Naxçıvan MR Ali Məclisində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi - 18 iyun 2002-ci il

Mən sizinlə artıq bir neçə gündür görüşürəm və Naxçıvana gəlməyimin məqsədi, eyni zamanda gördüyüm işlər haqqında sizə məlumat verirəm. Hesab edirəm ki, bu günlər mənim üçün, Azərbaycan prezidenti üçün çox səmərəli, çox əhəmiyyətli olubdur. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasının əhalisi üçün və hakimiyyət orqanları üçün də çox səmərəli, əhəmiyyətli olubdur. Demək istəyirəm ki, biz bir neçə dəfə görüşmüşük, danışmışıq. Siz mənim fikirlərimi bilirsiniz. Mən bu gün Bəhruz Kəngərlinin muzeyini açarkən Naxçıvanda yerləşən hərbi hissənin komanda heyəti ilə görüşüm haqqında dedim. Ancaq mən muxtar respublikanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə bilavasitə görüşməsəydim, bu, anlaşılmaz olardı. Mənim Naxçıvan səfərimdə bu, planda var idi. Ancaq mən bunu bir az axıra saxladım ki, əvvəl başqa işləri görək, sonra sizinlə görüşək.

Mən bu məqsədlə xahiş etdim ki, Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanlarının nümayəndələri bu gün buraya dəvət olunsunlar. Görüşək, söhbət edək, danışaq görək sizin işləriniz necədir və bundan sonra nə etmək lazımdır ki, daha da yaxşı olsun. Söhbətimizin konkret olması üçün istərdim, Naxçıvanın başçısı, Ali Məclisin sədri Vasif Talıbova söz verim. O, məlumat versin. Əgər bundan sonra başqa əlavə məlumat vermək istəyənlər varsa, mən onları da məmnuniyyətlə dinləməyə hazıram. Sonda isə mən bəzi fikirlərimi sizə çatdıracağam. Biz bundan ötrü buraya toplaşmışıq. İndi mən Vasif Talıbova söz verirəm.

Yekun nitqi

- Əziz dostlar!

Hörmətli həmkarlar!

Mən on iki il bundan öncə, 1990-cı ildə burada sizinlə birgə yaşamağa başladım və ondan sonra fəaliyyətə başladım. Sizinlə birgə çox ağır, çətin bir dövr yaşadıq, çətin problemlərlə üzləşdik. Bəzən təhlükələr elə idi ki, düşünürdüm, ola bilər, məhv olaq, yaxud ümumiyyətlə, Azərbaycan dağılsın, Naxçıvan da dağılsın. Belə ağır günlər yaşadıq. Bu salon, bu divarlar bizim o ağır günlərimizin şahididir. Biz burada sessiyalar keçirirdik, iclaslar keçirirdik, qərarlar qəbul edirdik. Ancaq eyni zamanda, o vaxt elələri də var idi ki, nə qanun tanıyırdılar, nə qayda tanıyırdılar, nə dövlətçilik nə olduğunu bilirdilər və bilmək də istəmirdilər. O dövrün qarma-qarışıqlığından istifadə edərək müəyyən mövqelər əldə etmişdilər və tələsirdilər ki, o mövqelərdən tez istifadə edib Azərbaycanın varını-yoxunu, əmlakını mənimsəsinlər, dağıtsınlar. Çünki bir tərəfdən, o qədər ağıla malik deyildilər dərk etsinlər ki, onlar Azərbaycanın dövləti, xalqı haqqında düşünməlidirlər. Digər tərəfdən, inanmırdılar ki, əllərinə düşən bu fürsət çox çəkəcəkdir. Ona görə də hər biri qarmalayırdı.

Mən gəldim. Məni Naxçıvanda deputat seçdiniz, Azərbaycanın deputatı seçdiniz. Ona görə mən seçicilərimə və Naxçıvanın bütün əhalisinə təşəkkür edirəm. Ancaq sonra vəziyyət elə oldu ki, mənim Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməyim haqqında məsələ qaldırıldı. Bilirsiniz ki, mən buna razı olmurdum.

Ancaq o günlər bəzilərinin xatirindədir. Burada bir böhranlı vəziyyət yarandı. Sessiya çağırdılar, mən sessiyaya gəlmədim. Sessiyada böyük qarışıqlıq əmələ gəldi. Heç kəsi seçə bilmirdilər. Xalq Cəbhəsinin adamlarının öz namizədləri var idi. Burada əvvəldən işləyənlərin öz namizədləri var idi. Onlar bunlarla razı deyildi, bunlar onlarla razı deyildi. Mən yaşadığım evə iclas gedə-gedə dəfələrlə gəlirdilər. Məni dəvət edirdilər ki, iclasa gəlim. Mən iclasa gəlmək istəmirdim. Çünki o işin iştirakçısı olmaq istəmirdim. Nəhayət, gəldim, - onda iclas burada keçmirdi, Naxçıvanın icra hakimiyyətinin binasında salon var, orada keçirdi, onda bura bağlanmışdı, möhürlənmişdi, - dəfələrlə dedim ki, sizə kömək etməyə hazıram. Mən deputatam və əgər mənim məsləhətlərimə qulaq assanız, kömək edəcəyəm. Ancaq mən vəzifə tutmaq istəmirdim.

Orada meydanda 20 minə qədər adam toplaşmışdı. Onlar da təzyiq edirdilər ki, Heydər Əliyev seçilsin. Nəhayət, belə oldu, seçildim və işə başladım. Ancaq mən bu salonda nə qədər üzlərlə rastlaşdım. Çoxları o vaxtkı deputatlar idi, deputat olmayanlar idi. Burada elə cılız adamlar durub elə sözlər deyirdilər, özü də harada - Heydər Əliyev kimi bir insanın apardığı parlament sessiyasında. Ancaq dözməli idik. Bir tərəfdən dözürdük, bir tərəfdən də öz prinsipiallığımızı və iradəmizi göstərirdik. Nəhayət, prinsipiallığımız, iradəmiz bizi uğurlara gətirdi. Sonrakı hadisələr, proseslər sizə məlumdur.

Yadımdadır, burada, bu salonda bəzisi orada otururdu, bəzisi burada otururdu, yerdən qışqırırdılar, hay-küy salırdılar. İndi mən soruşuram, onlar haradadırlar? Demək olar ki, onların 95 faizi yoxdur. Amma burada at oynadırdılar. Naxçıvan belə bir dövr yaşadı. O dövrü Azərbaycan da yaşadı, amma Naxçıvan çox ağır dövr yaşadı. Biz məhz burada, bu binada, buradakı sağlam qüvvələrlə, - onların əksəriyyəti bu gün də buradadır, o vaxtdan indiyə qədər işləyirlər və işləyəcəklər, - birgə çalışırıq. Mən belə bir vaxtda bu binada, bu salonda olmuşam. İndi buraya gələndə o günləri yadıma saldım. Ona görə də bir neçə kəlmə demək istədim.

Vasif Talıbovun məruzəsindən və bizdə olan məlumatlardan görünür ki, blokada şəraitində olmasına baxmayaraq, doğrudan da Naxçıvanın iqtisadiyyatı, sosial həyatı inkişaf edir. Vasif Talıbov danışanda mən bəzi suallar verirdim. Bu, təsadüfi deyildi. Çünki sovet dövrü də yaxşı yadımdadır, 1990-1993-cü illərdə burada işlədiyimiz dövr də yadımdadır, indiki də yadımdadır.

Məmməd, mən səndən soruşmadım. Çünki sən kənd təsərrüfatı ilə o vaxt da məşğul olurdun. İndi hər toyuq neçə yumurta verir?

Məmməd Abbasov: Cənab prezident, indi südün, yumurtanın uçotu getmir. Amma ümumilikdə burada statistikaya görə yumurta istehsalı 15 milyon ədəddir.

Heydər Əliyev: Amma sən hər toyuqdan neçə yumurta alındığını bilmirsən.

Məmməd Abbasov: Sovet dövründə il ərzində 80 yumurta olurdu.

