Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistana rəsmi səfəri - 23 aprel 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkmənistanın paytaxtı Aşqabada gəlmişdir.

Dövlətimizin başçısının şərəfinə Türkmənbaşı beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyevi Türkmənistanın Mədəniyyət naziri Orazgəldi Aydoğdıyev səmimiyyətlə qarşıladı. Azərbaycan rəhbərinə duzçörək, gül dəstəsi təqdim edildi.

Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış «Nebitçi» iqamətgahına gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşü

Aprelin 23-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur.

Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşünün keçirilməsini yüksək dəyərləndirən prezidentlər dövlətlərimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın ildən-ilə daha da inkişaf etməsi və möhkəmlənməsindən razılıqla söhbət açdılar, Xəzərin problemlərinin həllində birgə iştirak etməyin vacib olduğunu vurğuladılar.

Xəzər dənizindən istifadə ilə bağlı bütün məsələlərin birbaşa dialoq yolu ilə, beynəlxalq hüquq prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində həll edilməsinin zəruriliyini nəzərə çatdıran Prezident Heydər Əliyev və Prezident Nursultan Nazarbayev Xəzərin hüquqi statusu məsələsində Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olduqlarını bir daha təsdiq etdilər.

Dövlət başçıları Azərbaycanın və Qazaxıstanın ənənəvi dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə əmin olduqlarını bildirdilər.

Görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad zirvə görüşündə müzakirə ediləcək məsələlər, regionda vəziyyət, Azərbaycan–Qazaxıstan əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin İran Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşü

Aprelin 23-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşü olmuşdur.

Prezident Heydər Əliyev və Prezident Seyid Məhəmməd Xatəmi bir-birini mehribanlıqla salamladılar, bu görüşdən çox məmnun olduqlarını bildirdilər.

Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabadda keçirilən ilk zirvə görüşünün Xəzərin problemlərinin həll olunmasında, sahilyanı ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu vurğulayan Prezident Heydər Əliyev, eyni zamanda Azərbaycan–İran münasibətlərinə toxundu və ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırdı.

Prezident Xatəmi ölkələrimizin qarşılıqlı münasibətlərindən söhbət açaraq bildirdi ki, İran Azərbaycanla səmərəli əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir. İran Prezidenti Seyid Məhəmməd Xatəmi Azərbaycan Prezidenti Heydər Əliyevə siyasətdə xüsusi rolu, zəngin təcrübəsi olan bir dövlət xadimi kimi böyük hörmət bəslədiyini bildirdi. Cənab Xatəmi istər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, istərsə də beynəlxalq, regional məsələlərin həlli üçün Prezident Heydər Əliyevin böyük təcrübəsindən həmişə istifadə edilməsinin vacib olduğunu xüsusi vurğuladı.

Cənab Xatəmi Azərbaycan Prezidenti Heydər Əliyevin rəsmi səfərini Tehranda səbirsizliklə gözlədiklərini bildirdi.

Xoş sözlərə görə İran dövlətinin başçısına təşəkkür edən Prezident Heydər Əliyev İran İslam Respublikasına yaxın vaxtlarda səfər edəcəyini nəzərə çatdırdı.

Görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad zirvə görüşü, Azərbaycan–İran əməkdaşlığının perspektivləri, regionda vəziyyət və hər iki ölkəni maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

* * *

Aprelin 23-də günortadan sonra Türkmənistan paytaxtının «Ruhiyyət» sarayında Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü öz işinə başladı. Zirvə görüşünü Türkmənistan Prezidenti Saparmurad Niyazov açdı. Sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış etdilər. Prezidentlər Xəzərin hüquqi statusu ilə bağlı öz ölkələrinin mövqelərini açıqladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev zirvə görüşünün sahilyanı ölkələrin Xəzər dənizində daha sıx əməkdaşlığının başlanğıcı olacağını vurğulayaraq bildirdi ki, yeni şəraitdə Xəzərin hüquqi statusunu müəyyənləşdirmək zərurəti yaranmışdır. Hələ ötən əsrin 40-cı illərindən başlayaraq, Xəzər dənizində bütün neft və qaz yataqlarının kəşfiyyatı və istismarının Azərbaycan neftçiləri tərəfindən həyata keçirildiyini xatırladan Prezident Heydər Əliyev dedi ki, müstəqillik qazandıqdan sonra ölkəmiz dənizin Azərbaycan sektorunda mineral ehtiyatların işlənilməsi ilə fəal məşğul olur. Xəzər dənizinin hələ 1970-ci ildə SSRİ-nin sahilyanı respublikaları arasında orta xətt üzrə sektorlara bölünməsi beynəlxalq hüquqa uyğun gəlir.

Dövlətimizin başçısı xüsusi vurğuladı ki, hüquqi statusun olmaması sahilyanı dövlətlərin Xəzərdə öz suveren hüquqlarının həyata keçirilməsini davam etdirməsinə mane olmamalıdır və artıq təşəkkül tapmış müvafiq sektorlarda təbii ehtiyatlardan istifadə edilməsinə dair işlərin dayandırılması üçün əsas ola bilməz. Xəzərin hüquqi statusu məsələsi sahilyanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həll olunmalıdır. Dövlət başçılarının çıxışlarından sonra zirvə görüşü öz işini qapalı davam etdirdi.

* * *

Həmin axşam Türkmənistan prezidenti adından zirvə görüşündə iştirak edən dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu. Qəbulda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edirdi.