Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanının Ciddə şəhərində mətbuat konfransında bəyanatı - 11 iyul 1994-cü il


Mən Səudiyyə Ərəbistanında iki müqəddəs şəhərin xadimi, əziz dostum və qardaşım, məlik Fəhd ibn Əbdul Əziz əl-Səudun dəvəti ilə rəsmi səfərdəyəm. Bu səfər müstəqil Azərbaycan Respublikası üçün çox mənalı və əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, biz müqəddəs torpağa - Səudiyyə Ərəbistanına gəlmişik və buradakı iki müqəddəs şəhəri ziyarət etməyimiz üçün imkan yaranmışdır. Səfərin əhəmiyyəti bir də ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasını prezidenti kimi mən ərəb ölkələrindən ilk dəfə Səudiyyə Ərəbistanına gəlmişəm.

Səudiyyə Ərəbistanı ərəb dünyasında, İslam aləmində çox görkəmli yer tutur. Ona görə də mənim ilk səfərimin buraya olması təsadüfi deyildir. Səudiyyə Ərəbistanın məlikinin, iki müqəddəs şəhərin xadiminin məni buraya rəsmi səfərə dəvət etməsi mənim üçün çox əziz və qiymətlidir.

Biz bu müqəddəs torpağa qədəm qoyduğumuz andan buradakı qardaşlarımızın, dostlarımızın mehribanlığını hər dəqiqə hiss edirik. Səfərim lap başlanğıcdan indiyədək dostluq, mehribanlıq nə qardaşlıq şəraitində keçir. Mənim üçün nə nümayəndə heyətimizin üzvləri üçün ən qiymətli cəhət ondan ibarətdir ki, biz bu ölkəyə gəlişimizin ilk günü müqəddəs Kəbəni ziyarət etdik və müsəlmanlıq borcumuzu yerinə yetirmək, nəhayət, bizə qismət oldu. Müqəddəs Məkkə şəhərində olmaq, müqəddəs Kəbə daşına toxunmaq və Kəbədə namaz qılmaq bizim üçün böyük şərəfdir. Bu şərəfə nail olduğuma görə, bu niyyət və arzularıma çatdığıma görə Allah təalaya minnətdarlığımı bildirirəm, taleyimə şükür edirəm və iki müqəddəs şəhərin xadiminə, əziz dostuma minnətdarlığımı bildirirəm. Biz bu ziyarətdən çox məmnunuq və bu ziyarət Səudiyyə Ərəbistanına səfərimizin ilk gününü tamamlamışdır.

Səudiyyə Ərəbistanına səfərimin bir məqsədi də bu ölkə ilə müstəqil Azərbaycan Respublikası arasında əlaqələr yaratmaq və bu əlaqələrin gələcək inkişaf yollarını müəyyənləşdirməkdir. İki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki əziz dostum və qardaşım Fəhd ibn Əbdul Əziz əl-Səudla görüşümüz və çox saatlıq danışıqlarımız buna yaxşı zamin yaratdı. Danışıqlarımız dostluq və mehribanlıq şəraitində keçmiş, mənə ən yüksək səviyyədə qonaqpərvərlik göstərilmişdir. Ən başlıcası isə, danışıqlarımız çox məzmunlu və mənalı, müstəqil Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr yaranması üçün çox əhəmiyyətli olmuşdur. Biz bütün məsələlər barədə geniş fikir mübadiləsi etdik.

Ölkələrimiz arasında əlaqələrin perspektivləri haqqında ümumi fikrə gəldik və hər ikimiz bu əlaqələrin yaranmasına, inkişafına xeyir-dua verdik. Biz həmçinin İslam aləmində olan vəziyyət, beynəlxalq vəziyyət haqqında geniş fikir mübadiləsi etdik. İki müqəddəs şəhərin xadimi, məlik Fəhd ibn Əbdul Əziz əl-Səud müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugünkü vəziyyətinə çox böyük maraq göstərdi. Biz keçmiş Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikalardakı vəziyyət barədə də ətraflı söhbət etdik. Xüsusən Qafqaz regionundakı vəziyyət və Azərbaycan ilə Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdim və biz bu barədə geniş müzakirə apardıq. İki müqəddəs şəhərin xadimi və Səudiyyə Ərəbistanının yüksək vəzifəli digər şəxsləri ilə görüşlərim və danışıqlarım Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması və inkişafı üçün çox əhəmiyyətli oldu.

