Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında çıxışı - 3 oktyabr 1995-ci il


Hörmətli komissiya üzvləri!

Komissiya iclasının hörmətli iştirakçıları!

Bu gün biz Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması ilə əlaqədar təşkil olunmuş komissiyanın növbəti iclasına toplaşmışıq. Komissiyamız fəaliyyətdədir və fəaliyyətə başlayandan sonra səmərəli iş görmüşdür. Komissiyanın birinci iclası iyunun 5-də olmuşdur. O vaxt biz komissiyanın qarşısında duran vəzifələr haqqında danışdıq. Əsas vəzifə Azərbaycan Respublikasının yeni konstitusiyasının və onunla yanaşı olaraq ölkə parlamentinə seçkilərlə əlaqədar seçki qanununun hazırlanmasıdır.

Azərbaycan parlamentinin səlahiyyətlərinin sona çatması ilə əlaqədar olaraq biz o vaxt ümumi fikrə gəldik ki, əvvəlcə respublika Milli Məclisinə seçkilər haqqında qanun layihəsinin hazırlanmasına başlamaq lazımdır ki, bu qanun hazırlansın və seçkilərin vaxtı təyin edilsin, parlamentə seçkilər vaxtında keçirilsin. Bu, konstitusiya komissiyasının ilk işi oldu. Qanunun konstitusiya komissiyasında hazırlanması tamamilə təbii və məqsədəmüvafiq bir haldır. Çünki seçkilər haqqında indi artıq qəbul olunmuş qanun konstitusiya qanunudur.

Şübhəsiz, əgər biz bundan əvvəl Azərbaycanın yeni konstitusiyasının layihəsini hazırlayıb qəbul etmiş olsaydıq, onda bu qanun da konstitusiya əsasında qəbul oluna bilərdi. Ancaq yeni konstitusiya olmadığına görə, seçkilər haqqında qanun konstitusiya qanunu olduğuna görə biz ilk növbədə seçkilər haqqında qanun layihəsinin hazırlanması ilə məşğul olduq.

Komissiyanın bir neçə iclası keçirildi. Komissiyanın işçi qrupu səmərəli işlədi və bütün bunların nəticəsində, bir neçə dəfə müzakirədən sonra seçki qanununun layihəsi hazırlanıb Azərbaycanın Milli Məclisinin müzakirəsinə təqdim edildi. Milli Məclis bu qanun layihəsini müzakirə edərək qəbul etdi və seçkilərin günü təyin olundu. Azərbaycan parlamentinə yeni seçkilərin - yəni müstəqil Azərbaycan Respublikasının demək olar ki, birinci parlamentinə seçkilərin günü təyin olunub: 12 noyabr. Seçkilərə çox qızğın hazırlıq işləri gedir. Yəni seçkilər prosesi başlayıb və həyata keçirilir.

Hesab edirəm ki, konstitusiya komissiyamızın ilk uğurlu addımlarından biri belə bir qanunun qəbul olunmasıdır. Bu gün qanun artıq qəbul ediləndən sonra və beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən müəyyən qədər təhlil olunandan və respublikamızın ictimaiyyəti tərəfindən müzakirə ediləndən sonra tam qətiyyətlə demək olar ki, biz ilk dəfə demokratik prinsiplərə tam uyğun olan bir qanun - seçki qanunu qəbul etmişik və onu həyata keçiririk.

Qanun qəbul ediləndən sonra o, geniş təhlil və müzakirə olunmuşdur. Düzdür, bəzi müxalifət dairələri, mənbələri, mətbuat orqanları bu qanunun guya qeyri-demokratik olduğu haqqında ayrı-ayrı fikirlər söyləməyə cəhd etdilər. Bu da təbiidir. Çünki müxalifət, yaxud hər şeydən narazı qalan qüvvələr nəsə deməlidirlər. Ancaq bunlar həmin qanunun mahiyyətinə, mənasına və onun cəmiyyətimizdə tutduğu yerə heç bir təsir edə bilməz. Çünki cəmiyyətimiz bu qanunu demokratik bir qanun kimi qəbul edibdir. Bunu ictimaiyyət belə qəbul edibdir və bir də qeyd edirəm ki, beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq aləmdə demokratiya problemləri ilə məşğul olan təşkilatlar, institutlar - bunlar hamısı bu qanunumuzun tam demokratik olduğu haqqında fikirlər söyləyiblər. Hər halda biz bu mötəbər mənbələrdən həmin qanunun əksinə heç bir fikir, rəy almamışıq. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsi nəinki konstitusiya komissiyasının uğurlu addımıdır, belə bir qanunun qəbul olunması, əməli surətdə həyata keçirilməsi və yeni parlament seçkilərinə hazırlıq işinin qızğın surətdə getməsi müstəqil Azərbaycan Respublikasında demokratik proseslərin bərqərar olmasını və inkişaf etməsini əyani surətdə nümayiş etdirir.

