Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebeki qəbul edərkən söhbətindən - Prezident sarayı, 13 dekabr 1999-cu il


Knut Vollebek: Çox sağ olun, cənab prezident. Gecə vaxtı məni qəbul etdiyinizə görə təşəkkür edirəm.

Heydər Əliyev: Necə ola bilər ki, siz gələsiniz, mən sizi qəbul etməyəm? Amma niyə belə gec gəldiniz? Bir az tez gələydiniz.

Knut Vollebek: Ölkəniz çox uzaqdır.

Heydər Əliyev: Bu gecə yatmayacaqsınız.

Knut Vollebek: Deyəsən, məni bu gecə çox saxlayacaqsınız.

Heydər Əliyev: Mən saxlamayacağam. Sizin özünüzün işiniz çoxdur.

Knut Vollebek: Mən bu səfərimdən öncə, Sizinlə danışıqlar aparmağı çox mühüm hesab etdim və bu proseslərə Sizin qiymətinizi, fikirlərinizi, mülahizələrinizi dinləmək üçün buraya gəldim. Çox təşəkkür edirəm ki, mənə bu şəraiti yaratmısınız.

Heydər Əliyev: Cənab Vollebek, mən sizi Azərbaycanda salamlayıram və çox məmnunam ki, qısa bir zamandan sonra siz yenə də Azərbaycana gəlmisiniz. Son zamanlar qısa bir müddətdə biz sizinlə üç dəfədir görüşürük.

Xatirinizdədir, siz Azərbaycana ilk dəfə gələndə mən sizi tənqid etdim ki, siz bir ildir ATƏT-ə sədrlik edirsiniz, amma indi ilin sonunda gəlmisiniz. Mən güman edirəm ki, siz bu tənqiddən nəticə çıxarıb bu ilin axırına qədər görüşlərin sayını artırmaq istəyirsiniz.

Mən çox məmnunam ki, biz İstanbulda sizinlə görüşüb ətraflı danışıqlar apardıq. İndi də mən bilirəm ki, sizin bu səfəriniz Azərbaycana aid deyildir. Amma eyni zamanda, bu səfər müddətində Azərbaycanda olmağınız, hesab edirəm onu göstərir ki, siz Azərbaycana daha da çox əhəmiyyət verirsiniz. Mən sizi dinləyirəm.

Knut Vollebek: İlk öncə, icazə verin, gecənin bu vaxtında bizi qəbul etməyə imkan tapdığınıza görə sizə təşəkkürümüzü bildirək. Başa düşürük ki, respublikanıza çox gec gəlib çıxmışıq, lakin bu, indiki halda yeganə imkandır.

Bildiyiniz kimi, bəzi aviasiya şirkətlərinin tez-yez səfərlər edən sərnişinlər üçün proqramı var. Bilmirəm, ola bilsin, Azərbaycanda tez-tez gələn qonaqlar üçün proqram var, əgər bu, belədirsə, onda hesab edirəm ki, mən bu proqrama düşmək şərəfinə layiq görülmüşəm.

Cənab prezident, axırıncı səfərim zamanı Sizin kiçik tənqidinizi yaxşı xatırlayıram. Mən onu xeyirxah tənqid kimi qəbul etdim və Azərbaycanın əhəmiyyətini çox yüksək qiymətləndirirəm. İstanbulda zirvə toplantısı zamanı aramızda olmuş görüşü də yüksək qiymətləndirirəm. Bu zirvə toplantısı çox mühüm hadisə idi. Regiondakı problemlər barəsində apardığımız diskussiya zamanı Sizin tutduğunuz açıq-aşkar mövqeyi yüksək qiymətləndirirəm.

İstanbulda boru kəmərləri haqqında müqavilənin imzalanması mərasimində iştirak etmiş baş nazirimizin səmimi minnətdarlıq sözlərini və salamını Sizə yetirmək istəyirəm. O da, mən də hesab edirik ki, bu, Norveçlə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanlar verir.

