mərhələdə respublikamızda muzey quruculuğu, onların eksponatlarla təmin edilməsi, muzeylərin maddi-texniki bazasının yaradılması əsas işlərdən olmuşdur. Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində (1969-1982-ci illər) muzeylərin – xüsusilə tarix-diyarşünaslıq muzeylərinin, xatirə ev-muzeylərinin, xatirə abidə komplekslərinin və digər profilli muzeylərin yaradılması, onların maddi bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra qərarlar, sərəncamlar imzalanmışdır. (Kəngərli S.F. Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır. Naxçıvan: Əcəmi, 2003, 92 s.) 1977-ci ildə Ordubad şəhərinin qoruq-şəhər elan edilməsi də Heydər Əliyevin Naxçıvanın, bütövlükdə Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük diqqət və qayğısının təcəssümüdür.( Naxçıvan ensklopediyası. Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri. 2 cilddə. II-c., Naxçıvan: 2005, s. 204)

Dissertasiyanın iкinci fəslində “Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına və müstəqil Azərbaycana rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi”ndən bəhs edilmişdir. Bu fəslin “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə milli-mənəvi dəyərlər” adlı birinci yarımfəslində bəhs edilən dövrdə Heydər Əliyevin itirilmiş dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi, Azərbaycan xalqının ən böyük milli dəyəri olan müstəqil Azərbaycan dövlətinin yaradılması yolundakı atdığı mühüm addımlardan bəhs edilir. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının, onun ali hakimiyyət orqanının adları dəyişdirilmiş, Azərbaycan Xalq Cumhuriyyətinin üç rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı, kimi qəbul olunmuşdu. Heydər Əliyevin Naxçıvanın muxtariyyat statusunun qorunub saxlanılması yolunda da misilsiz xidmətləri olmuşdur. 1991-ci il yanvarın 11-də onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək onları muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində pozulması faktına münasibət bildirməyə çağırdı.( Cəfərli E. Müstəqillik illərində Naxçıvanın muxtariyyatının möhkəmləndirilməsi // Təhsil ocağı, 2008 № 3-4 s. 37-42) Bu, Naxçıvan muxtariyyatının beynəlxalq müqavilələrlə, muxtar respublikanı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorumaq istiqamətində mühüm səylər idi. Bu kimi faktlar Heydər Əliyevin milli-mənəvi dəyərlərimizdən olan dövlətçiliyimizin qorunması shəsindəki xidmətlərindən biri olan muxtariyyətimizin möhkəmləndirilməsi yolundakı fəaliyyəti olmuşdur.

Bu dövrdə Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti, buraxdığı kobud səhvlər Azərbaycan xalqının vəziyyətini çətin və çıxılmaz etmişdir. Belə bir vaxtda Naxçıvan Muxtar Respublikasında əməli addımlar atılırdı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının, o cümlədən Azərbaycanın həyatında mühüm siyasi-tarixi hadisə baş verdi. Həmin tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərara əsasən Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. (Qayıdış (1990-1993). Sənədlər toplusu. Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 2008, s. 189)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci ilin 16 dekabrında keçirilmiş sessiyasında Ali Məclisin Sədri Heydər Əliyev milli birlik və həmrəyliyin milli-mənəvi dəyərlərimizdən olmasını ön plana çəkərək dünyadakı Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin müzakirə olunmasını gündəlikdə duran məsələlər sırasına daxil etmiş və 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Gününün elan edilməsi, hər il onun bayram kimi qeyd olunması, həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-iş günü hesab edilməsi haqqında tarixi qərarın qəbul olunmasına nail olmuşdur.( Naxçıvan tarixi: 3 cilddə, III c., Naxçıvan: Əcəmi, 2015, s. 290)

