Allahverdiyeva Lalə Zahir qızı. “İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN İDEYA İNAMININ FORMALAŞDIRILMASINDA HEYDƏR ƏLİYEV İRSİNDƏN İSTİFADƏNİN ELMİ-PEDAQOJİ ƏSASLARI” (2014)


5804.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ

Tədqiqatın aktuallığı. Bu gün müstəqillik yolunda uğurla addımlayan Azərbaycanın təhsil quruculuğu sahəsində qazandığı nailiyyətlər aparılan ardıcıl və davamlı təhsil siyasətinin nəticəsi kimi meydana çıxmışdır. Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müddəası ilə özülü qoyulmuş milli təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 iyun 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda təhsilin əsas məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək” (Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. www.edu.gov.az).

Göründüyü kimi, müasir mərhələdə Azərbaycan Respublikasında böyüyən gənc nəsli milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə etmək ən aktual problemlərdəndir. Bu problemlərin həlli baxımından ideyasiyasi tərbiyə işinin təkmilləşdirilməsi ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm tələbdir. Belə bir tələbin müvəffəqiyyəti isə tərbiyə prosesinin ibtidaidən, başlanğıcdan düzgün aparılmasından çox asılıdır.

Müasir mərhələdə ideya inamı tərbiyəsi işinin sistemi bilikli, bacarıqlı, işgüzar, əqidəli nəslin yetişdirilməsinə xidmət edir. İdeya inamı hər şeydən əvvəl dünyagörüşü, əqidəlilik, vətənpərvərlik, xalqın psixologiyasını daşımaq, adət-ənənələrinə sədaqətlilik, humanizm, ümumbəşəri ideyalara yiyələnmək, vətəndaşlıq borcunu yerinə yetirmək, əməyə düzgün münasibət bəsləmək və s. bu kimi keyfiyyətləri özündə birləşdirmək deməkdir.

Ulu öndərimiz Heydər Əliyevin ideyaları, tövsiyələri yetişən nəslin ideya istiqamətində strategiya yolu olmalıdır. Belə ki, məktəblərimizdə təlim-tərbiyə prosesində verilən ideya tərbiyəsi işi ulu öndərin irsindən bəhrələnərək mənəvi devizə çevrilməlidir. 9 fevral 1996-cı ildə Gənclərin Birinci forumunda “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” adlı məşhur nitqində Heydər Əliyev demişdir: “Gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz ...

Gənclərimiz milli ruhda tərbiyələnməlidir, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz...” (Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı: Təhsil, 2002, s.35).

Yalnız bu proqram tələblərinə ardıcıl, sistemli şəkildə əməl etdikdə, məqsədyönlü olaraq ümummilli lider Heydər Əliyevin irsindən istifadə edərək ibtidai sinif şagirdlərinin ideya inamı sahəsində tərbiyəvi işləri həyata keçirdikdə böyük rəhbərimizin arzu etdiyi zəngin mənəviyyatlı, sağlam nəsil yetişdirməyə nail olmaq mümkündür.

Tərbiyə işində şəxsiyyətin nümunəsi və ideyalarının, irsinin təsir gücü çox mühüm faktordur. Bu məqsədlə təlim-tərbiyə işində ona nail olmaq lazımdır ki, ibtidai sinif şagirdləri fəaliyyəti və təcrübələri millətimizə, xalqımıza, vətənimizə xeyir verən şəxsiyyətləri, vətənimizin azadlığı uğrunda şəhid olmuş igidləri tanısınlar, bu insanları əhatə edən mühit barədə, siyasi quruluş barədə əhatəli biliklərə yiyələnsinlər. Belə biliklər ibtidai sinif şagirdlərinin dünyagörüşünü zənginləşdirir, onlarda vətənpərvərlik, mərdlik, dünyaya açıq gözlə baxmağı, kimin irsindən öyrənməyi, hansı ideya inamı ruhunda tərbiyə almağı öyrədir. Belə bir baxımdan hazırkı dövrdə ibtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin irsindən istifadə olunması çox böyük uğurlar əldə etməyə imkan verər.

Heydər Əliyevin müdrikliyi, fəzilət sahibi olması, həqiqi ədalət adamı olması, əzm və iradə nümayiş etdirməsi, səbirli və siyasətdə mahir olması, sülh, əmin-amanlıq yolçusu olması uşaqların, ümumən hər bir ölkə vətəndaşının qürur mənbəyidir. Dahi şəxsiyyətin bu kimi ali keyfiyyətləri bugünkü nəslin tərbiyə etalonu mövqeyindədir.

Qeyd edək ki, ümummilli liderin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında şagirdlərin tərbiyəsi işində respublikanın bir çox ümumtəhsil məktəblərində müsbət təcrübə toplanmışdır. Lakin bu istiqamətdə aparılan işlərin müasir tələblərə, təhsil islahatının qarşıya qoyduğu tələblərə cavab verdiyi qənaətini də yaratmaq olmaz. Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində şagirdlərdə ideya inamının tərbiyə olunması probleminin geniş və hərtərəfli araşdırılmasına böyük ehtiyac vardır. Bütün bu deyilənlər problemin nə qədər aktual olduğunu bir daha təsdiq edir.

Tədqiqatın obyekti ümumtəhsil məktəblərində kiçikyaşlı məktəblilərin ideya-siyasi tərbiyəsi prosesidir.

Tədqiqatın predmeti ümumtəhsil məktəblərində kiçikyaşlı məktəblilərin ideya inamının formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin irsi üzrə müxtəlif iş formaları, vasitələri və metodlarının müəyyənləşdirilməsidir.

