Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Atatürk adına hava limanında rəsmi qarşılanma mərasimində bəyanatı - İstanbul, 13 fevral 1998-ci il


Əziz dostum, qardaşım, cümhur başkanı Süleyman Dəmirəl!

Məni Türkiyəyə dəvət etdiyinizə və burada təntənə ilə qarşıladığınıza görə sizə təşəkkür edirəm.

Hörmətli mətbuat nümayəndələri, həqiqətən də belədir, - mən buraya Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəlin, Türkiyənin Baş naziri, hörmətli Məsud Yılmazın dəvəti ilə gəlmişəm. Bu dəvət bir neçə zaman bundan öncə olmuşdur. Doğrudan da bu, həm Türkiyə, həm də Azərbaycan üçün vaxt-vaxt lazımdır. Artıq mən dedim ki, Türkiyədəyəm. Mən buraya gəlməyimdən çox məmnunam. Çox sevinc içindəyəm ki, doğma, dost, qardaş, qonşu olan Türkiyəyə, böyük Mustafa Kamal Atatürkün vətəninə gəlmişəm, əziz dostum Süleyman Dəmirəlin vətəninə gəlmişəm.

Mən də belə hesab edirəm ki, bu qısa zamanda - bu gün, sabah burada olduğum müddətdə biz danışıqlar aparacaq, söhbət edəcəyik. Birinci növbədə Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini daha da irəliyə aparmaq, daha da yüksəklərə qaldırmaq üçün, həm də ki, bölgədə mövcud olan vəziyyəti təhlil etmək üçün, dünyada, beynəlxalq aləmdə gedən proseslərə nəzər salmaq, fikirlərimizi müəyyən qədər aydınlaşdırmaq üçün mənim buraya gəlməyim çox zəruridir. Hər dəfə olduğu kimi, ayağımı Türkiyə torpağına basan kimi çox böyük qonaqpərvərlik hissi ilə qəbul olunuram və bunun üçün çox təşəkkür edirəm, çox məmnunam. Güman edirəm ki, bizim danışıqlarımız çox əhəmiyyətli, səmərəli olacaqdır. Türkiyə Azərbaycana həmişə böyük diqqət göstəribdir. Mən qardaşım Süleyman Dəmirəlin sözlərini tam təsdiq edirəm və həqiqətən böyük Mustafa Kamal Atatürkün vəsiyyəti həm Türkiyə üçün, həm də Azərbaycan üçün eyni xarakter, eyni əhəmiyyət daşıyır. Türkiyənin dərdi-qəmi Azərbaycanın dərdi-qəmidir, Azərbaycanın dərdi-qəmi Türkiyənin dərdi-qəmidir. Biz belə qardaşlıq, belə dostluq edirik. Əminəm ki, bu dostluq, qardaşlıq əbədi, daimi olacaq, sarsılmaz olacaqdır. Mən də, əziz dostum Süleyman Dəmirəl də bu dostluğu daha da möhkəmləndirmək üçün indiyə qədər çalışmışıq və bundan sonra da çalışacağıq. Mən çox nikbinəm, hesab edirəm ki, bizim qarşımızda nə qədər ağır, çətin problemlər, nə qədər çətin işlər dursa da, biz birgə səylərimiz nəticəsində, dostluq, qardaşlıq, əməkdaşlığımız nəticəsində onların hamısının qarşısını alacağıq.

Türkiyə dünyada özünəməxsus çox görkəmli yer tutur, dünyanın qüdrətli dövlətidir. Azərbaycan altı ildir ki, müstəqil, bağımsız yaşayır və bilin ki, daim müstəqil yaşayacaqdır. Bunun üçün də biz əlimizdən gələni edirik və edəcəyik. Mən Azərbaycan xalqının iradəsini ifadə edərək bu sözləri deyirəm. Sizə bir daha təşəkkür edirəm.

Əziz dostum, qardaşım, sizin və yanınızda olan hökumət, dövlət adamlarının simasında bütün Türkiyə xalqına, Türkiyə dövlətinin vətəndaşlarına hörmət-ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm. Sağ olun.