Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Nərgiz TV" kanalının Bakı studiyasının açılışı mərasimində nitqi - Bakı, Yasamal rayonu, 29 sentyabr 1998-ci il


Əziz dostlar, əziz həmvətənlər, bacılar, qardaşlar!

Əziz qonaqlar, Türkiyə Cümhuriyyətinin "Nərgiz TV" kanalının yüksək nümayəndə heyəti!

Azərbaycanın əziz dostu, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, keçmiş dövlət naziri, "Nərgiz TV"nin başqanı hörmətli Cavid Çağlar, Türkiyədən gəlmiş hörmətli dostlarımız!

Mən öncə Türkiyədən Azərbaycana gəlmiş dostlarımızı, qonaqlarımızı ürəkdən salamlayıram. Onlar Azərbaycana xoş gəliblər, səfa gətiriblər. Bu gəliş Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha bir gözəl təzahürüdür.

Bu gün həm Azərbaycanda, həm də Türkiyədə əlamətdar bir hadisə baş verir. Bu mərasim Türkiyənin ən böyük televiziya kanallarından birinin, 200 milyon tamaşaçısı, seyrçisi olan "Nərgiz TV" kanalının Azərbaycandan Türkiyəyə birbaşa yayımlanması münasibətilə keçirilir. Bildiyiniz kimi, Türkiyənin "Nərgiz TV" kanalı keçən il Azərbaycana gəldi və indi daim öz verilişlərini Azərbaycanda yayır. Bu televiziya kanalı olduqca maraqlı, hörmətli və çox gözəl, operativ məlumatlar verdiyinə görə Türkiyədə sevildiyi kimi, Azərbaycanda da böyük hörmət qazanıb və sevilir. Bu gün isə bu mərasim "Nərgiz TV" kanalının verilişlərinin Azərbaycandan Türkiyəyə, həm də təkcə Türkiyəyə yox, kanalın əhatə etdiyi ölkələrə yayımlanması münasibətilə keçirilir. Bu, əlamətdar hadisədir. Bildiyiniz kimi, Azərbaycanda Türkiyənin bir neçə televiziya kanalı, o cümlədən "Nərgiz TV" sərbəst yayılır.

Ancaq biz həmişə düşünürdük ki, Azərbaycanda olan televiziya kanallarının da Türkiyədə yayılması lazımdır və bu, Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün çox əhəmiyyətli olacaqdır. Bu addımı ilk olaraq "Nərgiz TV" kanalı atır. Ona görə də mən "Nərgiz TV" kanalının rəhbərlərinə, dostumuz, qardaşımız Cavid Çağlara və bütün heyətə təşəkkürümü bildirir, "Nərgiz TV" kanalına bundan sonra da böyük uğurlar arzulayıram.

Bu hadisənin əhəmiyyəti təkcə televiziya baxımından qiymətləndirilə bilməz. Bu hadisə Azərbaycan Respublikasının müstəqilliyini bir daha sübut edir, onun dövlət müstəqilliyini dünyaya nümayiş etdirir. Bütün dünyaya bir daha bəyan edir ki, Azərbaycan müstəqil dövlət olaraq demokratiya, sərbəstlik, azadlıq, hürriyyət yolu ilə gedir. Azərbaycanda söz, fikir, informasiya azadlığı mövcuddur və hər bir vətəndaş, mətbuat, hər bir qəzet, radio və televiziya bu imkanlardan istədiyi kimi istifadə edir və edə bilər. Hətta başqa ölkələrin informasiya orqanları, televiziya kanalları da Azərbaycanda sərbəst, azad, hürr içində fəaliyyət göstərə bilərlər və istədikləri verilişləri verə bilərlər. Azərbaycanda demokratiyanın inkişafını bundan da gözəl sübut edən fakt, misal ola bilərmi? Biz bununla fəxr edir və dünyaya bir daha bəyan edirik ki, Azərbaycan azad ölkə, müstəqil dövlətdir, öz məsələlərini özü həll edir və Azərbaycanda hər bir insan azaddır, müstəqildir, bütün insan haqları qorunur, bütün vətəndaşlara azadlıq verilib, Azərbaycan bütün dünyaya açıqdır.