Ötən üç ayda Azərbaycanda artıq ikinci dəfə olduğumu nəzərə alaraq ümid edirəm ki, Siz baş nazirinizin və xarici işlər nazirinizin Norveçə səfərə gəlmələrinə icazə verəcəksniz. Demək istəyirəm ki, mən artıq sizin yeni xarici işlər nazirinizi dəvət etmişəm.

Siz mənim gəlişimin səbəbinin bu bölgədə, o cümlədən Şimali Qafqazda yaranmış vəziyyətlə bağlı olduğunu deməkdə tamamilə haqlısınız. İstanbulda qəbul edilmiş qərarların və bəyannamənin davamı olaraq mən Şimali Qafqaz respublikalarına getmək üçün gəlmişəm. Bu bölgədəki vəziyyəti sözün geniş mənasında qiymətləndirmək üçün Çeçenistanda, Dağıstanda, Şimali Osetiyada, İnquşetiyada olacağam.

İstanbulda qəbul edilmiş bəyannaməni nəzərə alaraq, ümidvar olduğumu bildirmək istərdim ki, bu bölgədə məsələlərin uzunmüddətli həllini təmin edə biləcək dialoqa başlanmasına zəmin yaradılması üçün ATƏT-in köməyi ilə prosesi hərəkətə gətirmək mümkündür.

Bildiyiniz kimi, Rusiya tərəfi belə bir fikir irəli sürmüşdür ki, o, hazırda bu məsələnin həllində ATƏT-ə siyasi rol verilməsini mümkün hesab etmir. Amma ola bilsin ki, daha uzaq perspektivdə təşkilatımıza məhz bu cür rol veriləcəkdir. Mən bu fikirdəyəm ki, ATƏT həmin münaqişənin həlli yollarının axtarılması və tapılmasında mühüm rol oynaya bilər.

Humanitar vəziyyəti, dinc əhalinin çəkdiyi əzab-əziyyətləri nəzərə alaraq hesab edirəm ki, biz, habelə dünya birliyi, BMT kimi təşkilatlar, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı məsələnin qəti həllini tapmaq üçün bu prosesdə böyük rol oynamalıdırlar.

Hesab edirəm ki, Qroznıda nə isə çox ciddi bir hadisə baş verməzdən əvvəl dinc əhaliyə bu şəhərdən çıxmağa imkan yaradılmasına təxirəsalınmaz zərurət var. Ona görə də bu gün mən Rusiyanın hakimiyyət orqanlarına müraciət göndərərək, onları hazırda Qroznı ətrafında aparılan əməliyyatları 24 saatlığa dayandırmağa çağırmışam ki, camaat arxayınca yığışıb şəhəri tərk edə bilsin.

Ümidvaram ki, dinc əhalinin şəhərdən çıxa bilməsi üçün, başqa təşkilatların bu prosesə kömək göstərə bilməsi üçün Rusiyanın hakimiyyət orqanları, habelə müxtəlif çeçen qruplaşmaları mənim çağırışımı müsbət qarşılayacaq və qəbul edəcəklər.

Cənab prezident, bu məsələ barəsində, ən əvvəl humanitar vəziyyətlə bağlı məsələlərin həlli barəsində, habelə siyasi dialoqun tapılmasını asanlaşdırmaq üçün danışıqlara necə zəmin hazırlanması haqqında Sizin rəyinizi böyük maraqla dinləmək istərdim.

Heydər Əliyev: İlk öncə, baş nazirdən mənə yetirdiyiniz salama görə minnətdarlıq edirəm. Mən şad idim ki, o, Bakı-Ceyhan boru kəmərinin inşası haqqında sazişin imzalanması mərasimində iştirak edirdi. Biz onun imzalanmasını tarixi hadisə sayırıq.