Səfər zamanı mən Səudiyyə Ərəbistanının Sənaye-Ticarət Palatasında oldum, palatanın üzvləri, ölkənin iş adamları ilə görüşdüm. Güman edirəm ki, bu görüş və Səudiyyə Ərəbistanının iş adamlarını Azərbaycana dəvət etməyim, Azərbaycanda iş aparmaq üçün geniş imkanlar yaradılacağını bildirməyim onları Azərbaycanda işləməyə şövq edəcəkdir və bütün bunlar ölkələrimiz arasında iqtisadi əlaqələrin yaranmasına kömək göstərəcəkdir.

Ciddədə yerləşən və İslam dünyasını təmsil edən beynəlxalq təşkilatların - İslam Konfransı Təşkilatının, İslam Birliyi Təşkilatının, Beynəlxalq İslam "Nicat" Təşkilatının, İslam İnkişaf Bankının, İslam Rabitə Təşkilatının rəhbərləri ilə də görüşlərim oldu. Danışıqlar zamanı həmin təşkilatların Azərbaycanla əlaqələri haqqında fikir mübadiləsi apardıq və onlara müraciət edərək Azərbaycana daha diqqətlə yanaşmağa çağırdım.

Səfər müddətində Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə danışıqlar aparmışdır. Bu ölkənin qanunlarına uyğun olaraq, xarici işlər nazirləri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında baş saziş imzalamışlar. Həmin saziş ölkələrimiz arasında iqtisadi, elmi-texniki, mədəni, turizm və başqa sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı olan mühüm sənəddir. Mən burada rəsmi səfərdəyəm, ölkənin qanunlarına, adət-ənənələrinə hörmət edirəm və həmin sənədi dövlətlərarası mühüm bir saziş kimi qəbul edirəm.

Səfərimin yekunları ilə əlaqədar Səudiyyə Ərəbistanı məmləkətinin və Azərbaycan Respublikasının birgə bəyanatı olacaq və şübhəsiz, bu sənəddə ölkələrimiz arasındakı əlaqələr və həmin əlaqələrin perspektivləri öz əksini tapacaqdır. Bir daha deyirəm ki, mənim Səudiyyə Ərəbistanına səfərim Azərbaycan Respublikası üçün həddən artıq əhəmiyyətlidir. Bu səfərlə biz Azərbaycan Respublikasının İslam dünyasına aid olduğunu bir daha nümayiş etdiririk və mən çox məmnunam ki, İslam aləmində görkəmli yer tutan Səudiyyə Ərəbistanı kimi bir dövlətlə bizim dostluq və qardaşlıq əlaqələrimiz yaranır.

Güman edirəm ki, həm Azərbaycanın, həm də Səudiyyə Ərəbistanının ictimaiyyəti danışıqlarımızın və mənim buraya səfərimin yekunlarını bəyənəcəklər. Qətiyyətlə deyə bilərəm ki, bu səfər və onun yekunları Azərbaycan Respublikasında böyük ehtiramla qəbul ediləcəkdir. Buradakı danışıqlarımızın və görüşlərimizin ən böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, Səudiyyə Ərəbistanına müstəqil Azərbaycan Respublikası haqqında, onun bugünku ağır vəziyyəti barədə geniş məlumat vermək imkanı qazandıq. Bilirsiniz ki, Azərbaycan iki il bundan əvvəl müstəqillik əldə etmiş və xalqımız milli azadlığa qovuşmuşdur. Ondan əvvəl Azərbaycan təxminən 200 il ərzində Rusiyanın, sonra isə Sovetlər İttifaqının tərkibində olmuşdur. İndi Azərbaycan xalqının istiqlaliyyət qazanması, milli azadlığa nail olması ölkəmiz üçün böyük tarixi hadisədir. Hazırda Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxildir. Beynəlxalq təşkilatların üzvüdür. Xalqımız özü öz taleyinin sahibidir.