Tədqiqatın məqsədi ümumtəhsil məktəblərində kiçikyaşlı məktəblilərin ümummilli lider Heydər Əliyevin nümunəsində ideya inamı tərbiyəsi işinin elmi cəhətdən əsaslandırılmış sistemini işləyib hazırlamaq və ondan təlim prosesində, dərsdənkənar tədbirlər zamanı istifadə etməyin imkanları, yol və vasitələrini müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqata yanaşmada aşağıdakı işçi fərziyyəsi irəli sürülmüşdür:

- kiçikyaşlı məktəblilərin ideya inamı elmi cəhətdən əsaslandırılaraq sistemli şəkildə hazırlanarsa, dərsliklərdə olan materialların ideya inamı istiqaməti üzə çıxarılıb öyrədilərsə;

- ümummilli lider Heydər Əliyev haqqında dərsliklərdə olan mövzuların tədrisi, eləcə də sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi şagirdlərin vətəndaşlıq keyfiyyətlərinin, mənəvi simasının başlıca amili kimi ideya inamını üzə çıxarmağa yönəldilərsə;

 - kiçikyaşlı məktəblilər Heydər Əliyevin şəxsiyyəti və fəaliyyətinə dair elmi-idraki, publisist və bədii ədəbiyyatla, sənədli filmlərlə, tarixi mənbələrlə, görkəmli adamların ulu öndər haqqında fikirləri ilə tanış edilərsə;

- Heydər Əliyevin hakimiyyəti dövründə xalqımızın bütün sahələrdə yüksək inkişaf və tərəqqiyə nail olduğu, dünyada xalqımızın tanınmasında ümummilli liderin misilsiz fəaliyyəti məktəblilərə çatdırılarsa;

 - Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı kinofilmlərə tez-tez baxış keçirilərsə;

- ulu öndərin əməllərini, ideyalarını, arzularını yaşatmaq və həyata keçirmək işində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iftixar doğuran fəalliyyəti barəsində kiçikyaşlı məktəblilər məlumatlandırılarsa, onlarda ideya inamı və əqidəsini formalaşdırmaq, doğma vətənə, onun maddi və mənəvi sərvətlərinə milli iftixar hissi aşılamaq mümkündür.

Tədqiqatın məqsədindən və işçi fərziyyəsindən irəli gələn vəzifələr aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  1. Ümummilli lider Heydər Əliyevin həyat və mübarizə yolunun, siyasi fəaliyyətinin kiçikyaşlı məktəblilərin mənəvi biliklərini zənginləşdirən başlıca amil olduğunu üzə çıxarmaq;
  2. Kiçikyaşlı məktəblilərin ideya inamının formalaşmasında Heydər Əliyevin həyat və fəaliyyətinin hansı cəhətlərindən hansı səviyyədə, necə istifadə olunmasını aşkar etmək;
  3. Məktəblilərin ideya inamı tərbiyəsi anlayışının mahiyyəti və məzmununu müəyyənləşdirmək;
  4. Ulu öndərin həyat və fəaliyyəti nümunəsi əsasında kiçikyaşlı məktəblilərin ideya inamını formalaşdırmağın məzmun, forma, vasitə və yollarını aydınlaşdırmaq;
  5. Problem baxımından işin vəziyyətini aşkar etmək və hazırda onun əsas istiqamətlərinin nədən ibarət olduğunu göstərmək;
  6. İbtidai siniflər üzrə proqram və dərsliklər, həmçinin tərbiyə proqramları ilə tanış olmaq, təhlil-tərkib edərək problem üzrə onların imkanlarını şərh etmək;
  7. Heydər Əliyev muzeylərinin şagirdlərin geniş mənada ideyamənəvi keyfiyyətlərinin formalaşmasında təsir qüvvəsini öyrənib ümumiləşdirmək, ümumtəhsil məktəblərinin bu istiqamətdə işinin səmərəli təşkili üçün müəyyən metodika hazırlamaq;
  8. Mövzu üzrə müəyyənləşdirilmiş imkanlara əsasən şagirdlərdə Heydər Əliyev nümunəsində ideya inamının formalaşdırılmasına dair tövsiyələr hazırlamaq.

Tədqiqatın metodoloji əsasını mütəfəkkir – pedaqoqların müsbət nümunələrlə uşaqların mənəvi tərbiyəsinə təsir etmək haqqında fikirləri, tərbiyə işində nümunənin rolu haqqında müasir pedaqogikada formalaşmış müddəalar, görkəmli siyasət, dövlət, mədəniyyət xadimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə aid baxışları, bu iş üzrə tövsiyə olunan metod və vasitələrin məcmusu təşkil edir.

Tədqiqatın metodları. Tədqiqatda qoyulan məqsəd və vəzifələrin həlli yollarına nail olmaq üçün nəzəri təhlil, pedaqoji müşahidə, pedaqoji müsahibə və anket sorğusu, pedaqoji eksperiment, məktəb sənədlərinin öyrənilməsi və s. metodlarından istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Dissertasiyanın elmi yeniliyi onunla müəyyən olunur ki, ilk dəfə olaraq: a) ibtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılmasında Heydər Əliyev irsindən istifadə etməklə mənəvi tərbiyə işinin nəzəri-pedaqoji əsasları işlənib hazırlanmışdır; b) ideya inamının aşılanmasında nümunə kimi ümummilli lider Heydər Əliyevin irsindən istifadə texnologiyaları dəqiqləşdirilmişdir; c) kiçikyaşlı məktəblilərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində vətəndaşlıq tərbiyəsi üzrə işin məzmunu yaradılmış, böyük xadimin, dahi şəxsiyyətin onların intellektual inkişafına, dünyagörüşünün formalaşmasına təsirinin səmərəlilik səviyyəsi müəyyənləşdirilmişdir; d) kiçikyaşlı məktəblilərin ideya inamının formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin irsindən istifadə imkanlarının kompleks pedaqoji şərtləri eksperimental üsullarla dəqiqləşdirilmişdir.

Tədqiqatın nəzəri əhəmiyyəti ondan ibarətdir ki,

- ümumtəhsil məktəblərində ibtidai sinif şagirdlərinin ideya inamı tərbiyəsinin mahiyyəti və vəzifələri, məzmun xüsusiyyətləri konkretləşdirilir;

- həm tədris prosesində, həm də sinifdənxaric işlər zamanı bu yaşdakı şagirdlərin ideya inamının formalaşdırılmasında ümummilli liderimiz Heydər Əilyevin fəaliyyəti nümunəsinin müstəsna rolu aşkar edilir;

- ideya inamı tərbiyəsinin məzmun istiqamətinin, metodikasının hazırlanması ilə ibtidai sinif şagirdlərinin öz həyat yolunu işıqlandıra bilməyə, gələcəkdə özünütərbiyə zamanı mənəvi zənginliyə, kamilliyə, şəxsiyyət olmağa istiqamətlənmiş imkan və yollar dəqiqləşdirilir.

