"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdə çıxışı" (Paris, 15 yanvar 1997-ci il) sənədinə tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə Fransaya səfər edib. Bu səfərlər zamanı o, Fransa prezidenti, həmçinin, digər rəsmi şəxslərlə görüşlər keçirib.

Heydər Əliyev 1997-ci il yanvarın 13-15-də Fransaya növbəti səfəri zamanı da Fransa prezidenti Jak Şirakla görüşüb. Azərbaycan Prezidenti Fransa və Azərbaycan arasında münasibətlərin səviyyəsindən razı qaldığını söyləyib. Jak Şirak ATƏT-in Minsk Qrupunda həmsədr olan Fransanın prezidenti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəal vasitəçilik edib. 2001-ci lin martında onun təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti təkbətək görüş keçirilib.(http://www.mfa.gov.az/)

Bundan başqa, Heydər Əliyev xarici işlər naziri Erve de Şarett, parlament və Senat sədrləri ilə, bir sıra nazirlərlə görüşüb.

Azərbaycan - Fransa əlaqələri bütün sahələrdə inkişaf edib. Müxtəlif vaxtlarda dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətləri daha da inkişaf etdirib. Azərbaycan və Fransa arasında əlaqələrin daha da güclənməsində Fransada yaşayan azərbaycanlıların rolu böyükdür. Fransaya bu dəfəki səfəri çərçivəsində Heydər Əliyev orada yaşayan soydaşlarımızla görüşüb. Fransada 170 min azərbaycanlı yaşayır. (http://www.diaspora.az/).

Onlar müxtəlif təşkilatlarda birləşiblər. Bu təşkilatlar Paris, Strasburq, Qrenobl şəhərlərində yerləşir. "Azərbaycan evi" Assosiasiyası, Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Mərkəzi, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası, Azərbaycan - Fransa Azad Mübadilələr Assosiasiyası Fransada yaşayan azərbaycanlıları özündə birləşdirərək ölkəni Fransada, eləcə də dünyanın digər dövlətlərində tanıdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev soydaşlarımızla görüşündə Fransaya rəsm səfərinin nəticələri haqqında geniş məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq dövlətin bütün imkanlarından istifadə edərək bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışacaqlarını vurğulayıb: "Azərbaycan müstəqildir, inkişaf edir. Bizim qarşımızda duran ən böyük maneə yalnız və yalnız Ermənistanın Azərbaycana etdiyi təcavüzdür, Dağlıq Qarabağ məsələsidir. Ermənilər istəyir ki, biz Qarabağı Ermənistana verək. Biz heç vaxt bunu etməyəcəyik. Sülh yolu ilə məsələnin həllinə çalışacağıq".

2007-ci il noyabrın 12-də Fransanın Mets şəhərində də Fransadakı Azərbaycanlıların Diaspor Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Fransada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları Azərbaycan ətrafında sıx birləşdirmək, ölkə ilə bağlı həqiqətləri dolğun şəkildə fransızlara çatdırmaqdan və geniş şəkildə təbliğ etməkdən, Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı tədbirlər keçirmək və s.-dir.

Tarixi arayış 7 fevral 2008-ci ildə tərtib edilib.