Artıq seçkilər prosesi gedir və Mərkəzi seçki komissiyasının verdiyi məlumata görə bu seçkilərdə iştirak etməyə çox böyük həvəs göstərilir. 18 siyasi partiya seçkilərdə iştirak etmək üçün Mərkəzi seçki komissiyasına müraciət edib. Müraciət edən partiyaların hamısı seçkilərdə iştirak etmək üçün lazımi sənədləri alıblar və öz fəaliyyətlərinə başlayıblar. Yəni heç bir siyasi partiyanın, şübhəsiz ki, qeydiyyatda olan, hüququ olan partiyaların seçkilərdə iştirak etməsinə heç bir maneə törədilmir. Qeyd etdiyimiz kimi, 18 siyasi partiya Mərkəzi seçki komissiyası tərəfindən lazımi sənədlər alıb və seçkilərdə iştirak etməyə başlayıb.

Bildiyiniz kimi yeni parlamentimizdə 125 deputat yeri var. Bundan 25-i proporsional prinsiplər əsasında, yəni siyasi partiyaların iştirakı ilə paylanan yerlərdir. Yüz yer birmandatlı seçki dairələrindən ibarətdir. Burada isə deputatlar majoritar seçki prinsipləri əsasında seçiləcəklər. Mərkəzi seçki komissiyasının verdiyi məlumata görə həmin yüz yerə artıq 1024 ərizə, müraciət verilibdir. Mərkəzi seçki komissiyası sədrinin verdiyi məlumata görə, bütün müraciət edənlər, ərizə verənlər komissiyadan lazımi sənədləri alıblar, seçkilərdə iştirak etmək üçün onların hamısına şərait yaradılıbdır. İndi proses gedir. Onlar seçki qanununa əsasən lazımi işlər görməlidirlər, imzalar toplamalıdırlar, sənədlərini təqdim etməlidirlər. Bu proses normal, vaxtlı-vaxtında gedir və hesab edirəm ki, Mərkəzi seçki komissiyası bu sahədə bütün tədbirləri görür, vətəndaşların hər birinin seçkilərdə iştirak etməsi üçün şərait yaradır.

Seçkilərin keçirilməsinə 39 gün qalır. Demək vaxtın bir hissəsi keçib, işin bir hissəsi görülübdür. Güman edirəm ki, qarşıdakı günlər daha səmərəli olacaq, həm seçkilərdə iştirak etmək istəyən vətəndaşlar, həm seçicilər, həm də seçkilərdə iştirak edən partiyalar fəal olacaqlar və biz seçkiləri mütəşəkkil, demokratik şəraitdə apara biləcəyik.

Bu gün bir də demək istəyirəm, - çünki oradan-buradan cürbəcür yalançı, yanlış və bəzən də əsassız, tamamilə böhtan xarakteri daşıyan yazılar meydana çıxır, fikirlər yaymaq istəyirlər, - dəfələrlə demişik və mən bu gün də demək istəyirəm ki, Azərbaycanda parlament seçkilərinin tam demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar yaradılacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Hər halda hakimiyyət orqanları tərəfindən bütün şərait yaradılacaqdır.

Mərkəzi seçki komissiyası sərbəst fəaliyyət göstərir. Yerlərdə təşkil olunmuş seçki dairələri sərbəst fəaliyyət göstərirlər və hər bir vətəndaşın seçilmək hüququndan istifadə etməsi təmin olunacaqdır. Güman edirəm ki, vətəndaşlarımız da seçkilərdə fəal iştirak edəcəklər və seçkilər keçiriləcəkdir.

