Azərbaycan Prezidenti Heydər Əliyevin BMT-nin Qaçqınlar üzrə ali komissarı Sadako Oqatanı qəbul edərkən söhbətindən - 9 sentyabr 1999-cu il


Heydər Əliyev: Gənc müstəqil dövlət kimi Azərbaycanın problemləri çoxdur. Bu problemlərin də bir çoxunun həll olunması Birləşmiş Millətlər Təşkilatı ilə əlaqədardır. Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın bütün dövlətlərinin təşkilatıdır. Ona görə də hər bir dövlətin Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələri və əməkdaşlığı var. Amma müstəqilliyini son zamanlarda əldə etmiş gənc dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa ehtiyacı daha da artıqdır. Bunların içərisində isə o ölkələrdə ki münaqişələr, qaçqınlar var, çox çətin problemlər var, onlar Birləşmiş Millətlər Təşkilatının köməyinə daha da möhtacdırlar.

Siz Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı kimi Azərbaycanda olan vəziyyəti yəqin ki, yaxşı bilirsiniz. Güman edirəm ki, siz son iki gün ərzində burada olduğunuz zaman bu məsələlərlə daha da yaxından tanış olursunuz. Ona görə də mən sizin Azərbaycana gəlməyinizə xüsusi əhəmiyyət verirəm. Sizin Qafqaza səfəriniz, xüsusən Azərbaycana olan ziyarətiniz bizim üçün çox vacib, çox əhəmiyyətlidir. Buyurun, sizi dinləyirəm.

Sadako Oqata: Cənab prezident, Azərbaycanı ziyarət etmək bizim üçün həm xoş, həm də şərəflidir. Bizi qəbul etdiyinizə və göstərilən qonaqpərvərliyə görə Sizə minnətdram. Sizə xüsusilə minnətdarlığımızı bildirmək istəyirəm ki, altı ay bundan əvvəl mənim burada olan nümayəndələrimi qəbul etmisiniz. Buna görə onlar Sizə çox minnətdardırlar.

Biz dünən Sizin baş nazirin müavini tərəfindən müşayiət olunmuşuq və Azərbaycanın bir sıra bölgələrini ziyarət etmişik. Qaçqınlar yaşayan Biləsuvarda, Horadizdə olmuşuq.

Mənim başçılıq etdiyim ofis BMT-də qaçqınlar və ölkə daxilində didərgin düşmüş şəxslərlə məşğuldur. Çox təəssüf ki, dünyanın bu hissəsində də həmin insanlara rast gəlmək olur. Əlbəttə, Qafqaz regionunda, xüsusən Azərbaycanda insanların yerlərindən didərgin düşməsi problemini çox yaxşı dərk edirik. Bu şəxslərin problemlərinin yüngülləşdirilməsi üçün hökumətin göstərdiyi səylərə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik.

Məlumdur ki, bütün bu şəxslər münaqişənin qurbanlarıdır və ona görə də Dağlıq Qarabağ probleminin həll olunması sahəsindəki şəxsi təşəbbüsünüzə görə Sizə minnətdarlığımızı bildirirəm. Bir şeyi dəqiq deyə bilərəm ki, qaçqınlar və yerlərindən didərgin düşmüş şəxslər həqiqətən evlərinə dönmək istəyirlər. Ona görə də minnətdar olardım ki, bütün bu məsələləri müzakirə edərkən siyasi problemlərin həllində onların da maraqlarını nəzərə alasınız. Eyni zamanda, biz onların problemlərinin yüngülləşməsi, həll olunması üçün Sizin hökumətin üzvləri ilə birlikdə səylər göstəririk.

Dünən mənim söhbət etdiyim insanların hamısı öz evlərinə dönmək istəyir. Bu baxımdan, məsələnin həllinin mümkün yolları haqqında Sizin fikirlərinizi bilmək istərdik. Biz isə, öz növbəmizdə, Sizə yardım etməyə hazırıq.

Heydər Əliyev: Siz yəqin ki, burada olduğunuz zaman, respublikanın vəziyyəti ilə tanış olduğunuz müddətdə bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz, xalqımız, dövlətimiz üçün əsas, həlledici bir problemdir. Ermənistanın Azərbaycana torpaq iddiası ilə etdiyi hərbi təcavüz və bunun əsasında yaranmış Dağlıq Qarabağ problemi, sonra isə Ermənistan-Azərbaycan hərbi münaqişəsi artıq 12 ildir Azərbaycanı çox ağır vəziyyətə salıbdır.

