Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda qonaq olan türk dünyasının görkəmli oğlu, dünya şöhrətli alim, Bilkənd Universitetinin İdarə Heyətinin sədri professor İhsan Doğramaci ilə görüşdə söhbəti - Prezident sarayı 24 may 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən həmişə Sizi görəndə çox xoşbəxt oluram. Mən bilirəm ki, əlinizə çəlik almağın səbəbi var. Zəhmət çəkib buraya gəlmisiniz. Doğrudan da mənim ürəyim istəyir ki, siz buraya gələsiniz. Ancaq bu qədər yolu keçib zəhmət çəkmək məni bir az incidir. Daha yaxşı olardı ki, mən Ankaraya gəlim, sizinlə görüşüm.

İhsan Doğramaci: Bu ayın 10-cu günü sizin ad gününüz münasibətilə buraya gəlməyi planlaşdırmışdıq. Fəqət ondan iki gün öncə təsadüfən ayağımın baş barmağını itirmişəm. Bu da gənclik çağlarımdakı səhvim üzündən baş vermişdir. Bununla bağlı həkimlər başqa yerə getməyi mənə yasaq etdilər. Onun üçün Sizi ziyarət edə bilmədim.

Heydər Əliyev: Bu təbiidir.

İhsan Doğramaci: Mən Sizin üçün çox darıxmışam. Həkimlərdən izin aldıqdan sonra ilk səfərimi buraya etdim. Çox şadam ki, məni qəbul etdiniz. Hər zaman dediyim kimi, bura mənim ikinci vətənim deyil, iki vətənimdən biridir.

Heydər Əliyev: Elədir.

İhsan Doğramaci: Onun üçün mən burada özümü öz vətənimdə hiss edirəm. Əlinin də, bəlkə eşitmisiniz, bir il bundan əvvəl xərçəng xəstəliyindən müalicəsini Nyu-Yorkda etdilər.

Heydər Əliyev: Bununla əlaqədar mən sizə bir neçə dəfə zəng etmişdim.

İhsan Doğramaci: Elədir, etmişdiniz. Onun müalicəsini Nyu-Yorkda etdilər. Allaha şükür, indi yaxşıdır.

Heydər Əliyev: Çox gözəl. Əli xəstələnəndə mən sizə bir neçə dəfə zəng etdim. Hətta Nyu-Yorka da sizə zəng vurdum.

İhsan Doğramaci: Bəli, zəng etdiniz. Siz Ankarada olarkən biz Sizi Nyu-Yorkda televiziya vasitəsilə seyr edirdik. Səfir dedi ki, prezidentimiz onun ad gününü keçirməyə izin verməz. Ona görə də mən Sizinlə görüşəcəyimiz bu günü gözləyirdim.

Heydər Əliyev: Ankaraya gələndə mən sizi soruşdum, səfir mənə dedi ki, siz Nyu-Yorkdasınız.

İhsan Doğramaci: Amma ondan daha öncə Qurban bayramı ilə əlaqədar bir tədbirimiz var idi. Mən proqramı ona görə hazırlamışdım. Sonra Siz gec gəldiniz.

Heydər Əliyev: Elədir. Hər halda, xoş gəlmisiniz, səfa gətirmisiniz.

İhsan Doğramaci: Xoş gününüz olsun.

Heydər Əliyev: Yenə də deyirəm, sizinlə görüşümdən çox məmnunam. Çünki mənim çox əziz dostum, qardaşımsınız. On il müddətində bizim aramızda yaranmış bu dostluq və qardaşlıq əlaqələri o qədər möhkəmdir, mənim üçün o qədər əzizdir ki, hər dəfə sizi görməkdən məmnun oluram. Ya burada, ya da Ankarada. Ancaq mən onu da unutmuram ki, mən Klivlenddə cərrahiyyə əməliyyatı keçirən zaman siz Türkiyədən təyyarə ilə 18 saat uçub, Çikaqodan keçib gəlmişdiniz. Klivlenddə oldunuz, bir yerdə olduq. Orada mənim doğum günümü bir yerdə qeyd etdik.