Heydər Əliyev: Amma sən o vaxt hər ay hesabat verirdin, 25 nömrəli hesabatın var idi ki, hər toyuqdan neçə yumurta, hər inəkdən nə qədər süd, hər qoyundan, keçidən nə qədər bala alınır. Elədir?

Məmməd Abbasov: Bəli.

Heydər Əliyev: Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi. Adı Həsən, ya nə idi. Gərək, sənin yadında olsun.

Məmməd Abbasov: Çoban Həsən.

Heydər Əliyev: Çoban Həsən, o, məlumat verirdi ki, guya hər yüz qoyundan 140-150 bala alır. Buna da inanırdılar. O birilərindən də tələb edirdilər. Amma onlar bunu edə bilmirdilər. Mən bunları sizə açıq deyirəm. Çünki biz bu dövrü də yaşamışıq. Yəni mən özüm bu dövrün kənardan müşahidəçisi deyiləm. Mən o dövrdə Azərbaycana rəhbərlik etmiş adamam. Partiyanın, SSRİ dövlətinin qərarlarını yerinə yetirməyə çalışmış bir adamam. Amma o sistem elə idi, nə etmək olardı? Biz o sistemdən çox şey udduq.

Əgər 1920-ci ildən 1991-ci ilə qədər olan dövrü götürsək, biz onu udduq ki, xalqımız təhsil aldı, hamı təhsilləndi. İndi baxın, qonşu ölkələr var, görün, onların təhsil səviyyəsi necədir, bizimki necədir. Onu udduq ki, gözəl məktəblər yarandı, universitetlər yarandı, elm yarandı. Onu udduq ki, böyük zavodlar, fabriklər tikildi, yollar salındı, körpülər tikildi. Onu udduq ki, bütün nöqsanlara baxmayaraq, kənd təsərrüfatında üzümçülüyü inkişaf etdirərək, əhalimizə nə qədər gəlir gətirdik. Sonra o sahə dağıldı. Bəlkə də bu gün bizim şəraitimizə görə o qədər əlverişli sahə deyildir. Amma o vaxt üzümçülüyü inkişaf etdirmək proqramı var idi. Onun üçün hər il Moskvadan olduqca çox vəsait alırdıq. Yalnız üzüm bağları yaratmaq üçün, hələ üzüm təhvil vermədən. Onun hesabına bizim kəndlərdə nə qədər gözəl evlər tikildi. Elə Naxçıvanın özündə də. Nə qədər kənd adamları zənginləşdilər. Biz o dövrdən çox şey aldıq. Bunları unutmamalıyıq. Amma eyni zamanda, bu cür əcaib bir sistem insanların təşəbbüsünün, daxili potensialının inkişaf etməsinin qarşısını alırdı.

O vaxtlar böyük işlər görürdük, lakin inəklərin sayını 23-24 faizə çatdıra bilmirdik. İndi isə heç nədən xəbərimiz yoxdur, amma inəklərin sayı 50 faizdir. Kənd təsərrüfatı məhsulları istehsalı bütün sahələrdə artmışdır. Demək, bu sistemin dəyişilməsi, islahatların keçirilməsi nə qədər xeyirlidir, nə qədər əhəmiyyətlidir.

Mən məmnunam ki, Naxçıvanda kənd təsərrüfatı sahəsində islahatlara biz eksperiment kimi hələ o vaxt başladıq. Onda Şərurda bir başçı var idi, o, kolxoz sədrləri ilə danışırdı. Mal-qaranı kəsirdilər, yeyirdilər, sonra da deyirdilər ki, öldü, filan oldu. Xatirinizdədir, onda biz dedik ki, gəlin bunların hamısını əhaliyə sataq. O vaxt dedilər ki, necə sataq, kolxozundur. Dedik sataq, heç olmasa, kolxozun xəzinəsinə pul gəlsin, onsuz da bir il də belə getsə, hamısını kəsib dağıdacaqlar. Elədik, bu da xeyir verdi. İndi nə qədər iribuynuzlu, xırdabuynuzlu mal var.

