Əziz həmvətənlərim!
Müstəqillik və azadlıq uğrunda mübarizə tariximizə əbədi həkk olunmuş dəhşətli gündən - Xocalı soyqırımından dörd il keçir. O zamankı iqtidarın günahı ucbatından taleyin ümidinə buraxılmış Xocalının yüzlərlə dinc, köməksiz sakini - qocalar, qadınlar, körpələr erməni təcavüzü nəticəsində qəddarcasına qətlə yetirildilər. Xalqımıza qarşı yeridilmiş bu məqsədyönlü soyqırım siyasəti insanlıq və bəşəriyyət tarixində ağır bir cinayət kimi qalacaqdır. Əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı erməni qəsbkarlarının vəhşiliklərini bütün dünyaya bir daha nümayiş etdirdi.
Xocalı faciəsi xalqımızı sarsıtsa da, onun dözümünü, iradəsini qıra bilmədi. Bu müsibət müqəddəs Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda mübarizədə bizi daha da mətinləşdirdi və birləşdirdi. Bu gün şəhidlərimizin müqəddəs ruhu işğal olunmuş torpaqlarımızın azad edilməsi və qaçqın soydaşlarımızın öz yurdlarına qaytarılması uğrunda mübarizədə hər birimizi daha böyük əzmkarlıq göstərməyə səsləyir.
Xalqımızın milli hüzn günündə Xocalı müsibətinin günahsız qurbanlarının ruhu qarşısında ehtiramla baş əyirəm. Azərbaycanın azadlığı və işıqlı gələcəyi naminə əbədiyyətə qovuşmuş insanlar heç vaxt unudulmayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - V cild, Azərnəşr, Bakı - 1998, səh.355.
Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi