Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 11 iyul 2000-ci il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Bu gün Türkiyə Cümhuriyyəti prezidentinin Azərbaycana səfəri xalqımız üçün çox əlamətdar hadisədir. Türkiyənin yeni seçilmiş prezidenti, onuncu prezidenti xarici ölkəyə ilk səfərini Azərbaycana edibdir.

Hörmətli cənab Prezident, mənim dəvətimi qəbul etdiyinizə, bu səfərə gəldiyinizə görə Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bütün xalqımızın, millətimizin, vətəndaşlarımızın minnətdarlığını bildirirəm. Bu fakt, təbiidir ki, Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ancaq bu səfər eyni zamanda gələcək üçün yeni əsaslar yaradır, əlaqələrimizin daha da inkişaf etməsi, genişlənməsi üçün böyük imkanlar açır.

Biz indicə birgə bəyanat imzaladıq. Bu bəyanat indiyə qədər Türkiyə-Azərbaycan əlaqələrinin əsasını təşkil edən sənədlərin hamısında əks olunan fikirləri, maddələri özündə ifadə edir. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr yaranıbdır. Buna görə də çox müqavilələr, sazişlər, anlaşmalar, dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq xarakteri daşıyan başqa sənədlər imzalanıbdır. Ona görə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsi üçün hüquqi-normativ baza yaranıbdır. Bu gün Türkiyənin yeni, onuncu prezidenti hörmətli Əhməd Necdət Sezərlə Azərbaycan prezidenti arasında imzalanan birgə bəyanat, qeyd etdiyim kimi, indiyə qədər imzaladığımız sənədlər əsasındadır. Eyni zamanda bu, gələcəyə yönəlibdir, gələcəkdə əlaqələrimizin inkişaf etməsi üçün xüsusi əhəmiyyət daşıyır və özündə xüsusi fikirlər əks etdirir.

Beləliklə, bizim dostluğumuz, qardaşlığımız, əlaqələrimiz yaşayır, inkişaf edir və edəcəkdir. Gördüyümüz və gələcəkdə görəcəyimiz işlər xalqlarımızı daha da birləşdirəcək, daha da yaxınlaşdıracaq və Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi, dönməz olacaqdır.

Hörmətli cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bu səfər zaman nöqteyi-nəzərindən qısa da olsa, Sizdə Azərbaycanın gerçəkliyi haqqında müəyyən təəssürat yaradacaqdır. Sizə təşəkkür edirəm.