Əgər o qədər taxıl məhsulu götürülürsə, deməli, torpaqlardan yaxşı istifadə edirsiniz. Talıbov indi dedi ki, bu il keçən ilkindən də çox taxıl məhsulu alacaqsınız. Baxmayaraq, yağışlar olubdur. Bu, özü böyük işdir. Taxıl əsas məhsuldur. Əgər Naxçıvan özünü taxılı ilə təmin edirsə, bu özü böyük işdir. Azərbaycanda keçən il rekord səviyyəsində - 2 milyon ton taxıl yığıldı. Əvvəllər heç vaxt belə olmamışdı. Amma o vaxtlar Naxçıvanda başqa regionlara nisbətən az taxıl istehsal olunurdu. Müxtəlif səbəblər meydana atırdılar.

Bir sözlə, Azərbaycanda torpaq islahatının həyata keçirilməsi üçün qəbul etdiyimiz qanunlar, qərarlar, fərmanlar və islahatların aparılması, torpağın kəndlilərə verilməsi kənd təsərrüfatında böyük dəyişikliklər yaratdı. Bu, təkcə Naxçıvanda deyil, bütün Azərbaycanın hər yerindədir və bizim böyük nailiyyətimizdir. Amma bu, son hədd deyildir, siz bunu davam etdirməlisiniz.

Mal-qaranın sayının artırılması haqqında bir az düşünmək lazımdır. İndi biz sevinirik ki, hamısı artır. Amma düşünmək lazımdır ki, bunlar üçün otlaqlar varmı? Biz Bakıda bəzi belə müşahidələr aparırıq. Ekologiya Nazirliyindən də mənə məlumatlar verilir. Azərbaycanda xırdabuynuzlu, iribuynuzlu mal-qara çoxalıbdır, otlaqlar isə azdır. Mal-qaranı meşələrə buraxırlar, meşələri otarırlar. Yaxud təkcə meşələr deyil. Azərbaycanın, o cümlədən Naxçıvanın təbiətinin təbii sərvətlərindən biri də onun həm torpaqlarıdır, həm də otlaqlarıdır.

Biz bunu Azərbaycanda edəcəyik. Amma mən burada sizin qarşınızda birinci dəfə deyirəm ki, gərək müəyyən edək, otlaqlara zərər vurmadan, meşələrə zərər vurmadan nə qədər mal-qara saxlamaq olarsa, o qədər saxlayaq. Əgər ondan artığı bizim təbiətə, otlaqlara, meşələrə zərər vurursa, onun qarşısı alınmalıdır. Görürsünüz, biz əvvəl istəyirdik artıraq. İndi mən sizə deyirəm ki, bu barədə fikirləşin. Çünki vətən bizimdir, torpaq bizimdir. Hər şeyi indi mal-qaraya verək, yesin, dağıtsın, otlaqlar dağılsın, 10 ildən, 15 ildən bizim torpaqlar necə olacaq? Buna yol vermək olmaz.

Kənd təsərrüfatı sahəsində başqa problemlər də var. Mən indi buna vaxt sərf etmək istəmirəm. Siz bilirsiniz. Sənaye sahəsində sizin işləriniz pis deyil, özəlləşdirməni aparmısınız. Torpaq özəlləşməsi çox gözəl keçibdir. Amma sənaye, ticarət, nəqliyyat müəssisələrinin özəlləşdirilməsi və başqa sektorların özəlləşdirilməsi də çox vacib məsələdir.

Mən bu gün Naxçıvandakı vəziyyət haqqında söhbət edirdim. Bu, ümumən Azərbaycanda da var. Vaxtilə bizim böyük müəssisələrimiz olubdur. Ya onları özəlləşdirən yoxdur, gəlib özəlləşdirmirlər, yaxud ilk dövrlərdə onları biz özəlləşdirmişik, satmışıq, amma indi sahibləri ağzına qıfıl vurub çıxıb gediblər. Yaxud getməyiblər, oradadırlar, amma yəqin işlədə bilmirlər. Bu vəziyyətlə razılaşmaq olmaz. Bizim iqtisadi inkişaf naziri Fərhad Əliyevə bu barədə demişəm. Lazımi tədbirlər görülməlidir. Əgər sahibkar hansısa müəssisəni işlədə bilmirsə, demək, ona kömək etmək lazımdır.