Ancaq bu müstəqillik yolunda Azərbaycanın qarşısında çox mürəkkəb, çətin problemlər durur. Problemlərdən biri ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ictimai-siyasi və iqtisadi quruluşdan dünyanın bütün ölkələrinin mənsub olduğu bir quruluşa keçid mərhələsindədir. Şübhəsiz ki, 70 il kommunist ideologiyası ilə, sosialist sistemində yaşamış Azərbaycan xalqı tamamilə yeni bir quruluşa keçərkən çətin problemlərlə rastlaşır. Bu isə Azərbaycan Respublikasını dərin sosial-iqtisadi böhran vəziyyətinə gətirib çıxarmışdır. Bu, təbii haldı, biz həmin mərhələni keçməliyik. Çünki bunsuz yeni sistemə keçmək mümkün deyildir. Bu, keçmiş Sovet İttifaqına daxil olan indiki müstəqil respublikaların hamısına aiddir.

Azərbaycanın vəziyyətini daha da ağırlaşdıran bir səbəb də qonşu Ermənistan Respublikasının ölkəmizə qarşı altı ildən artıq davam edən hərbi təcavüzüdür. Bu təcavüz Azərbaycana çox böyük bəlalar gətirmişdir. Altı ildir ki, Azərbaycan öz torpaqlarını qorumaq, ərazisinin bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün qanlı döyüşlər aparır. Müstəqil Azərbaycan dövləti məhz belə bir şəraitdə yaranmışdır və istiqlaliyyət yolunda ilk addımlarını atır.

Mən burada səfərdə olarkən bir daha hiss edim ki, Azərbaycanın indiki vəziyyəti, ümumiyyətlə, ölkəmiz haqqında və Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması haqqında Səudiyyə Ərəbistanında, Azərbaycandan uzaqda yerləşən bütün ölkələrdə çox az məlumat var, bəzi məlumatlar isə ayrı-ayrı dövlətlərin informasiya kanallarından alındığına görə obyektiv xarakter daşımır. Ona gərə də Səudiyyə Ərəbistanının informasiya vasitələri üçün Azərbaycan haqqında qısaca məlumat vermək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycan Qafqazda yerləşir, əhalisi 7 milyon nəfərdir, müsəlman ölkəsidir. Sovetlər İttifaqının tərkibində olduğu 70 il ərzində müsəlman ölkəsi kimi onun dini qadağan edilmişdi. Ancaq buna baxmayaraq, azərbaycanlılar öz dinini qoruyaraq nəsildən-nəslə qəlblərində saxlamışlar. Azərbaycan istiqlaliyyət qazandıqdan sonra milli adət-ənənələrimizi bərpa edərkən İslam dini də öz yerini tutmuşdur.

Azərbaycanın böyük iqtisadi elmi, mədəni potensialı var. Xalqımız öz tarixi keçmişi, kökləri ilə müsəlman ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə çox möhkəm tellərlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan İslam dinini VII əsrlə qəbul etmişdir. Məni müşayiət edən Səudiyyə Ərəbistanının həcc naziri belə məlumat verdi ki, onun tədqiqatları İslam dininin yayıldığı ilk ölkələrdən birinin Azərbaycan olduğunu göstərir. Bizim adət-ənənələrimiz bir-birinə çox oxşayır və ola bilər, eynidir. Bizə məlumdur ki, Səudiyyə Ərəbistanında - müqəddəs Məkkə və Mədinə şəhərlərində əsrlər boyu azərbaycanlılar da yaşamışlar və bu kökdən olan adamlar indi də yaşayırlar. Bütün bunlar bir daha sübut edir ki, bizim mədəniyyətimizin, mənəviyyatımızın mənbəyi eynidir.

