Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın milli bayramı, Bastiliyanın alınması günü münasibətilə keçirilən rəsmi qəbulda nitqi - Bakı, "Həyat Park" mehmanxanası, 14 iyul 2002-ci il


Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Fransanın milli bayramı - Bastiliya günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə, Fransa xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

14 iyul Fransa inqilabı təkcə Fransanın həyatında yox, bütün bəşəriyyətin həyatında ən böyük tarixi hadisələrdən biridir. Dünyada ilk dəfə fransızlar insan haqları və insanların bərabər hüquqlara malik olması haqqında fikirləri irəli sürdülər və onların həyata keçirilməsi üçün çox ciddi tədbirlər gördülər.

Sübut etməyə ehtiyac yoxdur ki, indi bütün dünyada mütərəqqi insanların, xalqların, ölkələrin tutduğu demokratiya yolu məhz Fransadan başlayıbdır və bunun əsasını fransızlar qoyublar. O vaxtdan ötən illər, əsrlər dünyanı dəyişdiribdir. Amma Fransa bu dəyişikliklərin həmişə önündə gedən bir ölkə olmuşdur.

Fransa bu gün ən inkişaf etmiş dövlətlərdən biri olaraq, dünyada və Avropada beynəlxalq məsələlərin həllində xüsusi rol oynayır. Onun bu sahədə fəaliyyətinin əsas istiqaməti sülh, əmin-amanlıq yaratmaq, demokratiyanı inkişaf etdirmək, insan hüquqlarını qorumaq, demokratik dəyərləri yaymaqdan ibarətdir. Bütün bunlar və Fransanın çox zəngin, qədim mədəniyyəti Azərbaycan xalqını həmişə cəlb etmişdir. Bizim xalqımız həmişə Fransa ilə, fransızlarla daha yaxın əlaqədə olmağa çalışmışdır. Azərbaycan xalqına belə fürsət dövlət müstəqilliyi əldə edəndən sonra yaranıbdır. Biz bu fürsətdən istifadə edərək, müstəqilliyimizin ilk dövründən indiyə qədər Fransa ilə əlaqələri özümüz üçün çox əhəmiyyətli hesab etmişik və edirik. Bu əlaqələrin inkişaf etməsi üçün öz tərəfimizdən lazım olan addımları həmişə atmışıq və bu gün də atırıq.

Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr, demək olar ki, bütün sahələri - həm siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk.

Bu yaxınlarda Fransada mühüm hadisələr baş verdi. Ölkədə prezident seçkiləri keçirildi. Seçkilərin birinci mərhələsində yaranmış vəziyyət həm də Fransa xalqını, həm də bizi çox narahat etdi. Ancaq Fransa xalqı dərhal bu vəziyyətə öz münasibətini göstərdi və faşizmə qarşı ciddi mövqe tutduğunu bildirdi. Fransa da bunun yolverilməz olduğunu bəyan etdi və seçkinin ikinci mərhələsində Fransanın mütərəqqi qüvvələri və mənim Azərbaycan xalqının çox əziz dostu, hörmətli Jak Şirak seçkidə böyük üstünlüklə qələbə qazandılar. Bu, təkcə Jak Jirakın qələbəsi deyildi. Bu, müasir dövrdə Fransanın ən mütərəqqi qüvvələrinin qələbəsi idi.

Son zamanlar bəşəriyyəti narahat edən məsələlərdən biri beynəlxalq terrorizmin özünü güclü göstərməsidir. Məhz belə bir vəziyyətdə beynəlxalq terrorizmə qarşı bütün qüvvələrin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə birləşməsi nəticəsində vahid alyans, koalisiya meydana çıxdı. Fransa daim terrorizmlə mübarizə aparan bir ölkə kimi, təbiidir ki, burada rol oynadı və oynayır.

Sentyabrın 11-də Nyu-Yorkda, Vaşinqtonda baş vermiş dəhşətli hadisələri zamanı Azərbaycan dərhal öz münasibətini bildirdi və terrorizmlə mübarizədə alyansla bir yerdə olduğunu bəyan etdi və öz imkanlarını təqdim etdi. Biz o vaxtdan bu mübarizəyə bu mübarizəyə qoşulmuşuq, üzərimizə düşən vəzifələri yerinə yetirmişik və yetiririk. Bundan sonra da biz beynəlxalq terrorizmlə mübarizədə daim bir alyansda olacağıq.