Bu dövrdə çox şeylər olub, amma nəticə nədən ibarətdir? Nəticə də ondan ibarətdir ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü pozulub, ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, işğal edilmiş ərazilərdən bir milyona qədər insan yerindən-yurdundan didərgin düşübdür. İşğal olunmuş ərazilərdə 700-dən artıq yaşayış məntəqəsi dağıdılıb, orada olan bütün əmlak dağıdılıb, Azərbaycana həddindən artıq ziyan dəyibdir.

Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz edilib, ancaq Ermənistan dünya birliyi, o cümlədən Birləşmiş Millətlər Təşkilati tərəfindən təcavüzkar kimi tanınmayıbdır. Həmişə çalışıblar ki, bu problemi Azərbaycanın daxili problemi kimi qiymətləndirsinlər. Təbiidir, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əgər Dağlıq Qarabağ ilə Azərbaycan arasında hərbi münaqişə olsaydı, bu, Azərbaycanın daxili problemidir. Amma münaqişə birinci gündən Dağlıq Qarabağla yox, Ermənistanla Azərbaycan arasında başlayıbdır. Münaqişənin əsası Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək haqqında Ermənistanın qəbul etdiyi qərar nəticəsində həyata keçirdiyi hərbi əməliyyatlar olubdur.

Ona görə də biz hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyada olan bütün münaqişələrdən buna görə fərqlidir. Təəssüf ki, böyük dövlətlər, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu məsələyə ədalətli münasibət göstərilməyib, bu münaqişənin mahiyyəti düzgün müəyyən edilməyibdir. Bütün bunların nəticəsində də Ermənistan silahlı qüvvələrinin qarşısı heç bir tərəfdən alınmadığına görə və şübhəsiz ki, Azərbaycan dövlətinin də bir çox günahlarına görə Azərbaycan ərazisinin böyük bir qismi işğal olunubdur.

Əgər Dağlıq Qarabağ Azərbaycanın daxilində muxtar vilayət olduğu halda, Azərbaycanla münaqişəni başlayanda ona heç bir dövlət kömək etməsəydi, onun arxasında Ermənistan kimi dövlət durmasaydı, biz münaqişəni özümüz həll edəcəkdik.

Dağlıq Qarabağda hələ 1988-ci ildə etnik təmizləmə aparılıb və oradakı bütün azərbaycanlılar çıxarılıbdır. Bunu ermənilər ediblər. Azərbaycan dövlətinin daxilində ermənilər muxtar bir vilayətdə ölkənin əsas milləti olan azərbaycanlıları oradan çıxarıblar. Bu problemi Azərbaycan özü həll edə, öz hüquqlarını müdafiə edə bilərdi. Ancaq Ermənistan bu işə qarışmasaydı. Ermənistan bu işə qarışandan sonra, - yəni təcavüzü Ermənistan başlayıbdır, - əlbəttə, Ermənistan, Dağlıq Qarabağ qüvvələri və Ermənistanın arxasında duran, ona dəstək verən, kömək edən başqa qüvvələr hamısı birlikdə Azərbaycanın nəninki Dağlıq Qarabağ vilayətini, həm də onun ətrafındakı yeddi böyük rayonu işğal edib və orada yaşayan sırf azərbaycanlıları öz yerlərindən-yurdlarından didərgin salıblar.

Təəssüflər olsun ki, Birləşmiş Millətlər Təşkilatı bu məsələyə biganə qalıbdır. Doğrudur, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ yox, Laçın, Şuşa, Kəlbəcər və sonra digər rayonları işğal olunarkən bir neçə qətnamə çıxarıbdır. O qətnamələrdə tələb ediblər ki, işğal olunmuş torpaqlar işğalçı qüvvələrdən azad edilsin. Amma Ermənistan nəinki buna əməl etməyib, bu qətnamələrə heç məhəl də qoymayıbdır. BMT -nin Təhlükəsilik Şurası yenə buna biganə qalıbdır.

