Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin Binə Hava limanında qarşılanma mərasimində nitqi - 18 oktyabr 1999-cu il


Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, bizim əziz qardaşımız zati-aliləri Süleyman Dəmirəl mənim dəvətimlə bu gün Azərbaycana qısamüddətli işgüzar səfərə gəlmişdir. Bu səfər münasibətilə, onun yenidən Azərbaycana qayğı, diqqət göstərib mənim dəvətimi qəbul etdiyinə görə və indi Azərbaycanda olduğuna görə ona Azərbaycan xalqı adından təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Azərbaycana xoş gəlmisən, səfa gətirmisən!

Əziz və hörmətli prezident Süleyman Dəmirəllə bərabər, Azərbaycana Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu da gəlibdir. Мən silahlı qüvvələr baş qərargahının rəisini ürəkdən salamlayıram, "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini, enerji naziri hörmətli Cümhur Ərsümər də Azərbaycana gəlibdir və onunla bərabər, Azərbaycana Türkiyənin böyük nümayəndə heyəti gəlibdir. Onların hamısını ürəkdən salamlayıram. Qardaş

Türkiyədən Azərbaycana əziz dostumuz, prezident Süleyman Dəmirəllə bərаbər gələn dostlarımızın hamısına "Xoş gəlmisiniz!" deyirəm.

Əziz dostlar!

Bu gün Azərbaycanın bayram günüdür. Bu gün Azərbaycanın dövlət müstəqilliyini əldə etməsinin, yəni dövlət müstəqilliyini bərра etməsinin 8-ci ildönümüdür. Bu bayram münasibətilə sizi, bütün Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm və Azərbaycanda əbədi müstəqillik uğrunda irəli getmək arzulayıram.

Əziz dostumuz, qardaşımız prezident Süleyman Dəmirəlin Azərbaycana məhz bu gün - Azərbaycanın dövlət müstəqilliyi günü gəlməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqının milli azadlığı, Azərbaycanın dövlət müstəqilliyi bizim xalqımız üçün nə qədər əzizdirsə, о qədər də Türkiyə üçün əzizdir, türk xalqı üçün əzizdir və bizim qardaşımız Süleyman Dəmirəl üçün əzizdir.

Türkiyə ilə Azərbaycan arasında, bizim xalqlarımız arasında dərin köklərə malik olan, min illik tarixə malik olan dostluq, qardaşlıq əlaqələri vardır. Biz bir kökdənik, biz bir dildə danışır, biz bir millətin şaxələriyik və bizim bu dostluğumuz dərindir. Bu dostluğumuz həmişə olubdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında, Türkiyə xalqı ilə Azərbaycan xalqı arasında dostluq və qardaşlıq əlаqələri tamamilə başqa sifət almış, başqa səviyyəyə çatmışdır. İndi isə bu dostluq, bu qardaşlıq sarsılmazdır, əbədidir.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı həm siyasi, həm iqtisadi, həm mədəni, həm insani əlaqələr və həyatın bütün digər sahələrində son illər inkişaf edib və yüksəlibdir. Bunu biz özümüz üçün, müstəqil Azərbaycan üçün böyük nailiyyət hesab edirik və bu dostluğa, bu qardaşlığa görə türk xalqına, Türkiyə Cümhuriyyətinə, böyük Mustafa Kamal Atatürk cümhuriyyətinə və onun prezidenti, Türkiyə xalqının lideri Süleyman Dəmirələ təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.

Türkiyənin prezidenti, bizim əziz dostumuz Süleyman Dəmirəl bu gün Azərbaycana səfərini Bakı hava limanında tikilmiş aerovağzal kompleksinin açılışı ilə başlayır. Sizə məlumdur ki, bu hava limanının aerovağzal kompleksi Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələrin nəticəsində qısa bir müddətdə yaranmışdır. Eyni zamanda onu da bilirsiniz ki, bu binanın, hava limanının aerovağzal kompleksinin tarixi də böyükdür.

