Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli Dövlətlər başçılarının şərəfinə təşkil olunmuş ziyafətdə nitqi - Daşkənd, 21 oktyabr 1996-cı il


Hörmətli dövlət başçıları, möhtərəm xanımlar və cənablar!

Bu gün yeddi müstəqil dövlətin bütün nümayəndə heyətlərinin üzvləri və prezidentləri Özbəkistan Respublikasının pre­zidenti, hörmətli dostumuz İslam Kərimovun qonağıdırlar. Biz tarixi köklərimizlə, mədəniyyətlərimizlə, iqtisadi əlaqələrimizlə və ölkələrimizə aid digər problemlərlə bağlı bir çox məsələləri müzakirə edərək, dostluq gecəsinə toplaşmışıq.

Özbəkistan Respublikasının prezidenti səhərdən bəri öz qonaqlarına özbək xalqına xas olan son dərəcədə yüksək qonaqpərvərlik, mehribanlıq və səmimilik göstərir, buna görə də biz özümüzü evimizdəki kimi hiss edirik. Bu gözəl salonda - yeri gəlmiskən, məlum olduğu kimi, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun iradəsi ilə qısa müddətdə tikilmiş salonda əyləşmək bizə nə qədər xoş olsa da, görünür, bu gün ayrılmalıyıq, çünki sabah səhər tezdən çox mühüm işlə məşğul olacaq, özbək xalqının və bütün türk xalqlarının görkəmli oğlu Əmir Teymurun 660 illiyi münasibətilə yubiley şənliklərində iştirak edəcəyik. Buraya toplaşmış prezidentlərin, müstəqil dövlətlərin prezidentlərınin tapşırığı ilə mən türkdilli dövlətlərin Zirvə toplantısının işi əla təşkil olunduğuna görə ən əvvəl, Özbəkistan Respublikasının prezidenti İslam Kərimova dərin minnətdarlığımızı ifadə etmək istəyirəm.

Bu gün bu barədə danışıldı, lakin indi, günün belə xoş, mehriban, yaxşı ovqatla başa çatdığı bir vaxtda cəsarətlə demək olar ki, bu Zirvə toplantısının uzun ömrü, böyük perspektivi var və biz yeni nailiyyətlərin şahidi olacağıq. Şübhəsiz ki, bir ildən sonra biz Qazaxıstan paytaxtında toplaşarkən bu pillə ilə daha yüksəyə qalxacağıq. Bu da qanunauyğundur, bu da ədalətlidir. Bu, türkdilli dövlətlərin, türkdilli xalqların tarixi irsinin ləyaqətinə müvafiqdir. Bu, müasir dünyada ölkələrimizin, xalqlarımızın tutduqları mövqeyə uyğundur.

Hesab edirəm ki, biz hamımız bugünkü gündən, işimizdən və türkdilli dövlətlərin Zirvə toplantısının nəticələrindən razı qala bilərik. Özbək torpağına qədəm qoyduğumuz andan əhatə olunduğumuz dostluq mühiti, səmimilik mühiti, xeyirxahlıq mühiti təbii ki, uğurlu iş üçün əlverişli şərait yaradır. Qeyd edirəm, bütün bunlarda Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun böyük xidməti var.

Özbəkistan böyük imkanları, böyük ərazisi, böyük miqdarda əhalisi, böyük təbii ehtiyatlan, ən başlıcası isə istedadlı xalqı, əməksevər xalqı, öz dövlət müstəqilliyini qiymətləndirən, bunu möhkəmlətməyə və inkişaf etdirməyə çalışan xalqı olan respublikadır.

Biz özbək torpağında böyük dəyişikliklərin, böyük müsbət dəyişikliklərin şahidiyik. Bu, bizi qardaşlar kimi, dostlar kimi sevindirir. Mən bu gün, 13 ildən sonra yenidən burada olarkən ətrafda gördüklərimə sevinirəm, bu ab-havaya sevinirəm, bu şəraitə sevinirəm, sevinirəm ki, özbək xalqı azaddır, xoşbəxtdir, azad, müstəqil olduğuna görə, öz taleyinin sahibi olduğuna, gözəl gələcək ümidi ilə yaşadığına görə bütün çətinlikləri aradan qaldırır. Heç bir şübhə yoxdur ki, bu gələcək öndədir, bu gələcək tezliklə başlayacaqdır. Biz hamımız Özbəkistan xalqına, Özbəkistan Respublikasına, onun uğurlarına, nailiyyətlərinə çox böyük hörmət hissi bəsləyir və təbii olaraq, gələcəyə böyük ümidlə baxırıq.

Bu illər ərzində prezident İslam Kərimov çox böyük iş görərək, öz xalqını lazımi yüksəkliyə qaldırmış, xalqını öz müstəqil dövləti ətrafında six birləşdirə bilmişdir. Bu, onun çox böyük xidmətidir və ona dərin hörmətimizin əsasıdır, bir prezi­dent kimi, bir dövlət xadimi kimi, bir dost kimi və bir yoldaş kimi ona böyük ehtiramımızdır.

Mən Özbəkistanm şərəfinə, özbək xalqının şərəfinə, özbək xalqının gələcək uğurları şərəfinə, özbək xalqının tərəqqisi şərəfinə, dostluğumuz şərəfinə, birliyimiz şərəfinə, türkdilli dövlətlərin daha sıx birləşməsi şərəfinə Daşkənd bəyannaməsinin əməli surətdə həyata keçirilməsi şərəfinə, özbək torpağının, bu müqəddəs torpağın şərəfinə, bu xalqın şərəfinə, özbək xalqının layiqli oğlunun - Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun şərəfinə badə qaldırıram.