Azərbaycan Prezidenti Heydər Əliyevin və Belçikanın baş naziri Jan Lük Deanın birgə mətbuat konfransı - 13 aprel 1998-ci il


Belçika Krallığı hökumətinin hörmətli baş naziri!

Hörmətli qonaqlar!

Hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!

Bu gün Belçika Krallığı hökumətinin baş naziri ilk dəfə Azərbaycana rəsmi səfərə gəlibdir. Biz artıq çox ətraflı, çox məzmunlu, mənalı danışıqlar aparmışıq. Danışıqların əsas hissəsi hörmətli baş nazirlə mənim aramda təkbətək olubdur. Eyni zamanda nümayəndə heyətlərinin iştirakı ilə də biz danışıqlarımızı davam etdirmişik və bu danışıqlar zamanı Belçika ilə Azərbaycan arasındakı əlaqələrə aid olan bütün məsələlərə toxunmuşuq. Bu danışıqların nəticəsində Belçika Krallığı hökumətinin baş nazirinin Azərbaycana ilk səfərini mən bizim ölkələrimiz arasında münasibətlərdə əlamətdar bir hadisə hesab edirəm. Hesab edirəm ki, bu danışıqlar, görüşlər və bizim imzaladığımız sənədlər Belçika-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox böyük imkanlar açır.

Azərbaycan Belçika ilə əlaqələrinə xüsusi əhəmiyyət verir. Belçika Avropanın bütün sahələrdə inkişaf etmiş ölkələrindən biridir. Bizi Belçikada maraqlandıran yüksək iqtisadi göstəricilərdir, Belçikanın Avropa tərkibində demokratik bir ölkə olmasıdır. Belçika demokratik prinsiplərin daşıyıcısı olan bir ölkə kimi tanınır. Avropa Birliyinə aid olan bütün məsələlərdə Belçika xüsusi yer tutur. Bütün bunlara görə biz Belçika ilə əlaqələrimizi bundan sonra daha da inkişaf etdirmək istəyirik. Məhz buna görə də mənim dəvətimlə Belçika Krallığı hökumətinin baş naziri Azərbaycana rəsmi ziyarətə gəlibdir. Biz çox səmərəli danışıqlar aparmışıq və ilk dəfədir ki, Belçika ilə Azərbaycan arasında sənədlər imzalanıbdır.

Mən Belçika Krallığının baş naziri ilə Azərbaycan prezidentinin imzaladığı bəyanatı xüsusi qiymətləndirirəm. Çünki bu bəyanat bizim ölkələrimizin əlaqələrinin gələcək inkişafı üçün əsas siyasi sənəddir. Biz bu gün belə qərara gəldik ki, Belçika ilə Azərbaycan arasında bütün istiqamətlərdə - iqtisadiyyat, mədəniyyət, elm və texnika sahəsində əməkdaşlıq etmək üçün böyük imkanlar vardır. Bu imkanlardan hər iki ölkənin xeyrinə istifadə etmək üçün biz hüquqi-nomativ baza yaratmalıyıq. Bu gün bizim imzaladığımız sənədlər bu istiqamətdə atılan ilk addımlardır. Mən əminəm ki, bizim bu əməkdaşlığımız günü-gündən inkişaf edəcəkdir və Belçika ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələri dostluq və tərəfdaşlıq əlaqələrinə çevriləcəkdir.

