Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri, Avstriyanın Xarici İşlər naziri xanım Benita Ferrero-Valdner ilə təkbətək görüşdə söhbəti - Prezident sarayı, 18 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli xanım Ferrero-Valdner, sizi səmimi-qəlbdən salamlayıram, xoş gördük sizi.

Azərbaycana və bölgəyə səfərinizi yüksək dəyərləndirirəm. Bu səfəriniz zamanı ATƏT-in qarşısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi qədər çətin bir problemin olmağını nəzərinizə çatdırıram.

Mən bu il iyul ayının 3-6-dakı Avstriyaya rəsmi səfərimi, federal prezident Tomas Klestil, federal kansler Volfqanq Şüssel, parlamentin sədri Haynts Fişer və ATƏT-in hazırkı sədri, Avstriyanın Xarici İşlər naziri xanım Benita Ferrero-Valdner ilə keçirdiyim görüşləri, apardığım danışıqları, imzalanmış sənədləri razılıq və məmnunluqla xatırlayıram. Avstriyaya bu rəsmi səfərim məndə çox gözəl təəssürat yaratmışdır. Mənim bu səfərim Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafında yeni mərhələ açacaqdır.

ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupu, onun qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində səylərini artırmalıdır. Əmin

olduğumu bildirirəm ki, ATƏT-in hazırkı sədrinin bölgəyə səfəri sülh prosesinin sürətləndirilməsində, problemin həllində mühüm rol oynayacaqdır.

Benita Ferrero-Valdner: Qonaqpərvərliyə, Avstriyaya rəsmi səfəriniz haqqında gözəl təəssürat barədə söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Bu səfəri Vyanada məmnunluqla xatırlayırlar. Müdrik, çox təcrübəli, görkəmli dövlət xadimi Heydər Əliyev ilə yenidən bu görüşümdən məmnun qaldığımı vurğulayıram. Bölgəyə səfərimə, keçirdiyim görüşlərə, apardığım danışıqlara böyük əhəmiyyət verdiyimi bildirirəm.

Heydər Əliyev: ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul zirvə görüşlərində Ermənistan - Azərbaycan münaqişəsi barədə məsələlər müzakirə edilmiş, Budapeşt və Lissabon sammitlərində bu barədə çox əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Çox təəssüf edirəm ki, bu qərarlar indiyədək həyata keçirilməmişdir. Minsk qrupu, həmsədrlər 1997-ci ilin iyulunda və sentyabrında təkliflər irəli sürürlər. Bunlar Azərbaycan tərəfindən əsasən qəbul olunmuşdu. Lakin Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi və bu təkliflərdən imtina edilməsi nəticəsində o vaxt sülh prosesində irəliləyiş əldə olunmadı. Azərbaycan prezidenti ilə Ermənistan prezidenti Robert Köçəryan arasında 1999-cu ilin aprelində Vaşinqtonda ilk təkbətək görüş oldu. Belə görüşlər sonra davam etdirildi. Xatırladım ki, münaqişənin aradan qaldırılması üçün kompromislərə getməyin vacibliyi barədə hər iki tərəf eyni fikirdə idi.

Məlumunuz olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayır. Müharibədə 1994-cü ildə yaradılmış atəşkəs rejimi heç bir ayırıcı qüvvə olmadan həm Azərbaycan, həm də Ermənistan tərəfindən indiyədək qorunub saxlanılır.

Benita Ferrero-Valdner: Mən münaqişə barədə ətraflı məlumat toplamış, azərbaycanlı qaçqınlarla görüşdə onların ağır vəziyyəti ilə yaxından tanış olmuşam. ATƏT-ə sədrlik Avstriya üçün və şəxsən mənim üçün böyük məsuliyyət deməkdir və mən münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməyə çalışacağam.

Mən Azərbaycanın sülh təşəbbüslərini, prezident Heydər Əliyev ilə prezident Robert Köçəryanın birbaşa görüşlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ATƏT-in Minsk qrupunun və həmsədrlərin səylərinin artırılmasına xüsusi diqqət yetirəcəyəm, münaqişənin qarşılıqlı güzəştlər əsasında tezliklə həll edilməsinə çalışacağam.