Sazişi o ölkələr imzaladılar ki, Sizin "Statoyl" şirkəti ilə də birlikdə çıxardığımız Azərbaycan nefti onların ərazisindən keçməlidir. Siz bilirsiniz ki, "Statoyl" Xəzər dənizinin Azərbaycan sektorunda işləmək üçün kifayət qədər çoxlu imkan qazanmışdır. Sənədi Türkiyə, Gürcüstan, Azərbaycan prezidentləri imzaladılar. Bunlar həmin layihəni bilavasitə həyata keçirməli olan ölkələrdir. Qazaxıstan prezidenti də bizə qoşuldu, çünki o, həmin borudan istifadə etmək istəyir. Birləşmiş Ştatların prezidenti cənab Bill Klinton və Norveçin baş naziri mərasimdə iştirak etdilər və bu sənədə xüsusi əhəmiyyət verərək onu imzaladılar.

Azərbaycanda, habelə bildiyimə görə Gürcüstanda və Türkiyədə bu, böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Biz bu layihənin həyata keçirilməsi üçün əməli işə başlamışıq. Bütün bu işlərdə biz sizinləyik. İndi Azərbaycanda Norveçin böyük kapitalı var. Yeri gəlmişkən, burada nəinki "Statoyl", həm də sizin çoxlu digər şirkətləriniz - "Kverner", başqa iri şirkətləriniz işləyirlər.

O ki qaldı Azərbaycanın baş naziri və xarici işlər nazirini dəvət etməyinizə, mən artıq bu səfərin həyata keçirilməsinə razılıq vermişəm. Əgər istəyirsiniz ki, yeni nazirimiz sizə mümkün qədər tez gəlsin, mənim buna etirazım yoxdur. Ondan sonra bizim baş nazirin səfərini də planlaşdırmaq olar.

Sizin məşğul olduğunuz işə gəldikdə, görürəm ki, bu iş ATƏT-i bütün digər problemlərə nisbətən daha çox maraqlandırır. Bu, təbiidir. Elə biz özümüz bunun nə demək olduğunu 10-12 ildir hiss edirik. Məsələ bundadır ki, bizim problemlə Minsk qrupu 7 ildən çoxdur məşğul olur. Amma hələlik istənilən nəticələr yoxdur. Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon azərbaycanlı həmin rayonlardan qovulmuş, azərbaycanlılara qarşı çox böyük etnik təmizləmə aparılmışdır.

Açığını deyəcəyəm, xalqımız çox təəssüflənir ki, indi bu cür münaqişələrə kəskin şəkildə reaksiya verən ATƏT Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisində etnik təmizləmə apararkən buna nəinki belə, hətta, demək olar, heç bir diqqət yetirməmişdir. Ölkəmiz, xalqımız separatizmin nə olduğunu, etnik təmizləmənin nə olduğunu yaxşı bilir. Ona görə də bu münaqişənin mümkün qədər tez və ən əvvəl siyasi yolla həll edilməsi naminə gördüyünüz işlər dəstəklənməyə və bəyənilməyə layiqdir.

İnanıram, bir halda ki, işə belə girişmisiniz, ATƏT-in əsas ölkələri də buna çox fəal girişmişlər, - xatirimdədir, İstanbul zirvə toplantısında dövlət və hökumət başçılarının çox çıxışları səsləndi, - deməli, məsələnin həlli yolunu tapa biləcəksiniz. Elə bir yol ki, o, şübhəsiz, Rusiya dövlətinin də, çeçen xalqının da mənafelərini təmin edəcəkdir. Odur ki, bu məsələdə sizə uğurlar arzulayıram.

Ancaq başa düşürəm ki, vəziyyət son dərəcə ağırdır və təxminən güman edirəm ki, dünyanın heç bir rayonunda, - bəlkə Kosovoda da belə olmuşdu, amma o, bizdən uzaqdadır, biz o qədər də bilmirik, - indi Şimali Qafqazda, Çeçenistanda olduğu kimi belə mürəkkəb vəziyyət yoxdur.

