Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Nərgiz TV" televiziyasının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatının təqdim edilməsi mərasimində nitqi - İstanbul, Lütfi Kırdar adına beynəlxalq konfrans və sərgi salonu, 13 fevral 1998-ci il

Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım, hörmətli cənab Süleyman Dəmirəl!

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri, hörmətli cənab Hikmət Çətin!

Türkiyə Cümhuriyyətinin Baş naziri, hörmətli cənab Məsud Yılmaz!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı, böyük türk xalqını, Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarını Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayıram. Sizə səadət, sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Mən bu gün mənim üçün, hər bir azərbaycanlı üçün doğma olan Türkiyəyə gəlmişəm və Türkiyənin gözəl şəhəri, bütün dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbuldayam. Mən bundan çox xoşbəxtəm. İstanbul şəhərinin vətəndaşlarını xüsusi salamlayıram. Bu gözəl şəhərə çiçəklənən gələcək arzulayıram.

"Nərgiz TV" kanalında çalışan Türkiyənin bütün vətəndaşlarını, bizim bacı-qardaşlarımızı NTV kanalının birinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və bu televiziya kanalına gələcəkdə böyük uğurlar arzulayıram. Bir il müddətində belə böyük nailiyyət əldə etmək yalnız və yalnız sərbəst olan ölkədə, hürriyyət olan ölkədə, azadlıq olan ölkədə, demokratiya olan ölkədə mümkündür. Biz Azərbaycanda çox sevinirik ki, Türkiyə Cümhuriyyəti - bizim üçün dost və qardaş olan ölkə məhz belə ölkədir. Biz sevinirik ki, Türkiyə xalqı, Türkiyənin hökuməti, Türkiyənin dövləti böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə uğurla irəliləyir. Türkiyədə televiziya çox qısa bir tarixi zamanda böyük nailiyyətlər əldə edibdir.

Ola bilər bilmirsiniz, mən bunu bildirmək istəyirəm ki, Azərbaycanda, Bakıda televiziya Türkiyədən öncə verilişlər verməyə başlayıbdır. Azərbaycanda televiziya çalışmağa, yayıma 1956-cı ildə başlayıbdır. Türkiyədə isə səhv etmirəmsə, bu, 1960-cı illərin əvvəllərində olubdur. Ancaq Türkiyədə bu müddətdə televiziya nə qədər inkişaf edib, nə qədər yayımlar meydana çıxarıb və nə qədər özəl televiziya kanalları vardır. Azərbaycanda isə dövlət televiziyası və cəmisi üç özəl televiziya var. Onlar da hələ ilk addımlarını atırlar. Əcəba, nə üçün belədir? Çünki Türkiyə azad, müstəqil, demokratik ölkə olubdur. Türkiyə dünyanın böyük dövlətlərindən biri kimi, dünyəvi bir dövlət kimi, layiq bir dövlət kimi özünün içində olan bu imkanlardan qısa bir zamanda səmərəli istifadə edib və belə yüksək zirvələrə qalxa bilibdir.

Azərbaycanda da televiziya yaratmaq, yayımlar yapmaq üçün çox istedadlı insanlar, adamlar var. Ancaq biz bu qədər nailiyyət əldə etməmişik. Ona görə ki, bizim müstəqilliyimiz, azadlığrmız, istiqlaliyyətimiz olmayıbdır. Biz cəmi altı ildir ki, istiqlaliyyət içində yaşayırıq, müstəqil dövlətik və əmin ola bilərsiniz ki, biz də sizin kimi qısa bir zamanda, keçmişdə itirdiklərimizi əldə edəcəyik, irəliləyəcəyik və gəlib sizin sıralarınıza çatacağıq. Bizim üçün bunu etmək indi daha da asandır. Çünki bizım sizin kimi, sizin ölkəniz, dövlət quruluşunuz, həyatınız kimi və Türkiyənin televiziyası kimi gözəl örnəyimiz vardır. Biz müstəqil dövlətimizi, həyatımızı quraraq, iqtisadiyyatımızı inkişaf etdirərək daim dünya təcrübəsindən istifadə edirik. Dünya təcrübəsi içində bizim üçün ən yaxın, doğma olan Türkiyə Cümhuriyyətinin təcrübəsindən bütün sahələrdə, o cümlədən televiziya sahəsində də istifadə edirik.

Bilməlisiniz ki, Azərbaycanda Türkiyə kanallarının yayımı Azərbaycan kanallarının yayımından daha da çoxdur və Azərbaycanın vətəndaşları Azərbaycan televiziyası ilə bərabər, Türkiyə televiziyasının bir çox kanallarını da seyr edirlər və bu da bizə çox xeyir gətirir.

