Qırğızıstan Respublikasının prezidenti zati-aliləri cənab Əsgər Akayevə - 30 avqust 2003-cü il


Hörmətli Əsgər Akayeviç!

Qırğızıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Qırğızıstan xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Qırğızıstan milli dövlətçiliyin inkişafı, ölkədə siyasi, iqtisadi islahatların həyata keçirilməsi sahəsində uğurlar əldə etmişdir.

Əminəm ki, bu gün müstəqil dövlətlər olan Azərbaycan ilə Qırğızıstan arasında tarixi ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Əsgər Akayeviç, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 31 avqust 2003-cü il.