Tədqiqatın təcrübi əhəmiyyəti ondadır ki,

- tədqiqatın nəticələri müəllimlərin yeni texnologiyalar əldə etməsinə və onların kiçikyaşlı məktəblilərin ideya inamı tərbiyəsi işinə cəlb olunmasına;

- sinif müəllimlərinin, sinifdənxaric işin təşkilatçılarının, valideynlərin kiçikyaşlı məktəblilərlə apardığı mənəvi tərbiyə işlərində öz fəaliyyətlərini səmərəli və düzgün qurmaq üçün müəyyən ideyalar, tövsiyələrlə silahlanmasına;

- kiçikyaşlı məktəblilərin ideya inamının formalaşdırılmasında Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsi üzrə hazırlanmış metodikanın reallaşdırılması tərbiyə işinin digər sahələri və istiqamətlərində də fayda verəcəkdir.

Müdafiəyə aşağıdakı müddəalar çıxarılır:

1.Ümummilli lider Heydər Əliyevin fəaliyyəti nümunəsinin tərbiyəedici imkanları kiçikyaşlı məktəblilərlə aparılan mənəvi tərbiyə işini səmərəli qurmaqda pedaqoji kollektivlərə, ibtidai sinif müəllimlərinə və valideynlərə məqsədyönlü tərbiyə konsepsiyasını hazırlamalarına şərait yaradır.

  1. Heydər Əliyev haqqında dərs və dərsdənkənar tərbiyə işlərində müxtəlif mənbələrdən götürülmüş informasiyanın verilməsi kiçikyaşlı məktəblilərin vətənpərvərlik, humanizm, əməksevərlik və s. bu kimi mənəvi keyfiyyətlərə yiyələnməsinə, onların görüş dairəsinin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir.
  2. Kiçik məktəbyaşlı şagirdlərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsi əsasında tərbiyə edilməsi üzrə işin yeni məzmun, forma və metodları müəyyənləşdirilir, xarakteristikası üzə çıxarılır.
  3. Heydər Əliyev nümunəsində kiçikyaşlı məktəblilərin ideya tərbiyəsi elmi-nəzəri cəhətdən əsaslandırılır, onun pedaqoji imkanları şagirdlərin ümumi inkişafına, onların bilikli, mənəvi cəhətdən zəngin olmalarına və beləliklə, təlimin effektli təşkilinə təsir göstərən çox mühüm amil kimi müəyyənləşdirilir.
  4. Tədris fənlərinin strukturunu, dərslik və proqramların məzmununu Heydər Əliyevin həyat və fəaliyyətinə aid materiallarla daha da zənginləşdirmək həyatın müasir tələblərinə uyğundur və bu istiqamətdə aparılan işlər şagirdlərin əsl vətəndaş, öz xalqını və vətənini sevən, mənəviyyatca kamil insan kimi yetişməsi, bu işdə şüurlu və fəal iştirakının sistemli hazırlığı üçün təminatdır.

Tədqiqat işinin aprobasiyası. Dissertasiyanın mövzusu 26 yanvar 2006-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir (protokol №9). İş 2006-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında yerinə yetirilmişdir.

Tədqiqatın nəticələri dissertantın ayrı-ayrı jurnallarda Azərbaycan, ingilis və rus dillərində dərc olunmuş 18 məqaləsində (biri Türkiyə, ikisi Rusiya, on beşi Azərbaycanda) öz əksini tapmışdır. Dissertant Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsinin pedoqojipsixoloji problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda (2011) “Azərbaycançılıq ideyalarının formalaşmasında Heydər Əliyev irsinin rolu” adlı məruzə ilə çıxış etmişdir.

Tədqiqatın strukturu. Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Girişdə mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın obyekti, predmeti, məqsədi, vəzifələri, metodoloji əsasları, elmi yeniliyi, elmi-nəzəri və praktik əhəmiyyəti, həmçinin müdafiəyə çıxarılmış müddəalar göstərilmişdir. Tədqiqatın nəticələrinin tətbiqi və aprobasiyası açıqlanmışdır.

Dissertasiyanın birinci fəsli “Heydər Əliyev irsindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılması üzrə işin mahiyyəti, pedaqoji-psixoloji əsasları” adlanır. Bu fəslin “Heydər Əliyevin ömür yolu, şəxsiyyəti və ideyaları siyasi-mənəvi tariximizin zirvəsi kimi” adlı birinci yarımfəslində göstərilir ki, Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin qurucusu ümummilli lider Heydər Əliyevin həyat və mübarizə yolu, siyasi fəaliyyəti hər bir azərbaycanlıda iftixar hissi doğurur. Onun doğma xalqına həsr etdiyi mübarizələrlə dolu həyat yolu müəyyən bir dövrün, epoxanın canlı səlnaməsidir.

Heydər Əliyev milli ideologiyanın konsepsiyasının yaradılması fikrini irəli sürmüş, bu sahədə görüləcək işlər, tətbiq sahələri, vasitə və imkanlar haqqında tövsiyələr vermişdir. Bu ideologiyanı qurmaq, təşkil etmək və həyata keçirmək işində müəllim ordusunun, təhsil müəssisələrinin imkanlarını yüksək qiymətləndirən Heydər Əliyev Azərbaycan dili və Azərbaycan tarixi fənlərini, dini baxışlarımızı, adət-ənənələrimizi və dövlətçilik görüşlərimizi öyrətməyə xüsusi əhəmiyyət verirdi.

Yetişən nəslin mənəvi tərbiyəsi məsələsi Heydər Əliyevin əzəmətli biliklər sistemində mühüm istiqamətlərdən birini təşkil etmişdir. “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz”- deyən ulu öndər bu istiqamətdə zəruri olan işlər, onun məzmunu, məqsəd və vəzifələri həyata keçirilməsi yollarını dahi bir strateq kimi müəyyənləşdirirdi. Heydər Əliyev xalqın milli dəyərlərinin, mənəvi xəzinəsinin milli ideologiya, milli dövlətçiliklə sıx daxili bir bağlılıqda, əlaqədə olduğunu göstərərək söyləyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən bir xalqın milli dövlətə də ehtiyacı yoxdur. Ölkənin müstəqilliyi təkcə ərazi və iqtisadi sərvətlərlə ölçülmür, burada xalqın maddi və mənəvi dəyərləri də başlıca amillərdir.

