Azərbaycan Prezidenti Heydər Əliyevin Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - 10 dekabr 1999-cu il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz, mən sizi salamlayıram. Siz Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərinin müşahidəçisi olacaqsınız. Bu, bizim üçün çox əhəmiyyətlidir. Azərbaycanda bələdiyyə seçkiləri ilk dəfə keçirilir. Güman edirəm ki, son 4-5 ayda aparılan işlər nəticəsində vətəndaşlarımız bələdiyyə seçkiləri haqqında lazımi qədər təsəvvür əldə edə biliblər. Dünən Mərkəzi Seçki Komissiyasının məlumatı elan olundu. Oradan göründü ki, vətəndaşlar bu seçkilərdə iştirak etmək üçün böyük fəallıq göstərirlər. Bu, çox yaxşı haldır. Biz arzu edirik ki, seçicilər də belə fəallıq göstərsinlər, səs verməyə gəlsinlər və beləliklə də, seçkilər baş tutsun. Yenə də deyirəm, biz birinci dəfədir ki, bələdiyyələrə seçki keçiririk. Ancaq bizim demokratik seçkilər keçirmək təcrübəmiz vardır. Güman edirəm ki, bu seçkini də keçirə biləcəyik və siz də bizə yardım edəcəksiniz.

Mən güman edirəm ki, siz təkcə müşahidəçi kimi yox, eyni zamanda bizə kömək etmək məqsədi ilə gəlmisiniz. Buyurun, sizi dinləyirəm.

Alan Loyd (Böyük Britaniyanın Suonsi şəhər və qraflıq bələdiyyəsinin üzvü - nümayəndə heyətinin rəhbəri): Cənab prezident, səmimi, hərarətli salamlarınıza görə çox sağ olun.

Doğrudur, biz buraya dekabrın 12-də keçiriləcək seçkilər üçün gəlmişik. Lakin mən eyni zamanda, Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinin üzvü kimi sizin ölkədəyəm və bu sahəyə nəzarət edirəm. Bu işdə mənim çox yaxşı bir yardımçım vardır. O, Türkiyənin Ankara Universitetinin professoru cənab Ruşen Keleşdir.

Cənab prezident, biz yaxşı dərk edirik ki, Sizin ölkəniz Avropa Şurasına üzv qəbul olunmağın astanasındadır. Əlbəttə ki, bu şuraya üzv qəbul olunmağın əsas şərtlərindən biri də yerli özünüidarəyə dair Avropa Xartiyasının tələblərini tam yerinə yetirməkdən ibarətdir.

Bazar günü keçiriləcək seçkilər uzun sürən prosesin yalnız bir hissəsidir. Biz burada gördüyümüz böyük ruh yüksəkliyinə əsasən qətiyyətlə deyə bilərik ki, siz bu sahədə də böyük nailiyyətlər əldə edəcəksiniz.

Məlum olduğu kimi, Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresi ümumiyyətlə Avropa Şurasının qanadlarından biridir. Biz yerli demokratik seçkilərə nəzarət edirik və ümid edirik ki, demokratik seçkilər nəticəsində seçilmiş yerli hakimiyyət orqanlarının nümayəndələri çox tezliklə Strasburqa gələcək və bizim bütün fəaliyyətimizin iştirakçısı olacaqlar. Biz tam dərk edirik ki, demokratiya bir gecənin içərisində baş vermir.

Seçki demokratiyaya doğru bir addımdır. Biz ümid edirik ki, seçkidən sonra, yaxud gələcəkdə də yerli hökumətlərin işinə nəzarət edəcəyik. Məlumdur ki, sizin ölkə Avropa Şurasına üzv qəbul olunmağa lap yaxındır. Mən tam əminəm ki, Azərbaycan tezliklə Avropa Şurasının üzvü olacaqdır. Sizin ölkə Avropa Şurasının üzvü olduqdan sonra da bizim nəzarətimiz davam edəcəkdir. Çünki biz yerli özünüidarəyə dair Avropa Xartiyasını imzalayan bütün yerli hökumətlərdən müvafiq iş tələb edirik.

Cənab prezident, bizə məlumdur ki, Azərbaycanda qanunlar dəyişir, tənzimləmələrə yeni nəfəs verilir. Yerli hökumətlərin xüsusi əhəmiyyətə malik olan rolu müvafiq səviyyəyə çatdırılmalıdır. Bizim indiyədək söhbət etdiyimiz bütün adamlar - həm rəsmi, həm də qeyri-rəsmi şəxslər bizdə ümid doğurublar. Biz əminik ki, bu seçkilər yaxşı səviyyədə keçiriləcəkdir.

