İstanbulda Türkiyənin iş adamları ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 15 oktyabr 2002-ci il


Türkiyənin 9-cu prezidenti, əziz dostum-qardaşım, hörmətli Süleyman Dəmirəl!

Hörmətli nazirlər!

Dəyərli iş adamları!

Xanımlar və cənablar!

Sizin hamınızı səmimi qəlbdən salamlayıram və Türkiyədə başqa bir məsələ ilə əlaqədar olduğum halda burada, "Çırağan" sarayında Türkiyənin dəyərli iş adamları ilə görüşümdən həddən ziyadə məmnun olduğumu bildirmək istəyirəm.

Bilirsiniz ki, mən İƏT təşkilatının zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə, İstanbula gəlmişəm. Biz dünən çox iş gördük, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezərin sədrliyi ilə İƏT-in VII zirvə görüşü öz işini apardı və tamamladı. Türkiyə hökuməti İƏT-in növbəti zirvə görüşünə sədr seçildi, İƏT-ə başçılıq edəcəkdir. Ümidvaram ki, Türkiyə Cümhuriyyəti İƏT-ə çox böyük önəm verdiyinə görə təşkilat gələn illərdə ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində yeni uğurlar qazanacaqdır.

Mən ayrıca olaraq hörmətli prezident Əhməd Necdət Sezərlə görüşdüm, Türkiyə-Azərbaycan əlaqələri haqqında və onun daha da inkişaf etdirilməsi haqqında geniş söhbət apardıq. Hər dəfə olduğu kimi, bu dəfə də bizim görüşümüz dostluq, qardaşlıq, mehribanlıq şəraitində keçdi. Mən bu işləri qurtarandan sonra yeni bir işə başlamışam. Burada siz mənə yardımçı olduğunuza görə təşəkkür edirəm.

Mən buraya gələrkən bildirmişdim ki, Türkiyənin iş adamları ilə görüşmək arzusundayam. Keçən dəfə prezident Əhməd Necdət Sezər Bakıda olarkən danışdığım zaman ona bildirmişdim. Mənim bu arzum qəbul edilmişdir və çox məmnunam ki, bu işin təşkilatçıları, bizim gözəl insanlarımız, dostlarımız çox çalışıblar, yaxşı bir görüş hazırlayıblar.

Burada yaxşı çıxışlar söylənildi. Hörmətli Süleyman Dəmirəl, hər dəfə olduğu kimi, çox geniş, dərin mənalı, çox əhəmiyyətli çıxış etdi. Əziz dostum, Azərbaycan haqqında, Azərbaycanın artıq 11 ildir keçdiyi əziyyətli müstəqillik yolu haqqında, bu yolda əldə etdiyimiz uğurlar haqqında, şəxsən mənim fəaliyyətim haqqında xoş sözlərə görə, izahatlara görə sizə təşəkkür edirəm. Bildirmək istəyirəm, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan öz dövlət müstəqilliyini qoruyacaq, saxlayacaq, möhkəmləndirəcək, inkişaf etdirəcək və demokratik olacaqdır.

Bu yolda biz həmişə dost, qardaş Türkiyə Cümhuriyyəti ilə, türk xalqı ilə bir yerdə olmuşuq. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Türkiyə ilk olaraq bu müstəqilliyi tanımışdır. Biz yenicə doğulmuş bir cocuq, bəbə kimi hələ ayaqlarımızı ata bilmirdik, ancaq Türkiyə bizim qolumuzdan tutmuşdu, bizə yardım etmişdi və öz təcrübəsini bizə göstərmişdi. Mən bunu dəfələrlə demişəm, böyük Atatürkün yaratdığı Türkiyə cümhuriyyətinin keçdiyi tarixi yol, əldə etdiyi nailiyyətlər Azərbaycan üçün həmişə örnək, nümunə olubdur. Biz çalışmışıq ki, bundan səmərəli istifadə edək və ölkəmizi yeni bir müstəqil yol ilə aparaq. Biz buna nail ola bilmişik.

Burada hörmətli Süleyman Dəmirəl dedi, bizim qarşımızda çox çətinliklər də olmuşdur, çevriliş cəhdləri də olmuşdur, Azərbaycanda vətəndaş müharibəsi də olmuşdur. Azərbaycan parçalanırdı. Ancaq xalqımız öz iradəsini göstərdi və biz bunların hamısının qarşısını aldıq. İndi Azərbaycan rahat bir yola çıxıbdır. Doğrudur, bizim problemimiz var. Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan torpaqlarının işğal olunması problemi var. Bu, başqa bir problemdir. Amma belə bir ağır problemi olmağına baxmayaraq, Azərbaycan böyük iqtisadi inkişaf yoluna çıxmış və inkişaf etmişdir.