Bu yarımfəsildə Azərbaycan mədəniyyətinin, elminin inkişafına bütün həyatı boyu Heydər Əliyevin Naxçıvanın çətin, dözülməz şəraitdə yaşamasına baxmayaraq naxçıvanlı gənclərin yüksək səviyyəli təhsil almaları sahəsində fəaliyyətindən bəhs edilir. Ulu öndər elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm milli strateji məsələ kimi baxaraq, o dövrün mürəkkəb və çətin şəraitində muxtar respublikanın təhsil və mədəniyyət sistemini, ziyalı potensialını qoruyub saxlamaqla, təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsinin qarşısını almağa, təhsil müəssisələrini siyasi proseslərdən kənarda saxlamağa çalışmış və buna nail olmuşdur.

Həmçinin yarımfəsildə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri vəzifəsində işlədiyi illərdə milli-mənəvi dəyərlərimizin inkişafındakı ən əhəmiyyətli xidmətlərindən birinin də teatrlarımıza yeni həyat verilməsi sahəsində fədakarlığı da əks olunmuşdur. (Qəhrəmanov Ə. Naxçıvan teatrı müstəqillik illərində (1991-2008). Bakı: MBM, 2008, s. 21)

“Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və milli-mənəvi dəyərlərin inkişafında yeni mərhələnin başlanması” adlı ikinci yarımfəsildə göstərilir ki, xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev dövlətçiliyimizin məhvinin qarşısının qətiyyətlə alınmasına nail oldu. Ölkə rəhbərliyinin başına keçən dahi rəhbər Azərbaycanı gözləyən fəlakətlərdən, vətəndaş müharibələrindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, bir ölkə kimi parçalanmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bütün ölkə ərazisində müsbət sonluqla bitən mübarizənin nəticəsi kimi qəbul olundu. Ayrı-ayrı qrupların mübarizə meydanına çevrilməsinə, məşəqqətlərə, çətinliklərə, dağıntılara məruz qalmasına baxmayaraq, Azərbaycan dövlətçiliyi Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsinin nəticəsində qorunub saxlanıldı. Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milli mədəniyyətimizin inkişafı məsələlərini də diqqətdə saxlamışdı. Uzun illərin dövlətçilik təcrübəsi, xalqla hakimiyyət arasında düzgün münasibətlər formalaşdırılmasında atılacaq lazımi addımları düzgün dəyərləndirməsi Heydər Əliyevin Azərbaycanın mövcud vəziyyətdə irəli aparılmasındakı fəaliyyətində misilsiz rol oynamışdır. O, ümumbəşəri dəyərlərə əsaslanan, lakin milli mentalitet, yüzillərlə formalaşmış milli əxlaq, mənəvi dəyərlər əsasında yeni dövlət idarəçiliyinin yaradılması zərurətini ön plana çəkməklə azad, müstəqil dövlətimizin inkişafına nail olmuşdur.

Azərbaycan mədəniyyətinin, incəsənətinin əsl himayəçisi olan Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə bu sahənin insanlarını həmişə diqqətdə saxlamış, onları yüksək dövlət mükafatları ilə təltif etmiş, təntənəli surətdə yubileylərinin keçirməsilə bağlı mühüm sərəncamlar vermişdir. Xalq yazıçıları İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Anar, Hüseyn Abbaszadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Hüseyn İbrahimov, xalq şairləri Məmməd Araz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Məhəmmədhüseyn Şəhriyar, Qabil, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və başqalarının yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Azərbaycan xalqı və bütün türk xalqları, dünya mədəniyyəti qarşısında xidmətləri olan M.Füzulinin yaradıcılığını yüksək qiymətləndirən ümummilli lider böyük şair-mütəfəkkirin 500 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq dövlət komissiyasının yaradılması barədə 16 mart 1994-cü il tarixdə Fərman vermişdir. 1 Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərində 1996-cı ilin 29 oktyabrında Azərbaycanın ictimai-siyasi və mədəni həyatında ən əlamətdar hadisələrdən olan, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibətilə məzarı üzərində ucaldılmış möhtəşəm memarlıq-xatirə kompleksinin açılışı olmuşdur.(Naxçıvan tarixi: 3 cilddə, III c., Naxçıvan: Əcəmi, 2015, s. 366)

