Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Zahid ibn Sultan Əl-Nəhyan ilə söhbətindən - 13 dekabr 1994-cü il


Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi və inkişaf etməsi çox vacibdir. Ona görə də bu görüşdən məmnun olduğumu bildirirəm. Bir daha bəyan edirəm ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini sülh yolu ilə aradan qaldırmaq üçün bütün səylərdən istifadə olunacaq. Altı il davam edən bu müharibə nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və həmin ərazilərdən bir milyondan artıq azərbaycanlı qaçqın düşüb, oradan bütün müsəlmanlar öz torpaqlarından qovulub, həmin ərazilər tamamilə viran edilib. Qaçqınlar hazırda respublikanın başqa yerlərində çətin şəraitdə yaşayırlar.

Doğrudur, indi atəş dayandırılıb. Biz atəşin kəsilməsi barədə Ermənistanla saziş əldə etmişik. Ancaq Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmırlar. Məsələnin həll olunması üçün bir tərəfdən Rusiya, digər tərəfdən də ATƏM vasitəçilik edir. Bir neçə gün bundan əvvəl Budapeştdə ATƏM-in Zirvə toplantısı keçirildi və orada bizim bölgəyə beynəlxalq sülhü mühafizə qüvvələrinin göndərilməsi barədə qətnamə qəbul olundu. Lakin həmin qüvvələr hələ toplanmayıb. Onlar gərək toplansın, sonra biz Böyük Sülh Sazişi əldə edək. Bu sazişdə gərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından tamamilə çıxarılması və qaçqınların öz yerlərinə qayıtması məsələsi öz əksini tapsın. Bütün bunlardan ötrü isə həmin beynəlxalq sülhü mühafizə qüvvələri bizim bölgəyə gəlməlidir.

Bilirsiniz ki, Ermənistanın ərazisində Rusiyanın çox böyük hərbi qüvvələri var. Bu qüvvələr Ermənistana çox kömək edir. Azərbaycan müstəqil dövlətdir. Bizim ərazimizdə heç bir başqa ölkənin qoşunu yoxdur. Ona görə də biz çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin bölgəyə gəlməsinə razı olmuşuq. Biz istəyirik ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasına kömək etsinlər. Mən sizə bir daha bildirmək istəyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yeməkiçmək çatmır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab əmir, mən Sizə məktub göndərmişəm, Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün Sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Müsəlman ölkələrinin Azərbaycana yardımına gəlincə onu deyə bilərəm ki, qonşu müsəlman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciklərinə gəlib müəyyən maddi yardım göstərirlər. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir, Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsəlmanlar, azərbaycanlılar o qədər də aciz deyilik. Kasablanka Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul olunacaq.

Ermənistanın təcavüzünü pisləmək haqqında bu qətnaməni Sizin müdafiə edəcəyinizə əminəm. Zirvə toplantısında müsəlman dövlətlərinin Azərbaycana iqtisadi və humanitar yardımı barədə də qətnamə qəbul ediləcək. Güman edirəm ki, Siz bu qətnaməni də dəstəkləyəcəksiniz.

... Ölkəniz zəngindir və Siz uzun illərdir ki, bu dövlətin başında dayanırsınız. Ona görə də mən əminəm ki, Siz bu məsələlərdə bizə kömək göstərəcəksiniz. Amma onu da bildirməliyəm ki, bu məsələdə gecikmək olmaz. Çünki ola bilər ki, bizim vəziyyətimiz daha da çətinləşsin. Doğrudur, bizim də sizin kimi neftimiz var. Biz Qərbin nüfuzlu neft şirkətləri ilə müqavilə bağlamışıq və onlarla əməkdaşlıq edəcəyik. Amma bu, öz səmərəsini bir neçə ildən sonra verəcək. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq indi bizim neftimiz azdır. Sizin isə neftiniz çoxdur. Bizi sıxışdırmaq istəyirlər. Amma biz öz müstəqilliyimizi qoruyacağıq. Siz bir müsəlman kimi, böyük bir insan kimi, böyük bir şeyx kimi gərək Azərbaycandakı müsəlman qaçqınlarının vəziyyəti haqqında düşünəsiniz. Axı, onlar yollarda, küçələrdə yaşayırlar. Ona görə də mən istəyirəm ki, Siz ölkəmizə gələsiniz və müsəlmanların necə yaşadığını özünüz görəsiniz. Azərbaycan Qafqazda yeganə müstəqil müsəlman dövlətidir. Biz möhkəm dayanmışıq, öz müstəqilliyimizi qoruyub saxlayacağıq. Ancaq biz Ermənistanın təcavüzünün qarşısını almasaq, torpaqlarımızı azad etməsək ölkəmizin, müsəlmanların vəziyyəti daha da ağırlaşacaq.