Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bəyanatla çıxışı - İstanbul, «Çırağan Palas» mehmanxanası, 15 oktyabr 2002-ci il


Hörmətli mətbuat nümayəndələri!

Mən sizi salamlayıram. Sizinlə görüşümdən məmnun olduğumu bildirirəm. Bilirsiniz ki, mən Türkiyəyə hörmətli Prezident Əhməd Necdət Sezərin dəvəti ilə, İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşündə iştirak etmək üçün gəlmişəm.

Dünən bizim görüşlərimiz oldu. Bildirmək istəyirəm ki, bu görüşlər çox səmərəli keçdi. Biz İƏT-in fəaliyyətini təhlil etdik, müasir vəziyyəti müzakirə etdik və ölkələrimiz arasında, təşkilata daxil olan ölkələr arasında iqtisadi və başqa əlaqələrin inkişaf etməsi üçün müəyyən fikirlər söylənildi, müəyyən təkliflər irəliyə sürüldü. Bu gün isə mən İstanbulda olmağımdan istifadə edərək Türkiyənin iş adamları ilə görüşmək arzusunda olmuşdum. Onu da burada lazımi təşkilatlar etdilər. Türkiyənin, demək olar ki, çox hörmətli iş adamları, bilmirəm 200, yaxud 250–300 nəfər toplaşmışdı. Biz görüşdük, söhbət etdik, Türkiyə–Azərbaycan iqtisadi əlaqələri haqqında məruzələr dinlədik. Ondan sonra isə Türkiyənin 9-cu Prezidenti hörmətli Süleyman Dəmirəl nitq söylədi. Sonra mən fikirlərimi söylədim.

Mən bu görüşdən çox məmnunam. Çünki həqiqətən Türkiyənin çox böyük iş adamları ilə səmərəli danışıqlar apardıq. İndi Azərbaycanda hansı işləri görmək mümkündür – o barədə məlumatlar verildi. Eyni zamanda, Türkiyənin iş adamlarının indiyə qədər Azərbaycanda gördükləri işlər haqqında da məlumatlar verildi. Çünki bəzən ayrı-ayrı insanlar belə bir fikir yaratmaq istəyirlər ki, guya son zamanlar Azərbaycanda Türkiyənin iş adamlarına istənilən qədər iş verilmir, yaxud iş yoxdur. Bunlar hamısı yalnış şeylərdir. Sadəcə, Türkiyə–Azərbaycan dostluq, qardaşlıq əlaqələrini müəyyən qədər ləkələmək üçün bu sözləri ortaya atırlar.

Mən təkrar etmək istəmirəm. Orada rəqəmlər deyildi. Beş minə qədər türk iş adamı daim Azərbaycanda işləyir, böyük layihələr həyata keçirilir, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum layihələri nəhəng layihələrdir. Onlardan əlavə, çoxlu başqa işlər də görülür. Ona görə də güman edirəm ki, heç kəs belə yollarla Türkiyə–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

Mən çox iş adamlarını Azərbaycana dəvət etdim. Söz verdilər, gələcəklər və yeni-yeni işlərə başlayacağıq.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim inkişaf edir. Biz son vaxtlar çox böyük işlər gördük. Məsələn, nəhayət, Bakı–Tbilisi–Ceyhan layihəsinin inşasına başladıq. Sentyabrın 18-də Bakıda onun təməlqoyma mərasimini keçirdik. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti hörmətli Edurad Şevardnadze və Azərbaycan prezidenti orada iştirak etdilər. İşə başlamışıq və güman edirəm ki, uğurla başa çatacaqdır.

Bakı–Tbilisi–Ərzurum qaz kəməri haqqında da lazımi tədbirlər görülür. Orada bir balaca gecikmələr var, onlar o qədər də əhəmiyyətli deyildir. Biz onun da inşasına başlayacağıq. Beləliklə, iki böyük layihənin, tarixi əhəmiyyəti olan layihələrin iqtisadi əhəmiyyəti məlumdur. Azərbaycanın Xəzər dənizindən hasil olan nefti – orada olduqca çox böyük neft ehtiyatları var – Bakı–Tbilisi–Ceyhan ilə Türkiyənin Ceyhan limanına axacaq, dünya bazarlarına gedəcəkdir. Bu kəmərin ömrü çox uzundur. Güman edirəm ki, XXI əsrdə mütləq öz fəaliyyətini davam etdirəcək və XXII əsrə də keçə bilər. Çünki Xəzər də bildiklərimiz sərvətlərin çox olduğunu göstərir, amma hələ bilmədiyimiz şeylər də var. Ona görə bunun gələcəyi çox böyükdür.