Ümummilli liderin milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ etmək, onları qoruyub inkişaf etdirmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizdən kənarda yaşayan həmyerlilərimizi də əhatə etmişdir. XX yüzilliyin son onilliyində Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların həmrəyliyində birləşdirici amil rolunu oynayan Azərbaycançılıq ideyası tamamilə yeni müstəvidə inkişaf etməyə başladı. Bu ideyanın vahid konsepsiya şəklinə salınması və dövlət əhəmiyyətli vəzifəyə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində ortaya çıxdı. Heydər Əliyev Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsinə qaldırmağa nail oldu. Azərbaycançılığın təkcə Azərbaycan hüdudlarında deyil, ölkəmizdən kənarda da inkişaf etdirilməsi yolunda ulu öndər lazımi tədbirlər həyata keçirmişdir. Bu məsələdə azərbaycanlıların təşkilatlanmasını ən mühüm amil hesab edərək Bakı şəhərində – dünya azərbaycanlılarının paytaxtında qurultay çağırmağı ön plana çəkmiş və 23 may 2001-ci il tarixdə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. (Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı: http://heydaraliyev.preslib.az/index.html)

Heydər Əliyevin milli dəyərlər sahəsindəki siyasəti özünü tariximemarlıq abidələrinin tədqiqi, bərpası və təbliğində də təsdiqləmişdir. Uzun zaman diqqətdən kənarda qalmış, məhv olmaq təhlükəsi ilə üzləşmiş mədəniyyət abidələri məhz Heydər Əliyevin Azərbaycandakı rəhbərliyi dövründə dövlət qeydiyyatına alınmış, sökülmüş, müəyyən səviyyədə dağılmış abidələr yenidən bərpa edilmişdir.

Dissertaiyanın üçüncü fəslində “1995-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunması və inkişafına dair dövlət siyasəti” tədqiq edilmişdir. “1995-2003-cü illərdə Naxçıvanın ictimai həyatında milli-mənəvi dəyərlərin inkişafi” adlı birinci yarımfəsildə Naxçıvanda milli dövlətçiliyin inkişaf etdirilməsi, elm və mədəniyyət məsələləri, tarixi yaddaşın daha da möhkəmləndirilməsi yolunda elmi simpoziumların keçirilməsi, bu mötəbər iclaslarda Naxçıvan tarixinin dərindən araşdırılması, elmi nəşrlərin həyata keçirilməsi haqqında qəbul edilən qərarlar haqqında məlumatlar verilmişdir. Naxçıvan Muxtar Respublikasında hər zaman dahi şəxsiyyətlərin xatirəsi əziz saxlanılmış və onların adları əbədiləşdirilmişdir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 29 may 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 75 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikasında tədbirlərin keçirilməsinə başlanmış, yublileylə əlaqədar olaraq 1997-ci ilin may ayından 1998-ci ilin may ayınadək Naxçıvan Muxtar Respublikasında bərpa, abadlıq və quruculuq işləri görülmüşdür.( Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər 1996-2011. Naxçıvan: Əcəmi, 2012, s. 20) Bu tədbirlər çərçivəsində 1997-ci ildə Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Universiteti” fəaliyyətə başlamışdır. Bu böyük şəxsiyyətin yubileyi ilə əlaqədar tədbirlərinin keçirilməsi üçün imzalanan Sərəncamlar Naxçıvan Muxtar Respublikasında Azərbaycanın layiqli insanlarına istər rəhbərlik tərəfindən, istərsə də xalq tərəfindən nə dərəcə də yüksək qiymət verildiyini göstərmişdir. Milli-mənəvi dəyərlərimizi özündə qoruyub yaşadan “Kitab-Dədə Qorqud” dastanının 1300 illik yubileyi tədbirlərinin keçirilməsi çox mühüm və əlamətdar hadisə idi. Azərbaycan tarixində mühüm əhəmiyyətə malik Gəmiqaya abidələrinin tədqiqi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvanda milli-mənəvi mədəniyyəti, dəyərləri özündə yaşadan mədəni-maarif müəssisələrinin yaradılması və inkişafı 1995-2003-cü illərdə geniş vüsət almış, dövlətin qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsindəki işlərini davam etdirmiş, fəaliyyəti boyunca mənəvi mədəniyyətin inkişafını diqqət mərkəzində saxlamışdır. 1995-ci ildən sonra Naxçıvan Muxtar Respublikasında başlayan inkişaf məhz yeni mədəni-maarif müəssisələrinin yaradılmasında, mövcud olanların isə yenidən bərpa edilməsində özünü göstərmişdir. Milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsində bilavasitə mühüm rola malik olan bu müəssisələrin tikilməsi və yenilənməsi ilə bağlı statistik göstəricilərə nəzər salanda müəyyən olur ki, bu sahənin dövlət tərəfindən diqqətdə saxlanılması bir növ strateji əhəmiyyət daşımışdır. Çünki hər hansı bir insan kollektivini və yaxud da böyük cəmiyyətləri milli mədəniyyətlərinin yox edilməsi, tədricən unutdurulması ilə məhv etmək olar. Bu baxımdan ölkəmizdə milli-mənəvi dəyərlər sahəsində aparılan siyasət xalqın vəhdətinə və Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olmasına istiqamətlənmişdir. 1995-2003-cü illərdə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan milli təhsilimizin və mədəniyyətimizin inkişafında da əsaslı irəliləyişlər olmuşdur. Bəhs edilən məslələrlə bağlı statistik məlumatlar əldə edilmiş uğurların əsas göstəricilərindəndir.

