Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Maddi-texniki Yardım Mərkəzi tərəfindən inşa edilmiş çadır şəhərciyində çıxışı - Saraybaxça qəsəbəsi, "Mehmetcik" çadır şəhərciyi, 1 noyabr 1999-cu il


Əziz dostlar, bacılar, qardaşlar!

Zəlzələnin baş verdiyi ilk gündən Azərbaycan xalqı Türkiyə ilə bir yerdə olubdur. Bu dərdi siz çəkdiyiniz kimi, biz də çəkmişik. О gündən indiyə qədər mümkün olan yardımları etmişik və bu gün də edirik.

Mənim buraya gəlməkdə məqsədim ondan ibarətdir ki, əziz qardaşım, cümhur başqanı Süleyman Dəmirəllə bərabər gəlim, sizi görüm, sizin yanınızda olum, bugünkü vəziyyətinizi görüm və "keçmiş olsun" deyim. Ölənlərə, vəfat edənlərə Allahdan rəhmət diləyirəm.

Mən inanıram ki, qəhrəman türk xalqı, çox fədakar türk xalqı, Türkiyə vətəndaşları bu zəlzələnin vurduğu zərəri aradan götürəcəklər. Bunun da əsasını təşkil edən Türkiyənin cümhur başqanı Süleyman Dəmirəlin zəlzələ baş verəndən indiyə qədər gördüyü böyük işlərdir. Dövlət, hökumət, bütün xalq bu işlərə səfərbər olubdur. Biz bunu Azərbaycanda olaraq görürük. Qısa bir zamanda çox işlər görülüb, zəlzələnin vurduğu ziyanın çox hissəsi aradan götürülüb və götürüləcəkdir.

Azərbaycan xalqı sizinlə birlikdədir, bir yerdədir. Bu gün mən sizin yanınıza gəlmişəm. Həyatlarını qeyb edən bütün insanların xatirəsi qarşısında baş əyirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Ümid edirəm ki, tezliklə sız bu ağır vəziyyətdən çıxacaqsınız. Sağ olun.