Bilirsiniz ki, mən Azərbaycanda sahibkarlarla iki böyük görüş keçirmişəm. Bunlar çox yaxşı nəticələr veribdir və indi bir çox fərmanlar, qərarlar hazırlanır. Mən Bakıya dönəndən sonra onlara baxacağam və Azərbaycanın hakimiyyət orqanlarının nümayəndələri ilə müşavirə keçirəcəyəm. Ola bilər, mən indi deyə bilmərəm, biz sahibkarlığı inkişaf etdirmək üçün, sahibkarlığa yardım etmək üçün bəzi güzəştlər edək. Əgər arxayın olsaq ki, sahibkar doğrudan da bu yardımdan istifadə edir, əlində olan müəssisəni işlədəcək, məhsul verəcək və vergisini verəcəkdir - onlar üçün biz, bəlkə də, müəyyən güzəştlər edə bilərik. Amma bu asan məsələ deyil, düşünmək lazımdır ki, biz aldanmayaq. Burada fərdi iş görülməlidir. Siz də fərdi iş görməlisiniz.

Sizin bəzi müəssisələr dayanıbdır. İndi düşünün. Mən bilirəm ki, indi o müəssisələrin bəziləri əvvəlki məhsulu verə bilməz, buna ehtiyac yoxdur. İndi bazar iqtisadiyyatıdır, hər şeyi bazar diktə edir. Bir işə başlamazdan əvvəl gərək biləsən ki, sən bu işi görüb əldə etdiyin məhsulu sata biləcəksən, ya yox, bunun bazarı var, ya yoxdur. Bazar axtarmaq lazımdır. Əgər evində otursan, müəssisənin başında otursan ki, bazar yoxdur, bu da olmaz. Əsl sahibkar rahat oturmur, onlar arayır, axtarırlar - harada nə etmək olar, nə cür etmək olar, harada bazar tapmaq olar, bazar tapandan sonra, vəsait qoyub onu nə cür çıxaracaqdır. İndi belə adamlar yetişdirmək lazımdır. Bunlar da gənclərdən ola bilər. Açıq deyirəm, uzun illər keçmiş sovet psixologiyası ilə yaşamış insanlarda bu dəyişikliyin olması çətindir. Mən bunu Azərbaycanda müşahidə edirəm.

Amma bacarıqlı, bilikli gənclər, müasir gənclər var və təbii ki, onların da vəsaiti olmalıdır. Burada fərdi yollar tapmaq olar. Bir sözlə, mən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və müvafiq orqanlarına deyirəm ki, siz özəlləşdirməni davam etdirməlisiniz - həm sənaye obyektlərini, həm də ictimai iaşə, ticarət obyektlərini.

Məsələn, bir neçə mağazalar özəlləşdirilib, maşınla keçəndə görürdüm, onların görkəmi yaxşıdır. Amma siz Bakıda küçələrdə gedirsiniz, görün, o mağazaları necə gözəl düzəldiblər. Çünki hamısı özəldir. Gözəl düzəldiblər, küçələr gözəlləşir, mağazalar gözəlləşir.

Mağazanın sahibi ticarət aparır, xeyir götürür, vergi verir. İndi nə təhər ola bilər ki, Azərbaycanda ticarət 98 faiz özəlləşdirilibdir, siz hələ bu səviyyəyə çatmamısınız? Bunu etmək lazımdır. Bir sözlə, siz özəlləşdirmədə ciddi yeni addımlar atmalısınız. Aqrar sahə məlumdur, amma bütün qalan sahələrə bir də baxmalısınız, araşdırmalısınız və ciddi addımlar atmalısınız.

Mən daha başqa sahələrə toxunmaq istəmirəm. Bir də onu demək istəyirəm ki, Naxçıvanda işlər yaxşı gedir. Amma bundan da yaxşı getməlidir. Bakıda bundan sonra əlavə nə kimi işlər, tədbirlər görüləcəyini dedim. Siz də onlardan səmərəli istifadə etməlisiniz.