Birinci fəslin ikinci yarımfəsli “Məktəblilərin Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin məzmunu” adlanır. Göstərilir ki, Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti, dövlətçilik uğrunda dönməz əzmkarlığı, milli ideologiyanı formalaşdırması, bir sözlə, müstəqil Azərbaycanın yaradıcısı olması onun bu xalqın qəlbində əbədi yaşamasını, işıqlı gələcəyimizin məşəli olmasını təmin etmişdir. Ona görə də ölkənin gələçək vətəndaşlarını Heydər Əliyev ideyaları ruhunda tərbiyə etməli, ideya-siyasi baxışlarını ulu öndərin həyat və fəaliyyəti nümunəsində formalaşdırmalı, onların mənəvi cəhətdən kamil şəxsiyyət kimi yetişməsinə çalışmalıyıq.

Yarımfəsildə elmi-pedaqoji ədəbiyyatda “ideya”, “ideya-siyasi tərbiyə”, “ideya inamı” kimi anlayışların mahiyyəti ilə bağlı fikirlər təhlilə cəlb edilmişdir. Seçilmiş idealın tərbiyədəki rolu məsələsi hələ klassik pedaqoqları (Seneka, M.F.Kvintilian, Y.A.Komenski, C.Lokk, K.D.Uşinski və b.) dərindən düşündürmüşdür. Müasir pedaqoji nəzəriyyədə (A.S.Makarenko, V.A.Suxomlinski, professorlardan B.Əhmədov, H.Əhmədov, N.Kazımov, R.Mustafayeva və b.) ideya tərbiyəsində görkəmli şəxsiyyətlərin həyatı və irsindən istifadə imkanları ilə bağlı çoxsaylı tədqiqatlar vardır. Bu tədqiqatlar da təhlil edilmiş və ibtidai siniflərdə ideya tərbiyəsi işində hansı nümunələrdən istifadə edilməsi məsələsinə aydınlıq gətirməyə səy göstərilmişdir.

Şagirdlərdə ideya inamının formalaşdırılması, möhkəm əqidəli nəslin yetişdirilməsi məktəb tərbiyəsi işində başlıca yer tutmalıdır. Bu işdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyət nümunəsi əvəzedilməzdir. Bunu Heydər Əliyevin bu sözləri də təsdiqləyir: “Həyatın mənası çox, yaxud az yaşamaqdan ibarət deyil, onun mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” (Heydər Əliyev. Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır. Gənclərin I forumunda çıxışı, “Xalq” qəzeti, 6 fevral 1996-cı il). Onun həyat amalı bu sözlərdə çox yaxşı ifadə edilmişdir.

Heydər Əliyev nümunəsi, onun ideyaları, irsi, həyat təcrübəsi yetişən nəslin həyat dərslərinə çevrilməlidir ki, bu işdə başlanğıc mərhələ kimi ibtidai sinif mühüm yer, mövqe tutur. Buna görə də ibtidai siniflərdə Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində şagirdlərin ideya inamı tərbiyəsinin müxtəlif forma və üsulları, bu istiqamətdə aparılacaq işin sistemi müəyyənləşdirilmiş, ulu öndərin mübarizələrlə dolu həyatı və amalları ilə bağlı bilik və məlumatların çoxsaylı mənbələri dəqiqləşdirilmişdir.

Birinci fəslin üçüncü yarımfəsli “Ümumtəhsil məktəblərində şagirdlərin Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin mövcud vəziyyəti və əsas istiqamətləri” adlanır. Ümumtəhsil məktəblərində şagirdlərin ulu rəhbərin ideyaları ruhunda tərbiyə edilməsi üçün çox geniş imkanlar mövcuddur. Heydər Əliyev ideyalarının, işinin əzəmətini, böyüklüyünü başa düşməyin bünövrəsi isə ibtidai siniflərdə qoyulur. Çünki məhz ibtidai təlim prosesində ideya tərbiyəsinin başlıca komponentləri – milli ideyaların Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş modelinə hədsiz dərəcədə sədaqətli olmaq, vətənpərvərlik, milli və bəşəri dəyərlərə söykənəklik və s. həll olunur.

Müşahidələrimiz göstərir ki, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Heydər Əliyevin nümunəsində kiçikyaşlı məktəblilərin ideya inamının formalaşdırılması üzrə müəyyən təcrübə toplanmış, uğurlu nəticələr əldə edilmişdir. Qabaqcıl müəllimlərin təcrübi fəaliyyətinin nəticələri üzrə təhlillər razılıq hissi doğurur. Onlar şagirdlərin gələcəkdə əxlaqi cəhətdən möhkəm, ideya əqidəli, elmlərin əsaslarına dərindən yiyələnmiş gənclər kimi yetişməsinə səy göstərir, əzmkarlıq nümayiş etdirirlər. Bununla belə, heç də mövcud vəziyyəti ideallaşdırmaq olmaz. Bu prosesdə bir sıra çatışmamazlıqlara rast gəlinir ki, bunlar aşağıdakılardan ibarətdir:

- bəzi müəllimlər bütün fakt və hadisələri qənaətbəxş sayaraq ümumi söz, tərif və razılıq mövqeyindən çıxış edir, bəhs olunması zəruri məsələləri səhti şəkildə şagirdlərə çatdırır;

- bir qisim müəllimlər problemlə bağlı öz söhbətləri zamanı geniş izahat tələb edən məsələlərə toxunmadan, yalnız sadə və tərəddüd doğurmayan hadisələri şərh etməklə işini bitmiş hesab edir, beləliklə, prosesdə formalizm əlamətləri xüsusi olaraq özünü göstərir;

- ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən bir qisim pedaqoqlar şagirdlərin Heydər Əliyev nümunəsində ideya tərbiyəsində bütün təlim fənlərinin imkanlarından istifadə etmir, sinif rəhbəri kimi üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərmir;

- bəzi müəllimlər ümumi inkişafın ideya-siyasi, əxlaqi, mənəvi səviyyəsinin aşağı olması şagirdlərin ideya-siyasi tərbiyəsi üzrə motivasiyasını düzgün, dövrün tələblərinə uyğun istiqamətləndirə bilmir və s.