Cənab prezident, yenə də deyirəm, sizin ölkəniz tezliklə Avropa Şurası ailəsinə daxil olacaqdır. Əminik ki, yerli demokratik idarəetmə orqanları da işlərini müvafiq səviyyədə quracaq. Avropa Xartiyasını imzalayacaqlar və biz ümumi bir ailədə xoşbəxt yaşayacağıq.

Heydər Əliyev: Mən çox məmnunam ki, siz ölkəmizdəki vəziyyətlə çox qısa bir zamanda yaxından tanış olmusunuz və müəyyən qədər müsbət fikirlər söylədiniz. Bu ümidlərinizə, arzularınıza, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması haqqında dediyiniz sözlərə görə də sizə təşəkkür edirəm.

Yaxşi bilirik ki, Avropa Şurasına daxil olmaq eyni zamanda üzərimizə yeni böyük məsuliyyət götürmək deməkdir. Məsələn, indiyə qədər Azərbaycanda bələdiyyələr olmamışdı, bu sahədə bizim məsuliyyətimiz də yox idi. İndi seçkilər keçiriləcək, bələdiyyələr yaranacaq, şübhəsiz ki, bələdiyyələrin iş səviyyəsi Avropa Şurasında və başqa beynəlxalq təşkilatlarda müəyyən qədər qiymətləndiriləcək və bu da Azərbaycana olan münasibətə təsir göstərəcəkdir. Amma biz bu çətinliklərə özümüz cəsarətlə giririk, Avropa Şurasının qapısını üç ildir döyürük və istəyirik ki, bu qapı açılsın. Başa düşürük ki, bu, bizim məsuliyyətimizi daha da artıracaqdır. Yəni biz bunların hamısını şüurlu edirik. Çünki biz Avropa Şurasının tam bərabər hüquqlu üzvü olmaq, öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyirik, hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımlıdır.

Avropa Şurasının üzvü olmaq bizə kömək edəcəkdir. Çünki bir tərəfdən, məsuliyyətimizi özümüz daha da qaldıracağıq, digər tərəfdən, Avropa Şurasının üzvü kimi ölkəmizdə hansısa nöqsan olsa, həmin şura buna diqqət yetirəcək və dövlət, hakimiyyət orqanlarımız da çalışacaqlar ki, o nöqsanlara yol verməsinlər. Güman edirəm ki, bunlar düzgün istiqamətdə gedən işlərdir.

Mən məmnunam ki, siz bu sahədə təcrübəli adamlarsınız. Mən heç də böyük illüziyada deyiləm. Çünki bu, ilk dəfə keçirilən seçkilərdir. Mən 30 dəqiqə bundan əvvəl, bələdiyyələrə seçkilər münasibətilə respublika televiziyası və radiosu vasitəsilə Azərbaycan vətəndaşlarına müraciətimi yazdırdım, axşam onu verəcəklər.

Mən xalqa, bütün vətəndaşlara müraciətlə birincisi, onu xahiş etdim ki, seçkilərdə fəal olsunlar, ikincisi, seçkilər tam sərbəst, azad, aşkar keçirilsin, insanlar öz istədikləri namizədlərə səs versinlər. Yerli icra hakimiyyəti orqanları, ümumiyyətlə, icra hakimiyyəti, dövlət orqanları seçki komissiyalarının işinə müdaxilə etməsinlər. Özlərinin müdaxilə etməməsi azdır, başqa müdaxilə hallarının da qarşısını alsınlar.

Mən bir çox arzularımı bildirdim. Əgər vaxtınız olsa televiziyada baxa bilərsiniz. Ümumi məqsədimiz odur ki, biz demokratiya yolunda böyük bir addım ataq.

Mən dedim, illüziyaya qapılmıram. Ona görə ki, hesab etsəm, biz bələdiyyə seçkilərini Avropa standartları səviyyəsində keçirə bilərik, bu, bir az çətin olacaqdır. Mənə məlumat veriblər ki, Bakıda hər bir rayon bələdiyyəsinə 70-80 namizəd var, amma 19 adam seçilməlidir. Oturub fikirləşdim, mən seçki kabinəsinə girəndə necə edəcəyəm ki, bu 70 adamdan 19-nu seçib səs verim. Bu, əvvəlki seçkilər deyil ki, orada 3-4-5 namizəd var idi. İndi gərək 70 namizəddən 19-na səs verəsən. Bunun özü də problemdir. Mən fikirləşdim, bəlkə bu bülletenləri əvvəldən paylasınlar, insanlar fikirləşdikdən sonra seçki kabinəsinə girsinlər. Amma bu da mümkün deyildir. Bir də ki, bu insanların hamısını axı, hamı tanımır. Məsələn, mən çox adamları tanıyıram. Amma yaşadığım rayonda 70 namizəddən ola bilər, 5-6 nəfəri tanıyım, qalanları tanıya bilməyəcəyəm. Buna görə də bu, çox çətin prosesdir. Siz bu işlə illərlə, on illərlə məşğulsunuz. Ona görə də bu, artıq sizin üçün adi bir məsələdir, bizim üçün isə yenidir. Amma bu o demək deyil ki, biz bunu etməməliyik. Biz bunu etməliyik ki, öyrənib gəlib sizin səviyyəyə çataq. Hesab edirəm ki, bu, sizin köməyinizlə mümkündür.