Sizə demək istəyirəm ki, Şimali Qafqaz bölgəmizin, Qafqazın bir hissəsidir. Buna görə də Şimali Qafqazda sabit vəziyyətin olmasının bütün Cənubi Qafqaz ölkələri, xüsusən Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyəti var.

Bizim Çeçenistanla ümumi sərhədimiz yoxdur. Azərbaycanla Çeçenistan arasında Dağıstan Respublikası yerləşir, bu respublika Rusiya Federasiyasının tərkibinə daxildir. Lakin ümumi sərhədimizin olub-olmamasından asılı olmayaraq, Qafqaz ölkələri tarixən bir-biri ilə çox sıx bağlı olmuşlar. İkincisi, siz bilirsiniz ki, Şimali Qafqaz xalqlarının əksəriyyəti islama etiqad edən xalqlardır, mürtəce qüvvələrin, vəhhabilər kimi islam təməlçilərinin Şimali Qafqaza yol tapması isə, şübhəsiz, bütün Şimali Qafqaz üçün və Cənubi Qafqaz üçün böyük təhlükə törədir.

Deməliyəm ki, islam dini terrorizmi heç zaman dəstəkləməyibdir. İslam məzhəbli müxtəlif terror təşkilatları, necə deyərlər, islam dininə dönük çıxmış təşkilatlardır. Buna görə də Şimali Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın təmin edilməsinə yönəldilmiş bütün səyləriniz nəinki bu ölkələr üçün, həm də Cənubi Qafqaz üçün, xüsusən Azərbaycan üçün əhəmiyyətə malikdir.

İstanbul zirvə toplantısında mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paketi yaradılması ideyasını irəli sürdüm. Mən ATƏT-i də, Amerika Birləşmiş Ştatlarını da, Rusiyanı da, Gürcüstanı da, Ermənistanı da, Cənubi Qafqazda maraqları olan digər bütün ölkələri də bu təklifə qoşulmağa və elə etməyə çağırdım ki, Cənubi Qafqazda təhlükəsizlik yaransın və iqtisadi əməkdaşlıq təmin edilsin.

İndiki vəziyyətə hər hansı iqtisadi inkişafı, hətta Cənubi Qafqazda da, təmin etmək, demək olar, qeyri-mümkündür. Halbuki Cənubi Qafqaz ölkələri arasında iqtisadi əməkdaşlıq qısa müddət ərzində bu ölkələrin hamısına çox böyük fayda gətirərdi.

Hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında münaqişəni aradan qaldırmaq, işğal olunmuş Azərbaycan ərazilərini azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, yaşayış yerlərindən qovulmuş bir milyon sakini ev-eşiklərinə qaytarmaq lazımdır. Hərçənd onların qayıtmaq, - əgər onlar qayıda bilsələr, - istədikləri yerlərdə hər şey dağıdılmış və talan edilmişdir. Orada hər şey təzədən başlanacaq, bunun üçün çox böyük məbləğdə vəsait lazım olacaqdır, bizim isə bu qədər vəsaitimiz yoxdur. Deməli, beynəlxalq birliyin çox böyük yardımı lazım olacaqdır.

Bununa belə, vəziyyəti belə qoymaq olmaz. Ermənistanla Azərbaycan arasında sülhə, bütün Cənubi Qafqazda sülhə nail olmaq lazımdır. Beləliklə, Cənubi Qafqazda sülh, Şimali Qafqazda sülh böyük məqsədlərdir. Mən sizə bu sahədə uğurlar arzulamaq istəyirəm.

Knut Vollebek: Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı barəsində fikrinizi inkişaf etdirmək istərdim. Necə bilirsiniz, buna bənzər bir şeyi Şimali Qafqazda da yaratmaq mümkündürmü?