Məlumdur ki, 1994-cü ilin aprel ayında biz Avropa Birliyi ilə tərəfdaşlıq əlaqələri haqqında saziş imzalamışıq. 1995-ci ildə biz NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamışıq. Biz Avropa Birliyinin həyata keçirdiyi TASİS VƏ TRASEKA proqramlarının fəal iştirakçılarıyıq. Biz Avropa Birliyi ilə birlikdə qədim "İpək yolu"nun bərpa edilməsi və Avropa-Asiya nəqliyyat magistralının yaranması ilə də məşğuluq. Biz Avropa Şurası ilə əməkdaşlıq edirik və bu əməkdaşlıq nəticəsində Avropa Şurasının tam hüquqlu üzvü olmaq istəyirik. Bütün bunlar hamısı Avropa ölkələri ilə Azərbaycanın daha da sıx əməkdaşlıq etməsini tələb edir. Bu münasibətlə Belçika ilə Azərbaycanın əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Bizim iqtisadi əməkdaşlığımızın görkəmli hissəsi də Belçikanın "Petrofina" Şirkətinin Azərbaycanın Xəzər dənizindəki sektorunda olan neft yatağında müştərək iş görməsindən ibarətdir. Biz bu sahədə də əməkdaşlığımızı genişləndirə bilərik.

Beləliklə, bu gün Belçika-Azərbaycan əməkdaşlığının əsasını qoyarkən mən onun çox gözəl gələcəyinə ümidlər bəsləyirəm. Bu fikirlə mən sözü hörmətli qonağımıza, Belçikanın baş nazirinə təqdim edirəm.

(Sonra jurnalistlərin suallarına cavablar verildi).

Sual: Mənim birinci sualım Belçika Krallığının cənab baş nazirinədir. Aprelin 24-nün Belçikada rəsmən ermənilərin soyqırım günü elan edilməsi barədə xəbər nə dərəcədə dəqiqdir? Sizcə, bu qərar Azərbaycan-Belçika əlaqələrinə necə təsir göstərəcək? Cavabınız üçün qabaqcadan təşəkkür edirəm.

İkinci sualım cənab Azərbaycan prezidentinədir. Cənab prezident, Azərbaycanın Avropa Şurasına daxil olması məsələsi artıq gündəlikdə durur. Azərbaycanın gələcəkdə Avropa ilə daha sıx inteqrasiyası, o cümlədən Avropa Birliyinə və NATO-ya daxil olması mümkündürmü? Təşəkkür edirəm.

Jan Lük Dean: Mən hesab edirəm ki, bunun Belçika-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaqdır.

Heydər Əliyev: Azərbaycanın Avropa Şurasına daxil olması üçün ölkəmizdə çox işlər görülübdür və biz Avropa Şurası ilə çox səmərəli əməkdaşlıq edirik. Respublikanın ictimaiyyətinə məlumdur ki, Avropa Şurasının yüksək səviyyəli nümayəndələri dəfələrlə Azərbaycanda olublar və Azərbaycanın qanun-qaydalarının Avropa Şurasına uyğun olduğunu müəyyən ediblər. Hesab edirəm ki, bunların nəticəsində Azərbaycan yaxın vaxtlarda Avropa Şurasının tam üzvü ola biləcəkdir.

Mən artıq qeyd etdim ki, 1996-cı ilin aprelində Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıbdır və ötən dövrdə biz Avropa Birliyi ilə çox səmərəli əməkdaşlıq edirik. Bunların çox geniş nəticələri var. Respublikanın ictimaiyyəti bunu bilir, bizim informasiya orqanlarımız bu barədə geniş məlumat yayır. Mən vaxt alıb bu haqda geniş danışmaq istəmirəm. Ancaq onu qeyd etmək istəyirəm ki, Avropa Birliyi ilə biz birgə qədim "İpək yolu"nun bərpası ilə əlaqədar iyunun əvvəlində Azərbaycanda "İpək yolu" üzərində olan 39 ölkənin nümayəndələrinin toplantısını keçirməyi qərara almışıq.

NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramını imzalayandan sonra da biz bu sahədə əməkdaşlığımızı davam etdiririk. Bu proqram çərçivəsində lazım olan işlər görülübdür. Mən bunları da müsbət qiymətləndirirəm. Sağ olun.