“Milli-mənəvi dəyərlər sahəsində Heydər Əliyev siyasi kursunun davamı və yaradıcılıqla inkişaf etdirilməsi” adlanan ikinci yarımfəsildə umummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğıdan bəhs edilir. Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsindəki siyasəti Azərbaycanda çox uğurla həyata keçirilmiş və hal hazırda da davam etdirilməkdədir. Bu reallıq Naxçıvan Muxtar Respublikasının simasında özünü daha aydın şəkildə təsdiqləmişdir. Heydər Əliyev siyasi xəttini inamla həyata keçirən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov bu şərəfli yolu layiqincə davam etdirir, milli maraqları, mənəvi dəyərləri diqqət mərkəzində saxlayır. Onun çoxşaxəli fəaliyyətində diqqəti cəlb edən əsas cəhətlərdən biri də təhsil, elm, mədəniyyət sahəsinə qayğı göstərməsi və bu sahələrin inkişafına hər cür şərait yaratmasıdır. Ali Məclis Sədrinin bu sahə ilə bağlı imzaladığı əhəmiyyətli sərəncamlar milli mədəniyyətimizin tədqiq və təbliğində müstəsna əhəmiyyətə malik olmuşdur. Siyasi fəaliyyətinin ilk beş ilində onun bilavasitə təşəbbüsü və qayğısı ilə muxtar respublikanın tarixi, mədəniyyəti, təbii ehtiyatları öyrənilmiş və bu müddətdə həmin məsələlərə aid beynəlxalq simpozium və konfranslar keçirilmiş, onlarla kitab çap edilmişdir.