Burada bizim Türkiyə tərəfindən çıxış edən dostlarımız, bizim iqtisadi inkişaf nazirimiz və xüsusən hörmətli Süleyman Dəmirəl əldə etdiyimiz nailiyyətlər haqqında danışdılar. Mən bu barədə vaxt almaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, biz çox çətin bir şəraitdə nailiyyətlər əldə etmişik.

İndi Azərbaycan inkişaf edən bir ölkədir. İqtisadiyyatı inkişaf edir. Təbiidir, Azərbaycanın böyük problemləri var. Birincisi Dağlıq Qarabağ problemidir. Torpaqlarımızın 20 faizi işğal altındadır. 8 ildən çoxdur ki, atəşkəs şəraitində yaşayırıq.

Hələ ki, müharibə yoxdur. Ancaq sülh, barışıq da yoxdur. Bir milyondan artıq vətəndaşımız qaçqındır, köçkündür, çadırlarda yaşayır. Onlar işləyə bilmirlər, iş yerləri yoxdur. Biz onları yaşatmalıyıq. Amma çadırda yaşamaq nə qədər çətindir - bunu bilirsiniz. İki-üç il bir hadisə ilə əlaqədar çadırda yaşamaq olar.

Amma 10-11 il çadırda yaşamaq... İndi bizdə uşaqlar var, çadırlarda doğulub, böyüyüb, çadırda məktəbə gedirlər. İnsanlar çadırda evlənir, ailə qururlar. İnsanlar çadırda həyatdan gedirlər. Bilirsiniz nə qədər ağır, çətin şəraitdə yaşayırlar. Ancaq dözürlər. İnanırlar ki, məsələ sülh yolu ilə həll olunacaqdır.

İndi vaxt yoxdur, bu, böyük bir məsələdir, bu barədə demək istəmirəm. Bu, çox çətindir. Ermənistan bizim torpaqlarımızı işğal etdiyinə görə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyir. Biz isə öz qədim torpaqlarımızı itirə bilmərik. Onlar işğal etdikləri torpaqları azad etmirlər. Dünyada bir ölkə yoxdur, bir beynəlxalq təşkilat yoxdur ki, bu məsələni ədalətlə müzakirə etsin, desin ki, sən günahkarsan, sənin başqa ölkənin torpağını işğal etməyə haqqın yoxdur, sən buradan çıxmalısan.

Prezident kimi mənə deyirlər ki, gedin Ermənistanın prezidenti ilə danışın, razılaşın. Bunu Amerika da deyir, Rusiya da deyir, Fransa da deyir, ATƏT də deyir, Türkiyə də deyir, Avropa Birliyi də deyir. Hamısı deyir ki, onlarla razılaşın, hansı razılığı əldə etsəniz, biz də ona razı olacağıq, bu işdə sizə kömək edəcəyik. Mən razılaşa bilmirəm. Çünki niyə? O, torpaqları işğal edib məndən tələb edir. Əvvəla, onun tələbini yerinə yetirə bilmirəm. Bəs nə olsun? Müharibə edək?! Artıq bizim xalqımızda müharibə əhval-ruhiyyəsi qalxır - gedək müharibə edək, vuruşaq, ya torpaqlarımızı azad edək, ya da məhv olaq. Amma bu da doğru yol deyildir. Baxmayaraq ki, bizim xalqımızda belə fikirlər artıq çox geniş yayılıbdır. Mən bir cümhur başqanı kimi bunu məqbul hesab etmirəm, bunun qarşısını alıram. Amma təsəvvür edin, belə şəraitdə yaşamaq nə qədər çətindir.

Bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf edir. Bu inkişafda da Türkiyə ilə bizim iqtisadi əlaqələrimiz həmişə xüsusi yer tutubdur. İlk illərdə biz özəl sektor nədir bilmirdik, başqa şeylər bilmirdik. Biz 70 il kommunist rejimində yaşamışıq. Hər şey ümumi, dövlətin idi, şəxsi mülkiyyət ola bilməzdi. Ona görə də biz bir neçə il ağır fikirləşmə yolu ilə gedirdik. Çoxları deyirdi ki, yox, onu dəyişdirmək olmaz. Onu dəyişdirsəniz, hər şey batacaqdır. Mən isə düşünürdüm, yox, risk etmək lazımdır, dəyişdirmək lazımdır. Hələ 1995-ci ildə mən torpaq islahatı keçirirdim. Ondan iki il sonra torpağı kəndlilərə payladım, bütün heyvanları payladım. Kolxozları, sovxozları dağıtdım. İlk il çətinliklər oldu. İndi bizdə aqrar sektor, kənd təsərrüfatı çox inkişaf edibdir. Biz özümüzü taxılla təmin edirik. Əti, südü, başqa şeyləri əvvəllər Rusiyadan gətirirdik. İndi hamısı Azərbaycanda var. Azərbaycanın kəndində özəl sektor inkişaf edir.

Biz özəlləşdirmə keçirdik. Ticarət tamamilə özəl sektordadır. İndi Azərbaycanda ticarət çox gözəldir. Sizin mağazalarda olan şeyləri gedib orada da ala bilərsiniz. Sizdə nə yoxdursa, gəlin oradan alın. Ticarət özəl oldu, nəqliyyat da belə oldu. Qısa bir zamanda böyük dəyişikliklər əldə etdik.

Süleyman bəy elektrik şəbəkəsindən danışdı. Burada "Barmek" şirkətinin rəhbəri oturubdur. Siz bəzi şeyləri bilmirsiniz. Biz elektrik enerjisini hasil edirik, insanlara veririk, pulunu ala bilmirik. Biz özümüz 6 milyard kubmetr qaz hasil edirik. 4 milyard kubmetr Rusiyadan alırıq.

Əhaliyə, insanlara qaz veririk, amma pulunu ala bilmirik. Pulunu vermirlər. İndi təsəvvür edin, biz dövləti nə cür saxlayırıq. Çox sağ olsun, Hüseyn Arabul gəldi dedi ki, mən bu ağır işi götürəcəyəm. Mən dedim, bu, çox ağırdır, ola bilər, sonra qaçdı. Amma hələ ki, qaçmayıbdır və görürəm, hələ qaçmayacaqdır. "Bakıelektrikşəbəkə"ni ona verdik. Çox çətin işlədir. Ancaq indi satılan enerjinin 49 faiz dəyəri ödənilir. Amma biz 8-10 faiz yığa bilirdik.

İndi "Sumqayıtelektrikşəbəkə"ni götürübdür. Sonra nə iş görəcəksən, 3 ildə 80 faizə çatdıracaqsan? Çox yaxşı, təşəkkür edirəm.

Bax, budur, Türkiyə şirkətinin, türk iş adamının Azərbaycanda ölkəmiz üçün gördüyü çox önəmli iş. Bəlkə Türkiyə iş adamlarının Azərbaycanda indiyə qədər gördüyü işlərdən ən önəmli budur. Çünki bilirsiniz, nə qədər elektrik enerjisi işlədirik. Bakı böyük şəhərdir. İki milyon əhalisi var. Bizdə metropoliten işləyir, başqa şeylər var. Nə qədər elektrik enerjisi gedir, bizim nə qədər vəsaitimiz gedirdi. İndi isə büdcəyə nə qədər vəsait gələcəkdir. Güman edirəm ki, belə iş adamları Azərbaycana bundan sonra daha da çox gələcəkdir. İndiyə qədər Azərbaycana gələn adamlar çox iş görüblər. Onların hamısına təşəkkür edirəm. Əgər bu işlər olmasaydı, indi Azərbaycanda, məsələn, inşaat, ticarət və digər şeylər bu səviyyədə ola bilməzdi. Ancaq mən istərdim ki, Türkiyənin iş adamları gəlib istehsala sərmayə qoysunlar.

Bir şey istehsal edək. Mən çox məmnunam ki, hörmətli Sabançı bizim bu məclisdədir. Mən buraya çox gəlib-gedirəm, amma onu az görürəm. Onu görməyə çox çalışıram. Ancaq bir dəfə deyirlər Sabançı Amerikadadır, bir dəfə deyirlər İngiltərədədir, mən onu görə bilmirəm. İndi Allah nəsib edib ki, burada görüşmüşük, bir yerdə oturmuşuq. Amma o, Azərbaycana heç ayağını qoymayıbdır.