 Təhlillərimizə əsasən deyə bilərik ki, ibtidai siniflər üzrə proqram və dərsliklərdə ulu öndərin fəaliyyəti və irsinə aid öyrədilən nümunələrin həm məzmun, həm də say və həcm etibarı ilə artırılmasına bu gün daha çox ehtiyac vardır. Milli özünüdərk, müstəqillik yolunun davamlılığı və əbədiliyinin təmin olunması üçün elə ideya əqidəli nəsillər yetişdirmək lazımdır ki, onlar nəsillərin qanı və canı bahasına qazanılmış bu nailiyyətlərimizi qoruya və möhkəmləndirə bilsinlər. Bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün ümummilli liderin ideyalarını, həyat və fəaliyyətini dərindən öyrənmək və ona sadiq qalmaq gərəkdir.

Beləliklə, ibtidai siniflərdə şagirdlərin xalqımızın böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının tərbiyəsi işinin əsas istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

  1. Şagirdlər arasında Heydər Əliyev ideyalarının anlaşıqlı və ardıcıl şəkildə təbliği;
  2. Heydər Əliyevin həyatı və fəaliyyətinin qısa ocerk, mətn və digər ədəbi-bədii nümunələr vasitəsilə öyrədilməsi;
  3. Ulu öndərin şəxsi keyfiyyətləri ilə şagirdlərin tanış edilməsi və bu əsasda tərbiyə olunmalarına səy göstərilməsi;
  4. Ümummilli liderin ideyaları işığında ölkəmizdə gedən dinamik inkişafın mahiyyəti və xüsusiyyətlərinin şagirdlərə izah edilməsi;
  5. Şagirdlərdə Heydər Əliyev nümunəsi ilə xalqa, vətənə məhəbbət və qürur hissinin yaradılması, onların yüksək siyasi fəallıq, sayıqlıq, əzmkarlıq ruhunda tərbiyə edilməsi.

Bütövlükdə kiçikyaşlı məktəblilərin ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti nümunəsində ideya tərbiyəsi işi son dərəcə çətin, mürəkkəb, məsuliyyətli, eyni zamanda zəruri və əhəmiyyətli prosesdir və bu istiqamətdə aparılan işlərin daima təkmilləşdirilməsi, yeniləşdirilməsi pedaqoji kollektivin qarşısında duran çox mühüm tələbdir.

Dissertasiyanın “İbtidai siniflərdə Heydər Əliyev irsindən istifadə etməklə şagirdlərin ideya inamının formalaşdırılması imkanları və yolları” adlanan ikinci fəsli dörd yarımfəsli əhatə edir. Birinci yarımfəsildə “Təlim prosesində kiçikyaşlı məktəblilərin Heydər Əliyev nümunəsi ilə ideya inamı tərbiyəsi” məsələlərindən bəhs olunur. Göstərilir ki, artıq məktəblərimizdə Heydər Əliyev nümunəsi ilə tərbiyə sahəsində təcrübə qazanılmışdır. Kiçikyaşlı məktəblilərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması işində əsas məsuliyyət, ağırlıq nöqtəsi ibtidai sinif müəllimlərinin üzərinə düşür.

İbtidai siniflərdə Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamı tərbiyəsinin ən mühüm yolu təlim prosesidir. Təlim prosesi, konkret olaraq dərs həm özünün tərbiyəvi məzmununa, həm təşkilati strukturuna, həm də metodik cəhətinə görə şagirdlərdə ideya inamının formalaşdırılmasında mühüm rol oynayır. Hələ birinci sinfə gələn uşaq ilk gündən, məktəblə tanış olduğu ilk anlardan öz ölkəsi, xalqı, ümummilli lideri, inkişafımızın dinamikası haqqında müəyyən bilik və məlumatlar almalıdır. Müstəqilliyimizin atributları kimi bayrağımız, himnimiz, gerbimiz bu sırada mühüm yer tutur.

Tədqiqat zamanı müəyyənləşdi ki, ibtidai sinif müəllimlərinin böyük əksəriyyəti şagirdləri yüksək metodika ilə sistemli, ardıcıl, etibarlı öyrənmə işini yaxşı bilmir, ya da buna səthi yanaşırlar. Digər tərəfdən şagirdi öyrənmə işinin bizim tədqiq etdiyimiz problemlə – Heydər Əliyev nümunəsində ideya tərbiyəsi işi ilə necə bir əlaqəsi olduğunun fərqinə varmadığını söyləyən müəllimlər də oldu. Lakin bilmək lazımdır ki, şagirdlərin ideya tərbiyəsi onların hissləri, düşüncələri ilə tanışlıqdan başlayır. Çıxış nöqtəsi kimi onların hərəkət və əməlləri, inam və baxışları hərtərəfli və obyektiv şəkildə öyrənilməlidir. Bu zaman belə bir cəhəti müəyyənləşdirməyə çalışdıq ki, şagirdlərin fiziki və idraki səviyyələri, təhsil və içtimai fəallığı, xüsusilə ailə şəraiti onlarda ideya inamının formalaşdırılmasına necə təsir edir və hansı səviyyədədir? Bu cəhətləri nəzərə alaraq şagirdləri öyrənmək üçün evristik işçi proqramları hazırlandı.

Bu istiqamətdə görülən işlər göstərdi ki, şagirdlərdə zəruri sosial tələbatların formalaşdırılması ilə bağlı keyfiyyət göstəriciləri bir sıra fəaliyyət sahələrindən çox asılıdır. Həmin fəaliyyət sahələri üzrə şagirdlərin Heydər Əliyevin həyatı və irsi nümunəsində tərbiyəsi üzrə imkanları geniş və zəngindir. Təklif etdiyimiz proqram nümunəsi operativ, hərtərəfli və diaqnostik proseduraların mövcud olmasına kömək etdi.