Hələ seçkilərə hazırlıq işlərinə başlamamışdan, qanun qəbul etməmişdən də əvvəl biz dünyaya bəyan etmişik ki, beynəlxalq təşkilatların, demokratiya institutlarının, ayrı-ayrı ölkələrin müşahidəçilərini qəbul etməyə hazırıq və mən bu gün bunu bir daha bildirirəm. Bizim seçkilərə böyük maraq göstərilir və bəzi nümayəndələr artıq gəlib burada seçki prosesini müşahidə edirlər. Bunlar BMT-nin, ATƏT-in nümayəndələridir, ABŞ-ın Demokratiya İnstitutunun respublikamızda daimi nümayəndəliyi açılıb. Onlar artıq burada yerləşiblər, özlərinin iqamətgahlarını yaradıblar, fəaliyyətdədirlər, Mərkəzi seçki komissiyası ilə, ümumiyyətlə respublikamızın əhalisi ilə əlaqədədirlər. Onlar prosesi müşahidə edirlər. Seçkilərin keçirilməsi ilə əlaqədar qanun pozuntusu barədə onlar tərəfindən heç bir narazılıq meydana çıxmayıb.

Aldığımız məlumatlar və informasiya orqanlarının verdiyi məlumatlar onu göstərir ki, dünya ictimaiyyəti, xüsusən demokratiya prinsiplərini qorumağa çalışan ölkələrin ictimaiyyəti və onların informasiya orqanları da Azərbaycanda seçki prosesi haqqında müsbət rəylər bildirirlər.

ABŞ-ın prezidenti cənab Bill Klinton dünən mənə telefonla zəng etmişdi. Mənim cənab Bill Klintonla çox geniş, ətraflı telefon danışığım oldu. Bu telefon danışığında biz birinci növbədə ABŞ ilə Azərbaycan arasında olan əlaqələrin vəziyyəti, perspektivliyi və bu əlaqələrin inkişaf etdirilməsi haqqında səmərəli fikir mübadiləsi apardıq. Azərbaycan Respublikasının Xəzər dənizində olan sektorundakı yataqlardan neft istehsalı və bu yataqlardan istifadə edilməsi haqqında da ətraflı fikir mübadiləmiz oldu. Bu mövzu danışıqlarımızda çox geniş yer tutdu. Ermənistan-Azərbaycan münaqişəsi, yəni Dağlıq Qarabağ məsələsi ilə əlaqədar olan münaqişə və onun indiki vəziyyəti, bu münaqişənin sülh yolu ilə həll olunması məsələləri barəsində də müzakirə, fikir mübadiləsi apardıq, hansı imkanlardan istifadə etmək məsələlərini araşdırdıq. Eyni zamanda Azərbaycan Respublikasında demokratiyanın inkişafı, iqtisadi islahatların keçirilməsi və bütün sahələrdə demokratiya prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatına keçid məsələləri barədə də geniş fikir mübadiləsi apardıq.

Mən hesab edirəm ki, bizim bu telefon danışığımız çox əhəmiyyətli, maraqlı, məzmunlu oldu. Bunun əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, ABŞ prezidenti Bill Klinton Azərbaycanda demokratiyanın inkişafından, iqtisadi islahatların keçirilməsi ilə əlaqədar gördüyümüz işlərdən və aparılan siyasətdən məmnun olduğunu söylədi. Bildirdi ki, onlar arzu edirlər ki, Azərbaycan bu istiqamətdə gələcəkdə də inkişaf etsin və respublikamızın bu sahədə əldə etdiyi nailiyyətlər ümumiyyətlə dünya ictimaiyyəti üçün, o cümlədən bir çox başqa ölkələr üçün də gərəkli ola bilər.

Mən yenə də deyirəm ki, cənab Bill Klintonla bizim bu danışığımızın əhəmiyyəti böyükdür. Bir daha qeyd etmək istəyirəm ki, o, respublikada demokratiyanın, iqtisadi islahatların inkişafından məmnun olduğunu bildirdi.