Mən NTV kanalının yaranmasında və inkişaf etməsində böyük xidmətlər göstərmiş əziz dostum, qardaşım Cavid Çağları təbrik edirəm və ona gələcək işlərində uğurlar arzulayıram.

Bu gün bu fürsətdən istifadə edərək bir daha bəyan edirəm ki, Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir, genişlənir və bu dostluq əlaqələri gələcəkdə də inkişaf edəcəkdir. Bizim bu dostluğumuza, qardaşlığımıza mane olmaq istəyən qüvvələr vardır. Onlar bizim ölkələrin xaricində də, daxilində də var. Mən bu gün bəyan edirəm ki, bizim dostluğumuza mane olan bütün bu qüvvələr bilsinlər ki, heç bir qüvvə, heç bir kəs, heç

bir ölkə Türkiyə-Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır! Azərbaycanın istiqlaliyyətinin qorunub saxlanmasında, iqtisadiyyatının inkişaf etdirilməsində, Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə öz hüquqlarını qorumasında, Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsi ilə əlaqədar baş vermiş hadisələrin sülh yolu ilə həll olunmasında və Azərbaycanın mövqelərinin beynəlxalq təşkiatlarda qorunmasında biz daim Türkiyə Cümhuriyyətinə arxalanırıq, güvənirik. Türkiyə Cümhuriyyətinin, onun hökumətinin və xüsusən Türkiyə Cümhuriyyətinin prezidenti Azərbaycan xalqının böyük dostu və qardaşı Süleyman Dəmirəlin xidmətlərini yüksək qiymətləndiririk.

Mən bu gün və sabah burada bir çox görüşlər keçirmək və danışıqlar aparmaq məqsədi daşıyıram. Bildirmək istəyirəm ki, burada olan görüşlərin, danışıqların hamısı dostluq və mehribanlıq şəraitində keçir. Mən keçən zamanlarda olduğu kimi, bu dəfə də Türkiyə torpağına ayağımı basandan özümü qonaqpərvərlik və dostluq, mehribanlıq şəraitində hiss edirəm. Buna görə sizin hamınıza təşəkkür edirəm. Xüsusi təşəkkürümü, hörmət və ehtiramımı mənim əziz dostum və qardaşım prezident Süleyman Dəmirələ bildirirəm. NTV kanalının bu sorğu zamanı məni 1997-ci ildə "Dünyada ilin adamı" elan etməsi mənim üçün böyük şərəfdir və bildirmək istəyirəm ki, gözlənilməz bir hadisədir. Mən heç bilmirdim ki, NTV kanalı belə bir sorğu keçirir və bu sorğunun içərisində mənim də adım var. Bu xəbər verilən zaman o, mənim üçün gözlənilməz, eyni zamanda xoşbəxt, səadətli bir hadisəyə çevrildi. Mən Türkiyə vətəndaşlarının, NTV kanalı seyrçilərinin mənə göstərdikləri bu hörmətə, sayqıya, diqqətə, qayğıya, bu etimada görə təşəkkür edirəm. Televiziyanı seyr edən, tamamilə sərbəst, azad, hürriyyət içində olan 59400 insan öz iradəsini ifadə edərək məni "Dünyada ilin adamı" etmişlər. Bu, mənim həyatımda gözlənilməz bir hadisədir. mən çoxillik həyatımda çox mükafatlar almışam, çox ödüllər görmüşəm, amma beləsini görməmişdim.

Mənə "Dünyada ilin adamı" kimi səs vermiş Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşına öz hörmətimi, sevgimi, məhəbbətimi və təşəkkürümü bildirirəm. Hər bir vətəndaşa onun həyatında səadət, xoşbəxtlik, uğurlar arzulayıram. İnana bilərsiniz ki, mən bu hadisəni çox yüksək qiymətləndirirəm və bildirirəm ki, bu, mənim siyasi fəaliyyətim üçün böyük qayğı, dayaqdır. Sizi əmin etmək istəyirəm ki, mən bu etimadı doğruldacağam, bütün həyatım, fəaliyyətimlə, gələcəkdə gördüyüm işlərlə doğruldacağam. Bu etimadı Azərbaycanda görəcəyim işlərlə doğruldacağam, Türkiyə-Azərbaycan dostluğunun möhkəmləndirilməsi sahəsində görəcəyim işlərlə doğruldacağam. Ümidvar, əmin ola bilərsiniz ki, mən Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına daim sadiqəm və sadiq olacağam.

Hörmətli dostlar, bacılar, qardaşlar, sizə - bu salona toplaşanlara öz hörmət-ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Əmin ola bilərsiniz ki, bu mükafatı mən qəlbimdə saxlayacağam, həmişə yüksək tutacağam. Sağ olun.