"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarını qəbul edərkən söhbətindən (Prezident sarayı, 5 dekabr 2000-ci il)" sənədinə tarixi arayış


Heydər Əliyev 1995-ci ildən başlayaraq gömrük orqanlarının işini yenidən qurmağa başladı. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı. İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikasiyası əsasında yaxınlaşması kimi mühüm prinsiplər bu işin əsasını təşkil edirdi.

Ölkənin gömrük qanunvericiliyi təkmilləşdirilib. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Beynəlxalq təşkilatlarla əlaqələr gücləndirilib. Bu baxımdan 2000-ci ilin dekabrında MDB dövlətləri içərisində ilk dəfə olaraq məhz Azərbaycan paytaxtında Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının keçirilməsi əlamətdar hadisədir.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.173