İkinci fəslin “Heydər Əliyev nümunəsi ilə sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı şagirdlərdə ideya inamının formalaşdırılması” adlı ikinci yarımfəslində göstərilir ki, müəllim ilk gündən təlim prosesinin verdiyi imkanlardan əlavə digər vasitə və yollarla da şagirdlərdə doğma yurda, vətənə, onun qəhrəmanlarına, mütəfəkkirlərinə məhəbbət hissi aşılamaq, mənəviyyatını və ideya inamını, davranışını, mədəniyyətini formalaşdırmaq məqsədilə mənalı və zəngin iş formalarına müraciət etməli, onlardan bacarıqla, məharətlə istifadəni bacarmalıdır.

Müşahidə və təhlillərimiz göstərir ki, kiçikyaşlı məktəblilərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması üçün ibtidai siniflərdə sinifdənxaric iş formaları kimi aşağıda adları göstərilən tədbirlər yüksək səmərə verə bilər:

- “Bilik günü” münasibətilə oxu vəsaitlərinin və Heydər Əliyev haqqında bədii əsərlər və kitablar üzrə ədəbi-bədii kompozisiyaların hazırlanması;

- respublikanın içtimai-siyasi həyatını əks etdirən tarixi günlər və bayramların keçirilməsi;

- Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən söhbətlərin aparılması;

- Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi günlər münasibətilə viktorinaların keçirilməsi;

- muzeylərlə tanışlıq (Heydər Əliyev muzeyi və məktəb muzeyləri);

- ekskursiya və yürüşlərin təşkil olunması (Heydər Əliyevin yaşadığı, işlədiyi yerlərə, abidə, büst və heykəllərə baxışlar);

- içtimai tapşırıqların verilməsi;

- stendlər, sərgilər hazırlanması;

- Heydər Əliyev haqqında yazılmış ən yaxşı bədii əsərlərin ifadəli oxusu üzrə müsabiqələr və s.

Qabaqcıl müəllimlərimiz Heydər Əliyevin gələcəyimiz olan uşaqların biliklərə yiyələnməsinə diqqət və qayğısının ifadəsi kimi onun təhsil işçiləri və müəllimlər, uşaq və gənclərlə birbaşa görüşləri, “Bilik günü” tədbirlərində şəxsən iştirakının yüksək tərbiyəvi əhəmiyyətindən bacarıqla istifadə edirlər. Bu zaman onlar şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq problemlə bağlı aşağıdakı cəhətləri nəzərə alırlar:

- Heydər Əliyevin uşaqların yaxın dostu olduğunu, onları çox sevdiyini;

- Heydər Əliyevin uşaqların yaxşı oxumaları haqqında tövsiyələri;

- Heydər Əliyevin yüksək vətənpərvərliyi, xalqının, vətəninin azadlığı və şərəfinin uca tutulması, onu qorumaq uğrunda əsl fədəkarlıq göstərməsi;

- bugünkü inkişafın, dirçəlişin onun adı ilə bağlı olmasını;

- xalqın öz böyük oğlunun xidmətlərini yüksək qiymətləndirməsi, onun ideyalarını qoruyub yaşatmaq əzmi və s.

İkinci fəslin üçüncü yarımfəslində “Naxçıvan Muxtar Respublikası Heydər Əliyev muzeyi və ümumtəhsil məktəbləri muzeylərinin şagirdlərin ideya inamının formalaşdırılmasında rolu” məsələləri şərh olunmuşdur. Kiçik məktəbyaşlı şagirdlərin ideya tərbiyəsi işində yüksək səmərə verə biləcək tədbir kimi muzeylərlə tanışlıq xüsusi əhəmiyyətə malikdir. Hazırda dünya pedaqoji fikrində gənc nəslin muzeylər vasitəsilə tərbiyəsi ilə bağlı zəngin təcrübə toplanmış, hətta “Muzey pedaqogikası” adlı ayrıca elm-fənn sahəsi formalaşmışdır.

Məktəb muzeyləri bir qayda olaraq, təhsil müəssisələrinin nəzdində yaradılır. Ancaq bu muzeylərdə işin professional şəkildə təşkili, onlara zəruri köməyin göstərilməsi və nəzarət dövlət muzeyləri tərəfindən həyata keçirilməlidir. Fərəhli haldır ki, Muxtar Respublikanın Heydər Əliyev muzeyi ilə məktəb muzeyləri arasında müxtəlif formalarda əlaqələr yaradılmışdır. Heydər Əliyev muzeyi Muxtar Respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən muzeylərin fondlarının yaradılması və zənginləşdirilməsində çox əhəmiyyətli işlər görür. Məktəb muzeylərinin əsas kolleksiyalarının böyük əksəriyyəti məhz dövlət muzeyi tərəfindən hazırlanmışdır.

Fəslin dördüncü yarımfəslində “Eksperimental tədqiqatın nəticələri” əks olnumuşdur. Eksperimentlər Naxçıvan şəhərinin Heydər Əliyev adına tam orta məktəbində və 1, 4, 5, 7, 8, 10, 11, 12, 14 saylı şəhər məktəblərində, Şərur, Babək, Culfa rayonlarının bir sıra kənd məktəblərində aparılmışdır. Burada tədqiqatın gedişində ümummilli liderin həyat fəaliyyəti və irsi nümunəsində şagirdlərin ideya inamının formalaşdırılması işinin necə bir səmərə verdiyini aydınlaşdırmaq, bu istiqamətdə metodikanı işləyib hazırlamaq, onun dinamikasını və inkişaf şəraitini aşkar etmək başlıca məqsəd olmuşdur. Bu zaman ulu öndərin nümunəsində kiçikyaşlı məktəblilərin ideya inamı tərbiyəsinin mahiyyəti və məzmununu müəyyənləşdirməyə səy göstərilmişdir.

