Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskva Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitqi - 25 yanvar 2002-ci il

Hörmətli Viktor Antonoviç!

Xanımlar və cənablar!

Dostlar və əziz tələbələr!

Müqəddəs Tatyana günü - Moskva Dövlət Universitetinin yananması günü və universitetinizin 247-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz təhsildə və həyatda yeni uğurlar arzulayıram!

Böyük elm və ali təhsil mərkəzi olan, dahi rus alimi Lomonosov tərəfindən əsası qoyulmuş, dünya elminə, mədəniyyətinə, bəşər sivilizasiyasına misilsiz töhfə vermiş Moskva Dövlət Universitetinin fəxri professoru olmaq mənim üçün böyük şərəfdir.

Keçmiş Sovet İttifaqı üçün, keçmiş müttəfiq respublikalar üçün bir çox ixtisaslar üzrə yüz minlərlə gözəl kadr, alim, mütəxəssis hazırlamış universitet, bu gün Rusiya Federasiyasının ali təhsilinə başçılıq edən universitet bizə dost olan Rusiyanın inkişafı işinə olduqca böyük töhfə verir. Viktor Antonoviç, mənə göstərdiyiniz yüksək şərəfə görə, mənə fəxri professor adı verdiyinizə görə, Sizin dediyiniz kimi, artıq malik olduğum və hələ tanış olacağım imtiyazlara görə Sizə, Elmi Şuranın bütün üzvlərinə təşəkkür edirəm.

Moskva Universiteti çoxlarına, o cümlədən də bizə - Azərbaycan xalqına, azərbaycanlılara əzizdir. Azərbaycanda demokratik mətbuatın banisi Həsən bəy Zərdabi həl.ə1865-ci ildə Moskva Universitetini bitirmişdir. 1918-ci ildə - Azərbaycanın dövlət müstəqilliyi qazandığı ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə başçılıq etmiş Fətəli Xan Xoyski 1901-ci ildə Moskva Universitetində təhsilini başa çatdırmışdır. Sonrakı illərdə minlərlə, on minlərlə insan, o cümlədən azərbaycanlılar Moskva Universitetində təhsil almışlar. Biz Azərbaycan üçün, xalqımız üçün yüksək səviyyəli alimlər, təhsil, elm və mədəniyyət ocaqları üçün mütəxəssislər və xadimlər hazırlanmasına görə Moskva Dövlət Universitetinə minnətdarıq.

Bu gün də Azərbaycanın ali məktəbləri Moskva Universitetinə nümunə götürülməli olan elm, ali təhsil mərkəzi kimi baxırlar. Azərbaycan Universiteti, daha doğrusu, əsası 1919-cu ildə qoyulmuş Bakı Dövlət Universiteti Moskva Dövlət Universiteti ilə fəal əlaqələr saxlayır. Şübhəsiz, bu, Bakı Dövlət Universitetin də, Azərbaycanın başqa ali məktəblərinə də böyük kömək göstərir.

Mən Moskva Dövlət Universitetinə minnətdaram ki, özünün bütün tarixi ərzində o, Azərbaycan üçün ali təhsilli çoxlu kadr hazırlamışdır. Nəzərə çatdırıram, sadəcə olaraq, ali təhsilli yox, özü də çox yüksək səviyyədə təhsilə malik kadrlar hazırlamışdır. 1970-80-ci illərdə biz Azərbaycandan hər il Moskva Dövlət Universitetinə ali təhsil almaq üçün təyinatla 150 nəfər göndərirdik. Demək istəyirəm ki, bu universitet bütün Sovetlər İttifaqında bizim üçün nəinki ən nüfuzlu, həm də ən yaxşı universitet idi. Viktor Antonoviçin dediyi kimi, indi burada Azərbaycandan təxminən 100 nəfər təhsil alır. Ümidvarıq ki, onların sayı artacaqdır. Mən 1980-ci illəri, Moskvada, Nazirlər Sovetində işləyərkən ali təhsillə, universitetlərlə, xüsusən Moskva Dövlət Universiteti ilə sıx ünsiyyətdə olduğum illəri böyük səmimiliklə xatırlayıram. Şadam ki, bu unudulmayıbdır. Viktor Antonoviç öz çıxışında bunu qeyd etdi.

Mənə göstərdiyiniz yüksək şərəfə görə dönə-dönə minnətdaram və sizin bayramınızda - müqəddəs Tatyana günündə, universitetin yaradılması günü münasibətilə bayramda iştirak etməyimə, fəxri professor diplomu almağıma, özü də belə gözəl bayram günündə - universitetin yaranması günündə almağıma xüsusilə şadam. Bu, ikiqat fəxrdir. Sizə təşəkkür edirəm, cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Mən bizim rəssamın çəkdiyi əsəri - "Bakı şəhərinin bir guşəsi" əsərini Moskva Dövlət Universitetinə hədiyyə etmək istəyirəm. Düşünürəm ki, bu əsər sizin böyük universitetinizdə öz yerini tutacaqdır. Sağ olun.