Hörmətli Sabançı, indi mən bu insanların yanında, televiziyanın qarşısında sizə müraciət edirəm. Birincizi, siz mənim şəxsi qonağım, dostum kimi Azərbaycana gəlin. Azərbaycana baxın, görün. Heç bir iş görməsəniz də, gəlin, orada görünün.

Beləliklə, indi Türkiyə-Azərbaycan iqtisadi əlaqələri bu yerə gəlib çatıbdır. Biz bu mərhələyə gəlmişik. O xırda işlər, məsələn, restoranlar, mağazalar, inşaatdır - bunlar hamısı çox yaxşıdır. Bizə çox yardım etdi və hərtərəfli mənfəət götürdük. İş adamları da mənfəət götürdü, Azərbaycan da bir çox şeyləri öyrəndi. Bizim inşaatçılar Türkiyədən gələn inşaat şirkətlərindən çox şey öyrəndilər. İndi öyrəniblər, özləri şəhərdə 20 mərtəbəli evlər tikirlər. Bu, böyük hadisədir və bizim əməkdaşlığımızın, dostluğumuzun nəticəsidir. Amma bundan sonra daha geniş iş görmək lazımdır.

Bizim neft sektorunda gördüyümüz işlər haqqında burada danışıldı. Çox məmnunam ki, hörmətli Süleyman Dəmirəl də bu barədə danışdı və nə qədər əhəmiyyətli olduğunu dedi. Ancaq bir neçə kəlmə demək istəyirəm.

Mən 1994-cü ildən Türkiyəyə gəlirəm. Türkiyəyə hər dəfə gələndə hamı mənə sual verirdi: Bakı-Ceyhan, Bakı-Ceyhan. Mən özüm də Bakı-Ceyhanı düşünürdüm. Amma bilirdim ki, Bakı-Ceyhanı həyata keçirmək nə qədər çətin işdir. İndi isə Bakı-Ceyhanı soruşmurlar. Heç kəs soruşmur. Çünki Bakı-Ceyhan var.

Ancaq bilməlisiniz, mən Bakı-Ceyhan üçün çox ağır yollardan keçdim. Bağışlayın, bəlkə də yükün çoxu mənim üstümə düşdü. Mən idim bu işi aparan, mən idim bu işi görən. Mən Amerika, Avropa neft şirkətlərinə sübut etməliydim ki, Bakı-Ceyhanı həyata keçirmək lazımdır. 1994-cü ildə "Əsrin müqaviləsi"ndə bu, göstərilmişdi, imzalanmışdı. Amma biz sonra Bakı-Supsa ixrac boru xəttini tikdik. 1999-cu ildən indiyə qədər Bakı-Supsa ilə təxminən 25 milyon ton neft ixrac olunubdur. Şirkətlər dedilər ki, Bakı-Ceyhan çox baha olacaq, çətin olacaq, gəlin Bakı-Supsanı genişləndirək və nefti Bakı-Supsa vasitəsilə göndərək. Mən dedim, olmaz.

Hörmətli Süleyman bəylə danışdım, dedim siz bildirin ki, tankerləri Bosfordan daha buraxmayacaqsınız. Yoxsa Bakı-Supsanı genişləndirəndə yenə də Bosfordan keçməlidir. Bosfordan nə qədər keçər? Bizim məqsədimiz o idi ki, bu boru xətti Türkiyədən keçsin, Ceyhana getsin, tankerlər daha dənizdən keçməsin, Bosfordan keçməsin, gəlib nefti Ceyhandan götürsünlər. Mənim bu mübarizəm həmin Qərb şirkətləri ilə, hansılar ki, pulu, hər şeyi qoyurlar, onlarla idi. Onlar öncə deyirdilər ki, olmaz. Bakı-Novorossiysk kəməri var, oradan nəql edək. Ondan da qurtardıq. Sonra dedilər ki, pul yoxdur. Pul da tapdıq, filan etdik və 1998-ci ildə Türkiyə Cümhuriyyətinin 75-ci ildönümündə Ankarada bəyannaməni imzaladıq. Türkiyə Cümhuriyyəti, Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Qazaxstanı da qatqıd və bəyannamə imzaladıq. Ondan sonra, 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbuldakı zirvə görüşündə cümhur başqanı Süleyman Dəmirəl, cümhur başqanı Eduard Şevardnadze, cümhur başqanı Nursultan Nazarbayev, cümhur başqanı Heydər Əliyev son olaraq sazişi imzaladıq. Amerikanın cümhur başqanı Bill Klinton da ona öz imzasını qoydu. Ondan sonra biz bu işləri apara bildik.