Azərbaycan Respublikası yeraltı və yerüstü sərvətlərlə zəngindir. Başlıca sərvətimiz neftdir. Azərbaycanda neft sənayesinin 150 illik tarixi var. Buna baxmayaraq, onun gələcəyi böyükdür. Azərbaycanın inkişaf etmiş sənayesi, kənd təsərrüfatı məhsulları istehsalı üçün geniş imkanları, böyük elmi mərkəzləri, tanınmış alimləri var. Bizdə çoxlu universitet fəaliyyət göstərir. Ölkədə, demək olar, savadsız adam yoxdur. Belə bir potensialı olan respublika, təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində bu potensialdan istifadə edərək öz həyatını istədiyi kimi qurmaq imkanından məhrumdur.

Ermənistan Azərbaycanla qonşu olan kiçik dövlətdir. Bildiyiniz kimi, ermənilər başqa dinə mənsubdurlar. Onların Azərbaycana təcavüzünün məqsədi torpaqlarımızın bir qismini zəbt edərək öz ərazilərinə birləşdirməkdir. Ayrı-ayrı böyük dövlətlərin informasiya vasitələri bəzən qeyri-obyektiv məlumat verərək, Azərbaycana qarşı bu hərbi təcavüzü iki ölkə arasında sərhəd mübahisəsi kimi izah edirlər, yaxud da hər iki dövlətin eyni dərəcədə günahkar olduğunu göstərməyə çalışırlar. Belə məlumatları ayrı-ayrı böyük dövlətlərdə, əsasən Ermənistana kömək edən, bu təcavüzdə onu dəstəkləyən informasiya vasitələri Azərbaycan haqqında qeyri-obyektiv fikir yaratmaq üçün qəsdən yayırlar. Bu vəziyyətin yaranmasının bir səbəbi də Azərbaycan haqqında həqiqətin başqa ölkələrdə, o cümlədən müsəlman ölkələrində yayılması sahəsində imkanlarımızın zəif olmasıdır.

Əsl vəziyyət bundan ibarətdir ki, 29 min kvadrat kilometr ərazisi və 3,5-4 milyon əhalisi olan Ermənistan Respublikası kimi kiçik bir dövlət 86 min kvadrat kilometr ərazisi və bayaq dediyim kimi, 7 milyon əhalisi olan Azərbaycana hücum edərək onun ərazisinin bir qismini zəbt etmişdir.

Azərbaycan ərazisinin 20 faizi indi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, 1 milyonadək azərbaycanlı, müsəlman yurd-yuvasını itirərək qaçqın vəziyyətində Azərbaycanın başqa bölgələrində yaşamağa məcbur olmuşdur. Ermənistan silahlı qüvvələri ilə Azərbaycan ordusu arasındakı döyüşlər respublikamızın ərazisində gəlir. Ermənistan Azərbaycanın ərazisində mövcud olan, keçmişdə Dağlıq Qarabağ Vilayəti adlanan əraziyə iddia edir və orada yaşayan əhalinin çox hissəsi erməni olduğuna görə həmin ərazini Ermənistana birləşdirmək istəyir. Həmin Dağlıq Qarabağda yaşayan 50 min nəfər azərbaycanlı da ermənilər tərəfindən oradan zorla çıxarılmışdır və indi qaçqın vəziyyətindədir. Azərbaycanın bir sıra başqa məntəqələri kimi, Dağlıq Qarabağ da erməni silahlı qüvvələrinin işğalı altındadır.