Mən o gün bizim nazirləri tənqid etdim. Çünki mənim qulağıma dəyirdi ki, bəzən Naxçıvandan ayrı-ayrı nazirlər Bakıya gəlirlər, öz nazirlərinin qəbuluna düşə bimirlər, yaxud gözləyirlər. Mən tənqid etdim. Sonra hələ bu mövzunu davam etdirəcəyəm və konkret nümunə Əvəz Ələkbərovdur. Çünki mənə demişdilər ki, Naxçıvanın məsələlərinə yaxşı fikir vermir. Mən ona bir dəfə telefon etmişdim. Sonra dedi ki, həll etdim. Sonra mənə yenə xəbər gəldi ki, məsələlərin çoxunu həll etməyibdir. Bir də telefon etdim. Yenə də mənə dedi ki, həll eləmişəm. Amma üçüncü dəfə mən ona dedim ki, Naxçıvana get, bütün məsələləri yerində həll elə və mənə məlumat ver. Gəldi, həqiqətən burada çox şeyləri həll etdi. Bakıya gələndən sonra telefon edib mənə minnətdarlığını bildirdi ki, nəhayət, mən onu Naxçıvana getməyə məcbur edim. Bizim belə adamlarımız var. Bir o deyil, mən onlarla ayrıca danışacağam.

Amma sizdə də bəzi adamlar belə fikirləşir ki, mən Naxçıvan Muxtar Respublikasının naziriyəm, yaxud baş naziriyəm, baş nazirin müaviniyəm, Bakıya gəldim, gərək hamı mənim qarşımda dursun, baş əysin. Çünki Naxçıvan Muxtar Respublikasından gəlibdir. Belə şey ola bilməz. Bizdə hər yerə onun xüsusiyyətinə görə münasibət var. Amma hamıya bir münasibət var, bir tələb var.

Naxçıvanın dövlət orqanları, onların nümayəndələri heç vaxt Azərbaycanın dövlət orqanları ilə əlaqələrdə xüsusi status iddiasında olmamalıdır. Bunu bilin. Mən bundan çox narahatam. Əsasən, on görə ki, - mən iki-üç gündür burada Naxçıvan haqqında gözəl sözlər deyirəm, - əvvəl də bir az narahat idim ki, əgər o tərəfdən məsələlər həll olunmursa, Naxçıvan tərəfdən də qüsurlar var. İndi mən o tərəfi tənqid edirəm, Naxçıvan tərəf hesab etsin ki, bəli, prezident bizi tamamilə dəstəklədi, bundan sonra daha da... Olmaz, heç cür ola bilməz. Hamı ilə işgüzar əlaqə olmalıdır. Azərbaycanda dövlət orqanlarında kimsə öz vəzifəsini layiqincə yerinə yetirmirsə, belə hallar edirsə, sadəcə, mənim bilməyim lazımdır. Mən onun ölçüsünü götürəcəyəm. Amma təəssüflər olsun ki, Naxçıvan nümayəndələrinin bu cür hərəkətlərini mənə demirlər. Çünki bəziləri qorxurlar. Bəziləri deyərlər ki, bəli, bu Naxçıvandı, Heydər Əliyevə desək, pis münasibət göstərər. Bunu hamı bilməlidir, elə şey yoxdur.

Mənim üçün həmişə işdə bir prinsip olubdur. Bu gün də Azərbaycanın prezidenti kimi deyirəm ki, hamı öz yerində, öz vəzifəsinə uyğun məsuliyyət daşıyır. Hamı təvazökar olmalıdır. Heç kəs vəzifəsindən sui-istifadə etməməlidir. Heç kəs xüsusi status iddiasında olmamalıdır.

Hər halda, mənim vaxtımda Azərbaycanda belə şey olmayacaqdır. Bilirsiniz ki, mənim vaxtım da hələ çox uzundur.