Beləliklə, biz tutduğumuz bu demokratiya yolu ilə gedirik və seçkiləri də tam demokratik əsaslarla aparacağıq, buna heç kəsin şübhəsi olmasın.

İndi konstitusiya komissiyasının vəzifəsi konstitusiyanın layihəsini tezliklə hazırlayıb təqdim etmək və onu ictimaiyyətin müzakirəsinə verməkdən ibarətdir. Biz komissiyanın keçən iclaslarında bu sahədə fikir mübadiləsi aparmışıq. Seçki haqqında qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim edən kimi konstitusiya komissiyasının iclasında komissiyanın işçi qrupuna tapşırıq verdik ki, onlar artıq bütün işlərini konstitusiya layihəsinin hazırlanmasına səfərbər etsinlər. O vaxtdan indiyə qədər xeyli iş görülüb. İşçi qrupu Prezident Aparatının, Ali Sovetin Aparatının müəyyən strukturları ilə birlikdə, hesab edirəm ki, bu sahədə çox səmərəli iş görüb. Konstitusiya komissiyasında müzakirə etməyimiz üçün əsaslı materiallar hazırlanıbdır. Güman edirəm ki, biz bu gün gələcək günlərdə işimizin nə cür, hansı şəkildə qurulması məsələlərini müəyyənləşdirməliyik.

Bunu nəzərə almaq lazımdır və biz əvvəldən də belə qərar qəbul etmişik ki, yeni konstitusiya layihəsini ümumxalq müzakirəsinə verməliyik. Yeni konstitusiyanı ümumxalq səsverməsi, referendum yolu ilə qəbul etməliyik. Buna görə də noyabrın 12-də keçiriləcək seçkilər günü eyni zamanda referendum günü elan olunmalıdır. Referendum günündə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilməlidir.

Vaxt az qalıbdır, ona görə də ən uzağı oktyabr ayının 12-nə qədər - referendum, seçki gününə bir ay qalana qədər biz yeni konstitusiyanın layihəsini ictimaiyyətə təqdim etməliyik və onu ümumxalq müzakirəsinə verməliyik. Güman edirəm ki, biz bunu edə bilərik. Çünki işçi qrupunda, Prezident Aparatında, Ali Sovetin Aparatında indiyədək aparılan işlər və hazırlanan materiallar - mən onlarla müəyyən qədər tanış olmuşam - onu göstərir ki, biz bu materiallar əsasında komissiyanın iclaslarında layihəni hazırlayıb sona çatdıra bilərik.

Azərbaycanın yeni konstitusiyası necə olmalıdır? Keçən iclaslarımızda biz bu barədə danışmışıq. Amma bu gün, bu məsələyə bilavasitə başladığımız zaman bəzi fikirləri deməyə ehtiyac var. Birinci, onu xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının konstitusiya tarixi böyükdür. Azərbaycan Respublikasının ilk konstitusiyası, demək olar ki, 1919-cu ildə qəbul edilibdir. Ancaq bu, konstitusiya olmayıbdır. Müstəqillik haqqında akt qəbul olunubdur. 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası dövlət müstəqilliyi haqqında akt qəbul edibdir.

Bu akt konstitusiya xarakteri daşıdığına görə biz onu Azərbaycan dövlətçiliyində konstitusiyanın başlanğıcı kimi, konstitusiya yaratmaq işinin başlanğıcı kimi qəbul edə bilərik.

Sonra bildiyiniz kimi, 1920-ci ildə Azərbaycanda Sovet Sosialist Respublikası yaranıbdır. Bu respublika 1921-ci ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O vaxt hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, kommunist hakimiyyəti altında olan respublikalar müstəqil idilər. Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə qədər davam edibdir. Baxmayaraq ki, Sovetlər İttifaqı yaranandan sonra, 1924-cü ildə, onun Konstitusiyası da yaranmışdı, amma Azərbaycanda 1921-ci ildə qəbul edilmiş konstitusiya davam edirdi. Ancaq şübhəsiz ki, ona dəyişikliklər, əlavələr olunmuşdur.

1936-cı ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul edildikdən sonra - 1937-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası qəbul olunub. Bu konstitusiya 1978-ci ilə qədər yaşayıbdır. 1977-ci ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul olunub və ondan bir il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respublikasının yeni konstitusiyası yaranıbdır.