İhsan Doğramaci: Mən həyatımda çox mükafatlar almışam. Amma Sizinlə dostluğumu özüm üçün ən böyük mükafat hesab edirəm. Mənim üçün bundan yüksək mükafat ola bilməz. İcazə versəydiniz, ad gününüz münasibətilə Sizə bu hədiyyəni təqdim edərdim.

(İhsan Doğramacı Azərbaycan Respublikasının qızıl təbəqədən hazırlanmış xəritəsini və prezident Heydər Əliyevin kiçik barelyefini göstərərək):

Əfəndim, bu, Azərbaycan torpağıdır, bu da cənab Heydər Əliyevdir. Bunlar qızıldan hazırlanmışdır. Hədiyyənin üzərindəki bu sözləri oxumaq istəyirəm:

"Bu torpaqların yetirdiyi ən böyük dövlət adamı Heydər Əliyevə sağlıq, uzun ömür və böyük uğurlar arzulayıram. İhsan Doğramacı".

Heydər Əliyev: Çox sağ olun. Elə sizi görməyimin özü mənə mükafatdır, hədiyyədir. Amma siz mənim üçün xüsusi bir hədiyyə hazırlamısınız. Siz həm çox təcrübəli, həm də orijinal adamsınız. Ona görə sizin hədiyyələriniz həmişə xüsusi xarakter daşıyır.

İhsan Doğramaci: Bu, səmimi bir hissdir, ifadə edirik. Bunun maddi qiyməti, bəlkə də çox deyil, amma mənəvi qiyməti var.

Heydər Əliyev: Yox, maddi qiyməti bizim kimi adamlar üçün əhəmiyyətli deyildir. Əsas onun mənəvi tərəfidir, mənasıdır. 

İhsan Doğramaci: Bunlar çox səmimi sözlərdir. Allah Sizə ömür versin. Yalnız Azərbaycan üçün deyil, bütün türkdilli ölkələr üçün.

Heydər Əliyev: Bəli, çox gözəl sözlər yazmısınız. Amma mən gərək bundan sonra da çalışam ki, o sözlərə layiq olam.

İhsan Doğramaci: Əfəndim, dünən yox, srağagün mən Sizi televiziyadan seyr etdim.

Heydər Əliyev: İndi bizim televiziyanın verilişlərini Türkiyədə yayımlayırlar.

İhsan Doğramaci: Bəli, Avropa Şurasının nümayəndə heyəti burada idi. Həmin nümayəndə heyətinə də Almaniyadan olan bir nəfər rəhbərlik edirdi. O, almanca danışdı. O birilər də ingilis dilində, Fransadan olan nümayəndə isə fransız dilində danışdı. Fəqət Sizin onlara verdiyiniz cavablar çox mükəmməl, çox xoş idi. Cavablarınızdan birində 10 il bundan əvvəl sovetlərdə "ehkam"dan bəhs edilirdi. Siz dediniz ki, Avropada da "ehkam" olubdur. Almaniyada "nasizm", "faşizm" - onlar ehkam deyildimi? Onlar dedilər ki, bizdə sərbəstlik idi, demokratiya vardı. Siz dediniz ki, "...düzdür, amma bəs faşizmə, nasizmə nə deyərsiz"? Ekologiya söhbəti də çox yaxşı oldu.

Heydər Əliyev: Çox gözəl mövzu idi.

İhsan Doğramaci: Təbii, həmişəki kimi, iftixar hissi keçirdim.

Heydər Əliyev: Çox sağ olun. Mən çox məmnunam ki, siz bunu çox diqqətlə dinləmisiniz.

İhsan Doğramaci: Sonra Ermənistan mövzusunda da çox gözəl cavab verdiniz. Dediniz ki, onlar bizim ərazimizi işğal ediblər. Yəni onu demək istədiniz ki, əgər lazım gəlsə, qeyri-sülh yolu ilə bu münaqişəni həll edə bilərsiniz. Sizdən bu məlumatları aldılar.

Heydər Əliyev: Bəli, aldılar. "Ehkam" məsələsi belədir ki, onlar gəlmişdilər ki, söhbət edək. Amma mənə dedilər ki, bizim sizə suallarımız var. Mən də onlarla zarafat etdim. Dedim ki, Avropa Şurasına daxil olmaq üçün biz dörd il imtahanlardan keçmişik.