Artıq indi inşaata başlamışıq. Mən çox məmnunam ki, "Botaş" şirkəti Türkiyədə inşaatı başlayıbdır. Bizim şirkətlər də - həm Azərbaycan ərazisində, həm də Gürcüstan ərazisində işə başlayıbdır. Düşünürəm ki, 2004-cü ildə olmasa da, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan tamam olacaq və biz Ceyhan limanında gedib Azərbaycan neftinin oraya çatmasını görəcəyik.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri barədə. Öncə heç kəsin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər təbii qaz olacaq və biz onu çıxaracağıq. Amma bu da oldu və anlaşmaları yenə burada imzalamışıq. İş gedir. Bir az problemlər var, bir balaca gecikir. Türkiyə tərəfdə problemlər var. Bizim şirkətlərdə də - yəni bizim deyəndə, oradakı şirkətlərin hamısı Avropanın, Amerikanın şirkətləridir - problemlər var. Ancaq onları da həll edəcəyik və güman edirəm ki, 2006-cı ildə də "Şahdəniz" qaz yatağından qaz Ərzuruma çatacaqdır və Türkiyə ondan istifadə edəcəkdir.

Biz bu qədər böyük işlər görmüşük. Bunlar təkcə iqtisadi məsələ deyildir. Bunlar bizim ölkələrimizi polad tellərlə bir-birinə bağlayır. Bu, bizim təhlükəsizliyimizi təmin edir. Bu, bizim daim bir yerdə olduğumuzu göstərir. Bakı-Tbilisi-Ceyhan 10, 20 il üçün deyil, 100 illər üçündür. Bilin ki, Xəzər dənizində neft hələ XXII əsrədək olacaqdır. İndi görün, nə qədər vaxt üçün biz belə layihələr hazırlamışıq. Ona görə bizim bu işlərimiz, təbiidir ki, başqa işlərimiz də çox yüksək qiymətə layiqdir. Ancaq bu işlər böyük işlərdir.

Biz çalışmalıyıq ki, hər bir iş adamına, Türkiyənin iş adamına Azərbaycanda imkan yaradaq ki, gəlib iş görsünlər. Amma indi rəqabət daha da artıbdır. Əgər beş il bundan qabaq belə bir rəqabət yox idisə, indi rəqabət var. Çünki iş görmək istəyənlər çoxdur. Şərq ölkələrindən, Qərbdən gələnlər çoxdur. Azərbaycanın öz yerli iş adamları artıq yaranıbdır, onlar iş görürlər. Bu rəqabət nəticəsində iş almaq lazımdır. Mən istərdim ki, Türkiyənin iş adamları bunu da nəzərə alsınlar.

Bilirsiniz, Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı ancaq iqtisadi əlaqələrlə bağlı deyildir. Bizim dostluğumuzun, qardaşlığımızın dərin kökləri var. Bizim xalqlarımız qədimdən birdir, bəli, biz bir millət, iki dövlətik. Ona görə də bizim dərdimiz birdir, bizim sevincimiz birdir, qəmimiz, kədərimiz birdir, bayramımız birdir - hamısı birdir.

Türkiyə qüdrətli bir dövlətdir. Dünyanın böyük dövlətlərindəndir. Türkiyə demokratik dövlətdir və demokratiyanı müsəlman aləmində inkişaf etdirən ilk dövlətdir. Türkiyənin böyük iqtisadi potensialı var. Türkiyənin güclü ordusu var. Türkiyə bizim üçün dayaqdır, arxadır. Mən inanıram ki, Türkiyə bundan sonra da böyük öndər Atatürkün yolu ilə gedərək böyük nailiyyətlər əldə edəcəkdir. Əmin ola bilərsiniz ki, Azərbaycan daim Türkiyənin yanında olacaqdır. Azərbaycan bir müstəqil dövlət kimi demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf edəcəkdir, inkişaf etmiş dövlətlər səviyyəsinə qalxacaqdır. Bu da Türkiyə-Azərbaycan dostluğunu bir-birinə daha da bağlayacaqdır. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, dönməzdir, sarsılmazdır.

Yaşasın, Türkiyə Cümhuriyyəti!

Yaşasın, türk xalqı!