Bugünkü bu hadisə Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının əyani nümunəsidir. Xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri qədim tarixə malikdir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı günü-gündən inkişaf edir və yüksəlir. Biz həyatın bütün sahələrində sıx əməkdaşlıq, dostluq edir, bir-birimizə dayaq dururuq. 65 milyonluq Türkiyə Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır və beynəlxalq aləmdə çox etibarlı dayağıdır.

Azərbaycan bu dostluğa, qardaşlığa həmişə sadiq olmuşdur. Müstəqil Azərbaycan ölkəsi özünün qapılarının hamısını Türkiyə üçün, bizim dostlarımız, qardaşlarımız üçün açıbdır.

Bizim aramızda sərhəd yoxdur, biz birik. Azərbaycan da müstəqil dövlət, Dünya Birliyində özünə layiqli yer tutmuş dövlət kimi həmişə Türkiyəyə dayaq olub və bundan sonra da olacaqdır.

Biz çox sevinir və iftixar hissi keçiririk ki, türk xalqı 75 il cümhuriyyət şəraitində yaşayaraq böyük nailiyyətlər əldə etmişdir. Bir ay sonra Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illik yubileyini hamımız birlikdə qeyd edəcəyik. Bu, böyük, şərəfli bir yoldur. Bu yolun əsasını türk dünyasının qəhrəman oğlu, böyük öndər Mustafa Kamal Atatürk qoymuşdur. 75 ildir ki, türk xalqı, Türkiyə Cümhuriyyəti böyük Mustafa Kamal Atatürkun yolu ilə gedir, böyük nailiyyətlər əldə edibdir, demokratiya yolu ilə gedir, iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələrinin sırasında durur, öz vətəndaşlarının rifah halını günü-gündən yaxşılaşdırır və dünyada sülhün, əmin-amanlığın təmin olunması üçün öz xidmətlərini göstərir.

Biz sevinirik ki, bu gün Türkiyə Cümhuriyyəti dünyada tanınmış, müstəqil, demokratik cümhuriyyətdir, dünyəvi dövlətdir. İnanırıq ki, türk xalqı bundan sonra da böyük Atatürkün qoyduğu yolla irəli gedəcək, yüksələcəkdir. Biz Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrini daim inkişaf etdiririk. Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl Azərbaycana daim qayğı göstərir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edən zaman ölkəmizin səsinə ilk səs verən Türkiyə oldu.

Azərbaycanın müstəqilliyini dünyada ilk dəfə Türkiyə tanıdı və bu qərarı Türkiyə Cümhuriyyətinin başçısı, dostumuz Süleyman Dəmirəl qəbul etdi.

Prezident Süleyman Dəmirəlin Azərbaycana səfərləri həmişə xalqımızın bayramına çevrilir. Bizim dostumuz, qardaşımız Süleyman Dəmirəl bu ayın əvvəlində Azərbaycanda keçirilmiş beynəlxalq konfransda - qədim, böyük, tarixi İpək yolunun bərpası ilə əlaqədar təşkil olunmuş konfransda iştirak etdi və özünün parlaq nitqi, dəyərli tövsiyələri ilə bu böyük proqramın həyata keçirilməsinə çox fayda verdi. Bir daha qeyd edirəm, bunlar hamısı Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının gözəl nümunələridir.

Mən bu gün "Nərgiz TV" vasitəsilə türk xalqını ürəkdən salamlayır, Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına Azərbaycan xalqının, vətəndaşlarının hərarətli salamlarını, ən xoş arzularını yetirirəm. Türkiyə Cümhuriyyətinə, türk xalqına, Türkiyənin vətəndaşlarına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Yaşasın Türkiyə Cümhuriyyəti! Mustafa Kamal Atatürkün yolu ilə gedən qəhrəman türk xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!

Eşq olsun, eşq olsun, eşq olsun!