Başa düşürəm, bunlar müxtəlif şeylərdir, çünki Şimali Qafqaz Rusiya Federasiyasının subyektidir. Doğru dediniz ki, hər hansı dövlətdə siyasi və iqtisadi inkişaf qarşılıqlı surətdə bağlıdır. Odur ki, əgər biz Şimali Qafqazda məsələnin uzunmüddətli həllini işləyib hazırlamağı qarşımıza məqsəd qoyuruqsa, onda bu məqamları - siyasi və iqtisadi inkişafı da nəzərə almalıyıq. Buna görə də üç Şimali Qafqaz Respublikasının - Dağıstan, Şimali Osetiya və İnquşetiyanın rəhbərləri ilə görüşə bilmək imkanına görə çox şadam.

Necə bilirsiniz, bu bölgədə iqtisadi əməkdaşlıqdan ötrü, sabitlikdən ötrü, hər hansı əsas, zəmin tapmaq üçün həmin üç respublikanın və Çeçenistanın əməkdaşlığına kömək edə biləcək hansısa əməkdaşlıq forması, hansısa strukturların kooperasiyasını tapmaq mümkündürmü?

Heydər Əliyev: Tamamilə mümkündür. Biz bu respublikalara yaxşı bələdik. Məsələn, Dağıstan bizə daha yaxındır. Azərbaycanla Dağıstan tarixən bir-biri ilə çox sıx bağlı olmuşlar. Bu gün bizim aramızda bilavasitə və çox fəal iqtisadi əlaqələr var. Dağıstanda 140 min azərbaycanlı yaşayır, Azərbaycanda Dağıstan xalqlarından olan bir neçə yüz min adam yaşayır. Buna görə də biz çox istəyirik ki, Dağıstanda vəziyyət sabit olsun.

Bundan əlavə, bizi Rusiya ilə birləşdirən bütün kommunikasiya xətlərimiz Şimali Qafqazdan, ən əvvəl Dağıstandan, Çeçenistandan, Şinali Osetiyadan və İnquşetiyadan keçir. Bu respublikalar Rusiyanın bir hissəsi olsalar da, bizim Rusiya ilə, onun bir çox bölgələri ilə, Rusiyanın mərkəzi hissəsi ilə, Moskva ilə həmişə daha geniş əlaqələrimiz olmuşdur. Odur ki, Şimali Qafqazdakı qeyri-sabitlik Rusiya ilə iqtisadi əlaqələrimizə çox mənfi təsir göstərir. Məsələn, - bu da Sizinlə birgə apardığımız işdir, - Azərbaycan Neft Şirkətinin bir çox digər şirkətləri ilə, o cümlədən "Statoyl" Şirkəti ilə birgə istismar etdiyi "Çıraq" yatağından çıxarılan ilkin neftin ixracı üçün biz Bakı-Novorossiysk neft kəmərini çəkmişik. 1997-ci ildə biz ilk nefti məhz bu boru kəməri ilə ixrac etmişik. Bu, Rusiya ilə iqtisadi əməkdaşlığımızdır.

Yeri gəlmişkən, Rusiya çox istəyirdi ki, biz nefti məhz bu marşrutla ixrac edək. Amma neft kəməri neçə aydır işləmir?

Artur Rasizadə (Azərbaycan Respublikasının Baş naziri): Altı aydır.

Heydər Əliyev: Şimali Qafqazda baş verən hadisələrə görə bu kəmər altı aydır işləmir. Yaxşı ki, bu ilin aprelində biz Bakı-Ceyhan neft kəmərini istismara buraxdıq. Bu alternativ neft kəməri olmasaydı, Şimali Qafqazda vəziyyətlə əlaqədar biz bütün neft quyularımızı bağlamalı olardıq, halbuki bu, işin yalnız başlanğıcıdır.

Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatının çox böyük perspektivləri var. Biz Bakı-Novorossiysk boru kəmərindən istifadə etmək niyyətindəyik. Amma, gördüyünüz kimi, sabitliyin olmaması bizə əngəl törədir. Bu, təkcə bir misaldır. Rusiya ilə Azərbaycan arasında sarhəddə, Dağıstanla sərhəddə nə qədər yük avtomobillərimiz dayanıb gözləyir.

