"Ümumdünya Bankının təşkil etdiyi "Azərbaycan üçün investisiyalar" beynəlxalq konfransının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Paris, 5 dekabr 1995-ci il) sənədinə tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev 3-5 dekabr 1995-ci ildə Fransanın paytaxtı Parisdə işgüzar səfərdə olub. Səfərdə əsas məqsəd xarici sərmayələrin və kreditlərin Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə nail olmaq, xarici tərəfdaşlar tapmaq, onlarla qarşılıqlı faydalılıq prinsipləri əsasında münasibətlərin qurulmasından ibarət olub.

5 dekabr 1995-ci ildə Ümumdünya Bankı Parisdə yerləşən iqamətgahında "Azərbaycan üçün investisiyalar" adlı beynəlxalq konfrans təşkil edib. Konfransda Fransanın işgüzar dairələrinin nümayəndələri, Azərbaycana sərmayə yatırımlarında maraqlı olan xarici iş adamları, dünyanın bir çox ölkələrində istehsal, maliyyə, nəqliyyat və xidmət sahələri ilə məşğul olan şirkətlərin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanın azad, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində irəlilədiyini və bütün siyasi-iqtisadi və hüquqi islahatların bu prosesə xidmət edəcəyini vurğulayıb. O, deyib: "İndi bizim Azərbaycanda əlverişli ictimai-siyasi şərait və kifayət qədər möhkəm qanunvericilik bazası mövcuddur və xarici sərmayələr üçün bütün təminatlar var. Buna görə də mən sizin hamınızı əməkdaşlığa dəvət edirəm, sizin hamınızı Azərbaycana dəvət edirəm. Əmin ola bilərsiniz ki, bu əməkdaşlıq uğurlu olacaqdır ."

Dünya Bankı 2008-ci ildə özünün tərkib hissəsi olan Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hər il hazırladığı və dünyada biznes mühitinin əlverişlilik vəziyyətini əks etdirən "Doing Business" adlı hesabatını yayıb. 2007-ci ildə tərtib olunmuş hesabatda 96-cı yeri tutan Azərbaycan, 2008-ci ildə öz reytinqini 64 pillə yaxşılaşdıraraq 33-cü yerə çıxıb. Hesabatda dünyanın 181 ölkəsi arasında 10 göstərici üzrə qiymətləndirmə aparılıb və Azərbaycan bunlardan 7-si üzrə öz reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Hesabata əsasən həmin 10 göstərici üzrə Azərbaycan Respublikasının vəziyyəti aşağıdakı kimi olub:

  • "Biznesə başlama" göstəricisi üzrə 13-cü (2007-ci il 64-cü yer),
  • "İşə qəbuletmə" göstəricisi üzrə 15-ci (2007-ci il 80-ci yer),
  • "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 9-cu (2007-ci il 56-cı),
  • "Kreditin alınması" göstəricisi üzrə 12-ci (2007-ci ildə 26-cı),
  • "İnvestorların müdafiəsi" göstəricisi üzrə 18-ci (2007-ci ildə 107-ci).

(http://www.azerbaijan.news.az/) 

Həmçinin, hesabatda Azərbaycan "Vergilərin ödənilməsi", "Müqavilələrin icrasının təmin edilməsi" və "Tikinti üçün icazələrin verilməsi" göstəriciləri üzrə də irəlilədiyi qeyd olunub. (http://www.med.gov.az/)

Qeyd edək ki, bu hesabatın nəticələri yerli və beynəlxalq ekspertlər tərəfindən əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi kimi qiymətləndirilir. Bu da Azərbaycanın "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, xarici investorların milli iqtisadiyyata marağının daha da artmasına imkan yaradır.

Tarixi arayış 11 noyabr 2008-ci ildə yeniləşdirilib.

***

Müstəqilliyini əldə etdikdən sonra, 1992-ci ildən Ümumdünya Bankının üzvü olan Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verməkdədir. Ümumdünya Bankı ölkənin inkişafı istiqamətində məsləhət, maliyyə və investisiya ilə yanaşı, dövlət büdcəsi və onun koordinasiyası ilə bağlı yardım göstərir. 3-5 dekabr 1995-ci il tarixində Heydər Əliyev xarici sərmayələrin və kreditlərin Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə nail olmaq, xarici tərəfdaşlar tapmaq, onlarla qarşılıqlı faydalılıq prinsipləri əsasında münasibətlərin qurulması məqsədilə Fransanın paytaxtı Parisdə işgüzar səfərdə olub. Heydər Əliyev Ümumdünya Bankının Parisdə yerləşən iqamətgahında təşkil edilən “Azərbaycan üçün investisiyalar” beynəlxalq konfransının açılış mərasimində çıxış edib.

Ümumdünya Bankı tərəfindən Azərbaycan üçün hazırlanan iqtisadi islahat proqramında Birinci Struktur İslahatlar Krediti (SAC 1) 1997-ci ildə təsdiq edilib və 7 milyon ABŞ dolları ayrılıb. İkinci Struktur İslahatlar Krediti (SAC 2) 12 mart 2002-ci ildə təsdiq edilib və bunun üçün 60 milyon ABŞ dolları ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu əməkdaşlığı davam etdirir. Ümumdünya Bankı 2005-ci ilin mayında imzalanan bəyannaməyə əsasən Azərbaycan hökuməti, Asiya İnkişaf Bankı (AsİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BVF) və BMT İnkişaf Proqramı (BMTİP) ilə birlikdə “Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilə qədər Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Uzunmüddətli Strategiya” adlı proqramın həyata keçirilməsinə başlayıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.59