Məqsədimiz odur ki, seçkilər demokratik, sərbəst, aşkar keçsin. Kimin seçilib-seçilməməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Amma şübhəsiz, hər bir bələdiyyənin ərazisində yaşayan insanlar kimi seçdiklərini bilməlidirlər və inanmalıdırlar ki, həmin adamlar yerli idarəetmə orqanlarında səmərəli fəaliyyət göstərəcəklər.

Güman edirəm ki, bizim indiyədək gördüyümüz işlər bələdiyyələrə seçkilərin keçirilməsini təmin edəcəkdir. Seçiciləri bu seçkilərlə tanış etmək üçün televiziya və qəzetlər vasitəsilə çoxlu verilişlər, materiallar verilibdir. Mən özüm də bəzən çox şeyləri televiziyadan öyrənirəm. Çünki onlar bu məsələni çox yaxşı izah edirlər. Yəni bu işləri Mərkəzi Seçki Komissiyası təşkil edir. Amma bu məsələləri sadə izah edəndə adam çox şeyi yaxşı öyrənir.

Beləliklə, biz bu seçkiləri iki gündən sonra sizinlə birlikdə keçirməliyik. Təbiidir ki, Avropa Şurasının da qapısı Azərbaycan üçün açılmalıdır və yerli bələdiyyələrin nümayəndələri də oraya gələcəklər.

Alan Loyd: Cənab prezident, demokratiyanın həyata keçirilməsi də, onun həyata keçirildiyinin sezilməsi də çox vacibdir. Bizə namizədlərin olması, onların hansısa normalara cavab verməsi barədə çoxlu suallar verirlər. Mən öz təcrübəmdən görmüşəm ki, biz siyasətçilərdənsə adi camaat, seçicilərin özləri onlara necə adam lazım olduğunu daha yaxşı bilirlər.

Cənab prezident, demokratiya elə bir vasitədir ki, o, insanlara öz qərarlarını qəbul etməyə, istədikləri adamları seçməyə imkan verir. Biz siyasətçilər həmin adamlarla razılaşa da bilərik, yaxud onlara qarşı çıxa da bilərik. Lakin hər şey seçicilərin öz əlindədir. Mən ümid edirəm ki, rəhbərlik etdiyiniz ölkənin bütün vətəndaşları bu imkandan istifadə edəcək, seçki məntəqələrinə gedəcək və öz nümayəndələrini seçəcəklər.

Cənab prezident, bazar günü keçiriləcək seçki çox vacib bir seçkidir. O, yerli özünüidarə orqanlarının seçkisidir ki, bu da insanlara ən yaxın olan hakimiyyət formasıdır.

Cənab prezident, mənim ölkəmin, o cümlədən Avropa Şurasının üzvü olan başqa ölkələrin təcrübəsindən məlumdur ki, digər seçkilərdə seçilmiş adamların bir çoxu öz vaxtlarını əsas etibarilə parlamentdə, paytaxtda keçirirlər. Yerli hakimiyyət orqanlarının nümayəndələri isə öz vaxtlarının ildə 52 həftəsini, yaxud 365 gününü onları seçmiş adamlarla birlikdə öz ərazilərində keçirirlər. Yəni onların başqa işlərə vaxtı olmur. Bazar günü bu seçkilərin ilk mərhələsidir. Əsas iş ondan sonra başlayacaqdır. Yəni yerli hakimiyyət orqanlarına seçilmiş nümayəndələrə cavabdehlik və hakimiyyət üçün hüquqlar veriləcəkdir. Əsl iş də bundan sonra başlayacaqdır.

Cənab prezident, yerli hakimiyyət orqanlarına kifayət qədər hüquqlar və cavabdehlik verilməlidir ki, onlar öz ərazilərində müvafiq xidmətləri həyata keçirə bilsinlər. Bu xidmət növləri yerli hakimiyyətlərin özləri istədikləri xidmət növləri deyil, onları seçmiş adamlara gərəkli olan xidmət növləri olmalıdır. Elə bilirəm, bu haqlar verildikdən sonra ölkədə müvafiq qanunlar tənzimlənməlidir ki, yerli hakimiyyət orqanları bu hakimiyyətlərini qanun çərçivəsində həyata keçirə bilsinlər.

