Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 19 noyabr 1999-cu il


Heydər Əliyev:  Əziz dostum, qardaşım, icazə verin ATƏT-in İstanbul zirvə görüşünün çox gözəl təşkil olunduğuna və səmərəli iş üçün hər cür şərait yaradıldığına görə Sizə öz təşəkkürümü bildirim.

Süleyman Dəmirəl:  Bu görüşün yüksək səviyyədə keçməsi məni də çox məmnun etdi.

Heydər Əliyev: Hörmətli cənab prezident! İcazə versəniz qardaş Türkiyədə bu gün baş vermiş dağıdıcı zəlzələ zamanı minlərlə adamın həlak olmasından bir daha kədərləndiyimi bildirim. Bu fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün Türkiyə hökuməti tərəfindən görülən tədbirləri yüksək qiymətləndirirəm. Mən Türkiyənin ATƏT-in növbəti sammitinin ev sahibi olmasından, zirvə görüşünün Türkiyədə keçirilməsindən, qəbul edilən əsas sənədlərin birinin İstanbul Xartiyası adlandırılmasından iftixar hissi duyuram. Bununla yanaşı, mən İstanbul bəyannaməsini də böyük əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndirirəm. Mən həmçinin Bakı-Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının inşası barədə sənədlərin imzalanması münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sözsüz ki, ölkələrimizin iqtisadi tərəqqisi yolunda bu layihələr əvəzsiz rol oynayacaqdır.

Süleyman Dəmirəl: Bakı-Ceyhan boru kəmərinin tikintisi barədə müqavilənin imzalanması münasibətilə mən də Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi üçün, əziz dostum və qardaşım, Sizin xüsusi rolunuzu, ardıcıl səylərinizi və əzmkarlığınızı yüksək dəyərləndirirəm.

Heydər Əliyev: Çox sağ olun, cənab prezident.

Süleyman Dəmirəl: Bunu da demək istərdim ki, Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.