Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - 12 dekabr 1999-cu il

Hörmətli cənab prezident!

Əziz dostum, qardaşım!

Sizi və qardaş türk xalqını çox əlamətdar və tarixi bir hadisə - Türkiyənin Avropa Birliyinə üzvlüyə namizəd qəbul olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Avropa Birliyi ölkələri dövlət başçılarının Helsinki zirvə görüşünü biz də televiziya kanalları vasitəsilə dərin həyəcanla izlədik. Türkiyə Respublikasının Avropa Birliyinə üzvlüyə namizəd qəbul olunması xəbəri bütün Azərbaycan xalqını hədsiz sevindirdi. Sizin rəhbərliyinizlə qardaş Türkiyənin uzun illərdən bəri apardığı ədalətli mübarizənin xoş nəticələrini görmək bizi çox şad etdi.

Ümid edirik ki, Türkiyə tezliklə Avropa Birliyinin tam hüquqlu üzvünə çevriləcəkdir. Avropa elminə, mədəniyyətinə əvəzsiz töhfələr vermiş Türkiyə və qəhrəman türk xalqı buna layiqdir.

Avropa və Asiyanı birləşdirən, qədim tarixə, mədəniyyətə malik, çox böyük iqtisadi, siyasi nailiyyətlər əldə edərək regionda qüdrətli, demokratik, dünyəvi dövlətə çevrilmiş və XX əsrin ikinci yarısında ümumavropa təhlükəsizlik sisteminin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş Türkiyə Cümhuriyyətinin buna tam mənəvi haqqı var.

Bir daha Sizi və böyük türk xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirirəm ki, XXI əsrdə qardaş Türkiyə Cümhuriyyəti daha da inkişaf edəcək, iqtisadi cəhətdən daha da güclənəcək, öz hərbi-siyasi qüdrətini daha da artıraraq nəinki Avropa qitəsində, eləcə də bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin və təhlükəsizliyin təmin olunmasına, demokratiyanın inkişaf etməsinə və insan haqlarının qorunmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.

Sizə dərin hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasinin Prezidenti.

\"Azərbaycan\" qəzeti, 14 dekabr 1999-cu il.