"Çinin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan ‎Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 1 oktyabr 2001-ci il) sənədinə tarixi ‎arayış


1949-cü il oktyabrın 1-də Çin Kommunist Partiyasının rəhbəri Mao Tszedun Çin ‎Xalq Respublikasının yarandığını elan edib. Həmin gün hər il Çinin milli bayramı ‎günü kimi qeyd edilir.‎

Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətləri, iqtisadi, ‎mədəni, elmi əlaqələr mövcuddur. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci il aprelin 2-də Azərbaycan Respublikası ilə ÇXR arasında diplomatik münasibətlər qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında Səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib.

1993-cü ilin 3 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Səfirliyinin açılması barədə qərar qəbul edib. Həmin tarixdən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiri təyin edilib. (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasının ‎sədri Tszyan Tszeminin dəvətilə 7-10 mart 1994-cü ildə Çində rəsmi səfərdə ‎olub. Səfər zamanı dövlət başçıları ÇXR ilə Azərbaycan arasında dostluq ‎münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat ‎imzalayıblar. Rəsmi səfərin gedişində eləcə də iki ölkə arasında hava yolunun ‎açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və ‎televiziya, turizm sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması ‎barədə yeddi mühüm sənəd imzalanıb. Bu səfər Çinlə Azərbaycan arasındakı ‎münasibətlərin daha da yaxşılaşmasına təkan verib.‎

‎2001-ci il oktyabrın 1-də Çinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil ‎edilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitqsöyləyib. Dövlət başçısı Çinin 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasında ‎qəbul edilən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ‎ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə səs verdiyini ‎məmnunluqla qeyd edib.‎

2002-ci il martın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çinin Azərbaycana təyin olunmuş səfiri Cjan Siyunun etimadnaməsini qəbul edib. Mərasimdə çıxış edən Heydər Əliyev Azərbaycanla Çin arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini və bunun gələcəkdə də davamlı xarakter alacağına əmin olduğunu bildirib: "Bizim diplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə də qalacaqdır, çünki Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsi yoxdur, aramızda da heç bir problem yoxdur".

2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib. ÇXR-in sədri Xu Szintao Azərbaycan prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.

İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müfaviq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Çinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir. (www.president.az/www.eurasianet.org).

1999-cu ilin mayında Çinin Ermənistana "Tayfun" tipli raketlər satması Azərbaycanı narazı salıb. Lakin sonradan Çin tərəfi satış əməliyyatının xüsusi şirkət tərəfindən həyata keçirildiyini bəyan edib. Azərbaycanla Çin arasında müəyyən soyuqluq yaransa da, sonradan əməkdaşlıq əvvəlki istiqamətdə davam edib.

18 mart 2008-ci ildə İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Hu Szintaoya Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik məktubu göndərib.

7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Pekinin beynəlxalq hava limanında Çinin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, Olimpiadanın təşkilat komitəsinin üzvləri və digər rəsmi şəxslər qarşılayıblar.

Avqustun 9-da Pekində Çin Xalq Respublikasının sədri Hu Szintaonun adından XXIX Yay Olimpiya oyunlarının açılış mərasiminə gəlmiş ölkələrin dövlət və hökumət başçılarının şərəfinə səhər yeməyi verilib. Azərbaycan Prezidenti İlham Əliyev yeməkdə iştirak edib.

10 avqustda Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel" də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə bəzədilib. Burada quraşdırılmış iri ekranlarda Azərbaycanın mədəniyyəti və incəsənətindən, tarixindən, müasir inkişafından bəhs edən videomateriallar nümayiş etdirilib. Prezident İlham Əliyev mərasimdə çıxış edib. (http://www.president.az/)

XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak edən və yarışları izləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Çin Xalq Respublikasına səfərini başa çatdıraraq Azərbaycana dönüb. 

Tarixi arayış 15 avqust 2008-ci ildə yenləşdirilib.‎