Azərbaycan xalqı öz torpağını müdafiə edərək çox şəhidlər vermişdir. Xalqımız bu gün də öz ərazisini müdafiə etmək əzmindədir. Hazırda yaranmış vəziyyət heç də Ermənistanın Azərbaycandan güclü olduğunu göstərmir. Dünyanın bir necə böyük dövləti Ermənistana himayədarlıq edir, bu müharibədə ona kömək edir. Məhz buna görə də Ermənistan silahlı qüvvələri müharibədə müəyyən qədər üstünlük əldə edə bilmişlər. Lakin biz bunu müvəqqəti hal sayırıq. Müstəqil dövlət kimi Azərbaycan öz sərhədləri daxilindəki ərazisinin sahibi olmalıdır.

Beynəlxalq prinsiplərə, normalara riayət edən dünya birliyi görək Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün lazımi və təsirli qərarlar çıxarsın. Müharibəni Azərbaycan yox, Ermənistan başlamışdır. Biz yalnız öz torpaqlarımızı qoruyuruq və bu müharibəyə sülh yolu ilə son qoymaq istəyirik. Ona görə də beynəlxalq təşkilatların fəaliyyətinə, onların qərarlarına çox ümid bəsləyirik. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması tələbi qəti şəkildə irəli sürülmüşdür. Ancaq Ermənistan bu qətnamələri yerinə yetirmək istəmir.

Məsələnin sülh yolu ilə həll olunması üçün ATƏM və onun tərkibində yaradılmış Minsk qrupu da böyük fəaliyyət göstərir. Biz ATƏM-də yaxından əməkdaşlıq edir və ona böyük ümid bəsləyirik. Eyni zamanda böyük dövlətlər, o cümlədən Rusiya Ermənistan-Azərbaycan müharibəsinə son qoymaq üçün vasitəçilik səyləri göstərirlər. İslam Konfransı Təşkilatının da bu məsələyə qarışması çox əhəmiyyətli olardı. Həmin təşkilatın rəhbərləri ilə görüşdə mən bu fikrimi onlara bildirdim. Zənnimcə, İslam Konfransı Təşkilatı bu sahədə ATƏM-lə birlikdə fəaliyyət göstərə bilər.

Regionla sülh yaranması, Azərbaycanın müharibədən xilas olması üçün biz ABŞ-ın fəaliyyətinə də çox ümid bəsləyirik. Mənim ABŞ prezidenti cənab Bill Klintona məktublarımda və onun göndərdiyi cavablarda bu məsələ müzakirə olunur. Mən iyunun 9-da Birləşmiş Ştatların dövlət katibi cənab Kristoferlə İstanbulda görüşəndə də bu məsələni onunla geniş müzakirə etdim. Güman edirik ki, ABŞ, Avropanın böyük dövlətləri bizim vəziyyətimizə biganə qalmayacaqlar və regionda sülhün bərqərar olması, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan çıxarılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün səylərini əsirgəməyəcəklər.

Dediyim kimi, müharibə ilə əlaqədar biz ağır sosial-iqtisadi vəziyyətdə yaşayırıq. Təsəvvür edin, ölkənin 7 milyonluq əhalisinin 1 milyonu qaçqın vəziyyətindədir. Bununla əlaqədar dünyanın bir çox ölkəsi Azərbaycana humanitar yardım göstərir. Buraya səfərim ərəfəsində Səudiyyə Ərəbistanı rəhbərinin, iki müqəddəs şəhərin xadiminin göstərişinə əsasən Azərbaycan qaçqınlarına iki böyük təyyarə ilə humanitar yardım göndərilmişdir. Beynəlxalq İslam "Nicat" Təşkilatı Bərdə rayonunda yerləşdirilmiş 10 min nəfər, Sumqayıtda sığınacaq tapan 3 min nəfər qaçqını himayəyə götürmüşdür. İran İslam Cümhuriyyəti 100 min qaçqına himayədarlıq edir. Türkiyə Cümhuriyyətinin “Qızıl Ay” Təşkilatı 15-20 min qaçqının təminatını öz üzərinə götürmüşdür. Bütün bunlar bizim vəziyyətimizi xeyli yüngülləşdirir və mən buna görə həmin ölkələrə, təşkilatlara minnətdarlığımı bildirirəm. Lakin bu yardımlar yaralarımızı tamamilə sağalda bilmir. Belə bir vəziyyətdə Azərbaycanın böyük dövlətlərin, xüsusən müsəlman ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanı kimi zəngin ölkənin yardımına ehtiyacı var və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizə kömək göstəriləcəkdir.