Beləliklə, dediyim kimi, Azərbaycanda bir milyona qədər qaçqın yaranıbdır. Ona görə mən sizə deyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi və bunun nəticəsində Azərbaycanda yaranmış qaçqınlar, əlbəttə ki, bütün başqa yerlərdəkindən fərqlidir. Bu, bizə keçmişdən qalmış mirasdır. Bizim üzərimizə indi məsuliyyət düşür ki, bu münaqişəni həll edək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edək, işğal olunmuş torpaqlarımızı azad edək. Siz gördüyünüz həmin o insanları, - hansılar ki, yerlərinə qayıtmaq istəyirlər, - öz yerinə-yurduna, evinə qaytaraq.

Bu barədə Azərbaycanın siyasəti yenə də çox doğru-düzgün siyasətdir. Yəni biz birinci növbədə məsələnin sülh yolu ilə həll olunması fikrini irəli sürdük. Müharibəni dayandırdıq və beş ildən artıqdır ki, atəşkəs rejimi şəratində yaşayırıq. Baxmayaraq ki, 6-7 ildir qaçqınlar sizin gördüyünüz həmin düşərgələrdə, çadırlarda yaşayırlar.

1994-cü ilin may ayından indiyə qədər məsələnin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırıq. Bu müddətdə çox iş görmüşük, böyük məsafə qət olunubdur. Xüsusən ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa çox səylər qoyublar. Məsələn, 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün əldə edilmiş sənəd bizi məsələnin sülh yolu ilə həllinə xeyli yaxınlaşdırdı. Ancaq Ermənistan tərəfi ATƏT-in zirvə görüşündə qəbul olunmuş sənəddən imtina etdi, o şərtləri qəbul etmədi. Ona görə də bundan sonra vəziyyət yenə gərginləşdi. Keçən ilin noyabr ayında ATƏT-in Minsk qrupunun işçi qrupu bizə yeni bir variant təqdim edibdir ki, məsələnin həlli üçün "Ümumi dövlət" formulunu qəbul etmək lazımdır. Biz bunu qəbul edə bilmərik. Bunu qəbul etmək Dağlıq Qarabağa müstəqillik vermək deməkdir. Bunu qəbul etmək Azərbaycanın ərazisində ikinci erməni dövləti yaratmaq deməkdir. Şübhəsiz ki, biz bu ədalətsizliyə razı ola bilmərik. Vəziyyət bundan ibarətdir.

Siz gördüyünüz insanlar çox ağır vəziyyətdə yaşayırlar. Siz bir, ya iki düşərgədə olmusunuz. Azərbaycanın ərazisində onlarca belə düşərgə var. Hörmətli xanım, bilirəm, siz bu işlərlə çox illərdir məşğul olursunuz. Təbiidir ki, siz başqa ölkələrdə də qaçqınlar görmüsünüz, onların yaşadığı şəraiti görmüsünüz. Ancaq Azərbaycan qaçqınları kimi dəhşətli vəziyyətdə yaşayanlar inanmıram ki, dünyanın başqa bir yerində var. Bizim də, siz gördüyünüz həmin qaçqınların, köçkünlərin də bir məqsədi var: işğal edilmiş torpaqların azad olunması, onların öz yerlərinə qayıtması.

Mənə söylədilər ki, siz Füzuli rayonunun işğaldan azad edilmiş bir hissəsində olmusunuz. Orada Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının yardımı ilə bəzi bərpa işləri aparılıb, onları da görmüsünüz. Amma eyni zamanda orada dağıdılmış evləri də görmüsünüz, elədirmi? Siz bunları balaca bir dairədə görmüsünüz. Təsəvvür edin ki, Azərbaycan ərazisinin 20 faizində bütün evlər, xəstəxanalar da, məktəblər də, kitabxanalar da, mədəniyyət sarayları da - hamısı belə dağıdılıbdır. Amma təəssüflər olsun ki, dünya ictimaiyyəti, o cümlədən Birləşmiş Millətlər Təşkilatı bu cür barbarlığa, vandalizmə lazımi qədər fikir vermir. Mən niyə belə kəskin deyirəm? Çünki həmişə bizimlə danışanda Ermənistanla Azərbaycanın vəziyyətini eyni səviyyədə tuturlar. Hesab edirlər ki, münaqişə var, günahkar hər iki tərəfdir, gedin münaqişəni həll edin. Ancaq hansı tərəf nə zərər çəkibdir - bunu nəzərə alan yoxdur.

Bu sözləri ki, sizə deyirəm, mənim qəlbimdə acı hissiyyatlar var. Sizə deyirəm biləsiniz ki, biz nə kimi çətin bir dövr yaşayırıq.