İndiyə qədər Azərbaycan Respublikası 1978-ci ildə qəbul olunmuş konstitusiya ilə yaşayır, işləyir. Doğrudur, bu müddətdə konstitusiyaya bir çox əlavələr, dəyişikliklər edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra - 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edibdir. Doğrudur, o vaxt bu sahədə müəyyən anlaşılmayan hallar da olubdur. Xatirinizdədir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat qəbul etdi. Ancaq görünür ki, Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri müstəqilliyi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, vaxtında keçirmək olardı.

Belə bir bəyanat qəbul olunandan sonra xeyli vaxt keçdi və oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı dağılırdı və bu, göz qabağında idi, ancaq Azərbaycan xalqının iradəsinə zidd olaraq o zaman Azərbaycan respublikasının rəhbərliyi müstəqilliyə getmək istəmirdi. Nədənsə, görünür, ümid bəsləyirdi ki, Sovetlər İttifaqı qalacaq, yaşayacaqdır. Əgər o vaxtkı prosesləri xatırlasanız, slavyan dövlətlərinin - Rusiya, Ukrayna və Belorusiyanın imzaladıqları ittifaq sazişindən sonra Sovetlər Ittifaqı artıq dağılmış kimi idi. Ancaq Sovetlər İttifaqının o vaxtkı prezidenti Qorbaçov cəhd göstərirdi ki, xalq deputatları qurultayını toplasın, bu məsələni müzakirə etsin. Bunu edə bilmədi və nəhayət, bəyanat verdi ki, Sovetlər İttifaqının dağılmasına o da razıdır.

Güman edirəm, o vaxt Azərbaycan rəhbərliyində bəziləri ümid bəsləyirdilər ki, Sovetlər İttifaqı hələ yaşayacaqdır. Çünki 1991-ci ilin martında Azərbaycan rəhbərliyi bir referendum keçirib qərar qəbul etdi ki, Sovetlər İttifaqı saxlanılmalıdır. Onlar bu siyasətdən, yəni bu istiqamətdən, görünür ki, əl çəkə bilmirdilər. Şəxsən mən məhz bununla izah edə bilərəm ki, avqustun 30-da müstəqillik haqqında bəyanat qəbul ediləndən sonra yalnız oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı da referendumdan keçməli idi. Bu, təbiidir. Çünki 1991-ci ilin martında Sovetlər İttifaqının saxlanması haqqında referendum təşkil olunmuşdu. Əgər oktyabrın 18-də Konstitusiya Aktı qəbul olunmuşdusa, bir aydan sonra, noyabrın 18-də referendum keçirilə bilərdi. Çünki bir ay müddətində elan edib referendum keçirmək olar. Ancaq nədənsə, bu referendumu noyabrın 18-nə də yox, dekabrın 18-nə də yox, dekabrın 29-na salmışdılar və referendum həmin gün keçirildi.

Bunları sadəcə olaraq ona görə xatirinizə salıram ki, bizim müstəqillik yolunda xalqın iradəsi ilə bu xalqı idarə edən adamların iradəsi arasında olan böyük məsafəni bir daha bildirdim. Bildirdim ki, bizim xalq müstəqilliyə nə qədər can atmışdısa, ayrı-ayrı qruplar müstəqil dövlət olmağımızı heç də istəməmişlər. Bəziləri indi də köhnə əhval-ruhiyyə ilə yaşayır, müstəqilliyi yenə də müvəqqəti hesab edirlər. Ona görə də bu proseslərin tarixini sizin xatirinizə salıram.

Bütün bunlara baxmayaraq, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır.

Beləliklə, mən Azərbaycanın konstitusiya yaradıcılığı tarixi haqqında müəyyən qədər, kiçik məlumat verərək, indi qarşıda duran işlərimiz haqqında danışmaq istəyirəm. Biz müstəqil Azərbaycan Respublikasının, demək olar, ilk konstitusiyasını yaradırıq. Çünki 1919-cu ildə qəbul olunmuş müstəqillik haqqında Akt, - əgər biz onu konstitusiya xarakterli bir sənəd kimi qəbul ediriksə, - o, konstitusiya olmayıbdır. Ondan sonra - 1921-ci ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan konstitusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövründə qəbul edilən konstitusiyalardır. O vaxtlar Azərbaycan Respublikası müstəqil dövlət olmamışdır və şübhəsiz ki, bu konstitusiyalarda kommunist ideologiyası, sovet hakimiyyətinin prinsipləri öz əksini tapmışdı.

İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk konstitusiyasını qəbul edirik. Bu, çox məsuliyyətli və eyni zamanda çox şərəfli vəzifədir. Bu, bizə nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik və yerinə yetirə biləcəyik. İndiyə qədər görülən işlər və hazırlanmış materiallar əsas verir ki, biz qısa müddətdə konstitusiyanın layihəsini komissiyanın bir neçə müzakirəsindən keçirdikdən sonra xalqımıza, ictimaiyyətə təqdim edək.

Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları konstitusiya özündə əks etdirməlidir.

Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır.

Demokratiyanın bir tərəfi insan hüquqları, vətəndaşların hüquqları, ikinci tərəfi isə dövlət quruculuğu və həm müstəqil dövləti yaşadıb, qoruyub saxlamaq üçün, həm də insanların hüquqlarını qoruyub saxlamaq üçün dövlət hakimiyyətinin təmin olunmasıdır.

Güman edirəm ki, indiyə qədər gördüyümüz işlər və əldə etdiyimiz təcrübə artıq imkan verir ki, bu məsələlərin hamısı hüquqi nöqteyi-nəzərdən formalaşdırılsın və bizim konstitusiyada öz əksini tapsın.

Mən bu konstitusiyanın başqa müddəaları haqqında danışmaq fikrində deyiləm, çünki buna ehtiyac duymuram. Sadəcə olaraq bu əsas prinsipləri qeyd edirəm. Güman edirəm ki, bu prinsiplər əsasında bizim konstitusiyanın layihəsi qısa müddətdə hazır olub, təqdim edilə bilər.

Konstitusiyamızda dövlətin, Azərbaycanın bu ağır keçid dövründə, bir də qeyd edirəm, vətəndaşların hüquqlarını qorumaq, dövlətçiliyi qorumaq üçün təminatlar olmalıdır. Bu iki il müddətində biz sizinlə birlikdə, Azərbaycanın dövlətçiliyini dağıtmaq, pozmaq cəhdlərinin dəfələrlə şahidi olmuşuq.

Dünən Milli Təhlükəsizlik Nazirliyinin verdiyi məlumat, güman edirəm, ictimaiyyətə bir daha bildirir ki, xalqı parçalamaq, dövləti dağıtmaq cəhdlərindən hələ də əl çəkməyən qüvvələr var. Bu məlumatı yəqin ki, eşitmisiniz, bilirsiniz. Biz iki ildir dövlətçiliyimizə zidd olan qüvvələri başa salmaq, anlatmaq istəyirik ki, onlar cinayətkar əməllərindən əl çəksinlər. Ancaq təəssüflər olsun, bəziləri hələ də elə hesab edirlər ki, cinayətkarlıq yolu ilə nəsə əldə edə bilərlər.

Oktyabrın 1-2-də Milli Təhlükəsizlik Nazirliyi və onunla birlikdə Daxili İşlər Nazirliyi tərəfindən aparılan əməliyyatlar nəticəsində cinayət halları və yeni silah cəbbəxanalarının, xüsusən terrorçuluq üçün istifadə edilə biləcək silahların gizlədilib saxlanması, özü də kimin tərəfindən, - bir var ki, adicə cinayətkar tərəfindən, bir də var ki, vaxtilə Azərbaycan Respublikasının deputatı seçilmiş adam tərəfindən. Ancaq təkcə şəxsən o deyil, onun havadarları, ona istiqamət verənlər tərəfindən (güman edirəm istintaq onları qısa müddətdə aşkar edib və aşkar edəcəkdir), Azərbaycanda yenə də qarışıqlıq yaratmaq, terrorçuluq etmək, dövlətə qarşı cinayət etmək cəhdi göstərən adamlar tərəfindən - cinayətlər törədilməsinin hazırlanması prosesi artıq meydana çıxıbdır.