Müstəqil Azərbaycan dövlətinin rəhbər tutduğu prinsipləri bir daha xatırlatmaq istəyirəm. Azərbaycan müstəqil dövlətdir, öz milli azadlığını daim qoruyacaq və bir daha başqa dövlətin əsarəti altına düşməsinə yol verməyəcəkdir. Azərbaycan keçmiş kommunist ideologiyasından, sosializm quruluşundan imtina etmişdir və bir daha bu yola dönməyəcəkdir, Azərbaycan bir dövlət kimi müsəlman dünyasına mənsubdur və İslam aləmində öz görkəmli yerini tutmağa çalışacaqdır. Ölkəmizdə demokratik prinsiplər - insan azadlığı, söz və xüsusən din, vicdan azadlığı təmin edilir və bundan sonra da təmin ediləcəkdir. İqtisadiyyatımız gələcəkdə də bazar münasibətləri yolu ilə gedəcək, sahibkarlığa, xüsusi mülkiyyətə, təşəbbüskarlığa geniş meydan acmaq prinsipləri əsas götürüləcəkdir. Beləliklə də Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə yaxından təmasda olacaqdır.

Bütün bu prinsipləri həyata keçirmək, tutduğumuz yolla irəliləmək, məqsədlərimizə çatmaq üçün Azərbaycanın daxili imkanları var və bunlardan səmərəli istifadə etməyə çalışacağıq. Ancaq Azərbaycanın indi müharibə şəraitində olması, torpaqlarının bir hissəsinin işğal altında qalması, ölkənin sosial-iqtisadi böhran keçirməsi onun vəziyyətini çox ağırlaşdırmışdır. Bu vəziyyətdən çıxmaq üçün biz dost və qardaş ölkələrin köməyinə ümid bəsləyirik.

Azərbaycanın indiki vəziyyəti haqqında ərəb ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanında geniş məlumat yaymaq üçün biz burada Azərbaycanın informasiya mərkəzinin, mədəniyyət mərkəzinin yaradılmasını, eyni zamanda Səudiyyə Ərəbistanının Azərbaycanda mətbuat nümayəndəliyinin və ya bu ölkənin istədiyinə uyğun olaraq başqa təşkilatların yaranmasını alqışlayar və minnətdarlıq hissi ilə qəbul edərdik.

Güman edirəm ki, mənim səfərim, buradakı görüşlər və bugünkü mətbuat konfransı ölkələrimiz arasında möhkəm körpü yaradır və hər iki tərəf bundan səmərəli istifadə etməyə çalışmalıdır. Məni və nümayəndə heyətimizin üzvlərini daha bir müqəddəs ziyarət gözləyir. Sabah biz müqəddəs Mədinə şəhərini ziyarət edəcəyik. Güman edirəm ki, Azərbaycana qayıdandan sonra bu müqəddəs yerlər haqqında daha geniş məlumat verəcəyik və eyni zamanda müstəqil dövlətimizin inkişaf etməsi üçün yeni qüvvə ilə çalışacağıq.

Çıxışımı tamamlayarkən səfərimiz zamanı bizə yaradılan hər cur imkan üçün iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki, əziz dostum və qardaşım Fəhd ibn Əbdul Əziz əl-Səuda bir daha minnətdarlığımı bildirirəm. Səudiyyə Ərəbistanının vətəndaşlarına, qardaşlarımıza səadət və xoşbəxtlik arzulayıram. Biz bu gün iki böyük müəssisədə - neftayırma zavodunda və bitki yağları istehsalı zavodunda olduq. Həmin müəssisələrlə tanışlıq göstərdi ki, Səudiyyə Ərəbistanında əhalinin elmi və texniki səviyyəsi çox yüksəkdir. Əminəm ki, bütün bu imkanlar Səudiyyə Ərəbistanının daha surətlə inkişafı üçün əsas yaradır.

