\"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibəti ilə Azərbaycan xalqına müraciəti\" (Bakı şəhəri, 27 may 2003-cü il) sənədinə tarixi arayış

28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın və türk dünyasında ilk dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Məmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurasının mayın 28-də Tbilisidə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında İstiqlal Bəyannaməsi qəbul olunub. Bu bəyannamə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın yaradıldığını bəyan edib. Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu bəyannamə müstəqil Azərbaycan dövlətinin yarandığını, onun prioritetlərini, məramını elan edib.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq edib. Beləliklə, Birinci Dünya Müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb tarixi şəraitdə parlamentli respublika yaranıb.

Cəmi 23 ay yaşayan cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edib. 1918-ci il iyunun 26-da Milli Ordunun yaranması haqqında qərar çıxarılıb. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dili dövlət dili elan edilib. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edilib. Eyni zamanda Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olunub.

Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin ən önəmli uğurlarından biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20-dən artıq çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprelin 28-də süqut edib və Azərbaycanda sovet hakimiyyəti qurulub.

1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib və özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətində prezident Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edib: \"Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir\". 

2007-ci il mayın 25-də Bakıda \"İstiqlaliyyət Bəyannaməsi\" abidəsinin açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş \"İstiqlal Bəyannaməsi\"nin həm əski, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il fevralın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyinin təntənəli surətdə keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bir sıra dövlət orqanlarına Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlayıb həyata keçirilməsi tapşırılıb.

Tarixi arayış 19 fevral 2008-ci ildə tərtib edilib.