Arkadi Nesterov (1923-2009), Rusiya Tibb Elmləri Akademiyasının akademiki


Mən ötən illəri, Zərifə xanımla görüşlərimizi, birgə fəaliyyətimizi həmişə məmnunluq, eyni zamanda, kədər hissi ilə xatırlayıram. Zərifə xanım qeyri-adi qadın və Azərbaycan elminə öz töhfəsini vermiş görkəmli, ciddi alim idi. Mən ürəkdən fəxr edirəm ki, eyni problemlər üzərində biz bir yerdə işləmişik, birlikdə iki kitab yazmışıq. Zərifə xanım bütün fəaliyyəti ilə, haqlı olaraq, Azərbaycan Respublikası Akademiyasının akademiki adına layiq görülmüşdür.

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirzə oğlu ilə səmimi dostluğumuzdan da danışmaya bilmərəm. Heydar Əliyev heyrətamiz bir şəxsiyyət idi. İlk növbədə, onun zəkasını və erudisiyasını qeyd etmək istərdim. O, ən müxtəlif sahələrdən - incəsənətdən də, müxtəlif elmin bir çox sahələrindən də xəbərdar idi. Buna görə də onunla ünsiyyətdə olmaq həmişə maraqlı idi. Nəhayət, o, yorulmaq bilməyən insan idi.

Bir dəfə yayda həyat yoldaşımla Zuğulbada istirahət edirdik. Göydən sanki od ələnirdi. Televiziya ilə isə Heydər Əlirzə oğlunun hər gün kənd rayonlarına getdiyini, heyvandarlıq fermalarına və digər kənd təsərrüfatı obyektlərinə baş çəkdiyini görürdük. Hər gün belə olurdu, bir rayondan başqasına gedirdi... O, həqiqətən də, son dərəcə işgüzar idi və yorulmaq nə olduğunu bilməzdi. Buna görə heç də təəccüblü deyildir ki, Azərbaycan həmişə birincilər sırasında olurdu.

Mən Heydər Əlirza oğlu ilə Zərifə xanımı bir-birinə bağlayan sonsuz məhəbbətdən də danışmaya bilmərəm. Onların arasında olan ülvi məhəbbəti sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu gözəl qadının həyatdan getməsi Heydər Əlirzaoğlu üçün əsl faciə oldu. Bu, bizi də son dərəcə kədərləndirdi.

Mən çox şadam ki, İlham Əliyev Azərbaycanın Prezidenti seçilmişdir. İlham Əliyev çox ağıllı və işgüzar idi və əminəm ki, atasının başladığı işi layiqincə davam itdirəcəkdir.

Biz Azərbaycanı çox sevirik və bir daha oraya gedəcəyəmizə ümid bəsləyirik. Azərbaycana tərəqqi, əmin-amanlıq, və daimi iqtisadi inkişaf arzulayırıq.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.332-333