Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə görüşdən sonra bəyanatı - 12 mart 2001-ci il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezər!

Hörmətli dostlar, qardaşlar!

Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram, Azərbaycan xalqının ən xoş arzularını sizə çatdırıram.

Hörmətli cənab Prezident!

Məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm və bu səfəri Azərbaycan–Türkiyə əlaqələrinin daha da inkişaf etməsi üçün çox əhəmiyyətli hesab edirəm.

Hörmətli Prezident, Siz bizim burada görəcəyimiz işlər haqqında məlumat verdiniz. Ona görə də mənim bütün bunları təkrar etmək fikrim yoxdur. Ancaq bunu bildirmək istəyirəm ki, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr indiyə qədər dostluq, qardaşlıq əlaqələri olubdur və bundan sonra da belə olacaqdır. Bizim əlaqələrimizin təməli budur və bunun əsasında iqtisadi, ticarət, elm, mədəniyyət və başqa sahələrdə olan əməkdaşlıqlardır. Bunların hamısı indi, demək olar ki, yüksək səviyyədədir. Ancaq bu əlaqələr bundan sonra daha da yüksəlməlidir. Ona görə də biz buraya gəlməklə həm Türkiyə–Azərbaycan dostluğunun, qardaşlığının bizim üçün çox əhəmiyyətli olduğunu bir daha nümayiş etdiririk. Eyni zamanda ölkəmizin daha da birgə işbirliyinin inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülməsini istəyirik. Mənim buradakı səfərim üçün tərtib olunmuş proqram bunların hamısına imkan verir. Ona görə də mən çox məmnunam ki, qarşımızda duran bütün vəzifələrin yerinə yetirilməsi üçün biz mümkün olan işləri görəcəyik.

Cənab Prezident, təbiidir, Sizin dediyiniz mövzuların hamısı – həm Bakı–Ceyhan əsas ixrac neft kəmərinin inşası, həm Azərbaycan qazının Türkiyəyə ixrac edilməsi və iqtisadi, ticarət əlaqələri bizim üçün çox əhəmiyyətlidir. Ancaq bizim üçün ən vacib və ən əhəmiyyətli olan Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi məsələsidir. Bu həm Türkiyə, həm Azərbaycan, həm də bütün Qafqaz ölkələri üçün çox əhəmiyyət kəsb edir. Azərbaycan üçün bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycan artıq 12 ildir Ermənistan ilə hərbi münaqişədədir. Bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri müəyyən səbəblərdən Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal olunmuş bu torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlılar zorla çıxarılıb, didərgin düşübdür və indi onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Hörmətli cənab Prezident!

Siz Bakıda olarkən respublikamızın paytaxtında yerləşmiş bir qrup köçkünün vəziyyətini özünüz gördünüz. Amma siz gördüyünüz hamısından yaxşısı idi. Çadırlarda yaşayan qaçqınların vəziyyəti onlardan qat-qat pisdir. Ona görə də Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması məsələsi bizim qarşımızda duran əsas məsələdir. Neçə illərdir ki, Türkiyə ilə Azərbaycan bu sahədə sıx əməkdaşlıq edir. İndiki mərhələdə bu münaqişənin sülh yolu ilə həll olunması istiqamətlərini müəyyən etmək üçün bizim Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti, hökuməti ilə danışıqlar, məsləhətləşmələr aparmağa çox böyük ehtiyacımız vardır. Mən çox ümid edirəm ki, bizim buradakı görüşlərimizdə, danışıqlarımızda bu, əsas yer tutacaqdır. Biz bu məsələni həll etmək üçün Türkiyədən lazımi dəstəklər alacağıq.

Cənab Prezident, məni bu rəsmi səfərə dəvət etdiyinizə görə bir daha Sizə minnətdarlıq edirəm. Bütün qardaş, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Təşəkkür edirəm.