Azərbaycan Prezidenti Heydər Əliyevin Mustafa Kamal Atatürkün Çankaya köşkündəki ev-muzeyinin xatirə kitabına ürək sözləri - 24 may 1999-cu il


... Cənab prezident Mustafa Kamal Atatürk 56 illik ömrünün xeyli hissəsini bu binada yaşamışdır. 1921-ci ilin əvvəllərində bu bina Atatürkə hədiyyə edilmişdir. Mustafa Kamal Atatürk bu binanı türk ordusunun balansına vermiş və onu "Ordu köşkü" adlandırmışdır. 1924-cü ildə memar Məhmət Vədat bu binaya bəzi əlavələr etmişdir. Həmin köşkdən 1932-ci ilin iyun ayına qədər Türkiyə Respublikasının ilk prezident iqamətgahı kimi istifadə olunmuşdur. Türkiyə Cümhuriyyətinin tarixində mühüm yer tutan bu bina yeni köşk tikiləndən sonra muzeyə çevrilmişdir.

Heydər Əliyev: Bu çox düzgün və dövlət əhəmiyyətli addımdır. Burada nümayiş etdirilən orijnal eksponatlar, çox ustalıqla yaradılmış əsərlər, nəfis şəkildə hazırlanmış əşyalar çox maraqlıdır, çünki onların hər biri Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün əziz xatirəsini yaşadır.

***

Muzeyin xatirə kitabına yazdığı ürək sözləri:

"Böyük Mustafa Kamal Atatürkün ev muzeyini qürur hissi ilə ziyarət etdim. Bu mənim üçün tarixi hadisədir.

Muzey Atatürkün həyatının nə qədər sadə və nə qədər də mənalı, zəngin olduğunu gözəl əks etdirir. Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti ona Abidə kimi yaşayır. Türk xalqına uğurlar olsun.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.