Azərbaycan Respublikası Prezidentinin bəyanatı - Bakı şəhəri, 12 may 1995-ci il


Azərbaycan Respublikası məcburən cəlb edildiyimiz müharibənin ağır nəticələrinə, respublika ərazisinin iyirmi faizindən çoxunun işğal edilməsinə və bir milyondan çox azərbaycanlının doğma torpaqlardan qovulmasına və qaçqın vəziyyətinə düşməsinə baxmayaraq həmişə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olmuşdur.

Sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü haqqında BMT nizamnaməsinin tələbləri və ATƏT-in prinsipləri, müharibə qurbanları haqqında beynəlxalq konvensiyalar, bizim fikrimizcə, münaqişəyə son qoyulması və onun ağır nəticələrinin aradan qaldırılması üçün etibarlı əsasdır.

Azərbaycan Respublikası bu prinsipial mövqeyi əsas tutaraq, habelə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin, MDB-nin Parlamentlərarası Assambleyasının, ATƏT-in indiki sədarətinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi sədrinin və başqa nüfuzlu beynəlxalq təşkilatların müraciətlərinə səs verərək Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs haqqında saziş bağlanmasının ildönümündə Azərbaycan ərazisindəki bütün hərbi əsirləri, digər əsaslarla tutulub saxlanmış Ermənistan Respublikası vətəndaşlarını və milliyyətcə erməni olan başqa şəxsləri birtərəfli qaydada azad edir.

Biz həmçinin təəssüfləndiyimizi bildiririk ki, Beynəxalq Qırmızı Xaç Komitəsi Ermənistan ərazisində və Azərbaycan torpaqlarının işğal edilmiş hissəsində olan yüzlərlə azərbaycanlı girovu və hərbi əsiri Azərbaycan tərəfinin təqdim etdiyi siyahılar üzrə hələ də müəyyənləşdirə bilməmişdir.

Biz ümidvar olduğumuzu bildiririk ki, Ermənistan tərəfi bu işin aparılması və tutulmuş bütün azərbaycanlı vətəndaşların azad edilməsi üçün lazımi şərait yaradacaqdır.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu bir daha təsdiq edir və ümidvar olduğunu bildirir ki, onun atdığı humanist addımlar tezliklə sülh əldə edilməsinə kömək göstərəcəkdir.