1981-ci ildə mən Azərbaycana rəhbərlik etdiyim zaman Azərbaycana, Bakı şəhərinə, bizim doğma respublikamıza bir gözəl hava limanı və onun gözəl aerovağzal kompleksini yaratmaq haqqında qərar qəbul etdim. О qərarın əsasında həmin bu aerovağzal kompleksinin layihəsi hazırlandı və sonra onun inşası başlandı. Doğrudur, о vaxt biz Sovetlər İttifaqının tərkibində idik və belə bir böyük binanı yaratmaq, tikmək üçün mütləq Moskvadan, sovet hökumətindən vəsait almalı idik. Özümüzün buna vəsaitimiz yox idi, bütün vəsaitlər hamısı orada toplanırdı. Böyük çətinliklər vasitəsilə bu vəsaiti aldıq, bu tikintiyə başladıq və tikinti uğurla gedirdi. Ancaq təəssüflər olsun ki, 1988-1989-cu illərdə bu tikinti tamamilə dayandı və Azərbaycan xalqı gözlədiyi bu aerovağzal kompleksini ala bilmədi.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, biz dövlət müstəqilliyimizi möhkəmləndirəndən sonra, bəzi iqtisadi məsələlərimizi həll edəndən sonra bu binanın tikintisini davam etdirmək və onu başa çatdırmaq haqqında qərar qəbul etdik. Qəbul etdiyimiz qərar ondan ibarət oldu ki, bunu biz Türkiyə Cümhuriyyətinin şirkətləri ilə birgə, müştərək etməliyik. Danışıqlar aparıldı, vəsait tapıldı, kreditlər alındı, о cümlədən Böyük Britaniya banklarından kreditlər alındı, Türkiyənin "Eksimbank" bankından kreditlər alındı, Türkiyənin "Burc-Enka" şirkəti ilə, Böyük Britaniyanın şirkətləri ilə əlaqələr yarandı və bunların hamısının nəticəsində bu aerovağzal kompleksinin tikintisinə başlandı.

1981-ci ildən 1989-cu ilə qədər burada demək olar ki, elə bir iş görülməmişdi. Amma bu gün böyük məmnuniyyətlə deyə bilərəm ki, qısa bir zamanda, iki ildən də az bir müddətdə bu aerovağzal kompleksi tikildi və indi istifadəyə verilir. Bu, gözəl bir memarlıq əsəridir. Bu, Azərbaycan xalqı üçün gözəl milli sərvətdir və bu beynəlxalq aerovağzal kompleksi Azərbaycanın dövlət müstəqilliyini bir daha təsdiq edir.

Türkiyə-Azərbaycan əlaqələrinin böyük bir hissəsini iqtisadi əlaqələr, iqtisadi əməkdaşlıq, ortaq, müştərək işlər görmək təşkil edir. Bu gün məmnuniyyətlə deyə bilərəm ki, Türkiyənin iş adamları Azərbaycanda çox sahələrdə çox dəyərli işlər görürlər. Onların içərisində "Burc-Enka" şirkətinin burada yaratdığı əsərlərdən ən gözəli, ən yaxşısı Azərbaycanın, Bakının hava limanında olan aerovağzal kompleksidir.

Məlumdur ki, bütün məsələlərin həll olunmasında hər bir ölkənin hökumətinin, dövlətinin dəstəyi lazımdır. Mən bildirmək istəyirəm ki, bizim bu böyük işimizi görmək üçün Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz Süleyman Dəmirəl bunu dəstəklədi, şirkətləri bu işə başlamaq üçün həvəsləndirdi, öz dəstəyini bildirdi. Ona görə də o, bu gün həmin bu böyük kompleksin müəlliflərindən biridir.

Mən bu gün Türkiyə Cümhuriyyətinin burada çalışan şirkətlərinə, xüsusən "Burc-Enka" şirkətinə, onların rəhbərlərinə gördükləri işlərə görə təşəkkür edirəm. Beynəlxalq banklara - Türkiyənin "Eksimbank"ına, Böyük Britaniyanın şirkətlərinə və banklarına bizə yardım göstərdiklərinə görə təşəkkür edirəm. Ancaq ən böyük təşəkkürümüz, ən böyük minnətdarlığımız Türkiyə Cümhuriyyətinədir, onun dövlətinədir və onun dövlətinin başçısı, prezidenti, əziz dostumuz Süleyman Dəmirələdir.

Mən çox sevinirəm, çox məmnunam, əziz bacılar, qardaşlar, görürəm, siz də nə qədər sevinirsiniz ki, bizim dostumuz, qardaşımız hörmətli Süleyman Dəmirəl bu gün Azərbaycandadır, Azərbaycan torpağındadır, Bakıdadır və burada birlikdə böyük bir bayram mərasimi keçiririk.

Əziz dostum, qardaşım!

Мən bir daha Sizin Azərbaycana gəlməyiniz münasibətilə təşəkkür edirəm. Sizə sevgi və məhəbbət hissi nə buraya toplaşmış insanların qarşısında söz demək üçün razılıq verdiyinizə görə təşəkkür edirəm. Çox sağ olun.

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın böyük türk xalqı!

Yaşasın Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, Türkiyənin lideri, bütün türk aləminin lideri, böyük insan Süleyman Dəmirəl!