Eləcə də «Şahdəniz» qaz yatağı. İndi orada 1 trilyon kubmetr qaz ehtiyatı olduğu bildirilir. Ancaq bu, ilkin məlumatdır və adətən, ehtiyatlı davranırlar, çox böyük rəqəm demək istəmirlər. Düşünürəm ki, orada qaz daha da çoxdur. Amma təkcə orada deyil, Xəzərin başqa yerlərində də zəngin qaz yataqlarımız var. Ona görə Azərbaycan böyük qaz ölkəsi kimi, dünyaya qaz ixrac edəcəkdir. Güman edirəm, gələcəkdə biz Türkiyənin ərazisi ilə qaz kəmərini Avropaya da aparacağıq. Çünki bilməlisiniz ki, indi Avropada istifadə olunan qazın mənbələri get-gedə azalır. Avropa yeni qaz mənbələri arayır və bu baxımdan yenə də Xəzər hövzəsi mühüm yer tutur.

Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat sürətlə inkişaf edir. Bizim böyük bir problemimiz –Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıbdır. Bu da Azərbaycanı yaralayıb və bu yara indiyə qədər bizim bədənimizdədir. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan 1 milyondan artıq azərbaycanlı zorla çıxarılıb, onların tam əksəriyyəti çadırlarda yaşayır. Ümumiyyətlə, çadırda yaşamaq çox çətindir. Amma bir-iki-üç il buna dözmək olar, çadırda 10 il yaşamaq isə dəhşətli bir şeydir. Ancaq bizim insanlar buna dözürlər və ümid bəsləyirlər ki, məsələ sülh yolu ilə həll olacaqdır.

Bəli, biz də bu ümidlə yaşayırıq, çalışırıq. Bu barədə çox işlər görürük. Həm ATƏT-in Minsk qrupu vasitəsilə, həm bilavasitə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri vasitəsilə, həm də başqa beynəlxalq təşkilatların vasitəsilə sülh danışıqları aparırıq. Ancaq sülh danışıqları uzandığına görə Azərbaycanda insanların səbri tükənir və bəziləri müharibə etmək, savaş, müharibə yolu ilə torpaqları azad etmək fikirlərini daha da çox irəli sürürlər. Belə əhval-ruhiyyə indi Azərbaycanda keçən illərə nisbətən daha da çoxdur. Bunun da əsası var. Dediyim kimi, nə qədər dözmək olar? Ancaq bizim dövlətin siyasəti belədir ki, hələ məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Burada imkanlar hələ tükənməyibdir, imkanlar var. Biz bu sahədə öz işimizi aparırıq.

Bu böyük ağır problemin olmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur və artıq fəaliyyət göstərir. Azərbaycanda insan haqları qorunur, insan azadlıqlarının hamısı təmin olunubdur. Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür. Bizim iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər əsasən bazar iqtisadiyyatının nəticəsidir. Bizim 1994-cü ildə irəliyə sürdüyümüz neft strategiyası həyata keçirilir və onun nəticəsində Azərbaycana xarici investisiya cəlb edilibdir. Neft sahəsinə təxminən 6 milyard dollar investisiya cəlb olunubdur. Amma 1993-cü ildən indiyə qədər Azərbaycana təxminən 10 milyard dollara qədər investisiya qoyulubdur. Onun içərisində xarici investisiya da var, daxili investisiya da var. Biz gələn ilin büdcəsini hazırlamışıq, normal büdcədir. Bəzi sahələrdə – büdcədən təmin olunan təbəqələrin maaşları artırılacaqdır. Bir çox başqa sosial məsələləri həll etmişik və həll edirik. Azərbaycanda vəziyyət belədir. Mən daha çox vaxt almaq istəmirəm. Əgər indi kimin sualı olsa, mən cavab verməyə hazıram.