Bax, buna görə də bizim bu gün və gələcəkdə qəbul edəcəyimiz qanunlar və xüsusən əsas qanunumuz - konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin ki, bu cür hallara yol verilməsin. Ona görə də, güman edirəm, biz elə bir konstitusiya yaradacağıq ki, bu konstitusiya Azərbaycan Respublikasının nəinki qısa müddətdə, həm də uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin edəcəkdir, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını təmin edəcəkdir və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir.

Komissiyanın göstərişi ilə işçi qrupu konstitusiyanın layihəsini hazırlamaq üçün bir çox təkliflər irəli sürmüşdür. Bu təkliflər əsasında, onları ümumiləşdirərək, onların üzərində işləyərək Prezident Aparatında və Ali Sovetin Aparatında müəyyən materiallar hazırlanıbdır. Mən buna hələ layihə yox, materiallar deyirəm, çünki layihəni, güman edirəm ki, bu materiallar əsasında sistemləşdirmək və işçi qrupunun adından bizə təqdim etmək lazımdır. Bu materiallarla ilkin tanış olmuşam və belə hesab edirəm ki, bunlar artıq layihənin qısa müddətdə işlənib hazırlanması üçün tam əsas yaradıbdır. Ona görə də, - bilmirəm, indi bu barədə müzakirəyə ehtiyac var, ya yox, əgər ehtiyac varsa, müzakirə edə bilərik, - düşünürəm ki, bizim işçi qrupu toplaşıb bu materialları qısa müddətdə, mənə elə gəlir ki, iki gün ərzində sistemləşdirib təqdim etsə, biz təqdim olunan bu layihəni komissiyanın üzvlərinə paylaya və onun əsasında müzakirə apara bilərik. Mənim fikrim belədir. Əgər başqa bir fikir varsa, gəlin müzakirə edək.

* * *

İşçi qrupu artıq işləyir, bu yeni bir şey deyil. Bir də deyirəm, bu işçi qrupu qəbul etdiyimiz qanunun layihəsini hazırlayıb komissiyanın müzakirəsinə vermişdir. Bu işçi qrupu indiyə qədər də işləyir, xeyli təkliflər verib və o təkliflər müəyyən qədər sistemləşdirilib, ancaq hələ layihə şəklinə gətirilməyib. Ona görə mən bu gün komissiyanı yığdım ki, komissiyanın adından işçi qrupuna göstəriş verək ki, onlar qısa müddətdə bunu layihə şəklinə salıb bizə təqdim etsinlər.

Daha kimin sualı, sözü var? Yoxdur. Demək, bu təklifə etiraz yoxdur ki, işçi qrupuna iki gün vaxt verək. Çünki mən baxmışam, materialların çoxu hazırdır. İşçi qrupunun üzvləri çox səmərəli işləyiblər, mən hesab edirəm ki, yaxşı materiallar hazırlayıblar. İşçi qrupu iki gün müddətində materialları sistemləşdirsin və layihəni hazırlasın. Demək, bu gün ayın 3-dür, ayın 5-də günün axırında layihə komissiyanın üzvlərinə təqdim olunsun, paylansın. Ola bilər ki, biz ayın 6-da toplaşaq. Bu zaman həmin layihə komissiya üzvlərində olacaq. Onlar bu layihə ilə tanış olacaqlar, onun üzərində işləyəcəklər, biz də bu layihəni müzakirə edəcəyik.

Etiraz yoxdur ki? Onda gəlin bugünkü iclası qurtaraq. Yenə də deyirəm, ayın 5-də günün axırında layihə mənə təqdim olunur, mən isə onu komissiyanın üzvlərinə paylayıram. Oktyabrın 6-da komissiyanın növbəti iclası keçirilir. Mən komissiya üzvlərindən əvvəldən xahiş edirəm ki, onlar layihəni alan kimi onunla çox ətraflı tanış olsunlar, öyrənsinlər, ayın 6-dakı iclasda biz məruzəyə qulaq asmayacaq, layihəni müzakirə edəcəyik ki, layihəyə kimin nə sözü, təklifi, nə əlavəsi var. Sağ olun.

"Azərbaycan" qəzeti, 4 oktyabr 1995-ci il.