Sual: Cənab baş nazir, sizin səfər marşrutunuza əsasən, - məlum olduğu kimi, siz Bakıdan sonra Qazaxıstana və Özbəkistana da getməlisiniz, - belə nəticəyə gəlmək olarmı ki, Belçika Avrasiya nəqliyyat dəhlizinin iqtisadi cazibədarlığı ilə maraqlanır? Əgər belədirsə, siz bunun fəal iştirakçısı olmaq niyyətindəsinizmi? İkinci sual: Neftdən sonra hansı sahə Brüssel üçün üstündür?

Jan Lük Dean: Birincisi, Qazaxıstana və Özbəkistana səfər etməklə, Belçika Xəzərin hər iki tərəfində yerləşən ölkələrin strateji əhəmiyyətini dərk edir, Belçika hökuməti həmin ölkələrin strateji əhəmiyyətinə və sabitliyinə, iqtisadi inkişafına böyük qiymət verir. Lakin bu regionada sabitliyə və iqtisadi inkişafa nail olmaq üçün, şübhəsiz ki, prezident qeyd etdiyi kimi, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı olduqca vacibdir. "İpək yolu"nun yenidən bərpası regionun inkişafı üçün çox mühümdür və Belçika da gələcəkdə bundan bəhrələnmək istəyir.

İkinci sual barədə. Biz, ümumiyyətlə, enerji sektoru ilə maraqlanırıq. Bundan əlavə, bizim şirkətlər digər sahələrə də maraq göstərirlər. Məsələn, elektronika, qaz sənayesi sahəsində çox güclü və imkanlı şirkətlərimiz var. Onlar Azərbaycanla geniş əməkdaşlıq etmək istəyirlər. Keçən il bizim iqtisadi missiyamız Azərbaycanda olmuş, burada iqtisadi maraqları müəyyənləşmiş və yeni imkanları öyrənmişdir.

Sual: Hörmətli prezident, respublikamızdakı söz azadlığına və demokratiyaya arxalanıb, bəlkə də bugünkü mətbuat konfransına dəxli olmayan bir söz demək istəyirəm. 1990-cı ildə, yəni Siz istər Moskvanın, istərsə də Azərbaycanın kütləvi informasiya orqanları tərəfindən blokadaya alındığınız bir vaxtda mən Naxçıvana gəldim, Sizinlə üç saat görüşdüm, həm özümü, həm də ictimaiyyəti narahat edən bir sıra sualları Sizə verdim. Siz o tarixi müsahibədə istər Heydər Əliyev ilə, istərsə də Azərbaycan xalqının problemləri, həqiqətləri, gerçəklikləri ilə bağlı bir sıra məsələləri açıqladınız. İndi Siz prezidentsiniz. Sizdən xahiş edirəm, - bu, bəlkə bir az pis səslənir, - o informasiya blokadasını ilk dəfə yaran bir jurnalist kimi istərdim mənə müsahibə verəsiniz. Məni və ziyalıları, ictimaiyyəti düşündürən sualları yenidən sizə vermək istəyirəm. Sağ olun.

Heydər Əliyev: Bu sualın Belçika-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Ona görə gəlin bu sualla qonaqlarımızın vaxtını almayaq. Əgər siz məndən müsahibə almaq istəyirsinizsə, buyurun gəlin, müsahibə verim. Mən həmişə müsahibə verməyə hazıram, elə səhərdən axşama kimi müsahibə verirəm. Danışdıqlarımın hamısı müsahibədir. Yaxşı, müsahibə verərəm.

Sual: Mənim sualım həm cənab prezidentə, həm də cənab baş nazirə aiddir. Prezident çıxışında dedi ki, Azərbaycanda demokratiya sürətlə inkişaf edir. Sizcə, Azərbaycanda olan demokratiya əsas verirmi, Avropa standartlarına tam yaxındırmı ki, Azərbaycan Avropa Şurasinin üzvü olsun?