Ancaq bunlarla yanaşı, biz ümidimizi itirməmişik, biz nikbinik. Hesab edirik ki, məsələni həll etmək mümkündür və bunun üçün də çalışırıq. Çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Azərbaycan müharibənin, döyüşlərin yenidən başlanmasının əleyhinədir, bunun tərəfdarı deyildir. Baxmayaraq ki, buna əsasımız var, çünki bizim torpaqlarımız işğal olunubdur. Ancaq biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Güman edirəm ki, əgər Birləşmiş Millətlər Təşkilatı, ATƏT, onun Minsk qrupu, dünya birliyindəki başqa təsirli qüvvələr bu münaqişənin həllinə kömək etsələr, biz bunu həll edə bilərik.

Ancaq bir dəqiqəlik nəzərə alaq ki, biz bu gün bunun həll olunması haqqında hansısa qərar qəbul etdik. Təsəvvür edirsinizmi, onun həyata keçirilməsi üçün nə qədər vaxt lazımdır? Bəzi adamlar belə düşünür ki, bu gün qərar qəbul olunacaq, sabah qaçınlar öz yerlərinə qayıdacaqlar. Bu, sadəcə, məsələyə səthi münasibətdir. Bizim qarşımızda duran birinci məsələ problemin sülh yolu ilə həll olunması, işğal olunmuş torpaqların azad edilməsi, ondan sonra o torpaqlarda yaşayış üçün imkan yaradılması, yəni oraların bərpası, sonra isə onların oraya köçüb yaşamasıdır. Yenə də deyirəm, siz Füzulidə olduğunuz zaman bu prosesi gördünüz. O, sadəcə, Azərbaycan ərazisinin kiçik bir hissəsidir.

Ona görə də, şübhəsiz ki, biz əsas məsələnin həllinə nail olmalıyıq. Bundan sonra - ikinci mərhələdə də yardıma çox böyük ehtiyacımız olacaqdır. Amma indi, hələ ki, heç bir məsələ həll olunmayıb, demək, o insanlara yardım etmək lazımdır. Biz indiyə qədər humanitar yardım almışıq. Bunlara görə sizə, Birləşmiş Millətlər Təşkilatına təşəkkür edirəm. Ancaq təəssüflər olsun, bəzən səslər gəlir ki, humanitar yardımlar azaldılsın, yaxud kəsilsin. Bəs bu insanlar necə yaşasınlar?

Mən hesab edirəm ki, bütün bunlara görə siz Azərbaycanı ziyarət edərək, bundan sonra da həm məsələnin sülh yolu ilə həlli barəsində, həm də bu insanların yaşayışını müəyyən qədər normal səviyyədə saxlamaq üçün humanitar yardım göstərilməsi işində bizə kömək edəcəksiniz.

Sadako Oqata: Cənab prezident, çox sağ olun ki, bu problemin tarixi haqqında məlumat verdiniz, məsələnin perspektivləri barədə fikirlərinizi bölüşdünüz. Mən Sizin bütün hisslərinizi tam anlayıram.

Məlum olduğu kimi, biz Azəraycana yardımı 1992-ci ildən başlamışıq. Elə bu zaman Ermənistana da yardım göstərməyə başlamışıq. Məlum olduğu kimi, Ermənistanda da qaçqınlar var. Onların sayı təxminən 250 mindir. Onlar Azərbaycandan Ermənistana qaçmış ermənilərdir. Eyni zamanda Azərbaycanda Ermənistandan qovulmuş 300 minə qədər azərbaycanlı var. Münaqişə davam etdikcə Dağlıq Qarabağdan və onun ətrafından 600 min adam da onlara əlavə olunmuşdur. Gördüyünüz kimi, bunlar çox böyük rəqəmlərdir. Biz əlimizdən gələni edirik ki, qaçqınlara yardım göstərək və bunun öhdəsindən gələk.