 İhsan Doğramaci: Düzdür, belə də dediniz.

Heydər Əliyev: Dedim ki, biz imtahanlardan keçmişik, bütün imtahanları da vermişik. Ona görə də Avropa Şurasına qəbul olmuşuq. İndi Avropa Birliyi gəlibdir. Siz də bizi imtahan etmək istəyirsiniz. Dedim ki, suallarınızı verin. Hər halda, çalışaram ki, burada da imtahandan keçim.

İhsan Doğramaci: Amma onlar bu imtahandan yaxşı qiymət almadılar.

Heydər Əliyev: Onu da deyim ki, o sualları ki, mənə verdilər, bu həmin məsələlər haqqında fikirlərimi deməyə yaxşı imkan yaratdı.

İhsan Doğramaci: Çox yaxşı oldu.

Heydər Əliyev: Əgər o olmasaydı, mənim onlara "mühazirə" oxumağım yaxşı olmazdı.

İhsan Doğramaci: Onların özləri məruzə istədilər.

Heydər Əliyev: Onların hər bir sualı mənə imkan verdi ki, bu suallardan istifadə edib fikrimi bildirim.

İhsan Doğramaci: Orada hər millətdən - İtaliyadan, Yunanıstandan, Fransadan, Finlandiyadan nümayəndələr vardı. Hamısı orada idi.

Heydər Əliyev: Elədir. O "ehkam" məsələsini heç gözləmirdim. O sualların da heç birisini gözləmirdim. Nə bilərdim ki, mənə elə suallar veriləcək. Dedim "ehkam" doğrudur. Biz 70 il "ehkam"ın içərisində yaşamışıq. Dedim ki, sizdə də ehkam olubdur. Faşizm ehkamı içərisində yaşamısınız. Ehkam təkcə bizimki deyil, həm də sizinkidir. Sizinki bizimkindən də təhlükəlidir.

İhsan Doğramaci: Çox düzgün demisiniz. Onlar gözləmirdilər belə söhbət alınsın.

Heydər Əliyev: Dedim ki, Almaniyada da faşizm vardı, İtaliyada da, İspaniyada da vardı. Nümayəndə heyətində italyanlar da, almanlar da vardı. Çox yaxşı danışığımız oldu. Ekologiya haqqında da. Çünki ekologiya indi çox böyük bir problemdir.

İhsan Doğramaci: Dediniz ki, onların çox sevdikləri qara kürü tükənəcəkdir. Yaxşı balıqların nəsli kəsiləcəkdir.

Heydər Əliyev: Dedim ki, Xəzər dənizi indi beş ölkəyə mənsubdur. Hərə də bir tərəfdən balıq tutur, o biri tərəfdən də dənizi çirkləndirirlər. Yəni beş il belə getsə, onda sizin ən çox sevdiyiniz qara kürünü görməyəcəksiniz.

İhsan Doğramaci: Bəli.

Heydər Əliyev: Çox məmnunam ki, siz Azərbaycanla həmişə maraqlanırsınız. Azərbaycan televiziyası bu yaxın zamanlarda Türkiyəyə yayımlanmağa başlayıbdır.

İhsan Doğramaci: Harada olursa-olsun, istər televiziyada, istər Avropanın qəzetlərində olsun, mən Azərbaycan haqqında gedən materiallarla maraqlanıram.

Heydər Əliyev: Çox gözəl, çox gözəl. Ayser xanım da, maşallah çox yaxşıdır. Onu həmişə olduğu kimi, çox gözəl görürəm. Heç dəyişilmir. Heç sən də dəyişilmirsən, o da dəyişilmir.

İhsan Doğramaci: Mən bir az topal olmuşam. Amma həkimlər mənə dedilər ki, bu çəliyi iki həftədən sonra atacaqsan. Mənim də iki həftə gözləməyə səbrim çatmır, indi atmaq istəyirəm.

Heydər Əliyev: Əli də, maşallah, çox yaxşıdır. Heç deməzsən ki, xəstə olubdur. Yaxşı müalicə etdirmisiniz.

İhsan Doğramaci: Müalicəsi yaxşı oldu.