Bilirsiniz, mən olduqca çox misallar çəkə bilərdim. Bunların hamısı göstərir ki, bizə Şimali Qafqazda sabitliyin olması gərəkdir. İndi Dağıstanda vəziyyət normallaşır. Kiçik bir respublika olmasına baxmayaraq, İnquşetiya da özünü birtəhər idarə edir. Şimali Osetiya da həmçinin. Hərçənd onların hamısında çox ciddi problemlər var. Buna görə də Çeçenistanda gərginliyin aradan qaldırılması sahəsində sizin səyləriniz, şübhəsiz, bütün Şimali Qafqaz bölgəsinə müsbət təsir göstərəcəkdir. Bizim Dağıstanla da, Şimali Osetiya ilə də, İnquşetiya ilə də çox yaxşı münasibətlərimiz var.

Knut Vollebek: Siz Çeçenistanla Gürcüstan arasında münasibətlərlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Mən qorxuram ki, Çeçenistanda baş verən hadisələr Gürcüstanda vəziyyətə bilavasitə təsir göstərə bilər.

Heydər Əliyev: Əlbəttə, Gürcüstanla Çeçenistan arasında sərhəd var və bu sərhədi hazırda Gürcüstan sərhədçiləri, hərbi qüvvələri qoruyurlar. Amma hesab etmirəm ki, bu hadisələr Gürcüstana da keçə bilər. Hərçənd orada, Gürcüstanda, sərhəddə zənnimcə, çeçenlər yaşayan bir və ya iki kənd var. Hər halda bilirəm ki, Gürcüstan orada baş verən hadisələrdən çox narahatdır. Biz hamımız narahatıq. Narahatlıq üçün Gürcüstanın daha çox əsası var, çünki Çeçenistanla bilavasitə həmsərhəddir.

Knut Vollebek: Bu, mənim üçün çox faydalı söhbət oldu. Başa düşürəm ki, sabah mənə Sizin xarici işlər naziri ilə səhər yeməyi yemək nəsib olacaqdır. Bu, mənə indi Sizinlə müzakirə etdiyimiz məsələləri daha da inkişaf etdirməyə, habelə ikitərəfli münasibətlərimizə aid daha bir neçə məsələyə toxunmağa imkan verəcəkdir.

Heydər Əliyev: Elədir, amma biz bu gün əvvəlcə sizinlə birgə şam edəcəyik.

Knut Vollebek: Sağ olun, çox xoşdur.

Heydər Əliyev: Bir sözlə, siz ikiqat məmnunluq duyacaqsınız.

Knut Vollebek: Mən artıq bir məmnunluq duydum, sonra şam yeməyi, daha sonra sabahkı danışıqlar olacaqdır. Deməli, mən üç dəfə məmnunluq duyacağam.

Heydər Əliyev: Çox yaxşı. Əgər sizin etirazınız yoxdursa, gəlin, mətbuata təşəkkür edək. Sizinlə jurnalistlər gəlibmi?

Knut Vollebek: Bəli, çoxlu jurnalist gəlib.

Heydər Əliyev: Tapşırmışam ki, jurnalistlərin hamısını mehmanxanada yerbəyer etsinlər və əlbəttə, onlar da şam edə bilsinlər. Yoxsa, əgər nümayəndə heyətinin başçısı tox olsa, jurnalistlər isə ac qalsa, bu, pis olar.

Knut Vollebek: Məqalələr çox sərt olar.

Heydər Əliyev: Biz onları yedizdirsək, onlar yaxşı yazarlar.

Knut Vollebek: Tamamilə doğrudur. Bu barədə düşündüyünüzə görə çox sağ olun.

"Azərbaycan" qəzeti, 15 dekabr 1999-cu il.