Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000-2008)

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
 
***
 
Hörmətli cənab prezident,

Bu yaxınlarda Vaşinqtonda səfəriniz zamanı Sizinlə görüşməkdən məmnun qaldım. Bir daha istədim ki, Sizə yazıb bu günədək qlobal terrorizmə qarşı müharibədə göstərdiyiniz dəstəyə görə Amerika xalqı adından şəxsən Sizə və hökumətinizə minnətdarlığımı bildirim. Biz bu günlər bizimlə bir cərgədə dayananları unutmarıq.

Siz bizimlə bir olduğunuzu bəyan etdiniz və sözlərinizi əməllərinizlə təsdiqlədiniz. Sizin liderliyiniz sayəsində Azərbaycan əsgərləri Əfqanıstanda bizim qüvvələrlə çiyin - çiyinə qulluq edirlər. Bizim bu ölkədəki əməliyyatlarımız ölkənizin ərazisi üzərindən uçuşa icazə olmadan baş tuta bilməzdi. Hüquq mühafizə və informasiya mübadiləsi sahəsindəki əməkdaşlığımız terrorçu qruplara qarşı davam edən əməliyyatların uğurla keçməsinə çox yardım etmişdir...

Bizim hər ikimiz bilirik ki, liderlik çətinliklərə qalib gəlməkdən ibarətdir. Fevralın 26-da Vaşinqtondakı görüşümüz zamanı müzakirə etdiyimiz kimi, yeni əsrdə dünya kütləvi qirğın silahları, terrorizmin bəlası, terrorizmi maliyyələşdirə və ya onu dəstəkləyən dövlətlərin doğurduğu təhlükələr ilə üz - üzə dayanıbdır. Heç bir ölkə bu düşmənləri təkbaşına məğlub edə bilməz. Uğur geniş beynəlxalq əməkdaşlıqdan asılıdır.

Bu mənim qəti inamımdır və bu işə sadiq olaraq qalıram. Sizin bu işə töhfəniz artıq böyük dəyişikliklərə səbəb olmuşdur və olmaqda davam edəcəkdir.
 
***
 
Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.64.