Cənab prezident, mən Sizin diqqətinizi bir məsələyə də cəlb etmək istəyirəm. Yeni seçilmiş adamların təhsil alması, həm də düzgün təhsil alması çox vacibdir. Yəni onlar müvafiq qanunlara uyğunlaşmalı, tabe olmalıdırlar. Məlumdur ki, seçiləcək adamların hamısı bu işdə yeni adamlar olacaqlar. Mən onların təhsil alması üçün sizə və hökumətinizə müraciət, xahiş etmək istəyirəm. Biz isə öz növbəmizdə onların təhsil alması üçün hansı yardım laızmdırsa, onu etməyə hazırıq.

Bizə məlumdur ki, Azərbaycan parlamentində müəyyən qanunlar qəbul edilmək üzrədir. İndi parlamentdə həmin qanun layihələrinə baxılır. Bu qanun layihələri ilə biz də tanışıq, onlar bizim də çox xoşumuza gəlibdir. Lakin çox vacibdir ki, yerli hökumətlər bu qanunlarla işləsinlər. Onlar gələcəkdə də bu qanunlarla işləməli olacaqlar. Yenə də deyirəm, yeni seçiləcək adamların təhsil alması və seçicilərin ümidlərini doğrultması çox vacibdir.

Bu seçkinin demokratik şəraitdə keçirilməsi çox vacibdir. Məlumdur ki, seçiləcək bu adamlar 3-4 il müddətində, yəni növbəti seçkilərədək seçicilərin ümidini doğrultmalıdırlar. Ola bilər, onlar növbəti dəfə bir daha seçilsinlər, yaxud seçilməyə namizəd olsunlar. Ona görə də onların təhsil almasına diqqət yetirməyinizi xahiş edirəm.

Cənab prezident, yenə də deyirəm, biz bunların hamısının bir gecədə həll olunması illüziyasına qapılmırıq. Biz başa düşürük ki, müəyyən bir keçid dövrü olacaqdır, icra hakimiyyətləri ilə yerli hakimiyyətlər arasında iş qurulması üçün vaxt tələb ediləcəkdir. Lakin biz Azərbaycanda müşahidə etmişik ki, icra hakimiyyətlərinin bəziləri bu işə çox böyük ruh yüksəkliyi ilə yanaşırlar, bu seçkilərdə fəal iştirak etmək fikrindədirlər. Bazar günü biz bu işdə sizə kömək edəcəyik. Amma bizim əsas köməyimiz bazar günündən sonra olacaqdır.

Mən ümid edirəm ki, bu seçkilər açıq, səmimi şəraitdə keçəcəkdir, biz isə geri qayıtdıqdan sonra müsbət bir raport yazacağıq. Bizim raportumuz Avropa Şurasının Parlament Assambleyasına, Nazirlər Şurasına təqdim ediləcəkdir. Bu raportu oxuyandan sonra hamı razılaşacaq və deyəcək ki, Azərbaycan Avropa Şurasına xoş gəlibdir. Kaş həmin gün tezliklə gəlsin!

Heydər Əliyev: Sağ olun, çox dəyərli fikirlərinizə görə sizə təşəkkür edirəm. Həm seçkinin keçirilməsi, həm də xüsusən, seçki başa çatdıqdan sonra bələdiyyələrin əməli fəaliyyəti haqqında sizin tövsiyələriniz çox əhəmiyyətlidir. Siz dediyiniz kimi, həqiqətən əsas iş bələdiyyələr seçiləndən sonra başlayacaqdır. Bu sahədə sizin yardımınıza çox böyük ehtiyacımız olacaqdır. Məmnunam, siz bunu indi bəyan edirsiniz ki, bizə hər cür kömək göstərəcəksiniz. Belə olan halda biz nəinki bələdiyyələri uğurla seçə bilərik, eyni zamanda gələcəkdə onların işlərini daha da yaxşı təşkil edə bilərik.

Mən onların təhsil alması barədə sizin fikirlərinizlə tam razıyam. Görünür, bunun üçün xüsusi bir proqram təşkil olunmalıdır. Biz sizin tövsiyyələrinizi, təcrübənizi nəzərə alaraq, onları həqiqətən təhsilləndirməliyik. Bir sözlə, bizim əməkdaşlığımız uzun müddət davam edəcəkdir.

Bugünkü fikirlərinizə görə sizə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bizim əməkdaşlığımız gələcəkdə də uğurlu olacaqdır. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 dekabr 1999-cu il.