Sual: Əvvəlcə icazə verin, bizə ətraflı məlumat verdiyinizə görə təşəkkürümü bildirim. Sizin bu geniş məlumatınız verəcəyimiz sualların çoxuna cavab oldu. Sizə verəcəyim sual Səudiyyə Ərəbistanının iş adamları ilə görüşdən sonra doğmuşdur. Siz dediniz ki, Azərbaycanın çox zəngin təbii sərvətləri və böyük iqtisadi potensialı var. Bizim iş adamlarımızın sizinlə əməkdaşlıq etməsi üçün hansı şərait yaradıla bilər?

Cavab: Səudiyyə Ərəbistanının iş adamları üçün Azərbaycanda hər cur şərait yaradılacaqdır. Götürək neft yataqlarının istismarını. Bəzi yataqların birgə istismar olunması barədə Qərb şirkətləri ilə danışıqlar aparırıq. Lakin Azərbaycanda hələ istifadəyə verilməmiş neft yataqları da var. Onların birgə işlənilməsi üçün Səudiyyə Ərəbistanının şirkətlərini Azərbaycana dəvət edirəm. Bunu ona görə deyirəm ki, neft-qaz hasilatı, neft emalı sahəsində sizin ölkənin çox böyük təcrübəsi var. Sənayenin başqa sahələrində, kənd təsərrüfatında, ticarətdə də iş adamları üçün bütün şərait yaradılacaqdır. Bir halda ki, biz bazar iqtisadiyyatı yolu ilə gedirik, xüsusi mülkiyyəti geniş yaymaq, sahibkarlıq, səhmdarlıq prinsiplərini tətbiq etmək istəyirik, deməli, iş adamları Azərbaycana kapital qoysalar çox böyük mənfəət götürə bilərlər. Xahiş edirəm, bunu qəzetinizdə geniş təbliğ edəsiniz.

Sual: Siz Ermənistanla gedən müharibə, onun aradan qaldırılması sahəsində Rusiyanın vasitəçiliyi haqqında danışdınız. Ermənistan-Rusiya münasibətləri barədə nə deyə bilərsiniz?

Cavab: Ermənistanın Rusiya ilə əlaqələri çox sıxdır, onun ərazisində Rusiyanın qoşunları yerləşir. Bildiyiniz kimi keçmiş Sovet İttifaqının ərazisində, xüsusən sərhəd boyunda yerləşən respublikalarda sovet ordusunun böyük qoşun hissələri var idi. SSRİ dağıldıqdan sonra bu qoşun hissələri Rusiyanın tabeliyinə keçdi. Həmin respublikalar müstəqillik qazandıqdan sonra öz ordularını yaratdılar. Bəzi respublikalardan, o cümlədən Azərbaycandan keçmiş sovet, indiki Rusiya qoşunları çıxarıldı. İndi Azərbaycanda bir nəfər də olsun rus əsgəri yoxdur. Ancaq

Rusiya qoşunları Ermənistandan çıxarılmadı, əksinə, bəlkə bir az da artırıldı. İndi orada Rusiyanın çox güclü qoşunları var və onlar hərbi baza statusu almışdır. Mənə belə gəlir ki, bu faktın özü Ermənistanla Rusiya arasında olan əlaqələri çox əyani surətlə göstərir.

Sual: Siz Səudiyyə Ərəbistanı və Azərbaycan xarici işlər nazirlərinin ümumi bir sənəd imzalamaları barədə məlumat verdiniz. Həmin sənəddə səfirliklərin açılması nəzərdə tutulurmu?