Azərbaycan xalqı terrorizmdən ən çox zərər görmüş və ən çox əziyyət çəkmiş xalqlardan biridir. Dağlıq Qarabağda təcavüzkar separatizmin meydana çıxması, onunla bərabər terrorizmin meydana çıxması və nəhayət, bunun böyük münaqişəyə, Ermənistan-Azərbaycan münaqişəsinə, müharibəsinə çevrilməsi - bunların hamısı dünyaya məlum olan faktlardır. Azərbaycanın indiyə qədər belə hadisələrdən nə dərəcədə zərər çəkdiyini yaxşı göstərir.

Son illərdə, onilliklərdə ayrı-ayrı ölkələrdə mövcud olan terrorçu qrupların hərəkətləri getdikcə güclənmiş və nəhayət, mütəşəkkil xarakter alaraq, beynəlxalq terrorizmə çevrilmişdir. Biz bunu öz ölkəmizdə son on ildə görmüşük. Həm Ermənistan qəsbkarlarının həyata keçirdikləri terror aktları, həm digər xarici xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və Azərbaycana göndərilmiş terrorçuların həyata keçirdikləri terror aktları - bunların hamısı Azərbaycan xalqına məlumdur. Biz onlarla mübarizə aparmışıq və aparırıq. Ancaq terrorizmin kökü kəsilməlidir.

Bəlkə də Azərbaycan üçün lokal hadisə olsa da, mən bunu demək istəyirəm. Bir neçə ay bundan öncə Azərbaycanın şimal-qərb zonasında, Zaqatala rayonunda terrorçular ölkəmizin hakimiyyət orqanlarının nümayəndələrinə qarşı terror aktları həyata keçirdilər. Onlara cavab verildi, bir hissəsi zərərsizləşdirildi, digər hissəsi həbs olundu. Ancaq onlar bundan nəticə çıxarmadılar, terror aktlarını davam etdirməyə başladılar. İki gün bundan öncə həmin terrorçu qrupu Zaqatala zonasında yenə də terror aktı həyata keçirməyə başladı. Ancaq bizim qəhrəman sərhədçilərimiz, hüquq-mühafizə orqanlarımızın əməkdaşları onların qarşısını aldılar. Doğrudur, bizim itkimiz də oldu. Qəhrəmancasına şəhid olan əsgərimiz də var. Ancaq bu terrorçular qrupuna rəhbərlik edən, başqa ölkələrdə gizlənərək Azərbaycana hücumlar edən ən böyük terrorçu bizim əsgərlərimiz, sərhədçilərimiz tərəfindən məhv olundu. Mən bunları deyərək bildirmək istəyirəm ki, Azərbaycan dövləti terrorizmin bütün formalarından, miqyasından asılı olmayaraq, terror aktlarına qarşı mübarizə aparacaq və ölkəmizdə sülhü, əmin-amanlığı qoruyacaqdır.

Təəssüflər olsun ki, Ermənistan bu hadisələrdən lazımi nəticə çıxarmır və öz siyasətini davam etdirir. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında qeyri-konstruktiv mövqe tutur. Aparılan danışıqlarda məsələnin həll olunması üçün lazımi addımlar atmır. Amma bunlara baxmayaraq, biz sülh danışıqlarını davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun həmsədrləri ilə birlikdə öz fəaliyyətimizi artıracağıq. Ermənistan prezidenti ilə Azərbaycan prezidentinin görüşü bir müddət bundan öncə gündəliyə gəlibdir. Güman edirəm ki, belə bir görüş də keçirilməli olacaqdır. Biz ardıcıl surətdə sülhsevər siyasət apararaq, eyni zamanda, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasının, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması üçün mübarizəmizi bundan sonra da davam etdirəcəyik.

Mən böyük məmnuniyyətlə qeyd edirəm ki, bu fəaliyyətimizdə, bizim bu sülhsevər siyasətimizdə, bu mübarizəmizdə Fransa və onun hörmətli prezidenti, mənim əziz dostum cənab Jak Şirak bizimlədir, Azərbaycan xalqı ilədir.

Prezident cənab Jak Şirakla mənim aramda yaranmış dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bizim bu əlaqələrimiz Fransa-Azərbaycan əməkdaşlığının bundan sonra da inkişaf etməsi üçün çox əhəmiyyətli rol oynayır. Həm də Minsk qrupunun həmsədrlərindən biri kimi, Fransa və çox böyük maraq göstərən bir şəxs kimi, şəxsən prezident Jak Şirak bizim bu məsələlərin həll olunmasında ölkəmizə həmişə yardım edəcəkdir.

