Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Antalya, Simena köşkü, 8 iyun 1999-cu il


Heydər Əliyev: Əziz dostum, qardaşım Süleyman Dəmirəl! Mən sizi səmimi-qəlbdən salamlayıram. Məni ziyarət etmək üçün Antalyaya gəldiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Süleyman Dəmirəl: Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, əziz dostum, qardaşım Heydər Əliyevi ziyarətə gəlmişəm. Bildiyiniz kimi, o, burada istirahət edir. Mən cənab Heydər Əliyev ilə hər gün telefonda danışıram Biz dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparırıq.

Balkan yarımadasında, Kosovada münaqişənin sülh yolu ilə həll olunmasına böyük ümid vardır. Ümid edirik ki, Qafqazda da tezliklə sülh yaranacaqdır. Bilirsiniz ki, Azərbaycan Dağlıq Qarabağ ilə bağlı böyük sıxıntılar keçirmişdir. Bu sıxıntılar davam etməkdədir. Bir milyondan çox azərbaycanlı qaçqın yerindən-yurdundan zorla qovulmuş və onlar neçə illərdir ki, çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Azərbaycan bu münaqişəni əziz dostum, qardaşım prezident Heydər Əliyevin müdrik rəhbərliyi altında sülh yolu ilə həll etməyə çalışır. Dünyanın nüfuzlu dövlətlərinin iştirakı ilə bu barədə danışıqlar davam edir. Əminəm ki, Azərbaycan bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılmasına nail olacaqdır.

Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir. Biz bütün sahələrdə sıx əməkdaşlıq edirik, münasibətlərimiz mükəmməldir, bundan sonra da mükəmməl olaraq davam edəcəkdir. Biz müstəqil Azərbaycan Respublikasının daimi inkişaf etməsinə, beynəlxalq təşkilatlarda Azərbaycan xalqının və dövlətinin hüquqlarının qorunmasına həmişə dəstək vermişik və indən sonra da dəstək verəcəyik.

Əziz dostum, qardaşım Heydər Əliyev ilə bugünkü görüşümüzdə dünyada, beynəlxalq aləmdə, bölgədə vəziyyət barədə fikir mübadiləsi aparacağıq. Sonra mən Ankaraya dönəcəyəm.

Heydər Əliyev: Əziz dostum, qardaşım hörmətli cənab prezident, mən sizə hədsiz minnətdaram. Mən təşəkkür edirəm ki, yenidən özünüzə zəhmət, əziyyət vermisiniz, buraya - Antalyaya gəlmisiniz, məni ziyarət edirsiniz.

Mən may ayının 20-dən Türkiyədəyəm. Sabah, iyunun 9-da Bakıya qayıdıram. Mən 20 gündür ki, sizin qonağınızam. Türkiyəyə gələndən indiyədək ölkənizin, əziz dostum, qardaşım, sizin qayğınız və diqqətiniz altındayam. Siz mənə o qədər mehribanlıq, qonaqpərvərlik, dostpərvərlik göstərmisiniz ki, mən, şübhəsiz, belə şey görməmişdim. Ancaq dünyada da belə şeylər nadir haldır. Hörmətli dostum, qardaşım, bu, sizin nə qədər böyük insan və nə qədər böyük insanpərvər olduğunuzu göstərir. Bu, eyni zamanda Azərbaycana, Azərbaycan xalqına, respublikasına nə qədər diqqət və qayğı etdiyinizi göstərir. Mən bunlara görə sizə təşəkkür edirəm.

Mən sabah, iyunun 9-da buradan Bakıya yola düşərək, sizə qəlbimdə olan ən yüksək duyğuları bildirirəm və ümid edirəm ki, bizim dostluğumuz, qardaşlığımız bundan sonra da yüksələcək, möhkəmlənəcəkdir.

Bunlar hamısı Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əsasında qurulmuşdur. Mən bu gün bir daha demək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən andan siz, hörmətli dostum Süleyman Dəmirəl, Azərbaycanla birlikdəsiniz. Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etməsində, möhkəmlənməsində və bugünkü duruma gəlməsində sizin daimi dəstəyiniz bizim üçün böyük yardım olubdur. Biz bu məsələlərdə həmişə sizinlə məsləhətləşmişik və çox gözəl də məsləhətlər almışıq. Bunlara görə mən sizə təşəkkür edirəm.

Türkiyə-Azərbaycan dostluğunun böyük tarixi vardır. Bu dostluğun inkişaf etməsində sizin böyük xidmətləriniz vardır. Ona görə də Azərbaycanda hər bir insan sizə böyük sevgi, məhəbbət hissi ilə yaşayır, sizi öz doğma insanı hesab edir. Onlar hamısı sizi Azərbaycanın böyük dostu hesab edir. Əziz dostum, qardaşım, bütün bunlara görə sizə təşəkkür edirəm. Güman edirəm ki, Türkiyədə olduğum zaman Ankarada və burada apardığımız danışıqlar, söhbətlər Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək, möhkəmləndirəcək, Azərbaycanı Ermənistan təcavüzündən qurtaracaq, işğal edilmiş torpaqlarımızın azad olmasına və yerindən-yurdundan zorla qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının köçkün vəziyyətində yaşamasına biz sizinlə birgə son qoyacağıq.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan indiyədək siz həmişə bu münaqişənin sülh yolu ilə həll olunmasına səylər qoymuşsunuz. Hamıya məlumdur, mən bunu bir daha demək istəyirəm ki, siz həm beynəlxalq təşkilatlarda, həm dünyanın böyük dövlətləri ilə olan əlaqələrinizdə, xüsusən Amerika prezidenti Bill Klintonla, Fransa prezidenti ilə danışıqlarınızda Azərbaycan məsələsini, yəni Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ problemini həmişə ön plana çəkmişsiniz. Bu, həmişə sizin danışıqlarınızın gündəliyində olubdur. Bunlar hamısı bizə çox böyük yardımdır. Ümidvaram ki, bu münaqişənin həll edilməsinə biz sizinlə birgə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənəcəkdir.

Mən sizə bir daha, bir daha təşəkkür edirəm. Çox sağ olun.

Hörmətli cənab prezident, icazənizlə Sizə öz minnətdarlıq məktubumu təqdim edim.