Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının müdafiə naziri, marşal İqor Sergeyevi qəbul edərkən söhbətindən - Prezident sarayı, 26 dekabr 2000-ci il


Heydər Əliyev: Cənab nazir, cənab marşal, hörmətli İqor Dmitriyeviç, mən sizi və sizi müşayiət edən şəxsləri salamlayıram!

Mən bu görüşə şadam və təəssüflə deməliyəm ki, Rusiyanın müdafiə naziri Azərbaycanda lap çoxdan olmayıbdır. Hətta xatirimdə deyil, məncə, buraya axırıncı dəfə 1996-cı ildə İqor Radionov gəlmişdi. O, az işlədi, buna görə də o, yadımda qalmayıbdır. 1996-cı ildə Qraçovun buraya gəldiyi xatirimdədir. Şükürlər olsun ki, siz, nəhayət gəldiniz. Mən sizi çox dəvət etmişdim, bizim müdafiə naziri də dəvət etmişdi. Görünür, vaxtınız yox idi. İndi isə vaxt gəlib çatmışdır. Bir sözlə, mən sizin gəlişinizə şadam. Mən sizi salamlayıram və səfərinizi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişafı baxımından mühüm səfər hesab edirəm.

Siz dünən gəldiniz, müdafiə naziri mənə məlumat verdi ki, kifayət qədər səmərəli danışıqlar aparmısınız. Bu gün siz baş nazirlə, parlamentin sədri ilə görüşmüsünüz və budur, indi biz görüşürük.

Hesab edirəm ki, siz burada çoxdan olmasanız da, Rusiya Federasiyasının prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin rəsmi səfəri ərəfəsində gəlmisiniz. Söz düşmüşkən, bu da ilk səfər olacaqdır. Doğrudur, bu, dövlət müstəqilliyi qazandığımız vaxtdan bəri Rusiya prezidentinin Azərbaycana ilk səfəri olacaqdır. Mən bu görüşü gözləyirəm və düşünürəm ki, bu, hər halda münasibətlərimizin daha da inkişafı üçün çox vacibdir. Beləliklə, mən sizi salamlamağa şadam.

İqor Sergeyev: Hörmətli cənab prezident, müdafiə nazirinin dəvəti ilə, təbii olaraq, Sizin təqdirinizlə Azərbaycana rəsmi səfərə gəlmək imkanı verildiyinə görə sağ olun.

Dünən biz kifayət qədər konstruktiv danışıqlar apardıq və onların nəticəsində, zənnimcə, əməkdaşlığımızın möhkəmlənməsi işində daha bir addım ataraq, iki mühüm sənəd imzaladıq. Onlar bu əməkdaşlıq üçün zəmin yaradır. Bu, 2001-ci il üçün hərbi əməkdaşlıq planıdır, özü də o, elə hazırlanmışdır ki, əməkdaşlığın bazasını həm genişləndirməyə, həm də dərinləşdirməyə imkan verir. İkinci sənəd Rusiya Federasiyasının hərbi ali məktəblərində Azərbaycan zabitlərinin hərbi təhsil alması haqqında sazişdən ibarətdir. Bu, gələcək əməkdaşlığın da bünövrəsini qoyur. Bizdə yığılıb qalmış problemləri açıq şəkildə, tam səmimiliklə müzakirə etdik və onları aradan qaldırmaq əzmində olduğumuzu bildirdik.

Hörmətli cənab prezident, biz bu problemlərin müəyyən hissəsini sizin köməyinizlə həll edəcəyik. Rusiya prezidentinin və Azərbaycan prezidentinin yüksək səviyyədə görüşü zamanı hərbi idarələr tərəfindən heç bir problem olmasın deyə, biz məsuliyyətimiz çərçivəsində mümkün hər şeyi etmək üçün qəti niyyətə, istəyə və müəyyən iradəyə malikik. Biz bundan ötrü var qüvvə ilə çalışacağıq.