Əli Doğramaci: Çox sağ olun. Sizin verdiyiniz mənəvi dəstək sağalmağım üçün mənə qüvvət verdi. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Çox sağ olun. Əziz dostum, mən sənə və Ayser xanıma və bütün ailənizə bir daha təşəkkür edirəm. Bəzi adamlar doğum gününü böyük hadisə hesab edirlər. Amma mən bunu adi bir hadisə hesab edirəm. Mən burada kiməsə dedim ki, mənim bir dəfə doğum günüm olubdur, Naxçıvanda. Orada biz çox ağır şəraitdə yaşayırdıq.

İhsan Doğramaci: Siz doğum günü deyirsiniz, biz isə anadan olma günü deyirik. Anadoluda doğum günü deyirlər.

Heydər Əliyev: Keçmişdə, mən 50, 55, 60 yaşlarında olanda, səhər işə gedirdim, unudurdum ki, mənim anadan olan günümdür. İşdən hər dəfə evə dönəndə xanımım, qızım məni qarşılayırdılar. Qapını açırdılar, qızım deyirdi ki, ata, səni təbrik edirəm.

İhsan Doğramaci: Ad günündür.

Heydər Əliyev: Yox, demirdi ad günündür, deyirdi təbrik edirəm. Deyirdim, nə üçün təbrik edirsən? O mənə deyirdi ki, bu gün sənin anadan olan günündür. Görürdüm ki, evdə xanımım müəyyən şeylər hazırlayıbdır. Mən heç bir qonaq, filan dəvət etməzdim. Amma həyatımda bir dəfə anadan olduğum günü qeyd etmişəm. O da Naxçıvanda. Biz orada çox ağır şəraitdə yaşayırdıq. Mənim də 70 yaşım tamam olmuşdu. Orada mənim ətrafımda olan adamlar dedilər ki, gəlin bunu bir yerdə oturub qeyd edək. Dedim ki, məndə belə bir adət olmayıbdır, etməyəcəyəm. Dedilər ki, sən böyük vəzifələrdə olmusan, ona görə də olmayıbdır. Amma indi burada sadə adamlar toplaşıbdır. Toplaşdıq, ondan bir gün öncə Bakıdan da çox adam gəlmişdi.

İhsan Doğramaci: Naxçıvana?

Heydər Əliyev: Naxçıvana, məni təbrik etməyə. Məcbur oldum. Onda bir məclis düzəltdilər, Naxçıvanda da bir-iki yaxşı müğənni, mahnı oxuyanlar vardı. Naxçıvanın da özünəməxsus musiqisi var. Amma bundan başqa heç bir şey olmayıbdır. Yəni bununla onu demək istəyirəm ki, bu mənim üçün böyük bir təntənə, filan deyildi. Amma Siz oradan buraya gəlməyinizlə məni şərəfləndirdiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən Sizə demişəm, 85 yaşınızı bayram etdik.

İhsan Doğramaci: İndi 90 yaşımı gözləyirik.

Heydər Əliyev: İndi 90-ı gözləyirsiniz? 4 il qalıbdır. 4 ildən sonra Azərbaycanda, yenə də...

İhsan Doğramaci: Yenə də Siz prezidentsiniz.

Heydər Əliyev: Bəli, mən prezidentəm. Əlbəttə ki, mən ömrümün axırına qədər prezidentəm.

İhsan Doğramaci: Sizin sağlığınız, varlığınız Azərbaycan üçün, hər birimiz üçün bir nemətdir.

Heydər Əliyev: Ona görə də siz nə qədər yaşayacaqsınızsa, mən də o qədər yaşayacağam.

İhsan Doğramaci: Həyatda daim nikbin olmaq əsas şərtdir.

Heydər Əliyev: Elədir.

İhsan Doğramaci: Mən bütün həyatım boyu nikbin olmuşam.

Heydər Əliyev: Mən də nikbinəm. Baxmayaraq ki, mən həyatda, bilirsiniz, çox çətin yollardan keçmişəm, amma həmişə nikbin olmuşam. Heç vaxt ruhdan düşməmişəm. Ona görə dörd ildən sonra Azərbaycanda yubiley keçirərik. Ondan sonra da o biri yubileyi keçirəcəyik.

İhsan Doğramaci: İnşallah.