Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərbəst güləş üzrə 45-ci Avropa çempionatının fəxri qonaqları ilə görüşü - Prezident sarayı, 3 may 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq dedi ki, sərbəst güləş üzrə 45-ci Avropa çempionatının ölkəmizdə keçirılməsi faktını Azərbaycanda yüksək qiymətləndirirlər və ictimaiyyət bunu böyük hadisə hesab edir. Azərbaycan prezidenti buna görə Avropa Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirərək vurğuladı ki, əhalinin böyük hissəsi çempionatın televiziya ilə birbaşa yayımlanmış açılış mərasimini, habelə güləşçilərin çıxışlarını izləmişdir. Bakıda keçirilən və sayca 45-ci olan qitə çempionatı Avropa Güləş Federasiyasının təşkil etdiyi birinciliklər sırasında önəmli yer tutacaqdır.

Prezident Heydər Əliyev çempionatın açılış mərasimindən və güləşçilərin çıxışlarından böyük məmnunluq duyduğunu vurğuladı.

Avropa Sərbəst və Yunan-Roma Güləş Federasiyasının prezidenti Tseno Tsenov qəbulda çıxış edərək, çempionatın uğurlu başlanğıcı münasibətilə şəxsən öz adından və Beynəlxalq Güləş Federasiyasının prezidenti Mir Mirtseyin adından Azərbaycan prezidentini təbrik etdi. O bildirdi ki, beynəlxalq və Avropa federasiyalarının üzvləri Azərbaycan dövlət başçısının çempionatın iştirakçılarına göndərdiyi məktubda idmanın müasir həyatda, beynəlxalq münasibətlərdə rolu, gənclər və bütün yaşlardan olan insanlar üçün əhəmiyyəti haqqında dediyi fikirlərə şərikdirlər.

Avropa Federasiyasının sərbəst güləş üzrə növbəti çempionatı Bakıda keçirməsi bir sıra səbəblərə görə heç də təsadüfi deyildir. İdmanın həmin növündə Azərbaycanın əsrlərdən bəri davam edən ənənələri var, Azərbaycan pəhləvanları Avropada və dünyada güləşin inkişafına töhfələr vermişlər. Federasiyanın prezidenti dedi ki, çempionatların təşkili məsələləri ilə əlaqədar onların irəli sürdüyü bütün tələblər Azərbaycanda ən yüksək səviyyədə yerinə yetirilmişdir. O, əmin olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan paytaxtında güləş üzrə dünya çempionatı da keçiriləcəkdir. Tseno Tsenov Azərbaycan güləşçilərinin çempionatda uğurla çıxış etdiklərini söyləyərək vurğuladı ki, onların yaxşı nəticələrə nail olmaq imkanları var.

Sonra Avropa Federasiyasının başçısı Azərbaycan Prezidenti Heydər Əliyevə ən yüksək mükafatı – ancaq dövlət başçılarının təltif olunduğu «Qızıl boyunbağı» fərqlənmə nişanını təqdim etdi.

Daha sonra çıxış edən Beynəlxalq Güləş Federasiyasının birinci vitse-prezidenti Rafael Martinetti də Azərbaycan güləşçilərinin indiki çempionatda uğurla yarışdıqlarını vurğuladı.

Prezident Heydər Əliyev Avropa Güləş Federasiyasının ən yüksək mükafatına layıq görülməsinə görə təşəkkürünü bildirərək dedi ki, bu onun üzərinə idmana daha böyük diqqət yetirmək, xüsusilə sərbəst güləşə qayğı göstərmək vəzifəsi qoyur.

Sərbəst güləşlə bağlı fərqlənmə nişanı almağın xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı bildirdi ki, sərbəst güləş xalqımızın qədim idman növüdür, XX əsrdən etibarən o, dünyada geniş inkişaf tapmışdır. İndi Azərbaycan müstəqil dövlət olaraq idmanın bir çox növləri, o cümlədən də sərbəst güləş üzrə dünya, Avropa çempionatlarında, eləcə də regional çempionatlarda iştirak edir. Prezident Heydər Əliyev əmin olduğunu vurğuladı ki, indiki çempionat yüksək səviyyədə başlandığı kimi, yüksək səviyyədə də başa çatacaq və sərbəst güləş tarixinə daha bir parlaq səhifə – Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı kimi yazılacaqdır.

* * *

Qəbuldan sonra Türkiyənin «Qırxpınar» yağlı güləş federasiyasının həmsədri Sait Yavuz Azərbaycan Prezidenti Heydər Əliyevə müraciətlə dedi: Cənab Prezident, mən ölkəmizin 641-ci «Qırxpınar ağasıyam». Türk xalqının Sizə sevgi və salamlarını gətirmişəm. Sizi bu il iyunun 28–30-da Türkiyədə yağlı güləş üzrə keçiriləcək 641-ci birinciliyə dəvət etmək üçün gəlmişəm. Bu münasibətlə Zati-alinizin Sizi sevən türk xalqı ilə bir yerdə olmasını arzu edirik. Siz bununla bizə şərəf vermiş olarsınız.

Sonra qonaq Azərbaycan prezidentinə xatirə hədiyyələri təqdim etdi.

Dövlətimizin başçısı Heydər Əliyev hədiyyəyə görə qonağa təşəkkürünü bildirdi. Türkiyədə keçirilən ənənəvi yağlı güləş yarışlarını sevdiyini, bu güləş federasiyasının sədri ilə Bakıda görüşdüyünü, onun tərəfindən vaxtilə Türkiyəyə dəvət olunduğunu, lakin imkan tapıb gedə bilmədiyini söyləyərək dedi ki, indiki dəvəti qəbul edir və mütləq Türkiyəyə gedəcəkdir.
Azərbaycan Prezidenti Heydər Əliyev qonaqla xatirə şəkli çəkdirdi.