Mən tam anlayıram ki, təklikdə bütün bu problemlərin öhdəsindən gəlməyə qadir deyiləm. Çünki qaçqınlar problemindən əlavə, burada hərbi, siyasi problemlər də var və ümumiyyətlə bu, kompleks bir problemdir. Bizim edə biləcəyimiz və indiyədək etdiyimiz bu insanlara müəyyən qədər yardım göstərmək, onların vəziyyətini yaxşılaşdırmağa çalışmaqdır. Lakin bütün bunlar hamısı müvəqqəti addımlardır. Eyni zamanda biz ümidlə yaşayırıq ki, bütün siyasi və hərbi problemlər münaqişəyə qatılmış ölkələrin liderləri tərəfindən həll olunacaqdır. Bu baxımdan Sizin tutduğunuz mövqeyə böyük hörmətim var. Baxmayaraq ki, bütün çətinliklərlə üzləşirsiniz, amma yenə də çalşırsınız ki, məsələni sülh yolu ilə həll edəsiniz.

Əlbəttə, dağıntıların çox böyük olduğunu mən əvvəl də eşitmişdim. Lakin Füzuli rayonuna getdikdən və oradakı dağıntıları öz gözümlə gördükdən sonra bunların nə dərəcədə nəhəng olduğunu təsəvvür edə bildim. İndi anlayıram ki, bunların bərpası, reabilitasiyası çox böyük və gərgin zəhmət tələb edəcəkdir. Lakin deməliyəm ki, əgər siyasi çətinliklər aradan götürülərsə və insanların yenidən öz yerlərinə dönməsi üçün təhlükəsizlik təminatı verilərsə, biz yenə yardım göstərməyə hazır olduğumuzu bildirəcəyik. Zənnimcə, bizim elə bir imkanımız olacaq ki, bütün bu problemləri hansı yollarla həll etmək, hansı üsullardan istifadə etmək üçün bir daha görüşək.

Siyasi baxımdan bütün problemlər həll edildikdən və razılıq əldə olunduqdan sonra Siz təhlükəsizliyi necə təmin etmək fikrindəsiniz? Bütün bu problemlər həll olunana qədər biz Azərbaycanda qalmaqda və yardım göstərməkdə davam edəcəyik. Qaçqınlara və ölkə daxilində yerlərindən didərgin düşmüş insanlara bizim humanitar yardımımıza gəldikdə isə, böyük səbirsizliklə danışıqların başa çatmasını gözləyirik. İndiyədək biz Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə yardım göstərməkdən ötrü 41 milyon ABŞ dolları ayırmışıq. 10 milyon dollar da onlara sığınacaq təmin etməkdən ötrü verilmişdir. Başa düşürəm ki, bu, bəlkə də qənaətbəxş rəqəm deyil, onların bütün problemlərini həll etmir. Lakin hər halda biz bunu etmişik. Eyni zamanda çalışmışıq ki, onların özlərini dolandırması üçün iş yerləri ilə təmin edək. Bu sahədə xüsusilə baş nazirin müavini cənab Həsənova minnətdarlığımı bildirmək istəyirəm, - o da bu istiqamətdə çalışır.

Deməliyəm ki, belə vəziyyət həmişəlik davam edə bilməz. Biz yerlərindən didərgin düşmüş insanların problemlərini tamamilə həll edə bilmərik. Ona görə də bu problemin siyasi cəhətdən həll olunması sahəsində Sizin göstərdiyiniz səyləri, təşəbbüsünüzü xüsusi qiymətləndirir və bu yolda Sizə hər cür uğur arzulayırıq.

Heydər Əliyev: Sizin sözlərinizə, tövsiyyələrinizə görə və xüsusən Azərbaycandakı qaçqınların, köçkünlərin həyatını müəyyən qədər yaxşılaşdırmaq üçün göstərdiyiniz yardımlara görə təşəkkür edirəm. Təbii ki, bu yardımlar çox azdır. Amma nə edək, bundan artıq edə bilmirsiniz. Biz arzu edərdik ki, daha da çox olsun.

Biz bütün bu çətinliklərə dözmüşük və dözəcəyik. Amma bir daha sizə müraciət edirəm ki, Azərbaycana diqqətinizi daha da artırın. Əgər mümkünsə, yardımınızı daha da artırın. Münaqişənin həll olunması isə, başa düşürəm, bunun çoxu bizim üzərimizə düşür. Amma hər halda sizinlə bizim aramızda bundan sonra görüləsi işlər çoxdur. Hesab edirəm ki, biz bundan sonra daha da səmərəli əməkdaşlıq edəcəyik.

"Azərbaycan" qəzeti, 10 sentyabr 1999-cu il.

Tarixi arayış

Azərbaycan - BMT