Heydər Əliyev: Bəli, Azərbaycanda demokratiya inkişaf edir. Demokratik ölkə kimi Azərbaycan gəncdir. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin sonunda sovetlər ittifaqının dağılması ilə əlaqədar əldə edibdir və ötən illərdə çox ağır, mürəkkəb və çətin yol keçibdir. Bu yol nə qədər çətin olsa da, Azərbaycanı demokratiyaya aparan yoldur. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün xeyli işlər görmüşük, ancaq bu proses hələ davam edir. Mən deyə bilmərəm ki, indi Azərbaycan Avropanın demokratiya sahəsində inkişaf etmiş ölkələri səviyyəsinə gəlib çatıbdır. Bu, sadəcə, mümkün deyildir. Bunun üçün vaxt lazımdır. Ancaq Şərqi Avropa ölkələrindən, o cümlədən keçmişdə sovetlər ittifaqına mənsub olmuş ölkələrdən indi Avropa Şurasına daxil olan ölkələrin səviyyəsində Azərbaycanda demokratiya vardır. Ona görə biz Avropa Şurasının tam hüquqlu üzvü olmaq haqqına malikik. Sağ olun.

Jan Lük Dean: Ən vacibi odur ki, Azərbaycanda islahatlar gedir, bunlar düzgün yoldadır. Siyasi və iqtisadi islahatlar davam edir. Prezidentin dediyi kimi, demokratiya prosesi hələ davam etməkdə, inkişafda olan bir prosesdir. Belçika tərəfi bu prosesi həvəsləndirir, Azərbaycanın bütün səylərini dəstəkləyir. Çox vacibdir ki, Azərbaycan Avropa Birliyi və NATO ilə lazımi sənədlərə imza atıbdır. Hesab edirəm ki, bu sənədlərin imzalanması ümumi prosesin həyata keçməsinə müsbət təsirini göstərəcəkdir. Strasburqda Avropa Şurasının toplantısı zamanı Azərbaycan müşahidəçi kimi çıxış edirdi. Mən qəti əminəm ki, Azərbaycanda demokratiya prosesi davam edəcək, o, tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaq və bu, tez bir zamanda verəcəkdir.

Sual: Hörmətli baş nazir, Ermənistan məsələsi bizim region üçün çox həssas məsələ olduğuna görə, sizin parlamentin ermənilərin soyqırımı ilə əlaqədar qəbul etdiyi qərarla bağlı sualı bir qədər dəqiqləşdirmək istəyirəm. Bu sualı verərkən sizə yalnız jurnalist kimi deyil, həm də elm adamı kimi müraciət edirəm. Mən elmlər doktoru, professoram və bu dövrə aid bir sıra əsərlərin müəllifiyəm. Erməni təbliğatından fərqli olaraq, Türkiyənin və tarixşünaslıq elminin ermənilərin soyqırımı ilə əlaqədar tamam başqa fikirləri var. Belçika parlamentinin ermənilərin soyqırımı ilə əlaqədar qərar qəbul etməsi hansı zərurətdən doğmuşdur? Həmin gün Azərbaycan parlamenti azərbaycanlıların ermənilər tərəfindən soyqırıma uğradılması haqqında qərar qəbul etmişdir. Bir halda ki, Belçika parlamenti soyqırımlar haqqında qərarlar qəbul etməkdə ixtisaslaşıb, ümid etmək olarmı ki, əlaqələrimizin inkişafa başladığı indiki mərhələdən sonra, gələcəkdə sizin parlament azərbaycanlıların da ermənilər tərəfindən soyqırımı haqqında qərar qəbul edəcəkdir? Təşəkkür edirəm.

Cavab: Məsələ ondadır ki, bu qərar Belçika parlamenti tərəfindən qəbul olunmuşdur. Burada terminologiyadan bəlkə də düzgün istifadə edilməmişdir. Lakin Belçika hökuməti bu mövqedə deyil və hesab edirəm ki, bu, hökumətlərarası münasibətlərə heç bir təsir göstərməyəcəkdir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 19 aprel 1998-ci il.