Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Məsud Yılmaz ilə görüşdəki söhbətdən - İstanbul, "Ceylan interkontinental" oteli, 13 fevral 1998-ci il


Məsud Yılmaz: Hörmətli cənab prezident, Sizi Türkiyə torpağında səmimi salamlayır və yenidən görüşməyimizdən böyük məmnunluq duyuram. "Dünyada ilin adamı" adına layiq görülməyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.

Heydər Əliyev: Hörmətli cənab Baş nazir, qardaş Türkiyə torpağında Sizinlə yeni görüşümə çox şadam. Xoş sözləriniz və təbrikləriniz üçün təşəkkür edirəm.

Məsud Yılmaz: Türkiyə Azərbaycanla hərtərəfli əməkdaşlığa çox böyük əhəmiyyət verir. Dost və qardaş ölkələrimiz arasında iqtisadi əlaqələri daha da genişləndirməyin və dərinləşdirməyin, o cümlədən Türkiyənin iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artırmasının vacibliyini vurğulamaq istəyirəm. Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənməsində Türkiyə Neft Şirkətinə yaradılan imkandan razılığımızı bildirmək istəyirəm. "Türk Petrolları" bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir. İki qardaş olkənin əməkdaşlığının möhkəmləndirilməsi, Azərbaycanda və Mərkəzi Asiya respublikalarında hasil olunan enerji aşıyıcılarının Azərbaycan və Gürcüstanın ərazisi ilə Türkiyəyə və daha sonra dünya bazarına çıxarılması məsələlərində verdiyiniz dəstəyə, xüsusən Bakı-Ceyhan neft kəməri marşrutunu müdafiə etdiyinizə görə, cənab prezident, Sizə minnətdarlıq edirəm. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsində Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək bildirmək istəyirəm ki, bunun üçün də böyük fayda verəcəyinə ümidvar olduğumu bildirmək istəyirəm.

Heydər Əliyev: Xalqlarımız və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin getdikcə sıxlaşmasından məmnun qaldığımı bildirirəm. Azərbaycan-Türkiyə əməkdaşlığının indiki vəziyyətində respublikamızda fəaliyyət göstərən türk şirkətlərinin sayının daim artdığını bildirmək istəyirəm. Bununla yanaşı, biz bu əlaqələrin daha da genişlənməsini, Türkiyənin iş adamlarının respublikamıza daha çox sərmayə qoymasını istəyirik. Neft-qaz sənayesi sahəsindəki əməkdaşlığa da biz böyük əhəmiyyət veririk. Azərbaycanın dəniz yataqlarının birgə işlənilməsinin hər iki tərəf üçün böyük faydası vardır. Biz bu işdə qardaş Türkiyənin Neft Şirkətinə gələcəkdə də imkan yaradacağıq. Bir daha xatırladıram ki, biz Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılacaq neftin dünya bazarlarına çatdırılması üçün çəkiləcək əsas boru kəmərinin Türkiyənin Ceyhan limanına çıxmasını istəyirik. Türkiyə və Azərbaycanın Avropa və Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsində Bakı-Tbilisi-Ceyhan nəqliyyat dəhlizinin çox böyük perspektivi olduğunu vurğulayaraq qeyd etmək istəyirəm ki, indi bir çox dövlətlər ona böyük maraq göstərirlər, Türkiyənin də həmin nəqliyyat dəhlizindən istifadə etməsi qardaş ölkəyə böyük fayda gətirər.