"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti" (Bakı, 27 mart 2002-ci il) sənədinə tarixi arayış


Azərbaycan xalqı tarix boyu ermənilərin etnik təmizləmə və təcavüz siyasətinin qurbanı olub. Bu siyasət ümumi qəbul edilmiş beynəlxalq hüquqi norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə müşayiət olunub.

1905 -1907-ci illərdə Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçiriblər. Həmin vaxtlar minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd ediblər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağılıb, 7 min nəfər məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub. Həmin illərdə kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və didərgin salınıb.

Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları tarixi Azərbaycan ərazilərindən, indiki Ermənistandan çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1948-53 - cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Azərbaycanın müxtəlif rayonlarına köçürülüb.

Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz siyasətinin yeni mərhələsi Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı hərbi təcavüzü ilə başlayıb. 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalıb və nəticədə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı məcburi qaydada deportasiya olunub. 1988 -1989-cu illərdə aparılan etnik təmizləmə dövründə 200-dən artıq azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. 1989 -1993-cü illər ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin 20%-i qəsb edilib, həmin ərazilərdə yaşayan azərbaycanlı əhali işgəncələrə məruz qalıb, xeyli sayda insan həlak olub və əhali bütünlüklə öz yaşayış yerini tərk edib. Erməni hərbi qruplaşmaları tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycan ərazisi olan Xocalı şəhərinin işğalı zamanı mülki əhaliyə qarşı törədilən və yüksək amansızlıqla müşayiət olunan soyqırımı hərəkətləri isə müasir dövrün ən dəhşətli cinayətlərindən sayıla bilər (http://www.media-az.com/)

1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olub. 1998-ci il 26 mart tarixli sərəncama əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilib.

2002-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev 31 mart-azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciət edərək Azərbaycana qarşı yeridilən soyqırımı, deportasiya və işğal siyasətinin bu gün də davam etdirildiyini bildirib.

Tarixi arayış 30 mart 2008-ci ildə yeniləşdirilib.