Biz baş nazirlə, parlamentin sədri ilə görüşlər keçirdik və bizi maraqlandıran məsələləri də müzakirə etdik. Zənnimcə, bu problemlər başa düşülür və onları, əlbəttə, indi bütün münasibətlərimizin qurulduğu kimi, qarşılıqlı fayda əsasında, eyni zamanda dövlətlərimizin müdafiə qabiliyyəti, hərbi təhlükəsizliyi naminə həll etmək istəyi də var.

Bakının özü mənə böyük təsir bağışladı, çox gözəl şəhərdir. Mən Azərbaycanda ilk dəfəyəm. Hörmətli Heydər Əliyeviç, Minskdə ziyafət zamanı sağlıq deyərkən etdiyiniz çıxışın çox güclü təsiri altındayam. Rusiyanın roluna, onun gələcəyinə münasibətinizin əslində bütün spektri yaddaşımda həkk olmuşdur. Siz bunu çox gözəl söylədiniz. Buna görə sağ olun. Mən Sizin bu çıxışınızın təsiri altındayam. Hesab edirəm ki, prezidentlərimiz qarşıdakı görüşdə, yeri gəlmişkən, üçüncü minillikdə ilk görüşdə şərait yaradacaqlar. Biz ümid bəsləyirik və gələcəyə nikbinliklə baxırıq. Sağ olun.

Heydər Əliyev: Sağ olun. Əlamətdar haldır ki, XXI əsrin əvvəlində, üçüncü minilliyin başlanğıcında Rusiyanın yeni prezidentinin birinci səfəri məhz Azərbaycana olacaqdır. Əgər belə bir səfirin indiyədək bir dəfə də olmamasından narazı qalmağa əsasımız varsa, özümüzə bununla təsəlli verə bilərik ki, əvəzində, Rusiya prezidenti XXI əsrdə ilk səfərini Azərbaycana edir.

Minskdə görüşümüzü, xüsusən ziyafət zamanı çıxışımı xatırladınız, birincisi, bunlar səmimi sözlər idi. İkincisi isə, bu sözlər həm Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri möhkəmlətmək, həm də MDB-nin fəaliyyətinin səmərəliliyini yüksəltmək istəyindən irəli gəlirdi. Vladimir Vladimiroviç Putin Rusiya Federasiyasının prezidenti seçildikdən sonra Rusiya Federasiyasının həyatında istər dövlət quruculuğu baxımından, istər hərbi islahat baxımından, istər xarici siyasət baxımından, istərsə də MDB ölkələrinə münasibətdə çox böyük müsbət dəyişikliklər baş verir. Yəni, mən öz fikirimi onda da demişəm, indi də deyirəm. İndi biz böyük ümidlər verən yeni mərhələnin başlanğıcındayıq. Bu baxımdan sizin səfəriniz, əlbəttə, əhəmiyyətə malikdir. Xüsusən prezident Putinin səfəri əhəmiyyətli olacaqdır. Hərçənd, biz həll olunmamış məsələlərin həlli və mövcud problemləri aradan qaldırmaq üçün hələ çox iş görməliyik. Təəssüf ki, bu müddət ərzində yığılıb qalmış problemlər də var və onlar bizi də, sizi də narahat edir. Odur ki, onların bundan sonra da yığılmasına yol vermək olmaz. Onları həll etmək və problemlərin olmaması üçün tədbirlər görmək lazımdır.

Təbii ki, Rusiya ilə Azərbaycanın artıq neçə illərdir müstəqil dövlətlər olduqları, ümumiyyətlə, bir-birindən asılı olmadıqları şəraitdə münasibətlər tamamilə yeni əsasda qurulur. Bu yol da asan deyildir, ona görə də bəzi çətinlikləri, bəzi problemləri, bəzi mürəkkəb halları aradan qaldırmağa lüzum var.

Düşünürəm ki, biz bunların hamısı barədə, hər halda hərbi əməkdaşlıqla bağlı məsələlər barəsində bu gün sizinlə danışa bilərik. Hərçənd mənə dedilər ki, siz dünən və bu gün görüşlər keçirmiş və bir çox məsələləri müzakirə etmisiniz.