Qədim mədəniyyət mərkəzi olan Naxçıvan bölgəsinin tarixi keçmişinin daha dərindən araşdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan ən mühüm addımlardan biri də “Naxçıvan: İlk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 7 iyun 2011-ci il tarixli Sərəncamı olmuşdur. (Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər 1996-2011. Naxçıvan: Əcəmi, 2012, s. 520) Müasir mərhələdə Heydər Əliyev siyasi kursu istər respublika rəhbərliyi səviyyəsində, istərsə də Naxçıvan Muxtar Respublikası rəhbərliyi səviyyəsində uğurla həyata keçirilir. Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki ən mühüm qərarlardan biri 2011-ci ilin 29 dekabr tarixində keçirilən, IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması olmuşdur. Bu ilin “Milli dəyərlər ili” elan olunması Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, yaşadılmasına, formalaşmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasına yönəlmiş dövlət proqramı kimi bu qərar böyük tarixi əhəmiyyətə malik olmuşdur.(Səfərli F. Heydər Əliyev irsi - əbədiyaşar təlim. Naxçıvan: Əcəmi, 2014, s. 126) 2012-ci ildə bölgədə yaşayan alimlər milli dəyərləri üzə çıxarmaq, onların mahiyyətini izah etmək yolunda mühüm tədqiqatlar aparmış, bu yöndə onlarla məqalə və kitablar yazmışlar. Milli dəyərlərimizin tədqiqi, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Naxçıvan şəhərində beynəlxalq və respublika miqyaslı simpoziumlar və konfranslar keçirilmişdir. Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimizlə əlaqədar bir sıra işlər görülmüş, xüsusilə 2012-ci ilin aprel ayının 20-də AMEA Naxçıvan Bölməsində “Milli dəyərlər – milli kimliyimizdir” mövzusunda elmi konfrans keçirilmişdir.

Dissertasiyanın “Nəticə” hissəsində tədqiq olunan mövzu ilə bağlı əldə olunmuş elmi qənaət və müddəalar ümumiləşdirilmişdir.

Dissertasiyanın əsas məzmunu müəllifin çap olunmuş aşağıdakı məqalələrində öz əksini tapmışdır:

  1. Milli-mənəvi dəyərlərə tarixi baxış // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2012, № 3, s. 74- 78
  2. Heydər Əliyev və milli-mənəvi dəyərlər sistemində Azərbaycançılıq ideologiyası // Tarix və onun problemləri, 2013, № 4, s. 186-189
  3. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə millimənəvi dəyərlərə qayğı // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. (Xüsusi buraxılış), 2013, № 1 (50), s. 141-144
  4. Azərbaycançılıq ideyasının inkişaf tarixi və ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiya kimi formalaşdırılması / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları. Bakı, Mütərcim, 1-4 may 2013, s. 168-170
  5. Развитие национально-духовной ценности в первом периоде политической деятельности Г.Алиева в Нахчыване // Гилея: науковый вестник, Киев: 2014, Вип 82 (№3), с.104-106
  6. Azərbaycan xalqının milli məfkurəsi Azərbaycançılıq və azərbaycanlıların təşkilatlanması haqqında qeydlər / Qafqaz tarixinin aktual məsələləri. Beynəlxalq konfrans. Gəncə: GDU, 15- 16 oktyabr 2015-ci il,. s. 156-159
  7. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2015, № 6 (71), s. 54-58
  8. Тенденции развития духовной культуры в Нахчыванской Республике (1991-2015) / Розвиток суспїльнїх наук: європейськї практики та нацїональнї перспективи: Матерїали мижнародної науково-практичной конференцїї. Львїв: 25-26 грудня 2015, с. 61-64
  9. “Kitabi-Dədə Qorqud” dastanlarında və müasir məişətimizdə millimənəvi dəyərlərə münasibət (müqayisəli təhlillər) // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Xüsusi buraxlış, 2016, № 1, s. 290-296
  10. Nahçivan Özerk Cumhuriyyeti Tarih-Kültür Anıtlarına Özen ve Dikkat Devlet Politikasının Bir Hissesi Gibi / Nahçivan ve Doğu Anadolu Abideleri Uluslararası Smpozyumu (dünü bugünü ve yarını). Nahçivan: 11-12 mayıs 2015, s. 443-447

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_aqi_24_09_16.pdf