Cavab: Keçmiş Sovet İttifaqının indi müstəqillik qazanmış müsəlman respublikalarından Səudiyyə Ərəbistanında öz səfirliyini ilk dəfə Azərbaycan açmışdır. Azərbaycanın səfiri Elman Araslı indi burada əyləşmişdir və üc aydan çoxdur ki, ölkənizdə fəaliyyət göstərir. Səfirdən xahiş edirəm ki, ayağa qalxsın, onu görsünlər. Fəxr edirəm ki, keçmiş SSRİ-yə daxil olan ölkələrdən Səudiyyə Ərəbistanında səfirliyi ilk dəfə Azərbaycan açmışdır. Ümidvaram ki, müstəqillik qazanmış digər müsəlman respublikaları da burada öz səfirliklərini acacaqlar.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri də təyin olunmuşdur. Mən Bakıya qayıdan kimi o, öz etimadnaməsini təqdim edəcəkdir. Təəssüf ki, Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri eyni zamanda Azərbaycanda səfir vəzifəsini yerinə yetirəcəkdir. Mən isə istərdim ki, Azərbaycanda Səudiyyə Ərəbistanının müstəqil səfiri olsun. Səudiyyə Ərəbistanı səfirliyinin Azərbaycanda fəaliyyət göstərməsi üçün prezident kimi mən hər cur şərait yaradacağam.

Sual: Hörmətli prezident, mənim bildiyimə görə, Dağlıq Qarabağ məsələsi Kəraçidə ilk dəfə olaraq İslam Konfransı Təşkilatının gündəliyinə daxil edilmişdir. Bu yaxınlarda Tunisdə İslam dövlətləri xarici işlər nazirlərinin növbəti görüşü olacaqdır. Azərbaycan həmin görüşdə iştirak edəcəkmi və əgər edəcəksə, həmin məsələ ilə bağlı həqiqəti bildirəcəkmi və müəyyən bir qərar layihəsi təqdim edəcəkmi?

Cavab:  İslam dövlətlərinin keçirdikləri hər bir tədbirdə Azərbaycanın nümayəndələri iştirak edəcəklər, buna heç kəsin şübhəsi olmasın. Xarici işlər nazirlərinin Tunisdə keçiriləcək görüşündə Azərbaycan xarici siyasət idarəsinin başçısı Həsən Həsənov iştirak edəcəkdir. O, indi burada əyləşmişdir. Ancaq sizdən xahiş edərdim ki, sizin qəzetiniz və başqa qəzetlər Tunisdə olacaq həmin görüşdə bu məsələnin müzakirə edilməsinə və qəti qərar qəbul olunmasına kömək etsinlər. Biz öz təkliflərimizi, layihəmizi təqdim edəcəyik. Ancaq arzu edərdim ki, İslam dövlətlərinin hamısı həmin təkliflərin həyata keçirilməsi üçün səy göstərsin.

Sual: Ermənistan ilə Azərbaycan arasındakı müharibə necə ildir davam edir. Bu müddətdə İslam dünyasından nə kimi kömək görmüsünüz?

Cavab: Az-çox kömək görmüşük. Ancaq qeyri-islam dövlətlərinin Ermənistana etdikləri yardım qədər İslam dövlətləri Azərbaycana kömək göstərsəydilər, biz erməni silahlı qüvvələrini ərazimizdən çoxdan qovaraq torpaqlarımızı azad etmişdik.

Sual: Səudiyyə Ərəbistanından hər hansı şirkət və ya biznesmen Azərbaycana kapital qoymuşdurmu və ya belə qərara gəlmişdirmi?

Cavab: Mənə məlumat verdilər ki, belələri yoxdur. Səudiyyə Ərəbistanına səfərimin bir məqsədi də odur ki, müstəqil Azərbaycan Respublikasının qapıları bu ölkə üçün açıq olsun. Hamını Azərbaycana dəvət edirəm.

Hamınıza təşəkkürümü bildirirəm. Siz mətbuat nümayəndələrini də Azərbaycana dəvət edirəm ki, gəlib ölkəmizdə bilavasitə tanış olasınız və Azərbaycan haqqında həqiqəti ərəb ölkələrində, bütün müsəlman dünyasında yayasınız.