Hörmətli xanım səfir, Azərbaycanda səfirlik fəaliyyətiniz dövründə Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün qoyduğunuz səyləri mən xüsusi qiymətləndirirəm. O cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün öz hökumətinizin apardığı siyasətin burada dürüst həyata keçirilməsi və öz tərəfinizdən göstərdiyiniz təşəbbüslərə görə təşəkkür edirəm.

Bu gün mən Fransa xalqına, Fransaya bəslədiyim böyük hisslərlə buraya, bu bayramı sizinlə birlikdə keçirməyə gəlmişəm.

Ola bilər, siz bilirsiniz ki, bu gecə Azərbaycanda bir qəza hadisəsi baş vermişdir. Gecə saat 12 radələrində bir bölgədə baş vermiş qəza ilə əlaqədar Azərbaycanın elektrik enerjisi ilə təchizatı tamamilə dayanmışdı. Yəqin siz də o dövrdə qaranlıqda qalmağınızı xatırlayırsınız. Bəlkə kimsə yuxuda olubdur, o, bilmir. Ancaq kim yuxuda olmayıbsa, onlar yəqin ki, bilirlər. Siz o vaxt yuxuda idiniz?

Şantal Puare (Fransanın Azərbaycandakı səfiri): Cənab prezident, xeyr, yatmırdım.

Heydər Əliyev: Amma gördünüz ki, hər yer qaranlıqdır.

Şantal Puare: Bizim elektrik enerjisi verən mühərrikimiz var.

Heydər Əliyev: Səfirliklərin işi yaxşıdır. Onların generatorları var, dərhal işə salırlar. Ona görə də belə halları hiss etmirlər.

Amma mən sizə bir sirri də açmaq istəyirəm. Mənim yaşadığım igamətgahda da generator var. Onu işə saldılar, üç dəqiqədən sonra dayandı və mən qaranlıqda qaldım. Ondan sonra bütün fəaliyyətim qaranlıqda, - təbiidir, kiçik işıq verən vasitələrlə keçdi. Mən səhərə qədər bu işlə məşğul olmuşam. Baş naziri təcili olaraq bizim enerji sisteminin baş dispetçer məntəqəsinə göndərdim, orada oturmuşdu, lazım olan başqa nazirləri və işçiləri də səfərbər etdim. Düzdür, 2-3 saatdan sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olundu. Amma hələ səhərə qədər vəziyyət normal deyildi. Ona görə, mən sizə deyə bilərəm ki, o qədər də yata bilməmişəm. Bu, bizim həyatımızda qeyri-adi bir hadisədir. Ona görə mən bu gün bu məsələ ilə əlaqədar xüsusi sərəncam imzalamışam, komissiya təşkil etmişəm. Komissiya bunların hamısını araşdırmalıdır. Ola bilər, sabah mən bir müşavirə də keçirəcəyəm. Biz bundan ciddi nəticə çıxarırıq ki, elə edək, bundan sonra enerji sistemində belə bir hadisə baş verməsin.

Mən bu gecə yatmamışam. Gündüz də buraya gələnə qədər iş yerində olmuşam. Buraya gələndə düşünürdüm, yəqin burada belə bir yaxşı əhval-ruhiyyə olacaqdır ki, mənim yorğunluğum keçəcəkdir. İndi deyə bilərəm ki, mən düzgün fikirləşmişəm. Yorğunluğum artıq keçir.

Amma bu gün mənim üçün bir baxımdan də əlamətdardır. 14 iyul 1969-cu ildə - Bastiliya günündə mən Azərbaycanın başçısı seçilmişəm. O vaxtdan 33 il keçibdir. Ancaq xatırlayıram ki, 1969-cu ilin həmin 14 iyul günündə Bakıda hava bugünkü kimi çox isti idi. Elə bir isti gündə mən Azərbaycan Respublikasının bütün məsuliyyətini öz üzərimə götürdüm. Əlbəttə, o vaxt mən düşünürdüm ki, bu, mənim üçün çətin olacaqdır. Çətinliklər oldu. Amma mən onların hamısını arxada qoydum. İndi bizim problemlərimiz var. Amma prezident kimi mənim üçün heç bir çətinlik yoxdur. Ona görə Bastiliya günü, 14 iyul həm Fransa inqilabı bayramıdır, həm də mənim həyatımda olan çox tarixi bir gündür.

Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar, mən sizi bir daha təbrik edirəm. Mən çox məmnunam ki, bu gün, bu dəqiqələrdə buradayam - Fransann səfirliyindəyəm. Fransada olan fransızlarla bərabər biz də burada 14 iyul Bastiliya gününü bayram edirik. Təbrik edirəm. Sizə cansağlığı, səadət arzulayıram.

Tarixi arayış

Azərbaycan - Avropa