Eksperiment üçün seçilmiş siniflərdə sınaqların birinci mərhələsində mövcud şərait aydınlaşdırılmış, ikinci – formalaşdırıcı mərhələdə eksperimental dərslərin, içtimai-mədəni tədbirlərin təşkili və keçirilməsinə təşəbbüs edilmiş, sonuncu mərhələdə isə irəli sürülən iş sisteminin şagirdlərin təlim-tərbiyəsinə təsiri müəyyənləşdirilməklə əldə edilən nəticələr yoxlanılmışdır:

Cədvəl № 1

Müəyyənləşdirici mərhələdə ibtidai sinif şagirdlərinin ideya inamı tərbiyəsi üzrə işin vəziyyəti

siniflər

kontrol

eksperiment

yüksək səviyyə

orta səviyyə

aşağı səviyyə

yüksək səviyyə

orta səviyyə

aşağı səviyyə

I

56 %

33%

11%

57%

33%

12%

II

60 %

30%

10%

60%

31%

9%

III

62 %

30%

8%

62%

29%

9%

IV

65 %

29%

6%

64%

31%

5%

Tədqiqatın bu mərhələsində kiçikyaşlı məktəblilərin ümummilli lider Heydər Əliyevin nümunəsində ideya inamı keyfiyyətlərinə münasibətləri, ona yiyələnməyin real imkanları, tədris-tərbiyə şəraiti aydınlaşdırılmışdır. Bu məqsədlə həmin mərhələdə birinci sinif şagirdləri ilə eksperimentə başlanılmış, sonrakı dövrlərdə eksperiment müvafiq olaraq ikinci, üçüncü, dördüncü siniflərdə davam etdirilmişdir.

Eksperimentin formalaşdırıcı mərhələsində kiçikyaşlı şagirdlərdə ideya inamının formalaşdırılmasına yönəldilən təlim-tərbiyə metodlarına və vasitələrinə xüsusi diqqət yetirilmişdir. Eksperimental və kontrol sinif şagirdləri ilə aparılmış ilkin yoxlamaların nəticələri aşağıdakı kimi olmuşdur:

Cədvəl № 2

Eksperimental və kontrol siniflərdə aparılmış ilkin yoxlamaların nəticələri Səviyyələr Eksperimentə qədər Eksperimentdən sonra

Suallar

Səviyyələr

Eksperimentə qədər

Eksperimentdən sonra

Yüksək (nəfərlə)

Orta (nəfərlə)

Aşağı (nəfərlə)

Yüksək (nəfərlə)

Orta (nəfərlə)

Aşağı (nəfərlə)

1.

Heydər Əliyev kimdir?

12

10

8

19

9

4

2.

Heydər Əliyev hansı böyük əməllər, ideyalar sahibidir?

9

12

9

17

12

3

3.

Heydər Əliyevin hansı keyfiyyətlərini (vətənpərvərliyini, xalqına sadiqliyini və s.) sevir və onun kimi olmaq istəyirsinizmi?

5

12

8

21

9

5

4.

Heydər Əliyevin ideyalarının bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini necə təsəvvür edirsiniz?

9

9

7

17

10

4

Eksperimentin yoxlayıcı - üçüncü mərhələsində kiçikyaşlı məktəblilərin əksəriyyətində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması prosesində şagirdlərdə bilik, bacarıqlar nəzərə çarpacaq dərəcədə üstünlük təşkil edirdi. Bu fərqi kontrol siniflərlə eksperimental siniflərin müqayisəsində daha aydın görə bilərik:

Cədvəl № 3

Kontrol və eksperimental siniflərdə şagirdlərin Heydər Əliyev nümunəsi ilə tərbiyəsinin səviyyəsinin xarakteristikası

Qruplarda vəziyyət

siniflər

Şagirdlərdə Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin səviyyəsi

I siniflər üzrə

II siniflər üzrə

III siniflər üzrə

IV siniflər üzrə

Eksperimentə qədər

61%

63,3%

63,4%

63,7%

Eksperimentdən sonra

73%

73,5%

74%

74, 3%

 

Göründüyü kimi, eksperimentə qədər kiçikyaşlı məktəblilərin ideya inamı haqqında bilik və təsəvvürləri 63% olduğu halda, eksperimentdən sonra bu səviyyə yüksələrək 74% olmuşdur. Belə bir artım səviyyəsi bizim tərəfimizdən hazırlanmış metodikanın, eksperimental materialların sayəsində mümkün olmuşdur.

Yekun nəticələr göstərir ki, hər bir ölkə vətəndaşının ideya inamının əsası kiçik məktəb yaşı dövründə təlim-tərbiyə prosesində qoyulur. Bu yaşda məktəblilərin ümummilli lider Heydər Əliyevin fəaliyyəti və irsi əsasında ideya inamının formalaşdırılması onların ölkənin gələcək layiqli vətəndaşları kimi yetişməsinə zəmin yaradar və stimullaşdırıcı rol oynayar.

Tədqiqatın “Nəticə” hissəsində göstərilir ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkə və xalqımız qarşısında misilsiz xidmətləri uşaq ruhuna daha yaxın, tərbiyəvilik xüsusiyyətinə görə gözəl və unikal nümunələrdir. Kiçikyaşlı məktəblilərin Heydər Əliyev nümunəsində ideya inamına, insanpərvərlik, vətənpərvərlik, öz xalqına sonsuz sədaqət və məhəbbət nümayiş etdirmə və s. bu kimi mənəvi keyfiyyətlərə yiyələnmə imkanları geniş və zəngindir. Yüksək didaktik və tərbiyəvi əhəmiyyətə malik belə unikal nümunə hər şeydən əvvəl, ibtidai sinif şagirdlərinin tədris materiallarını lazımlı səviyyədə mənimsəmələrini asanlaşdırır. Bu böyük həyat və mübarizə yolu şagirdlərin dünyagörüşünü artırır, mənəvi aləmini zənginləşdirir.

İbtidai siniflərdə Heydər Əliyev nümunəsində ideya inamının formalaşdırılmasında təlim prosesinin xüsusi yeri vardır. Dərslik və oxu vəsaitlərindəki materiallara əsasən şagirdlərin ideya inamının formalaşdırılmasının iki mühüm istiqamətini müəyyənləşdirmək olar:

  1. Tədris materiallarında ümummilli liderin həyat və fəaliyyətindən bilavasitə bəhs edən mövzular (bədii mətnlər, şeirlər).
  2. Dərsliklərdə şagirdlərin ideya-siyasi fəallığının yüksəldilməsi məqsədilə verilmiş mətnlər. Məsələn, “Vətənimizin tarixindən”, “Azərbaycan - vətənim mənim”, “Mənəvi dəyərlərimiz” bölmələrindəki mövzuların öyrədilməsi zamanı ideya istiqamətini Heydər Əliyevin ideyaları və əməlləri ilə bağlamaq, əlaqələndirmək məqsədəuyğundur. Bu istiqaməti əldə rəhbər tutan hər bir müəllim ulu öndərin ideya irsindən yararlanmaqla şagirdlərin xalq, vətən, insanlıq ideyalarını daha da zənginləşdirə bilər.

