Xəzərin Azərbaycan sektorunda yerləşən "Lənkəran-dəniz" və "Talış-dəniz" yataqlarının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - Paris, 13 yanvar 1997-ci il


Hörmətli cənab Prezident! Hörmətli xanımlar və cənablar!

Mən Fransa Prezidentinin dəvəti ilə Fransada, Parisdə rəsmi səfərdə olmağımdan böyük məmnunluq hissi keçirirəm.

Mənim burada olmağımdan, elə bu salonda mərhum Prezident Fransua Mitteranla Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalamağımızdan ötən üç il ərzində ölkələrimizin münasibətlərində müəyyən uğurlar əldə edilmişdir. Lakin hesab edirəm ki, bu, azdır. Bu imkandan, cənab Prezident Jak Şirak ilə olan söhbətimizdən istifadə edərək mən Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da yaxşılaşdırılmasına və genişləndirilməsinə səy göstərdiyimizi şərh etdim. Sevinirəm ki, bu barədə rəyimiz yekdildir və ümidvaram ki, bu görüş, söhbətlərimiz və danışıqlarımız Fransa-Azərbaycan münasibətlərinin sürətlə inkişafı üçün dönüş nöqtəsi olacaqdır.

Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi probleminə dair Fransa Prezidenti ilə mənim fikir mübadiləmiz çox faydalı və hesab edirəm ki, gərəkli oldu. Biz regionumuzda sülhün bərqərar olmasını, Ermənistan ilə Azərbaycan arasında sülh yaranmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunması və Ermənistan silahlı birləşmələri tərəfindən öz yerlərindən zorla qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının yurdlarına qayıtması şərti ilə münaqişənin tamamilə aradan qaldırılmasını istəyirik. Biz ümid edirik ki, bu baxımdan ATƏT-in üzvü olan ölkələrlə, Minsk qrupuna, Minsk konfransına daxil olan ölkələrlə əməkdaşlıq, Fransa ilə əməkdaşlıq həmin silahlı münaqişəyə tamamilə son qoyulması üçün mühüm amildir.

Azərbaycanın "Lənkəran-dəniz" və "Talış-dəniz" neft yataqlarının birgə işlənməsi və istifadəsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın ən iri "Elf Akiten" və "Total" şirkətləri arasında bu gün 25 il müddətinə imzalanmış müqavilə Azərbaycanın Fransa ilə öz əlaqələrini dərinləşdirmək və genişləndirmək səyini sübut edir. Yeri gəlmişkən, deyim ki, "Elf Akiten" şirkəti 1996-cı ilin iyununda beynəlxalq neft şirkətlərinin imzaladıqları bir müqavilədə də iştirak edir. İndiki müqavilə Fransanın "Elf Akiten" şirkətinin iştirak etdiyi ikinci müqavilədir.

Mən sevinirəm ki, bu müqavilə Parisdə, Yelisey sarayında, Prezidentin, mənim dostum cənab Jak Şirakın iştirakı ilə imzalanmışdır və əminəm ki, bu müqavilə həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına böyük fayda gətirəcəkdir.

Bu müqavilənin imzalanması münasibətilə sizi təbrik edirəm. Fransa xalqına, Fransa Respublikasına, onun prezidentinə səadət və xoşbəxtlik diləyirəm! Mersi boku.

"Azərbaycan" qəzeti, 15 yanvar 1997-ci il