Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdəki söhbətindən - Yalta, 9 avqust 1998-ci il


Heydər Əliyev:  Əziz dostum Leonid Kuçma! Sizi səmimi qəlbdən salamlayır və 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı, uzun ömür arzulayıram. Ukrayna dövlətinin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi kimi şərəfli işinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Leonid Kuçma:  Hörmətli dostum Heydər Əliyev, anadan olmağımın 60 illiyi münasibətilə məni təbrik etmək üçün Yaltaya gəlməyinizdən çox məmnun olduğumu vurğulayır, səmimi sözlərə görə təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycan və Ukrayna dövlətləri arasında qarşılıqlı surətdə faydalı əlaqələrin gündən-günə inkişaf etməsini minnətdarlıqla qeyd etmək istəyirəm. Ölkələrimiz arasında son illər yaranmış əlaqələrin ardıcıl surətdə möhkəmlənməsində bizim şəxsi dostluq münasibətlərimiz mühüm rol oynayır.

Əziz dostum, Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində görülən işlər Ukraynada daim diqqətlə izlənilir və böyük rəğbət doğurur. Ukraynada son illər demokratik siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilmişdir. Biz müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə böyük maraq göstəririk.

Heydər Əliyev: Ukrayna prezidenti vəzifəsində Siz Ukraynanın dövlət müstəqilliyinin möhkəmlənməsi, onun milli mənafelərinə cavab verən daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun yüksəlməsi üçün çox işlər görmüsünüz. Biz Avropanın böyük ölkələrindən biri olan, Qara dəniz sahilində xüsusi strateji coğrafi ərazidə yerləşən Ukrayna ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət veririk. Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarından istifadə edilməsinə Ukraynanın da ciddi maraq göstərməsini böyük razılıq hissi ilə qeyd edirəm. Mən ölkələrimiz arasında yaranmış əməkdaşlığın dövlətlərimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, bir sözlə, ölkələrimizin gələcəyi üçün mühüm amil hesab edirəm. Beynəlxalq təşkilatlarda, Avropa strukturlarında, Müstəqil Dövlətlər Birliyində Azərbaycanın və Ukraynanın səmərəli əməkdaşlığı məndə böyük məmnunluq hissi doğurur. Ölkələrimizin mövqelərinin bir çox məsələlərdə üst-üstə düşməsinin böyük əhəmiyyət daşıdığını vurğulayım.

Ukrayna ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə ənənəvi dostluq münasibətləri olmuşdur. Biz bu münasibətlərin daha da dərinləşdirilməsi, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edirik. Mən çox məmnunam ki, iqtisadi əlaqələrimizin inkişafı üçün böyük əhəmiyyətə malik Avropa-Asiya nəqliyyat dəhlizinin yaranmasında və inkişafında Ukrayna da yaxından iştirak edir. Azərbaycan bu nəqliyyat dəhlizinin səmərəli işləməsi, Xəzər dənizi hövzəsindəki yataqlardan hasil olunan neft və qazdan istifadə edilməsi, enerji ehtiyatlarının nəqli ilə əlaqədar işlərdə iştirak edən bütün ölkələrə fayda gətirməsi üçün və onun qardaş Ukraynaya da iqtisadi fayda gətirməsi üçün hər şey edir və edəcəkdir.

Asiya-Avropa-Transqafqaz nəqliyyat dəhlizinin, ümumiyyətlə Qədim İpək yolunun bu vasitə ilə bərpa olunması Şərq ilə Qərbin, Asiya ilə Avropanın bilavasitə əlaqələrinin yaranması üçün çox faydalıdır. Hörmətli Leonid Daniloviç mən Sizi Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə bu il sentyabrın 7-8-də Bakıda beynəlxalq konfrans keçiriləcək və inanıram ki, Siz də bu konfransda iştirak edəcəksiniz.

Leonid Kuçma: Azərbaycanda keçiriləcək bu beynəlxalq konfransa Ukrayna xüsusi əhəmiyyət verir və mən Bakıya gələcəyimi, böyük məmnunluqla bu tədbirdə iştirak edəcəyimi bildirirəm.

Əziz dostum Heydər Əliyev, bizə yaxşı məlumdur ki, Azərbaycanda yaşayan ukraynalılar həm Azərbaycanın, həm də Ukraynanın bərabər hüquqlu vətəndaşları kimi ölkələrimizin həyatında fəal iştirak edirlər.

Heydər Əliyev: Bəli, bizim Azərbaycanda yaşayan başqa millətlərə olduğu kimi, ukraynalılara da dost, qardaş kimi yanaşırlar. Hər hansı bir ayrı-seçkilik heç kəsin ağlına belə gəlmir. Onlar Azərbaycan vətəndaşı kimi ölkəmizin ictimai-siyasi həyatında aktiv çalışırlar. Ukraynada yaşayan azərbaycanlılar da onlara qarşı olan münasibətdən razılıq edir, özlərini dost eldə, öz evlərində olduğu kimi hiss etdiklərini bildirirlər.