Bunları yadınızda saxlayın. Hərəniz özünüz üçün nəticə çıxardın. İcra başçıları, nazirlər, Nazirlər Kabineti, onun sədri, müavinləri, Ali Məclis, onun sədri, müavinləri və başqa işçiləri - hamınız bilin ki, bu sözlərdən nəticə çıxarmalısınız. Əgər siz bunları düzgün başa düşə bilərsinizsə, mənim tələblərimi düzgün başa düşə bilərsinizsə, onda Naxçıvanın işləri indikindən daha yaxşı olacaq və sizin nailiyyətləriniz daha çox olacaqdır. Bu nailiyyətləri qiymətləndirmək çətin bir şey deyil, o, mənim işimdir. Onu edəcəyəm, bunda problem yoxdur.

Məni narahat edən problem odur ki, insanlar vəzifəsindən sui-istifadə etməsinlər. Hərə öz vəzifəsini özü üçün böyük şərəf hesab etsin. Kim istəmirsə, heç kəsin qolundan tutub saxlamırıq, çıxıb gedə bilər. Həqiqətən, kim bizimlə, Azərbaycan prezidentinin komandası ilə birlikdədirsə, bu tələbləri yerinə yetirməlidirlər. Kim bunu edə bilmirsə, onda heç kəsi məcburi saxlamırıq, getsinlər, heç bir şey olmayacaqdır. O qədər gediblər ki. Sabah da gedən olacaq, biri gün də gedən olacaqdır. Amma Azərbaycanın dövlətçiliyi möhkəmdir və möhkəm əllərdədir. Buna arxayın ola bilərsiniz.

Təxminən bir ildən sonra, gələn ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Bizim partiyamız, Yeni Azərbaycan Partiyası - mən onun sədriyəm - və Azərbaycan ictimaiyyətinin çox nümayəndələri mənim yenidən prezident seçkilərində iştirakımı və namizədliyimi verməyi xahiş edirlər. Mən bununla razıyam və bəyan edirəm ki, qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev yenidən prezident seçilmək üçün öz namizədliyini verəcəkdir. İnanıram ki, Azərbaycan xalqı, seçicilər mənə yenidən etimad göstərəcəklər və Azərbaycanın prezidenti seçəcəklər.

Bu seçki kampaniyasına ciddi hazırlaşmaq lazımdır. Gərək seçkilər tam demokratik şəraitdə, aşkarlıq şəraitində keçirilsin. Mənim, Heydər Əliyevin, bu qədər xidmətlər göstərmiş və bu qədər tanınmış bir siyasi xadimin seçilmək üçün hansısa saxta üsullardan istifadə etməyə ehtiyacı yoxdur. Ona görə bilin, hər rayonda gərək indidən seçkilərə hazırlıq getsin. Muxtar Respublikada hazırlıq işi təşkil olunmalıdır. Bunun mərhələsi var. Hər halda, bu barədə Bakıda müəyyən plan olacaq, deyiləcəkdir. Ancaq mənim deyiləsi sözüm odur ki, heç bir vəzifəli adam, heç bir icra hakimiyyətinin başçısı düşünməsin ki, Heydər Əliyevin seçilməsi üçün, bəli, əlavə hansısa bülleten lazımdır, filan lazımdır. Mənə bunlar lazım deyildir. Məni xalq seçibdir və xalq da seçəcəkdir. Mənə başqa bir şey lazım deyildir. Sadəcə, seçki komissiyaları, seçki dairələri elə təşkil olunmalıdır ki, seçkilərin açıq-aşkar demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar olsun. Mənim arzum budur. Başqa heç bir arzum yoxdur. Çünki belə olan halda Heydər Əliyev yenidən demokratik prinsiplər əsasında seçiləcək və öz işini davam etdirəcəkdir.

Mən sizinlə bu gün bu tərkibdə görüşməyimdən çox şadam. Hər birinizə cansağlığı arzulayıram. Muxtar Respublikanın rəhbərliyinə qarşıda duran vəzifələri uğurla yerinə yetirməsini arzu edirəm. Ümidvaram ki, Naxçıvan Muxtar Respublikası yaşayacaq, günbəgün çiçəklənəcək, inkişaf edəcək və Azərbaycanın daim dayağı olacaqdır. Sağ olun.