İbtidai siniflərdə sinifdənxaric iş forması kimi sinifdənxaric oxu materiallarına diqqət yetirmək, şagirdlərin bu istiqamətdə işlərinin müntəzəmliyi və davamlılığı qayğısına qalmaq lazımdır. Bu və digər göstərilən sinifdənxaric işlərin formaları şagirdlərin bilik və təsəvvürlərinin genişlənməsinə, dərinləşməsinə, onların axtarışlara qoşulmasına əhəmiyyətli dərəcədə şərait yaradır.

Tədqiqat zamanı diqqətə çəkilən istiqamətlərdən biri də kiçikyaşlı məktəblilərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması işində yeni və çox əhəmiyyətli vasitə olan Heydər Əliyev muzeyi, həmçinin şagirdlərin özlərinin də fəal iştirakı ilə hazırlanmış məktəb muzeyləridir. Muzey işi ilə tanışlıq şagirdləri yaş və anlaq səviyyələrinə uyğun olaraq axtarış və tədqiqatlara qoşur, muzeyin ayrı-ayrı bölmələrində isə şagirdlər bu müdrik insanın Azərbaycan xalqının milli-mənəvi simasının məzmunlu istiqamət alması, azərbaycançılıq ideologiyasının formalaşması, onun əqidəyə və əmələ çevrilməsinə istiqamətləndirə bildiyini əyani, əşyavi olaraq görür, duyur və iftixar hissi keçirir.

Bütövlükdə, ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında şagirdlərin tərbiyəsi bir sistem kimi onların dünyagörüşünü zənginləşdirər, vətənpərvərlik, insansevərlik hisslərini artırar, dünyaya açıq gözlə baxmağı öyrədər, yaxşı nümunələrin, nəcib ideyaların əbədiyaşarlılığı uğrunda mübarizəyə qoşar, ulu öndər Heydər Əliyevin irsindən istifadə etməklə ideya inamını dərinləşdirmək, möhkəmləndirmək işində uğurlar əldə edər.

Dissertasiyanın əsas məzmunu müəllifin dərc etdirdiyi aşağıdakı elmi məqalələrdə öz əksini tapmışdır: 

  1. Heydər Əliyev irsindən şagirdlərin ideya-siyasi tərbiyəsinin formalaşdırılmasında istifadə // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2006, № 1, s.96-98.
  2. İbtidai siniflərdə Heydər Əliyev irsinin yeni təlim metodları ilə aşılanması / Naxçıvan Müəllimlər İnstitutu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan, 26-27 may 2006, s.54-56.
  3. İbtidai sinif şagirdlərinin ideya-siyasi tərbiyəsinin formalaşdırılmasında Heydər Əliyev irsindən istifadədə müəllimlərin rolu // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2007, № 4, s.19-23.
  4. Heydər Əliyev milli təhsilimizin qurucusudur / Naxçıvan Müəllimlər İnstitutu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan, 06 may 2007, s.58-60.
  5. İbtidai sinif şagirdlərində ideya tərbiyəsinin formalaşdırılmasına dair / Naxçıvan Müəllimlər İnstitutu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan, 08 may 2008, s.27-29.
  6. Ulu öndərin irsindən istifadə şagirdlərin ideya-siyası tərbiyəsinin vasitəsi kimi // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2008, №1, s.14-17.
  7. Heydər Əliyev irsindən istifadə etməklə II sinifdə ideya inamın tərbiyə edilməsi // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2009, № 2, s.28-31.
  8. Heydər Əliyev ideyaları ibtidai siniflərdə milli ideologiyanın formalaşmasında zəruri amil kimi / Naxçıvan Müəllimlər İnstitutu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan, 07 may 2009, s.5-6.
  9. Heydər Əliyev şəxsiyyəti ibtidai sinif şagirdlərinin idealı kimi. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan Müəllimlər İnstitutu. Naxçıvan, 05 may 2010, s.7-9.
  10. Инновационная обучение в началъных классах как важный фактор // «Институт Стратегических Исследований», Актуaлъные проблемы гуманитарных и естественных наук, Москва: 2010, № 8, cтр. 285-286.
  11. Dərsdənkənar tədbirlərdə Heydər Əliyev irsindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ideya inamı tərbiyəsinin formalaşdırılmasına dair // Azərbaycan Müəllimlər İnstitutu, Bakı: Xəbərlər elmi-metodik jurnalı, 2011, №1, s. 51-54.
  12. Heydər Əliyev ideyaları işığında təhsilin inkişaf strategiyası // Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, Bakı: 2011, №1, s.43-48.
  13. Naxçıvan Muxtar Respublikası və ümumtəhsil məktəblərinin Heydər Əliyev muzeylərinin ideya inamı tərbiyəsində rolu // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2011, №2, s.15-20.
  14. Heydər Əliyev təhsil sistemindəki islahatların təşəbbüskarıdır / Naxçıvan Müəllimlər İnstitutu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi (Elmi praktik konfransın materialları). Naxçıvan, 08 may 2011, s.10-15.
  15. Azərbaycançılıq ideyalarının formalaşmasında Heydər Əliyev irsinin rolu / Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Təhsil Problemləri İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu. “Tədris prosesinin təkmilləşdirilməsinin pedoqoji-psixoloji problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Naxçıvan, 27-28 iyun 2011, s. 64-66.
  16. About the formation of idea confidence training in the primary schools in the example of the great personalities // Kültür Evreni. Ankara: 2012, № 11, s. 134-139.
  17. Məktəblilərin Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin məzmunu // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, Naxçıvan: 2012, №4, s.20-24.
  18. Использование активных методов обучения в начальных классах // Научное издание ФГБОУ ВПО «Уральский государственный педагогический университет», Екатеринбург: 2012, № 6, cтр.207- 212.

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/ped/ped_n_alz_12_04_14.pdf